Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edərkən söhbətindən - 18 may 2001-ci il


Heydər Əliyev: Hörmətli qonaqlar!

Hörmətli həmsədrlər!

Azərbaycana xoş gəlmisiniz. Mən sizinlə yenidən görüşməyimdən məmnunam. Ümumiyyətlə, müəyyən bir dövr mürgülədikdən sonra son aylarda Minsk qrupunun fəal hərəkətə gəlməsi məni çox sevindirir. Ki Uest danışıqlarından sonra xeyli vaxt keçibdir. Bu müddətdə siz də görüşlər keçirmisiniz. Mən də sizin bəziləriniz ilə görüşlər keçirmişəm. Bu görüşlərin hamısı Minsk qrupunun həmsədri olan ölkələrin Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması barəsində ciddi niyyətlərinin olduğunu bir daha göstərir. Bu, çox gözəl haldır. Çünki biz neçə ildir bunu gözləyirik. Bu məsələnin həll olunması, düşünürəm ki, Azərbaycan üçün, eyni zamanda Ermənistan üçün, bütün Cənubi Qafqaz üçün çox həlledici xarakter daşıyır. Mən sizi bir daha salamlayıram və sizdən yeni addımlar gözləyirəm.

Keri Kavano: Cənab prezident, çox sağ olun. İcazə verin, bildirim ki, biz də Azərbaycana yenidən gəlməyimizdən məmnunuq. Mənim üçün bu, on iki günlük ayrılıqdan sonra yenidən buraya qayıtmaq deməkdir.

Siz mürgüləmək dediniz. Mən onu demək istəyirəm ki, Minsk qrupunun həmsədrləri artıq heç yatmağa vaxt tapmırlar.

Heydər Əliyev: Son vaxtlar.

Keri Kavano: Bəli, doğrudan da biz son dövrlər çox intensiv işləyirik. Biz Sizinlə tamamilə razıyıq ki, bu münaqişənin həll olunması olduqca vacib bir məsələdir. Lakin Siz də, prezident Koçaryan da sülhün əldə olunması üçün kərkin səylər qoymasaydınız, bizim belə intensiv iş rejiminə keçməyimiz mümkün olmayacaqdı. Biz özümüz müşahidə etmişik ki, son il ərzində siz iki prezidentlər bir-birinizlə intensiv təmaslarda olmusunuz. Bu da öz növbəsində, bizim bu işə daha fəal qoşulmağımıza kömək edibdir. Onu da anlayırıq ki, bu, hər bir lider üçün ən çətin problemlərdən, vəzifələrdən biridir. Elə məsələlər olur ki, yalnız bir qrup insanın taleyi ilə əlaqədar olur, onlarla bağlı olur. Amma bu, elə bir köklü məsələdir ki, Sizin xalqların taleyi, problemləri ilə bağlıdır.

Son dövrdə biz həmsədrlərdə görünən bu enerji məhz Sizinlə prezident Koçaryan arasında aparılan danışıqlardan sirayət etmişdir.

Biz Parisdə və Floridada nəzərə çarpacaq irəliləyişin olduğunu qeyd etməkdən məmnunuq. Onu da anlayırıq ki, hələ görüləcək çox işlər vardır. Bir daha bildirmək istəyirəm ki, belə köklü məsələlərin həllində müəyyən vaxt tələb edən mərhələlərin olması heç kimi təəccübləndirməməlidir. Sülhün əldə olunması üçün cəsarətli addımların atılmasına ehtiyac vardır. Çox çətin güzəştlərin edilməsinə ehtiyac vardır. Sülh çox ehtiyatlı təhlillər aparılmasını tələb edir.

Mən həmsədrlər ilə söhbət etmişəm. Cənab Trubnikov ilə də danışmışam. Hətta deyə bilərəm ki, təmsil etdiyimiz ölkələrin prezidentləri də bir-biri ilə öz aralarında danışıblar. Ümumi fikir belədir ki, sülhün əldə olunması üçün süni surətdə müəyyən bir günü təyin etmək mümkün deyildir. Sülh nə zaman əldə edilməsi mümkündürsə, o zaman reallığa çevrilə bilir.

