Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin MDB ölkələri - Belarus, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Moldova, Rusiya, Tacikistan və Ukrayna prezidentlərinin İşlər idarələri müdirlərinin Bakıda keçirilən görüşünü iştirakçıları ilə söhbəti - Prezident sarayı, 14 iyun 2001-ci il


Qalina Juravkova (Belarus Respublikası Prezidentinin İşlər İdarəsinin müdiri): Cənab Prezident, icazə verin ölkənizdə iyunun 15-də qeyd olunan bayram - Azərbaycan xalqının Milli Qurtuluş günü münasibətilə görüş iştirakçıları adından Sizə gül-çiçək dəstəsi təqdim edim və qarşıdakı bayram münasibətilə təbriklərimizi bildirim.

Heydər Əliyev: Mən sizi Azərbaycanda ürəkdən salamlayıram. Mən bilən, bu görüş MDB-yə daxil olan ölkələrin prezidentlərinin işlər idarələri müdirlərinin Azərbaycanda toplaşdıqları ilk görüşdür. Bu, yaxşı işdir. Bilirəm ki, belə görüşlər başqa respublikalarda da keçirilmişdir. Görünür, indi növbə Azərbaycana çatmışdır. Sizin də müəyyən dərəcədə öz təşkilatınızı yaratmağınız çox yaxşıdır. Çünki MDB ölkələri arasında bütün məsələlərdə, bütün istiqamətlərdə təcrübə mübadiləsi vacibdir.

Keçmişdə biz hamımız bir dövlətin tərkibində idik və hamımız eyni qaydalarla yaşayırdıq. Demək olar, on ildir müstəqil dövlətlərik, buna baxmayaraq, keçmişdən də çox şey qalmışdır, yenidən də nə isə götürmək lazımdır. Bu strukturların başqa ölkələrdə - mən keçmişdə də azad, müstəqil olmuş ölkələri nəzərdə tuturam - necə fəaliyyət göstərdiklərini bilmirəm, amma MDB çərçivəsində təcrübə mübadiləsi, şübhəsiz, gərəkdir. Dövlət başçıları olaraq biz indi müntəzəm surətdə görüşürük, Baş nazirlər, xarici işlər nazirləri, digər idarələrin başçıları səviyyəsində görüşlər keçirilir. Deməli, buna zərurət var. Mən iş planınıza, görüşünüzün gündəliyinə, müzakirə və qəbul etməyi nəzərdə tutduğunuz sənədlərə baxdım. Hesab edirəm ki, bütün bu işlər çox düzgün istiqamətdədir. Biz bir-birimizə kömək etməliyik.

Əlbəttə, burada əyləşənlər arasında bu xidmətin veteranı da var - o, Gürcüstan Prezidentinin İşlər İdarəsinin müdiridir. Onu 70-ci illərdən, mən burada, Azərbaycanda, Eduard Amvrosiyeviç Şevardnadze isə Gürcüstanda KP MK-nın birinci katibi işlədiyimiz vaxtlardan xatırlayıram. Biz bir-birimizə qonaq gedib-gəlirdik, görüşürdük. Şevardnadzenin respublikadan kənarda olduğu vaxtlarda sizin bu vəzifədə işləyib-işləmədiyinizi bilmirəm. Lakin bizim Azərbaycanda dəyişikliklər baş verdi, çünki mən Moskvaya işləməyə getdikdən və beş il sonra bütün vəzifələrdən istefa verdikdən sonra Azərbaycanda çox böyük dəyişikliklər oldu. Güman etmirəm ki, siz Qamsaxurdianın da vaxtında İşlər İdarəsinin müdiri işləmisiniz. Belə ki, yeni adamların yeni kadrları olur. Əslinə qalsa, onların bəziləri keçmişdə bu vəzifədə də və ya digər əlaqədar vəzifələrdə də təcrübə toplamışlar, bəziləri isə təzədir. Ona görə də görüşmək, təcrübə mübadiləsi aparmaq, bir-birinə kömək etmək zəruridir.

