Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiya Milli Neft Korporasiyasının prezidenti Kunio Komatsu və bir sıra şirkətlərin rəhbərləri ilə görüşdəki söhbətindən - Tokio, Azərbaycan Prezidentinin iqamətgahı, 25 fevral 1998-ci il


Mənimlə görüşə gəldiyinizə görə sizə öz təşəkkürümü və səmimi minnətdarlığımı bildirirəm.

Azərbaycanda aparılan iqtisadi sahədə islahatlara verdiyiniz yüksək qiymət və bununla bağlı xoş arzularınız məndə məmnunluq hissi oyatdı. Nail olduğumuz böyük nailiyyətlər münasitbətilə təbrikinizə görə çox sağ olun.

Yaponiyaya ilk rəsmi səfərim böyük uğurla davam edir. Tokioda keçirdiyim görüşlər, apardığım danışıqlar Azərbaycan ilə Yaponiya arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsində və möhkəmləndirilməsində böyük əhəmiyyət daşıyacaqdır. Yaponiya şirkətlərinin Azərbaycanla neft və qaz sənayesi ilə yanaşı, energetika, kommunikasiya, infrastruktur, ekologiya üzrə əlaqələr qurmağa maraq göstərməsini yüksək qiymətləndirirəm. Belə çoxsahəli əməkdaşlığın hər iki tərəf üçün böyük faydalar gətirəcəyinə əmin olduğumu bildirirəm. Zəngin təbii ehtiyatlara malik olan Azərbaycanın çox əlverişli coğrafi-siyasi ərazidə yerləşməsi ölkələrimiz arasında münasibətlərin daha da canlandırılması üçün geniş imkanlar açır. Biz Azərbaycan-Yaponiya tərəfdaşlığına xüsusi əhəmiyyət veririk.