Cənab prezident, biz Sizin sülhə sadiqliyinizi görmüşük. Biz prezident Koçaryanın münaqişənin dinc yolla həll olunmasına sadiqliyini görmüşük. Bu da bizə ümid veribdir ki, münaqişənin həlli yollarını tapmaq mümkün ola bilər Düzdür, bu bizim yuxumuza haram qatıbdır. Amma bunun üçün işləməyə və yatmamağa dəyər. Əslində, sülhün olmaması ucbatından çoxsaylı insanların qarşılaşdıqları əzab-əziyyətləri görəndə, ümumiyyətlə, yatmaq məsələsini yada salmağa ehtiyac qalmır.

Əvvəlki ziyarətlərimiz zamanı olduğu kimi, biz bu dəfə də təkcə Sizinlə və prezident Koçaryanla görüşlərimizi yekunlaşdırmayıb, bu münaqişədən əziyyət çəkmiş insanlarla da təmasda olmaq niyyətindəyik. Biz sabah Ağcabədi rayonuna gedib qaçqın düşərgələrində olacağıq. Bilirik ki, orada olan ailələr həyatlarının ən çətin günlərini yaşayırlar. Hətta onların bəziləri təsəvvür edilməz dərəcədə ağır şəraitdə yaşayırlar. Biz istəyirik onları bir daha əmin edək ki, var qüvvəmizlə çalışırıq ki, sülhün tezliklə əldə edilməsinə nail ola bilək.

Cənab prezident, Siz və prezident Koçaryanın təklif etdiyiniz kimi, biz çalışırıq ki, sülh əldə olunduqdan sonra ona yardım, dəstək verməsi üçün beynəlxalq ictimaiyyətin qüvvələrinin vəsaitlərinin, ehtiyaclarının səfərbər edilməsi işinə də yardımçı olaq. Ona görə də biz bu səfərimiz zamanı Ağdam rayonunda insanların yenidən məskunlaşarkən hansı ehtiyaclarının olacağını bir daha görmək, orada yolların, dəmir yollarının çəkilməsi, infrastrukturların qurulması üçün necə böyük işlərin görülməsinə ehtiyac olacağını bir daha öz gözlərimizlə görmək və gələcəyə hazırlaşmaq niyyətindəyik.

Cənab prezident, sizinlə Ki Uestdə danışıqlarımız zamanı belə bir fikir mövcud var ki, biz burada yalnız sülh sazişi üzərində işləmirik, həmçinin gələcək üzərində çalışırıq. Sizin xalqınız üçün tamamilə fərqli ola biləcək gələcəyin quruculuğu uğrunda işləyirik. Məhz buna görə də bir daha bildirirəm ki, biz Azərbaycana yenidən gəlməyimizdən və sülh məşəlini irəli aparıb davam etməkdən məmnunuq. Sizin xalqınızla bir daha görüşmək imkanı əldə etməyimizdən məmnunuq.

Heydər Əliyev: Təşəkkür edirəm. Danışmaq istəyənlər var?

Nikolay Qribkov: Hörmətli Heydər Əliyeviç, bir qədər gec də olsa, üç həmsədr adından Sizi ad gününüz münasibətilə ürəkdən təbrik etmək, Sizə səadət, dost Azərbaycan xalqının rifahı naminə, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmlənməsi naminə və əlbəttə, Dağlıq Qarabağ probleminin tezliklə həll olunması naminə uzun, səmərəli ömür arzulamaq istərdim. Sizi əmin etmək istərdim ki, bu nəcib işdə Siz istər Rusiyanın, istərsə də Birləşmiş Ştatlardan və Fransadan olan həmsədr həmkarlarımın köməyinə və dəstəyinə həmişə ümid bəsləyə bilərsiniz.

