Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycana rəsmi səfərə gələn Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Binə hava limanında qarşılanması mərasimində bəyanatı - 18 fevral 1997-ci il


 Hörmətli Gürcüstan prezidenti, əziz qardaşım Eduard Şevardnadze!

Hörmətli qonaqlar, dostlar!

Sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram. Məmnunam ki, mənim dəvətim qəbul olunub və əziz Eduard Amvrosiyeviç, Siz Azərbaycana rəsmi dövlət səfəri edirsiniz.

Əminəm ki, Sizin Azərbaycanda olmağınız, rəsmi səfəriniz Gürcüstan-Azərbaycan münasibətləri tarixində yeni mərhələ olacaq, əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə inkişafını təmin edəcək, xalqlarımız və ölkələrimiz arasında dostluq və qardaşlığın möhkəmlənməsinə kömək göstərəcəkdir.

Azərbaycanda Sizi xoş görüşlər gözləyir. Ümidvaram ki, bizim dövlətlərarası münasibətlərimizə aid bütün məsələləri müzakirə etmək imkanımız olacaqdır. Siz burada Sizə dost olan xalqın əhatəsində olacaqsınız və Sizi hər yerdə səbirsizliklə gözləyirlər, Sizinlə görüşmək, Sizi görmək istəyirlər.

Siz Azərbaycana ilk dəfə gəlmirsiniz. Lakin indiki gəlişiniz müstəqil Gürcüstanın prezidenti kimi buraya ilk səfərinizdir. Əminəm ki, bu səfər bizim münasibətlərimizin daha da inkişaf edəcəyini və möhkəmlənəcəyini göstərəcəkdir.

Xoş gəlmisiniz! Mən şadam ki, Siz burada, Azərbaycan torpağında, Bakıdasınız!