Azərbaycanda toplaşdığınıza görə məmnun olduğumu bir daha bildirirəm. Belə başa düşürəm ki, siz artıq işləmisiniz, şəhərimizlə tanış ola biləcəksiniz. Bütün bunlar şəhərimizlə tanış olmayanların və ya buraya çoxdan gəlməyənlərin xeyrinədir və görüşün hər bir iştirakçısının xeyrinədir.

Vladimir Kojin (Rusiya Federasiyası Prezidentinin İşlər İdarəsinin müdiri): Qonaqpərvərliyə görə Sizə və Azərbaycan Prezidentinin İşlər İdarəsinə şəxsən öz adımdan və bütün həmkarlarımın adından təşəkkür etmək istərdim. Bakıda keçirilən görüşümüz heç də, sadəcə olaraq, növbəti, üçüncü görüş deyildir. Təmtəraqlı sözlər işlətmək istəməzdim, lakin biz bir növ məsləhətləşərək belə qərara gəldik ki, bu, tarixi görüşdür. Çünki bir az öncə, bir saat əvvəl biz «MDB Ölkələri Prezidentlərinin İşlər İdarələri Müdirlərinin Şurası haqqında Əsasnamə» adlı sənədi birlikdə bəyəndik. Odur ki, indi biz həm de-fakto, həm də de-yure mövcuduq və bu, Bakıda, qonaqpərvər Azərbaycan torpağında baş verdi. Zənnimcə Siz ən başlıca cəhəti xatırladaraq bildirdiniz ki, ümumi köklər olduqca çoxdur, olduqca çox şeylər keçmişlə bağlıdır və bu gün təcrübəmiz göstərir ki, əməkdaşlığımız, sadəcə, zəruridir. Mən bu gün də dedim ki, bizim nümunə götürməyimiz üçün adamlar var - biz prezidentlərimizdən nümunə götürə bilərik. Bir halda ki, siz toplaşaraq indi bu məkanın qarşılaşdığı ən mürəkkəb, ən çətin vəzifələri və problemləri həll edirsiniz, onda biz nə üçün toplaşmayaq?! Bizim bir-birimizə kömək etməyə, müxtəlif sahələrdə əməkdaşlıq etməyə imkanımız var və bunların hamısını fəal surətdə həyata keçirmək niyyətindəyik. Bu gün biz bu əməkdaşlığın hüquqi təməlini qoyduq. Zənnimcə, görüşümüzün çox vacib olduğunu söyləsəm, həmkarlarım məni dəstəkləyərlər. Amma ən başlıcası budur ki, indi biz məhz ən səmərəli əməkdaşlığa başlamaq niyyətindəyik. Elə bu məqsədlə toplaşırıq.

Bizi qonaqpərvərliklə, çox mehribanlıqla qarşıladıqlarına görə, tədbirlərimizin səmimilik şəraitində keçdiyinə görə həmkarımıza - sizin İşlər İdarənizin müdirinə də, Prezidentin İşlər İdarəsinin bütün kollektivinə də bir daha dərin minnətdarlığımızı bildirmək istərdim.

Heydər Əliyev: Nə deyirəm, çox xoşdur.

İrakli Andriadze (Gürcüstan Prezidentinin Dövlət Təminatı Xidmətinin rəisi): Çox hörmətli cənab Prezident Heydər Əliyeviç, bizi qəbul etməyə vaxt tapdığınıza görə çox sağ olun. İcazə verin, sadiq dostunuz Eduard Şevardnadzedən Sizə qardaş salamı yetirim. Fürsətdən istifadə edərək demək istəyirəm ki, biz bir-birimizi 30 ildən çoxdur tanıyırıq. Bu mənim sözlərim deyildir. Onları bir həftə əvvəl Yaltada məhz Siz söylədiniz. İcazə verin, Sizin tarixinizin bəzi məqamlarını xatırladım. Mən 1969-cu ili yadıma salıram. O vaxt siz Azərbaycan KP MK-nın birinci katibi oldunuz və dərhal xalq təsərrüfatının müxtəlif sahələrində - təkcə kənd təsərrüfatında, sənayedə deyil, bir çox digər sahələrdə də islahatlar aparmağa başladınız. Özü də Siz qısa bir müddətdə nəinki Cənubi Qafqazda, həm də bütün Sovet İttifaqında böyük nüfuz qazandınız. Mən 1976-cı ilin yanvarını xatırlayıram. Səhv etmirəmsə, onda Sov.İKP MK plenumu Sizi Siyasi Büro üzvlüyünə namizəd seçdi.