Bilirəm ki, bir neçə gün bundan əvvəl Vladimir Vladimiroviç Putinlə Sizin çox yaxşı söhbətiniz olmuşdur. O da Sizi ad gününüz münasibətilə təbrik etmiş və Sizə ən xoş arzularını diləmişdir. O, ölkələrimiz arasında dostluq münasibətlərinin yaxşılaşması və daha da möhkəmlənməsi işində Sizin rolunuzu yüksək qiymətləndirmişdir. Son vaxtlar, həqiqətən, mühüm hadisələr baş verir, - mən Qarabağ mövzusundan bir qədər yayınacağam, - münasibətlərimiz çox ciddi şəkildə fəallaşır. Xatırlatmaq kifayətdir ki, təkcə bu həftə Rusiyanın az qala beş naziri burada olmuşdur. Özü də səfirimiz hesab edir ki, bu, hələ azdır və fəallığı daha da artırmaq lazımdır.

Mən Bakıya dünən gəldim və şəhərə bir az baxmağa, küçələri gəzib dolaşmağa macal tapdım. Bilirsinizmi, şəhər çox gözəlləşir, adamın gözləri qarşısında gözəlləşir. Sahil parkı vaxtı xoş keçirmək üçün gözəl yerdir. Lakin hər dəfə buraya gələndə məndə istər-istəməz belə bir fikir yaranır ki, əgər Qarabağ problemi olmasaydı, əgər biz bu münaqişənin nizama salınması ilə bağlı bu qədər enerji, bu qədər vəsait sərf etməli olmasaydıq, əkər biz humanitar vəzifələrin və təsərrüfat vəzifələrinin həllinə keçə bilsəydik, onda, zənnimcə, Azərbaycanda vəziyyət bambaşqa olardı. Bax, buna görə də Minsk qrupunun üç həmsədri - Rusiya, ABŞ və Fransa hər iki xalqı razı sala biləcək qərarın tez bir zamanda tapılmasında Sizə və Robert Sedrakoviç Koçaryana kömək göstərmək üçün mümkün olan hər şeyi etməyə çalışırlar. Özü də, mən "kömək göstərmək" deyirəm, çünki, hər halda, bunu əsas tuturam ki, belə bir qərarın tapılması üçün başlıca məsuliyyət iki tərəfin üzərinə düşür. Öz növbəmizdə, biz də hazır olacağıq, təşəbbüs göstərəcək, ən ciddi və ən mübahisəli problemlərin həllinin ən müxtəlif variantlarını sizə təklif edəcəyik. Üç həmsədr dövlətin rəhbərləri arasında çox yaxşı münasibətlərin təşəkkül tapması da məndə nikbin əhval-ruhiyyə yaradır.

Siz bilirsiniz ki, Vladimnr Vladimiroviç Putin, prezident Corc Buş və prezident Jak Şirak arasında Dağlıq Qarabağ probleminə dair daim məsləhətləşmələr aparılır. Onlar öz aralarında danışır, rəyləri müqayisə edir, Qarabağ düyününün açılmasını, hər halda, yaxınlaşdırmaq üçün gələcəkdə nə kimi addımlar atılmasının zəruriliyi barədə düşünürlər. Əlbəttə, çox mühüm və müsbət haldır ki, Siz və Ermənistan prezidenti Koçaryan bu problemin həlli yolunun axtarışında konstruktiv əhval-ruhiyyədəsiniz.

Ola bilsin ki, mənim dediklərim problemin həllinin uzaqda olmaması xülyası yaradır. Təəssüf ki, bu, yəqin belə deyildir. Adamlarda hansısa müstəsna təsəvvürlər yaratmaq olmaz. Məsələ bundadır ki, iki xalqı çox ciddi problem ayırır. Buna baxmayaraq, yarı yolda dayanmaq olmaz. Problemin həlli yollarının axtarışını davam etdirmək, birlikdə razılığa gəlməyə çalışmaq lazımdır. Çox hörmətli Heydər Əliyeviç, bununla əlaqədar Sizi bir daha əmin etmək istəyirəm ki, Siz Minsk qrupunun həmsədri olan üç dövlətin köməyinə və hər cür yardımına tamamilə ümid bəsləyə bilərsiniz.

