Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının 72-ci ildönümü münasibətilə Bakıdakı Türkiyə səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqi - "Gülüstan" Sarayı, 28 oktyabr 1995-ci il


Hörmətli cənab səfir, hörmətli xanımlar və cənablar!

Bu gün təkcə Türkiyə xalqı üçün deyil, həm də Azərbaycan xalqı üçün böyük tarixi gündür. Türkiyə Cümhuriyyətinin yaranmasının 72-ci ildönümünü qeyd edirik. Bu münasibətlə mən Türkiyə Cümhuriyyətini, Türkiyə xalqını, bu ölkədə olan bacı və qardaşlarımızı, buraya toplaşan qonaqları, bütün Azərbaycan vətəndaşlarını ürəkdən təbrik edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, Türkiyə Cümhuriyyəti 72 il ərzində keçdiyi yol ilə indən sonra da uğurla gedəcək və yeni-yeni nailiyyətlər əldə edəcəkdir.

Son 72 il Türkiyə xalqı üçün çox mühüm və yeni bir tarixi mərhələdir. Böyük Mustafa Kamal Atatürkün fəaliyyəti nəticəsində, onun qəhrəmanlığı nəticəsində yaranmış Türkiyə Cümhuriyyəti 72 ildir ki, demokratik, mütərəqqi bir ölkə kimi dünya birliyində layiqli yerini tutubdur, öz həyatı və dövlət quruluşu ilə, daxili və xarici siyasəti ilə bir çox dövlətlər üçün örnək olmuşdur.

Türkiyə Cümhuriyyətində əldə olunmuş bütün nailiyyətlər - iqtisadiyyatın inkişafı, insanların rifahının yaxşılaşması, demokratiyanın inkişafı, insan və söz azadlığı, insan hüquqlarının qorunması böyük türk xalqının çoxəsrlik tarixində ən yüksək zirvədir, ən böyük nailiyyətdir. Bütün bu nailiyyətlərlə biz, qardaş xalq və qardaş ölkə kimi fəxr edirik və bu nailiyyətlərə görə sizinlə birlikdə məmnun olduğumuzu bildiririk.

Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri böyük tarixə malikdir. Biz tarix boyu, əsrlər boyu birlikdə olmuşuq, bərabər yaşamışıq, yanaşı getmişik və öz əcdadlarımızın yaratdığı milli adət-ənənələrə, mənəviyyata sadiq olmuşuq. Tarixi köklərimiz bizi birləşdirir və əsrlər boyu öz milli mənliyimiz, milli azadlığımız, istiqlal uğrunda apardığımız mübarizə bizi daha da birləşdiribdir.

Dörd ildir ki, Azərbaycan müstəqil dövlətdir. Bu dövr Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrini həddindən artıq inkişaf etdirib, onu bütün sahələrə yayıb, genişləndiribdir. Biz uzun müddət birbirimizdən ayrı düşmüşdük. Yəni əlaqələrimiz məhdud olmuşdu və həsrət içərisində yaşamışdıq. Bu dörd ilin içərisində isə biz bir-birimizə qovuşmuş və dostluq, qardaşlıq əlaqələrini tarixi köklər üzərində sürətlə inkişaf etdiririk. Bu, bizim ümumi naliiyyətimizdir. Biz bunu yüksək qiymətləndiririk. Azərbaycanın müstəqillik dövründə ona qardaşlıq münasibəti göstərən, respublikamızı dəstəkləyən ən yaxın dost ölkə Türkiyədir. Bunu bizim bütün vətəndaşlarımız yaxşı bilir və yüksək qiymətləndirirlər. Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin yaranması və inkişaf etməsində də biz Türkiyə ilə daim sıx əməkdaşlıq edirik və bu əlaqələrimizin çox müsbət bəhrələrini görürük.

Azərbaycana hərbi təcavüz edən Ermənistan işğalçılarının respublikamızda yaratdığı ağır vəziyyəti Türkiyədə də dərindən, qəlbdən hiss edirlər və bizim bu vəziyyətdən çıxmağımız üçün özümüzün çalışdığımız kimi, Türkiyədəki bacı və qardaşlarımız da çalışırlar.

