Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bp şirkətinin prezidenti lord Con Braunu qəbul edərkən söhbətindən - 26 may 2003-cü il


Heydər Əliyev:  Cənab prezident Con Braun, çoxdandır görsənmirsən.

Con Braun: Doğrudan da elədir, artıq iki ilə yaxındır.

Cənab Prezident, bu gün Sizi yenidən görməyimə olduqca şadam.

Heydər Əliyev: Necəsiniz?

Con Braun: Cənab prezident, çox sağ olun. Mən yaxşıyam. Mən dünən gecə Bakıya gəlmişəm. Şəhərinizdə gedən inkişafı, gözəlliyə doğru dəyişiklikləri müşahidə etmişəm. Həqiqətən də şəhərinizdə böyük dəyişikliklər gedir. Bundan əlavə, mən gəmiqayırma zavoduna da getmişəm və Sizin Səngəçalda olan terminalınızı da görmüşəm. Böyük tərəqqi əldə olunmuşdur. Lakin bunların hamısından önəmlisi, vacibi Sizinlə görüşməyimdir.

Heydər Əliyev: Həmin gəmiqayırma zavodunu vaxtilə Azərbaycana rəhbərlik edəndə mən tikdirmişəm. Əgər o zavod olmasaydı, indi bizim işlərimiz sizinlə çətin gedərdi.

Con Braun: Həqiqətən də o zavod çox möhtəşəm görsənir. Orada çoxlu fəhlələr işləyir, iş yaxşı gedir. Yeni platformalar quraşdırılır, köhnə qurğular yeni avadanlıqla əvəz olunur. Həqiqətən, fəallıq hər yerdə hiss olunur.

Heydər Əliyev: Biz öz öhdəliklərimizin hamısını yerinə yetiririk. Bəs, siz necə?

Con Braun: Cənab prezident, sualınızı cavablandırmazdan əvvəl, icazə verin, Sizi ad gününüz münasibətilə təbrik edim. Düzdür, mən Sizə yazılı təbrik göndərmişdim, amma üzbəüz Sizi təbrik etməmişəm. Ona görə də Sizin ad gününüzü böyük məmnuniyyətlə təbrik edirəm.

Heydər Əliyev: Çox sağ olun.

Con Braun: Cənab prezident, Sizə deməliyəm ki, ölkənizdə çox maraqlı işlər gedir. Mən bu işlər haqqında bir qədər əvvəl gözləmə otağında olarkən Sizin Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev ilə danışırdım. Həqiqətən, Sizin qətiyyətiniz, əzminiz nəticəsində bir vaxtlar bizə yuxu kimi, yalnız arzu kimi görünən məsələlər indi həqiqətə çevrilmək üzrədir. Sizin neft və qaz strategiyanız, siyasətiniz uğurla həyata keçir və dünyada əfsanə kimi görünən neft kəməri artıq reallığa çevrilir. Hazırda işlər gedir və bütün bu işlərin hamısı bir vaxtlar Sizin əkdiyiniz toxumlardır ki, indi cücərməyə başlayır, bar verir. Bütün bu işlərin hamısına biz Sizin qətiyyətiniz sayəsində müvəffəq olmuşuq.

Heydər Əliyev: Çox sağ olun. Lazımdır ki, bundan sonra heç bir mərhələdə gecikmə olmasın.

Con Braun: Cənab prezident, tamamilə arxayın ola bilərsiniz. İşlər vaxtında yerinə yetiriləcəkdir. Mən işləyən heyətlərin bütün üzvləri ilə söhbətlər etmişəm. Hamı mənə söz verib ki, işlər vaxtında tamamlanacaqdır. Biz plana əməl edirik. İşlər cədvəl üzrə gedir. Hamı öz işi ilə ciddi məşğuldur.

Bugünkü görüşdən sonra sabah Gürcüstana yola düşəcəyəm. Gürcüstandakı fəallığı özüm müşahidə edəcəyəm. Oradan da Türkiyəyə səfər planlaşdırmışam. Türkiyədə də gedən işləri müşahidə edəcəyəm.

Qəti əminəm ki, bir neçə gündən sonra bütün işlərin miqyasını özüm görə biləcəyəm. Yəni Azərbaycanda yataqdan çıxarılan neftdən başlayaraq Aralıq dənizində, Ceyhan limanında olan terminala qədər işlərin necə getdiyini biləcəyəm.

Heydər Əliyev: Çox sağ olun. Məndən prezident Eduard Şevardnadzeyə və prezident Əhməd Necdət Sezərə salam söyləyin.

Con Braun: Əlbəttə, bunu edəcəyəm.

Heydər Əliyev: Amma mən sizə demişəm, biz bir yerdə Ceyhana getməliyik.

Con Braun: Cənab prezident, bunu böyük məmnuniyyətlə edərdim. Vaxtınız olan kimi Sizinlə birlikdə oraya gedərəm.

Heydər Əliyev: Yox, siz indi gedəcəksiniz. Amma neft oraya çatanda biz sizinlə birgə Ceyhana getməliyik.

Con Braun: Əlbəttə, bu, böyük təntənə olacaqdır.

Heydər Əliyev: Mən onu gözləyirəm.

Con Braun: Cənab prezident, çox gözəl. Bu anın baş tutması çox vacibdir və Sizin bu təntənəni qeyd etməyiniz olduqca mühümdür.

"Azərbaycan" qəzeti, 27 may 2003-cü il.