Heydər Əliyev: Yeri gəlmişkən, cənab Qribkovun çıxışı ilə əlaqədar mən bir neçə söz deyəcəyəm, sonra isə hörmətli Fransa nümayəndəsini dinləyərik. Mən ümumən danışacağam.

Ad günüm münasibətilə təbriklərə görə təşəkkür etmək istəyirəm. Lakin mənim üçün ən həqiqi ad günü sülh müqaviləsini imzalayacağımız gün, torpaqlarımızın azad ediləcəyi gün olacaqdır. Ona görə də bu məsələ ilə məşğul olduğum bütün ötən illər ərzində mənim üçün bayram da bayram olmayıbdır, xüsusən də ad günü. Ümumiyyətlə, mən ad günüm olduğunu unutmuşam, çünki beynimdə, fikrimdə ancaq bu problem dolaşır. Cənab Suremeyn, buyurun.

Filip de Suremeyn (ATƏT-in Minsk qrupunun fransalı həmsədri): Cənab prezident, icazə verin, prezident Jak Şirakın təbriklərini, şəxsən Sizə ünvanlanan təbrikləri, həm də Ermənistan ilə Azərbaycan arasında sülh prosesinə aid olan arzularını Sizə çatdırım. Cənab Şirak həmçinin Sizinlə onun arasında formalaşmış etimad münasibətlərini necə yüksək qiymətləndirdiyini də Sizə çatdırmağımı tapşırdı. O, son vaxtlar iki dəfə Sizi Parisdə qəbul etməkdən böyük məmnunluq duyduğunu da söyləməyimi məsləhət gördü.

Sizin özünüzün də müşahidə etdiyi kimi, Minsk qrupunun üç həmsədrinin burada iştirak etməsi beynəlxalq ictimaiyyətin sülh prosesinə nə dərəcədə əhəmiyyət verdiyini sübut edir. Bu problem yaddan çıxarılmamış, unudulmamışdır və beynəlxalq informasiya məkanında öz əksini tapmışdır. Şübhəsiz ki, bizim ən böyük arzumuz Sizin lazım bildiyiniz köməyi göstərməkdir ki, bu proses tez bir zamanda başa çatsın.

Üç həmsədr bir-biri ilə sıx, əlbir şəraitdə işləyirlər. Bizi o da həvəsləndirmişdir ki, ölkələrimizin prezidentləri də bu sülhün tezliklə əldə olunması üçün çalışırlar. Biz tamamilə aydın başa düşürük ki, aradan qaldırılması lazım olan çətinliklər çoxdur. Həmçinin başa düşürük ki, bu münaqişə hər iki tərəf üçün böyük əzab-əziyyət yaratmışdır. Biz həm Sizin, həm də Ermənistan prezidentinin iradəsinə inanırıq. Bu, iki dövlətin iqtisadi və sosial inkişafına təkan verəcək sülhün əldə olunmasına gətirib çıxara bilər.

Bakı həddindən artıq qeyri-adi müxtəlifliyə malik şəhərdir. Dərhal müşahidə etmək olar ki, bu, beynəlxalq dörd yol ayrıcında yerləşən şəhərdir. Müşahidə etmək olar ki, Bakı və bütövlükdə Azərbaycan sülhün bağlanmasından nə dərəcədə mənfəət əldə edə bilər. Beynəlxalq ictimaiyyətin bu məsələyə verəcəyi kömək mənəvi dəstəkdən ibarət deyildir. Bu, həmçinin iqtisadi xarakter daşıyacaqdır. Biz hamımız başa düşürük ki, əgər Azərbaycan, Qafqaz regionu çiçəklənərsə, onda hamımız mənfəət əldə edərik. Bu, bizim ümumi marağımızdır və hamımız bu marağı müdafiə edirik. Sizə minnətdarlığımı bildirirəm.

Heydər Əliyev: Təşəkkür edirəm. Sağ olun.

Mən burada söylədiyiniz fikirlərlə əlaqədar sizin hər üçünüzə təşəkkür edirəm və bu sözlərdən, fikirlərdən çox məmnun olduğumu bildirmək istəyirəm.

Yadınızdadır, siz bir neçə dəfə narazılığınızı bildirmisiniz ki, mən Minsk qrupunun həmsədrlərini tez-tez tənqid edirəm. Hətta yadınızdadır, Ki Uestdə də mən öz bəyanatımda bu tənqidimdən əl çəkmədim. Ümumiyyətlə, tənqid pis şey deyildir. Ancaq mən indi bunu özümə, nə təhər deyərlər, nailiyyət kimi büruzə vermək istəmirəm. Sadəcə, demək istəyirəm ki, yəqin mənim bu ardıcıl tənqidlərimdən siz nəticə çıxarmısınız.

Ona görə də mən bu gün tənqid etmirəm. Əksinə, sizin son vaxtlar gördüyünüz işləri və gərgin işinizi yüksək qiymətləndirirəm. Ən əsası odur ki, üç həmsədr arasında, ölkələr arasında, ölkələrin prezidentləri arasında - prezident cənab Buş, prezident cənab Putin, prezident cənab Şirak arasında məsələnin sülh yolu ilə həll olunması üçün lazımi səylər göstərmək həmfikirliliyi yaranıbdır. Bu, bizdə çox böyük ümidlər doğurur.

Mən bilirəm, sizin hər biriniz ötən günlərdə, Ki Uestdən sonra çox işləmisiniz. Bilirəm ki, cənab Kavano həm Almaniyada, həm Vyanada, həm Nyu-Yorkda, həm də Bakıda olmuşdur. Siz də həmçinin gecə yatmamısınız. Gecə yol getmisiniz, gündüz işləmisiniz. Mon bunların hamısını bilirəm. Hətta mən məlumat aldım ki, cənab Kavano Nyu-Yorkda Azərbaycan icmasının nümayəndələri ilə də görüşübdür. Bu, indiyə qədər görünməyən bir haldır. Doğrudur, bizim orada o qədər böyük diasporumuz yoxdur. Amma sizin onlara diqqət göstərməyiniz və onların fikirlərini öyrənməyiniz özlüyündə bu məsələnin həll olunması üçün nə qədər səylər qoyduğunuzu bir daha göstərir.

Siz bilirsiniz ki, həqiqətən, 1999-cu ildən, iki prezident, Ermənistan - Azərbaycan prezidentləri arasında birbaşa danışıqlar başlayandan sonra biz müəyyən konkret bir yol ilə gedirik. Ancaq 1999-cu ilin axırını məsələnin həll olunmasına çox yaxınlaşmağımız, təəssüf ki, birdən-birə kəsildi. Məhz o vaxt aparılan danışıqlara inanaraq mən bəyən etmişdim ki, 2000-ci ildə Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini gözləmək olar. Amma sizə məlumdur ki, Ermənistanın mövqeyində ciddi dəyişikliklər əmələ gəldiyinə görə, biz bu barədə irəliləyə bilmədik.

İndi bəziləri Azərbaycanda məni tənqid edirlər və günahlandırırlar ki, prezident demişdi bu məsələ 2000-ci ildə həll olunacaq, amma edilmədi. İndi də hansısa bir vaxt hesab olunacaq ki, sadəcə, prezident xalqı aldadır və məsələnin həll olunması görünmür. Təbiidir ki, mən bu tənqidləri qəbul etmirəm. Rədd edirəm. Çünki bunu deyən adamlar həqiqəti bilmirlər. Yaxud da ki, bilərək, ümumiyyətlə, bu məsələnin həll olunmasına maneçilik törətmək istəyirlər. Ona görə mən sizin fikirlərinizlə razıyam ki, indi demək olmaz sülh sabah olacaq, o biri gün olacaq, ya bir müddətdən sonra olacaq, nə vaxt olacaq. Ancaq sizin fikirlərinizlə razıyam ki, əgər biz intensiv işləsək, sülhü yaxınlaşdıra bilərik, Mən görürəm ki, siz intensiv işləyirsiniz.

Siz hər dəfə deyirsiniz ki, bu məsələ iki prezidentin bir-biri ilə razılığa gəlməsindən asılıdır. Mənim buna etirazım yoxdur. Ancaq iki prezident bir-biri ilə razılığa gəlmiş olsaydı, bu məsələ çoxdan həll edilmiş olardı.