Heydər Əliyev: Siz səhv etmirsiniz.

İrakli Andriadze : Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməniz və Siyasi Büronun üzvü seçilməniz də yadımdadır. İşləmədiyiniz vaxtları da xatırlayıram. Belə vaxtlar da olmuşdur. Amma Siz öz xalqınızı, öz ölkənizi heç zaman unutmadınız. Xatirimdədir, Siz bu barədə həmişə düşünürdünüz, bu istiqamətdə işləyirdiniz. Nəhayət, Azərbaycan Respublikasının Prezidenti olduğunuzu da, bu vəzifəyə 1998-ci ilin oktyabrında ikinci dəfə seçildiyinizi də xatırlayıram. Allah Sizə möhkəm cansağlığı, xoşbəxtlik versin. Siz təkcə doğma Azərbaycanınız üçün deyil, bütün Cənubi Qafqaz üçün də çox işlər görmüsünüz. Eduard Amvrosiyeviçlə birlikdə gerçəkləşdirməyə başladığınız İpək Yolu layihəsi bütün ölkələr üçün tarixi yola çevriləcəkdir. Sizə həyatda səadət, cansağlığı, dünyanın bütün nemətlərini diləyirəm. Biz Sizi çox sevirik, Sizə böyük hörmətimiz var. Eyni zamanda demək istəyirəm ki, Siz bu tədbirin Bakıda keçirilməsinə icazə verdiniz. Gələn il onu bizdə, Tbilisidə keçirmək niyyətindəyik. Bu gün demək istəyirəm ki, Akif Şəmsəddinoviç başda olmaqla, Prezidentin İşlər İdarəsi bu görüşü çox yüksək səviyyədə təşkil etmişdir. Sağ olun.

Heydər Əliyev: Sağ olun. Sağ olun ki, keçmişdəki birgə işimizi xatırlayırsınız. Dostum Eduard Amvrosiyeviç Şevardnadzedən salam yetirdiyinizə görə sağ olun. Mənim də səmimi salamımı və xoş arzularımı ona yetirin. Gürcüstanla Azərbaycan arasında münasibətlər həmişə mehriban, xoş, qardaşlıq münasibətləri olmuşdur. Amma bu münasibətlər müəyyən bir dövrdə zəiflədi və Eduard Amvrosiyeviç Gürcüstanda rəhbərliyə qayıtdıqdan, bu gözəl xanımın burada dediyi kimi, uzaq səfərdən qayıtdıqdan sonra - bir müddətdən, aradan 11 il ötəndən sonra mən də qayıtdım, o orada prezident oldu, mən də burada - biz artıq müstəqil dövlətlər kimi yeni həyata başladıq. Biz artıq çox işlər görə bilmişik.

