Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstanın dövlət naziri və onu müşayiət edən nümayəndə heyətini qəbul edərkən söhbətindən - 25 noyabr 1999-cu il


Heydər Əliyev: Biz tez-tez görüşməli, fikir mübadiləsi aparmalı, nəinki ölkələrimizə - Azərbaycana və Gürcüstana aid məsələləri, həm də digər məsələləri müzakirə etməli olduğumuza artıq öyrəşmişik. Çünki regionumuzda, eləcə də digər regionlarda çoxlu proseslər baş verir. Gürcüstanla dostluğumuz, əməkdaşlığımıza həmişə üstün əhəmiyyət vermişik və bu gün də belədir.

İstanbulda biz Eduard Amvrosiyeviçlə bütün tədbirlərdə ünsiyyətdə olurduq. Lakin bununla yanaşı, bizim xüsusi və çox faydalı, yaxşı görüşümüz oldu. Bu görüşdə biz ölkələrimizdəki vəziyyət barədə, mövcud problemlər barədə bir-birimizə məlumat verdik. Biz beynəlxalq həyatın bir çox məsələləri haqqında, habelə regionumuza - Qafqaza, Cənubi Qafqaza aid məsələlər barədə də fikir mübadiləsi apardıq.

1996-cı ildə mən Gürcüstanda rəsmi səfərdə olarkən biz Eduard Amvrosiyeviç ilə dinc Qafqaz haqqında bəyannamə imzaladıq. Məhz bu fikirlərin inkişafı kimi mən sammitdə Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq paktı yaradılması haqqında təklif irəli sürdüm və bizim belə bir paktı həqiqətən yarada bilməyimiz üçün Amerika Birləşmiş Ştatlarının, Avropa Birliyinin üzvü olan ölkələrin, Rusiyanın, Türkiyənin, Gürcüstanın, Ermənistanın hökumətlərinə və ATƏT-in bunda marağı olan digər bütün üzvlərinə müraciət etdim. Çünki Qafqazda vəziyyət mürəkkəb, gərgin olaraq qalır. Cənubi Qafqaz bizik - Gürcüstan, Azərbaycan və Ermənistandır. Amma təəssüflər olsun ki, ölkələrimiz, yəni Cənubi Q afqaz ölkələri artıq bir çox illərdir separatizmdən, terrorizmdən əzab-əziyyət çəkirlər və bu zəmində münaqişələr meydana gəlmişdir, biz onları dinc yolla həll etməyə çalışırıq. Ancaq onları həll etmək hələlik mümkün olmur. Odur ki, problemlərimiz eynidir.

Əlbəttə, heç bir ölkə öz məsələlərini özü həll etməlidir. Bununla yanaşı, Cənubi Qafqazda sabitlik, sülh olmasa, təhlükəsizlik təmin edilməsə, onda ölkələrimizdən hər biri nə etsə də, biz məqsədə çata bilmərik. Bu pakt isə, zənnimcə, iqtisadiyyatın da, demokratik proseslərin də, bütün digər proseslərin də inkişafında Cənubi Qafqaz ölkələri arasında daha səmərəli əməkdaşlığa şərait yarada bilər.

Əlbəttə, sizin də, bizim də daha bir problemimiz var - Moskvada bizi haqsız olaraq təqsirləndirirlər ki, biz Çeçenistana terrorçular, yaraqlılar soxulmasına hansısa şərait yaradırıq və sair. Şübhəsiz ki, bunlar heç bir zəmini olmayan, tamamilə əsassız bəyanatlardır. Amma belə bəyanatlar var. Belə bəyanatları dövlət xadimləri verdikdə, şübhəsiz, onları informasiya orqanları yayır. Bu orqanlar subyektiv məqsədlə və ya hər hansı digər düşmənçilik məqsədləri ilə Gürcüstan əleyhinə, Azərbaycan əleyhinə təbliğatı gücləndirirlər. Əlbəttə, bu, bizi çox narahat edir.

Rusiya ilə Azərbaycan arasında viza rejimi tətbiq etmək lazım olduğu bəyan ediləndə mən dedim ki, bu məsələni qaldırmağa hər bir ölkənin haqqı var, biz ona qarşı etiraz edə bilmərik. Amma gərək səbəbini biləsən. Rusiyanın belə bir bəyanat verərkən əsas tutduğu səbəb isə gerçəkliyə qətiyyən uyğun deyildir. Odur ki, biz Rusiya hökumətinin belə bəyanat verərkən əsaslandığı səbəblə razılaşa bilmərik.