Əgər hələ 1992-ci ildə məsələnin sülh yolu ilə həll olunması üçün ATƏT-in Minsk qrupu yaranıbsa, ATƏT-in Minsk qrupuna indi dünyanın ən böyük dövlətləri - Amerika, Rusiya və Fransa rəhbərlik edirlərsə, demək, bu onu göstərir ki, iki ölkə, iki prezident bir-biri ilə məsələnin həll olunması üçün razılığa gələ bilmirlər.

Təbiidir, deyə bilərsiniz ki, siz özünüz öz işinizi görün, biz öz üzərimizə niyə yeni bir vəzifə götürməliyik. Ancaq güman edirəm ki, siz heç vaxt belə düşünməyəcəksiniz. Çünki birincisi, ATƏT, hansı ki, hamımız birlikdə oraya daxilik, bu barədə qərar çıxarıbdır. Qərarı yerinə yetirmək lazımdır. İkincisi də, böyük dövlətlər dünyanın müxtəlif regionlarında sülhü təmin etməsələr, münaqişələrin qarşısını almasalar, bu, bütün dünyanı bürüyəcəkdir. Ona görə mən hesab edirəm ki, siz bundan sonra da bu məsələnin həll olunması ilə ardıcıl surətdə məşğul olacaqsınız. Ümid edirəm ki, hamımızın birlikdə səyi nəticəsində biz sülh əldə edə biləcəyik.

Sizin bu dəfə bölgəyə ziyarətiniz zamanı planınız məni çox sevindirir. Çünki burada, yaxud da Yerevanda danışıqlardan əlavə, siz bəyan etdiniz ki, Ağcabədi rayonunda qaçqın düşərgəsində olacaqsınız. Sonra cəbhə xəttini keçəcəksiniz, Ağdamda olacaqsınız. Bu, bizim üçün çox vacibdir.

Xatirimdədir, cənab Kavano, siz bir dəfə Ağdamda olarkən oradan, Ağdam məscidinin balaca bir qırığını mənə gətirmişdiniz. Onu mənə verəndə gördüm siz də çox təsirləndiniz. Mənn də təsirləndim. Çünki həmin işğal olunmuş rayonlarda əsrlər boyu qurulmuş, yaradılmış nəinki məscidlər, hər şey dağılıbdır. Siz özünüzlə jurnalistlər gətirirsiniz, yəqin onlar da sizinlə gedəcəklər, güman edirəm, görəcəksiniz ki, heç olmasa, bir rayonda vəziyyət necədir. Siz dediyiniz kimi, onu da müəyyən edəcəksiniz ki, sülh bağlanandan sonra bu rayonda nə qədər iş görmək lazımdır. Amma bir rayon deyil, yeddi rayondur. Mən ona görə yeddi rayon deyirəm ki, Dağlıq Qarabağda elə bir dağıntı yoxdur. Siz bunları da müşahidə etmisiniz. Bu müharibə ilə əlaqədar Ermənistanda da heç bir dağıntı yoxdur. Dağıntıların hamısı Azərbaycan ərazisindədir.

Mən sizin fikrinizlə razıyam ki, sülh həm Ermənistana, həm də Azərbaycana lazımdır. Ancaq tərəziyə qoysaq, bu, eyni çəkidə deyildir. Sülhün bağlanması Azərbaycana həddindən çox lazımdır. Qaçqınları Ağcabədidə görəcəksiniz, amma onlardan Azərbaycanın hər yerində var.

Bir sözlə, mən sizin həm səfərinizdən, həm də planınızdan razıyam. Arzu edirəm ki, burada da, Ermənistanda da apardığınız və aparacağınız danışıqlar məsələni irəliyə apara bilsin. Təşəkkür edirəm.