Ermənistanın Azərbaycana qarşı etdiyi hərbi təcavüzü, ədalətsizliyi Türkiyə Cümhuriyyəti, Türkiyə dövləti və xalqı daim pisləyib və həmişə Azərbaycanı dəstəkləyib, Azərbaycanın haqq işini müdafiə edib və bütün beynəlxalq təşkilatlarda, dünya miqyasında, ikitərəfli münasibətlərdə Türkiyə Azərbaycana dayaq olmuşdur. Bütün bunlar bizim dostluq və qardaşlıq əlaqələrimizin sarsılmaz olduğunu nümayiş etdirir. Mən şübhə etmirəm ki, bundan sonra heç bir vasitə bizi bir-birimizdən ayıra bilməyəcəkdir.

72 il ərzində Türkiyə Cümhuriyyətində əldə edilmiş nailiyyətlər, iqtisadiyyatın inkişafında, insanların rifahının yaxşılaşdınlmasında, dövlət quruculuğunun, demokratiyanın inkişafında, demokratik prinsiplərin bərqərar olunmasında qazanılmış uğurlar və Türkiyənin bugünkü mənzərəsi bizim üçün örnəkdir və böyük təcrübə məktəbidir. Biz çalışırıq ki, bu təcrübədən səmərəli istifadə edək və Azərbaycanda müstəqil demokratik, hüquqi dövlət quraq. Bu sahədə Türkiyənin təcrübəsi gərəklidir və bu təcrübə bizə çox kömək edir.

Biz noyabrın 12-də müstəqil Azərbaycanın ilk demokratik parlamentinə seçkilər keçirəcəyik. Bu, Azərbaycanın həyatında böyük tarixi hadisədir. Ümidvaram ki, seçkilər xalqın iradəsini ifadə edəcək və tam demokratik şəkildə keçəcək, bütün insanların, partiyaların hüquqlarının qorunması təmin olunacaq və hər bir kəs bu seçkilərdə ya seçmək, ya da seçilmək hüququndan şübhəsiz ki, istifadə edəcəkdir. Türkiyə Cümhuriyyətində də dövlət quruculuğunda proseslər gedir, yeni hökumət yaranır, vaxtından əvvəl parlament seçkiləri təyin edilibdir. Türkiyədə dekabr ayında parlament seçkiləri keçiriləcəkdir. Biz əminik ki, həm hökumətin qurulması - bu günlərdə yeni hökumət qurulur, - həm də seçkilərin keçirilməsi müvəffəqiyyətlə başa çatacaqdır.

Ölkələrimiz arasındakı əlaqələr bütün sahələrdə təzahür edir: ayrı-ayrı insanların, təşkilatların, şirkətlərin, iqtisadiyyatla məşğul olan nazirliklərin əlaqələri və dövlətlərarası əlaqələr - bütün sahələrdə və bütün mərhələlərdə bu əlaqələr yaranıb və çox uğurla irəliyə gedir. Türkiyənin dövlət və hökumət başçıları ilə biz mütəmadi olaraq əlaqə saxlayırıq, çoxlu məsələlər barəsində məsləhətləşirik. Mən bu əlaqələrdən məmnun olduğumu bir daha bildirmək istəyirəm.

Bir neçə gün bundan əvvəl Amerika Birləşmiş Ştatlarında olarkən mən ABŞ prezidenti cənab Bill Klintonla görüşdüm və ətraflı danışıqlar apardım. Dünyanın bir çox ölkələrinin dövlət və hökumət başçıları ilə görüşlərim oldu və bu görüşlərin arasında Türkiyə Cümhuriyyətinin prezidenti, hörmətli, əziz dostum, qardaşım Süleyman Dəmirəl ilə görüşüm və söhbətlərim xüsusi yer tutur. Belə görüşlər artıq ənənəvi xarakter almışdır və bu görüşlərdən biz - hər iki tərəf əlaqələrimizin inkişaf etdirilməsi üçün və Azərbaycanda demokratik proseslərin həyata keçirilməsi üçün, respublikamızın qarşısında duran ağır problemlərin həll olunması üçün daim məsləhətlər alırıq, bəhrələnirik. Bütün bunlar ölkələrimiz arasındakı əlaqələrin nə qədər geniş, nə qədər əhəmiyyətli olduğunu bir daha sübut edir.

Türkiyə Respublikasının 72-ci ildönümü münasibətilə sizin hamınızı bir daha təbrik edirəm. Türkiyə xalqına səadət və xoşbəxtlik, Türkiyə dövlətinə və hökumətinə qarşısında duran vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıram.