Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Çin Xalq Respublikasının, İspaniya Krallığının, Polşanın və Finlandiyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbuletmə mərasimində çıxışı - Prezident iqamətgahı, 4 sentyabr 1998-ci il


Hörmətli səfirlər, mən sizin etimadnamələrinizi məmnuniyyətlə qəbul edirəm. Azərbaycanda öz ölkələrinizin səfiri kimi göstərəcəyiniz fəaliyyətdə sizə uğurlar arzulayıram.

Çin Xalq Respublikası, İspaniya, Polşa və Finlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirləri bu gün işə başlayırlar. Mən bu hadisəni Çin Xalq Respublikası, İspaniya, Polşa və Finlandiya ilə Azərbaycan arasındakı diplomatik, dostluq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addım hesab edirəm.

Hörmətli səfirlər, sizin təmsil etdiyiniz ölkələrlə Azərbaycan arasında olan əlaqələr bizi məmnun edir və biz bu əməkdaşlığın inkişaf etməsinin, genişlənməsinin tərəfdarıyıq. Biz bunun üçün öz tərəfimizdən bundan sonra da lazımi təbdirlər görəcəyik. Güman edirəm ki, yeni təyin olunmuş səfirlər kimi siz Azərbaycanın dövlət və hökumət orqanları, ictimai təşkilatları ilə və bütün ictimaiyyətlə sıx əlaqə saxlayacaqsınız və ölkələrimiz arasındakı əlaqələrin inkişaf etməsinə xidmət göstərəcəksiniz.

Mən Çin Xalq Respublikasının sədri Tszyan Tszeminin, İspaniya kralı birinci Xuan Karlosun, Polşa prezidenti Aleksandr Kvasnevskinin, Finlandiya prezidenti Marti Ahtisaarinin salamlarını və xoş arzularını böyük məmnuniyyətlə qəbul edirəm. Rica edirəm ki, mənim səmimi salamlarımı və xoş arzularımı ölkələrinizin başçılarına çatdırasınız.

Çin Xalq Respublikasına rəsmi səfərimi, cənab Tszyan Tszeminlə apardığımız danışıqları və ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi üçün imzaladığımız sənədləri böyük məmnuniyyətlə xatırlayıram.

NATO-nun və Avropa-Atlantika Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1997-ci ilin 8-9 iyulunda Madriddəki zirvə görüşündə kral birinci Xuan Karlos ilə, Baş nazirlə keçirdiyim görüşləri, apardığımız çox səmərəli danışıqları və İspaniya ilə əlaqədar gözəl təəssüratlarımı da həmişə məmnuniyyətlə xatırlayıram.

Polşa prezidenti cənab Kvasnevski ilə bir neçə dəfə görüşlərim olmuşdur. Xüsusən cənab Kvasnevskinin dəvəti ilə mənim Polşaya rəsmi səfərim zamanı danışıqlarımız, söhbətlərimiz və imzaladığımız sənədlər Polşa ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı üçün böyük bir mərhələ açmışdır. Mən ümidvaram ki, bu sənədlərin icra olunması nəticəsində bizim əməkdaşlığımız, dostluğumuz daha da genişlənəcəkdir.

Finlandiya ilə Azərbaycan arasındakı əməkdaşlıq bizim tərəfimizdən müsbət qiymətləndirilir. Finlandiyanın prezidenti cənab Ahtisaari ilə mənim beynəlxalq təşkilatların toplantılarında çox əhəmiyyətli görüşlərim və danışıqlarım olmuşdur.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli olunması üçün yaradılmış Minsk qrupunun həmsədri kimi Finlandiyanın 1997-ci ilin əvvəlinə qədərki fəaliyyətini biz yüksək qiymətləndiririk. Mən həmin illərdə bizim ölkələrimizin səmərəli və geniş əməkdaşlığını məmnuniyyətlə xatırlayıram.

Bu günlərdə Finlandiya Seyminin böyük nümayəndə heyəti Azərbaycanda olmuşdur. Biz çox səmərəli və əhəmiyyətli danışıqlar aparmışıq.

Azərbaycan ilə sizin təmsil etdiyiniz ölkələr arasındakı əlaqələr yaxşı səviyyədədir. Mən bunu yüksək qiymətləndirirəm. Ancaq qarşıda hələ çox işlər durur. Ümidvar olduğumu bildirmək istəyirəm ki, sizin səfirlik fəaliyyətiniz qarşıda duran işlərin həyata keçirilməsinə kömək edəcəkdir, biz əməkdaşlığımızı genişləndirəcək və inkişaf etdirəcəyik. Azərbaycan ilə Çin Xalq Respublikası, İspaniya, Polşa və Finlandiya arasındakı əlaqələr daha da yüksəklərə qalxacaqdır. Mən bunun üçün sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Hər birinizə cansağlığı, səadət diləyirəm. Sağ olun.