Keri Kavano: Cənab prezident, icazənizlə, işimizə yüksək qiymət verdiyinizə görə Sizə təşəkkürümü bildirim. Siz haqlısınız ki, bəzən tənqid insanları daha çox işləməyə sövq edir və kömək edir. Amma onu da deməliyəm ki, insanları daha çox iş görməyə, irəli getməyə tərəqqidən çox vadar edən başqa bir şey yoxdur. Əldə olunmuş ilkin müvəffəqiyyətlər daha çox işləməyə sövq edir. Ona görə də bildirmək istəyirəm ki, gördüyümüz bu işlər əsasən indiyə qədər əldə edilmiş həmin tərəqqinin üzərində qurulubdur.

Siz çox haqlı olaraq, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında yüksək səviyyədə prezident Buş, prezident Putin, prezident Şirak arasında əməkdaşlığın olduğunu və onların bu işə bilavasitə səy qoyduğunu qeyd etdiniz. Hesab edirəm ki, onların arasında olan təmasların, bir-biri ilə əlaqə saxlamalarının və eyni zamanda üç həmsədr arasındakı əməkdaşlığın əvvəllər heç bir presedenti olmamışdır. Bu məsələyə ardıcıl diqqətin yönəlməsinin özü də çox faydalı bir vasitədir. Təmsil etdiyimiz ölkələrin hər üç prezidenti indi münaqişənin həll olunması üçün nadir imkanın olduğuna inanır. Bizim prezidentlər sülh naminə çətin addımlar atmağa hazır olan iki prezidentə yardımçı olmaq üçün ciddi səylər qoymağa hazır olduqlarını bəyan ediblər.

Cənab prezident, icazə verin, bunu da deyim, Siz onda da haqlısınız ki, sülh yalnız Sizinlə prezident Koçaryandan asılı olan bir iş deyildir. Anlayırıq ki, bu məsələyə kənardan da yardım göstərilməsi mühümdür. ATƏT də mümkün olduğu qədər bu işə yardımçı olmağa çalışır. Bu baxımdan ATƏT-in üzvü olan üç mötəbər dövlət bu prosesdə liderliyi üzərlərinə götürmüşlər.

Bizim bu fəaliyyətimiz dənizdə üzən gəmini xatırladır. Biz yalnız yardımçı ola bilirik, kömək edə bilirik. Biz gəmiyə enerji, yanacaq verilməsi, onun xəritələrinin, hərəkət istiqamətlərinin müəyyənləşdirilməsi məsələlərində yardımçı ola bilərik. Siz sülh limanına yaxınlaşanda, biz daha çox yardım göstərəcəyik. Amma bu gəmini sürmək üçün bizə iki prezident lazımdır. Bu iki prezident gəmini eyni istiqamətdə sürəndə, hamı sülhə doğru istiqamət almış olur. Amma iki prezident gəminin sükanını hərəsi bir tərəfə dartsa, onda bu gəmiyə nə qədər yanacaq versək, xəritə düzəltsək, istiqamətləri müəyyənləşdirsək də, heç zaman həmin gəmini ağır qayalara toxunmaqdan sığortalaya bilməyəcəyik. Prezident Buş, prezident Putin, prezident Şirak görəndə ki, hər iki prezident həmin sülh gəmisinin sükanından möhkəm yapışaraq eyni istiqamətdə sürməyə meyllidir, onda bizə tapşırıq veriblər ki, sülh limanına gedən yola yardımçı olmaq üçün daha ciddi, daha gərgin işləyək. Biz bunun üçün çox çalışırıq və həmin sülh limanını Sizin lövbər salmağınız üçün hazırlayırıq.

Sülh əldə olunduqdan sonra Azərbaycan və Ermənistan xalqlarının görmək istəyəcəkləri vəsaitləri və ehtiyatları onlara çatdırmaq üçün biz əlavə işlər görürük. Yenə də deyirəm, Siz haqlı qeyd etdiniz ki, bu məsələnin həll olunması yalnız Sizdən və prezident Koçaryandan asılı deyildir. Amma müəyyən mənada da bu, elə iki prezidentdən asılıdır. Çünki bizim hamımız sizin hər ikinizin hansı yolu tutduğunuzu görmək istəyirik və bu işdə sizə yardımçı olmaq istəyirik.

