Türk Xalqlarının III Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının iştirakçılarına - 30 sentyabr 1995-ci il


Möhtərəm qurultay iştirakçıları!

Sizi türk xalqlarının III dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının açılışı münasibətilə ürəkdən salamlayır və sizə işinizdə müvəffəqiyyətlər arzulayıram.

Tarixin ağır sınaqlarına zaman-zaman sinə gərmiş türk xalqları qarşılıqlı elmi, mədəni, iqtisadi və siyasi əlaqələrini qoruyub saxlamış, bəşər tarixində daim önəmli mövqe tutmuşlar.

Müasir türk dünyası yeni yüksəliş mərhələsini yaşayır. Bu gün suverenlik əldə etmiş gənc türk cümhuriyyətlərinin bir sırada inamlı addımları türk dünyasının xoşbəxt sabahından soraq verir. Əminəm ki, türk xalqlarının III qurultayı da bu müqəddəs arzu və istəklərin həyata keçirilməsində mühüm rol oynayacaqdır.

Müstəqil inkişaf yoluna qədəm qoyan Azərbaycan Cümhuriyyəti də suverenliyini əldə etdiyi ilk gündən türk dünyasının möhkəmlənməsinə sədaqətlə xidmət etmiş və bundan sonra da edəcəkdir.

Bütün türk xalqlarına sıx dostluq və qardaşlıq telləri ilə bağlı olan Azərbaycan xalqı adından sizin mötəbər məclisinizə öz işində uğurlar diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.