Bunu Gürcüstan haqqında da demək olar. Doğrudur, sizin Çeçenistanla sərhədiniz var. Bizim isə onunla ümumiyyətlə sərhədimiz yoxdur. Bizimlə Çeçenistan arasında böyük bir respublika - Dağıstan Respublikası yerləşir və Rusiyanın sərhəd qoşunları Rusiya, Dağıstan ilə Azərbaycan arasında sərhədi çox möhkəm qoruyurlar. Buna baxmayaraq, belə bəyanatlar verilir. Görürsünüz, Cənubi Qafqazda bu məsələdə də, bizə demək olar, eyni cür baxırlar. Hərçənd bütün bunlar tamamilə ədalətsizdir, doğru deyildir. Həyat da göstərəcək ki, bunlar tamamilə yanlış mülahizələrdir.

Mən buna hələ 1996-cı ildə, döyüş əməliyyatları getdiyi və Moskva mətbuatında, televiziya ilə tez-tez belə bəyanatlar yayıldığı vaxtlarda cavab vermişdim. Mən oradan sərhəd qoşunlarının böyük bir qrupunu dəvət etməli oldum. Onlar tam bir həftə işlədilər, Azərbaycan ilə Dağıstan, Rusiya arasında bütün sərhədi ələk-vələk etdilər, ancaq heç nə tapmadılar. Bu gün də heç bir fakt yoxdur. Amma, təəssüflər olsun ki, Gürcüstan və Azərbaycan barəsində, zənnimcə, bu cür ədalətsiz hərəkətlərə yol verilir.

Sizə deyim ki, Gürcüstan prezidenti Eduard Amvrosiyeviç Şevardnadze sammitdə çox məzmunlu, çox prinsipial, layiqli, konkret çıxış etdi. Orada mən bu çıxış münasibətilə onu təbrik etdim və bir daha təbrik edirəm.

Lakin İstanbul sammiti bizim üçün daha bir böyük tarixi hadisə ilə əlamətdar oldu, çünki biz Baki-Tbilisi-Ceyhan neft kəməri haqqında qəti saziş, habelə bir sıra başqa sənədlər imzaladıq. Şübhəsiz ki, bu, Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır, çox böyük əhəmiyyətə malikdir. Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə Transxəzər boru kəmərinə dair sənəd imzalamağın mümkün olması da çox mühümdür.

Bu sazişlərin imzalanması ilə əlaqədar siyasi bəyanatları Amerika Birləşmiş Ştatlarının prezidenti Bill Klintonun da imzalaması xüsusilə mühümdür. Mən onda da demişdim, sammitin yekunlarına dair dünən bizdə keçirilmiş böyük müşavirədə də dedim və bu gün də demək istəyirəm ki, beş il ərzində Amerika Birləşmiş Ştatları və şəxsən prezident Bill Klinton Azərbaycana da, Gürcüstana da və təbii ki, Türkiyəyə də dəstək vermişlər. Əgər bu dəstək olmasaydı, 1994-cü ildə "Əsrin müqaviləsi"ni imzalamaq yəqin ki, mümkün olmazdı, əgər bu dəstək olmasaydı, Bakı-Tbilisi-Ceyhan neft kəmərinə dair, habelə Transxəzər qaz kəmərinə dair qəti sazişi də imzalamaq mümkün olmazdı.

Buna görə də İstanbul görüşü bizə - Azərbaycana və Gürcüstana böyük nəticələr gətirdi və mən sizi bu münasibətlə təbrik edirəm. Belə düşünürəm ki, biz ölkələrimiz üçün, xüsusən xalqlarımızın, ölkələrimizin gələcək nəsilləri üçün çox böyük işlər gördük.

Xoşdur ki, biz - Azərbaycan və Gürcüstan - nəinki bu sahədə, həm də bütün digər sahələrdə çox fəal əməkdaşlıq edirik. Odur ki, mən sizinlə yenidən görüşməyimə şadam.

Vaja Lordkipanidze: Çox hörmətli Heydər Əliyeviç, icazə verin, bizimlə görüşməyə vaxt tapdığınıza görə Sizə ürəkdən və səmimi təşəkkür edim. İlk öncə, Eduard Amvrosiyeviçin ən xoş arzularını və salamını yetirmək istəyirəm. Mən buraya onun tapşırığı ilə gəlmişəm, bu məsələni o, Sizinlə razılşadırmışdı. Mən burada həmişəki kimi, yenə də böyük mehribanlıq duydum.

Heydər Əliyeviç, İstanbulda həqiqətən çox böyük əhəmiyyətə malik hadisələr baş verdi - XXI əsrə, ola bilsin, sonrakı əsrlərə də tuşlanmış sənədlər imzalandı. Eduard Amvrosiyeviç sammitin yekunlarını Gürcüstanda öz çıxışlarında şərh edərkən bu dünya əhəmiyyətli hadisənin çox mühüm olduğunu vurğulayır. Onun dediyi bu sözlərə mən də qoşuluram ki, bu sənədlərin, bu hadisənin baş memarlarından, müəlliflərindən biri şəxsən Sizsiniz, Heydər Əliyeviç. Bu, həqiqətən belədir. Əgər bu gün Gürcüstanın belə layihələrdə iştirak etmək imkanı varsa, onun üçün bu cür perspektivlər meydana gəlmişdirsə, bunda ən böyük xidmət şəxsən Sizin xidmətinizdədir, Heydər Əliyeviç.