Bu mövzunu bir az da irəli aparsaq, onu demək istəyirəm ki, anlayırıq, dənizdə tufanlar da olur. Bəzən də sualtı axınlar da olur. Cənab prezident, amma Siz haqlı olaraq qeyd etdiniz ki, son iki il ərzində sülhə getdikcə yaxınlaşmışıq. hesab edirəm ki, bu gün sülh sadəcə, bir xülya, röya deyildir. Sülhü üfüqdə görmək də mümkündür. Ona görə də bizim, həmsədrlərin qarşısında duran bugünkü vəzifə sülhün hazırlanmasına yardımçı olmaq və bu prosesi daha da irəli aparmaq üçün səylə çalışmaqdır. Sizinlə prezident Koçaryanın qarşısında duran vəzifənin isə ümumi istiqaməti saxlamaq olduğunu da yaxşı anlayırıq.

Mən Sizin ötən ilki ad gününüzdən öncə burada olmağımızı və Ağdamı ziyarət etdikdən sonra Bakıya gəldiyimizi yaxşı xatırlayıram. Biz işğal olunmuş rayonları bu dəfə də ziyarət etdikdən və orada olan insanlarla, qaçqınlarla təmasda olduqdan sonra indiyə qədər topladığımız təcrübəni bir az da artıracağıq. Çünki anlayırıq ki, əslində, sülhün əldə olunmasında ən həlledici rol oynaya biləcək insanlar da məhz elə qaçqınlardır. Həm Sizin səyləriniz, həm də bizim səylərimiz ona yönəlibdir ki, Azərbaycan və Ermənistan xalqlarını sülhün əldə olunmasına hazırlayaq və bu işdə onlara yardımçı olaq. Bu, çox çətin bir vəzifədir. Bu, çətin işdir. Lakin bir daha deyirəm ki, qaçqınların yaşadıqları əzab-əziyyətlərlə müqayisədə, üzərimizə düşən yük o qədər də ağır deyildir.

Bir daha ümidvar olduğumu bildirmək istəyirəm ki, bizim regiona bu dəfəki səfərimiz sülh prosesini irəli aparmağa, sülhə hazırlaşmağa yardımçı olur və ümumiyyətlə, uzun sürən hərtərəfli sülhün əldə olunması üçün hər iki ölkəyə yardımçı olmaq məqsədinə xidmət edir.

Cənab prezident, icazə verin, qısaca bir məsələyə də toxunum. Biz Ki Uestdə gördük ki, Siz çox yaxşı gəmi sürürsünüz. Çünki küləklər əsəndə Siz sükanı əldə necə saxlamağı göstərdiniz. Həmin o səyahət çox uğurla başa çatdı. Biz limana sağ-salamat və dinc halda, dinc şəraitdə döndük. Ümidvarıq ki, bu dəfəki dəniz səyahətimiz də uğurlu olacaqdır.

Heydər Əliyev: Sağ olun. Təşəkkür edirəm.

Mən söhbəti uzatmaq istəmirəm. Ancaq gəmi və prezidentlərin gəmi sürməsi haqqında iki kəlmə demək istəyirəm. Əgər gəmini sürən iki kapitan, yaxud iki prezident eyni istiqamətdə hərəkət edirlərsə və bir-birinə sağlam münasibət göstərirlərsə, onda təbiidir ki, gəmi sahilə sağ-salamat çatacaqdır. İndi bu, bizim üçün çətindir. Ona görə gərək prezident Buş da, prezident Putin də və prezident Şirak da o gəmiyə otursunlar. Siz də onların yanında. Kim hansı tərəfə əysə, onu qoymasınlar.

Doğrudan mən Ki Uestdə gəmini sürürdüm. Amma mənim yanımdakı çox təcrübəli kapitan hərdənbir mənə deyirdi ki, buranı belə döndər, onu düz döndərmədim. Mən eyni şeyi indi də istəyirəm. Bizdən təcrübəli kapitanlar, üç nəfər gəmidə otursunlar. Onda biz sahilə tez çatarıq. Sağ olun.

"Azərbaycan" qəzeti, 19 may 2001-ci il.