Hesab edirəm ki, indi Gürcüstanla Azərbaycan arasında münasibətlər səmimilik baxımından, əməkdaşlıq baxımından nümunəvidir. İpək Yolunun bərpası da bizim birgə təşəbbüsümüzdür və artıq onu gerçəkləşdirməyə başlamışıq. Biz güclü Bakı - Supsa neft kəmərini çəkmişik, siz müəyyən sahəni əhatə etmisiniz, uzunluğu 2 min kilometrdən artıq olan möhtəşəm Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasına başlayırıq. Tezliklə Azərbaycandan Gürcüstan ərazisi ilə Türkiyəyə qaz kəmərinin inşasına başlayacağıq. Qaz Türkiyəyə də gərəkdir, Gürcüstana da. Eləcə də bir çox digər məsələlər. Elə götürək Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan, Gürcüstan vasitəsilə Qara dənizlə və oradan o yana Avropa ilə və əks istiqamətdə birləşdirən Transqafqaz magistralını. Onun təkcə bizim iki ölkə üçün deyil, Mərkəzi Asiya ölkələri üçün də, Şərqi Avropa ölkələri üçün də çox böyük əhəmiyyəti var. İpək yolu qədimlərdə Yaponiyadan başlayaraq İspaniyada qurtarırdı. Bir sözlə, biz bu yolu yaratmağa və bərpa etməyə başlamışıq. Əlbəttə, bunu bir-iki ilə edə bilməzsən. Amma yaxşı bünövrə qoymuşuq və məncə, biz özümüz hələ çox işlər görə biləcəyik. Həyata keçirməyə macal tapmadıqlarımızı isə gələcək nəsillərimiz edəcəklər, çünki bünövrə çox möhkəmdir. Ona görə də mən sizi burada, Azərbaycanda görməyə çox şadam. Mən hər dəfə Tbilisiyə gələndə sizinlə hökmən görüşürəm, biz dövlət başçılarının görüşləri zamanı da görüşürük və mənə xoşdur ki, siz keçmişi xatırlayır və indini qiymətləndirirsiniz. Sağ olun.

Maraqlıdır ki, İşlər İdarəsi müdirləri arasında qadın da var.


Vladimir Kojin
: Bu təsisatın tarixində ilk dəfə olaraq.

Heydər Əliyev: Əgər keçmiş Sovet İttifaqı dövrünü götürsək, ilk dəfə. Mən bu vəzifədə qadınlara heç vaxt rast gəlməmişəm. Qadınlar, adətən səhiyyə, maarif, mədəniyyət nazirləri və ya MK-nın təbliğat şöbəsinin müdiri, yaxud Nazirlər Soveti sədrinin mədəniyyət üzrə müavini olurdular. Qadın İşlər İdarəsinin müdiri - bu, yeni bir hadisədir. Mən bunu alqışlayıram. Görünür, Aleksandr Qriqoryeviç bu məsələdə irəliyə doğru addım atmışdır. Ağıllı, düzgün addımdır. Əlbəttə, mən öz İşlər İdarəmin müdirini qadınla əvəz etmək fikrində deyiləm. Əvvəla, onu dəyişməyə hələ lüzum yoxdur. İkincisi isə, əgər onu harayasa təyin etmək lazım gəlsə, bizdə onu əvəzləyə biləcək qadın yoxdur. Buna baxmayaraq, bu təcrübə çox maraqlıdır.

Xahiş edirəm, mənim səmimi salamımı və ən xoş arzularımı dostlarıma - ölkələrinizin dövlət başçılarına, prezidentlərinə yetirin. Şadam ki, son vaxtlar MDB daha müntəzəm şəkildə, səmərəli işləməyə başlamışdır. İşimiz planlı xarakter daşıyır və hər belə görüş - mən öz təəssüratımdan danışa bilərəm - şübhəsiz, böyük fayda gətirir. Söhbətimizin əvvəlində dediyim kimi, dövlət başçılarının görüşləri və qalan digər səviyyələrdə görüşlərlə yanaşı, bu görüşlərin də keçirilməsi, təbii olaraq, birliyimizi daha da sıxlaşdırır, daha güclü edir və biz də buna çalışırıq.

Əlbəttə, siz çox mühüm bir işi yerinə yetirirsiniz. Prezidentlərin aparat əməkdaşlarının fəaliyyəti üçün, onların səmərəli fəaliyyəti üçün, prezidentlərin özlərinin fəaliyyəti üçün sizin işinizdən çox şey asılıdır. Bir sözlə, bu, faydalı, nəcib işdir və mən sizə bu işdə uğurlar arzulayıram. Bir daha xahiş edirəm, dostlarıma - prezidentlərə mənim salamımı yetirin. Sağ olun.