Mən bu gün bunu Artur Tahiroviçlə görüşdə də söyləyərək qeyd etdim ki, Siz bir neçə il əvvəl demişdiniz ki, neft kəməri hökmən Gürcüstandan keçəcəkdir. Həqiqətən, çox qısa müddətdən sonra Siz ölkəmizə gəldiniz və Bakı-Supsa magistralını açdınız, indi isə yeni layihə, Bakı-Tbilisi-Ceyhan layihəsi imzalanmışdır. Heydər Əliyeviç, bu, şəxsən Sizin adınızla bağlıdır. Biz bilirik ki, bu, Sizin tərəfinizdən çox cəsarətli addım idi. Bu, çox böyük risklə bağlı idi, çünki qonşularımızda qısqanclıq yüksəkdir. Bilirəm ki, Siz bu məsələni Türkiyədə Eduard Amvrosiyeviçlə müzakirə etmişdiniz. Lakin buna baxmayaraq, Sizin şəxsi cəsarətiniz bizə bu çox böyük layihələrə qoşulmaq imkanı verdi. Buna görə Eduard Amvrosiyeviçin, nümayəndə heyətimizin, bütün Gürcüstanın çox böyük minnətdarlığını Sizə bir daha yetirirəm.

Əlbəttə, bu, qarşımızda tamamilə yeni perspektivlər açır və indi biz yeni vəzifələr qarşısındayıq. Bu gün mən Azərbaycan televiziyasına müsahibə verərkən dedim ki, qısa bir müddətdə Heydər Əliyeviç və Eduard Amvrosiyeviç tamamilə yeni reallıqlar şəraitində iki qardaş ölkənin necə yaşamalı, bir-birini necə dəstəkləməli, bir-birinə necə kömək göstərməli olduğunun çox zəngin bir modelini yarada bildilər. Zənnimcə, məhz Sizin xidmətinizdədir ki, Cənubi Qafqaz planetimizin bir çox hadisələrinin mərkəzinə çevrilir. Hesab edirəm ki, Sizin səyləriniz və Eduard Amvrosiyeviçin səyləri xalqlarımız qarşısında tamamilə yeni perspektivlər açır. Buna görə mən Sizə bir daha təşəkkür edirəm. İndi biz, hökumətlər belə böyük nailiyyətlərin reallaşmasını hökmən təmin etməliyik.

Heydər Əliyeviç, deməliyəm ki, bizim üçün də çox çətindir. Gürcüstanı da təqsirləndirirlər. Lakin biz bu gərgin dövrü keçməliyik. Təəssüf ki, indi Rusiyanın özündə də sabitlik yoxdur. Mənə elə gəlir ki, bir çox qərarlar o qədər də səriştəsi olmayan siyasətçilər tərəfindən qəbul edilir. Biz də izah etməli və deməli oluruq ki, bütün bu ittihamlar əsassızdır, bunları təsdiq edən heç nə yoxdur. Onlar bizdən Rusiya qoşunlarının dəstəklənməsi üçün daha fəal tədbirlər görülməsini xahiş edirdilər - sərhədi birgə qorumağı xahiş edirdilər. Bu isə Gürcüstanın hökmən döyüş əməliyyatlarına cəlb olunmasına gətirib çıxarardı. Çünki Rusiya sərhədçiləri və qoşunları orada görünən kimi ora dərhal bir növ döyüş əməliyyatları zonasına çevriləcəkdir.

Əlbəttə, biz bununla razılaşa bilməzdik və ona görə də bəzi incikliklər oldu. İndi biz məsələlərin kəskinləşməməsi üçün, hərc-mərcliyə, bu münaqişəyə cəlb edilməmək üçün yol tapmağa çalışırıq.

Əlbəttə, bizim birgə fəaliyyətimizdən çox şey asılıdır. Heydər Əliyeviç, biz Sizə çox minnətdarıq ki, Sizdən həmişə həm müdrik məsləhətlər, həm də tamamilə konkret dəstək alırıq. Sizə ürəkdən təşəkkür edirəm.

Bizi qəbul etməyə vaxt tapdığınıza görə sağ olun. Biz konkret məsələləri artıq müzakirə etmişik və yəqin ki, bu müzakirəni davam etdirəcək, Sizə məlumat verəcəyik. Sizə səmimi qəlbdən təşəkkür edirəm.

Heydər Əliyev: Baş nazir mənə dedi ki, siz bu gün məsələləri müzakirə etmisiniz.

Artur Rasizadə: Müzakirəni davam etdirəcəyik. Nümayəndə heyətinin bir hissəsi Bakıda qalır.

"Azərbaycan" qəzeti, 26 noyabr 1999-cu il.