Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in Minsk qrupunun Fransadan olan yeni həmsədri Anri Jakolən ilə görüşündən - Prezident sarayı, 4 noyabr 2002-ci il


Heydər Əliyev: Sizi səmimi-qəlbdən salamlayıram. Bakıya xoş gəlmisiniz. Sizi Minsk qrupunun tərkibində Fransanın nümayəndəsi təyin olunmagınız münasibətilə təbrik edirəm. Arzu edirəm Sizin əməkdaşlığınız uğurlu olsun. Təəssüflər olsun ki, Fransa Minsk qrupundakı nümayəndəsini bir neçə dəfə dəyişibdir. Doğrudur, artıq Minsk qrupu on ildir fəaliyyət göstərir, orada bir vəzifədə on il heç kəs işləyə bilməz. Amma nümayəndəni bir ildən yox, heç olmasa üç-dörd ildən bir dəyişdirmək daha məqsədə uyğun olar. Amma mən güman edirəm ki, Minsk qrupu bundan sonra uzun müddət davam etməyəcəkdir. Biz bu məsələni həll edəcəyik və Minsk qrupu da öz fəaliyyətini sona çatdıracaqdır.

Təbii ki, bizim sizinlə əməkdaşlığımız, ümumiyyətlə, Minsk qrupu ilə Azərbaycanın, Ermənistanın gələcək əməkdaşlığından asılı olacaqdır. Mən isə düşünürəm ki, bizim əməkdaşlığımız bundan sonra həm uğurlu, həm də sürətli olmalıdır. Çünki biz bu məsələnin bundan sonra da uzadılmasına yol verməməliyik. Mən Sizi bu arzularla salamlayıram.

Anri Jakolən: Cənab Prezident, səmimi qəbula görə öz təşəkkürümü bildirirəm. Daha üstün tutardım ki, Siz məni bir qədər sonra təbrik edəsiniz. Yəni o gün ki, Dağlıq Qarabağ problemi həm Azərbaycanın, həm də Ermənistanın razılığı ilə həll olunsun. Mən əslində cənab Perneni yox, Filip dö Surməni əvəz edirəm. İş elə gətirdi ki, – Sizin bundan xəbəriniz var – cənab Surməni əvəz edən adam onun yerinə təyin olunmadı. İndi Xarici İşlər Nazirliyində Avropa İdarəsinin rəisi işləyən cənab Perne bu müddət ərzində həmsədr vəzifəsini icra edirdi.

Ancaq indi nazirimiz cənab Vilpən hesab edir ki, peşəkar bir diplomat bu məsələyə bütün vaxtını sərf edərək, münaqişənin həlli ilə məşğul olmalıdır.

Bunun bir səbəbi də ondan ibarətdir ki, Prezident Jak Şirak münaqişənin həlli məsələsini çox yaxından, diqqətlə izləyir. Məni bu vəzifəyə dəvət etdilər və Sizə söz verirəm ki, onu vicdanla yerinə yetirməyə hazıram.

Fransa diplomatı bundan əvvəlki fəaliyyəti barədə qısa məlumat verərək dedi ki, münaqişəli bölgələrdə – Bosniyada, Kiprdə səfir işləmiş, ATƏT-in sədrinin nümayəndəsi kimi, Silahlara nəzarət komissiyasında çalışmışam. Həmin işlərdə topladığım təcrübədən bu münaqişənin həllində istifadə etmək istəyirəm və buna böyük ümid bəsləyirəm. Burada olduğum müddətdə başa düşdüm ki, münaqişə nəticəsində Azərbaycan əhalisi, xüsusilə qaçqınlar nə qədər əziyyət çəkirlər. Mən Bosniya və Hersoqovinada üç il qaçqınların yanında olmuşam, doğma torpaqdan qovulmağın, ailəni itirməyin nə olduğunu bilirəm. Bu vəziyyəti daha yaxşı başa düşmək üçün mən qaçqınlara baş çəkmək istəyirəm.

Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Özünüz söylədiniz və mən də sizin tərcümeyi-halınızla bu gün tanış olmuşam. Peşəkar diplomat kimi siz, həqiqətən çox iş görə bilərsiniz. Dediniz ki, Bosniya və Hersoqovinada üç il olmusunuz. Bəli, orada qanlı münaqişələr, çoxlu tələfat olub, insanlar öz yerlərini itiriblər. Oraya beynəlxalq sülhyaratma qüvvələri daxil olubdur, indi də onlar oradadırlar.

Məhz bunların nəticəsində, bir neçə böyük ölkənin razılaşması nəticəsində orada münaqişə müəyyən qədər söndürülübdür. Amma nə qədər söndürülübdür, siz onu məndən yaxşı bilirsiniz. Hesab edirəm ki, ümumiyyətlə, həm diplomatik işdə, həm də münaqişə olan ölkələrdə işləməyiniz baxımından sizin təcrübəniz çoxdur.

Beləliklə, Azərbaycan sizinlə, Fransanın nümayəndəsi ilə əməkdaşlığa başlayır. Yəni bu əməkdaşlığımızı indi Fransa tərəfindən Sizin iştirakınızla davam etdiririk. Çox məmnunam ki, Siz bu işə başlamazdan əvvəl məhz qaçqınlar düşərgəsinə getmək, onların vəziyyətini öz gözlərinizlə görmək istəyirsiniz. Amma güman edirəm ki, siz Bakıdan kənardakı düşərgələrdən birinə gedəcəksiniz. Şəhərin içindəki qaçqınlarla görüşmək də təsəvvür yaradır, amma yaxşı olar ki, ya Biləsuvara, ya İmişliyə və ya Bərdəyə gedəsiniz, yaxud da istədiyiniz başqa yerə gedəsiniz. Hər halda, bizim Qaçqınlar Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov Sizə bu barədə kömək edə bilər. Sizin səfir də bunları yaxşı bilir. O oralarda olubdur, sizə məsləhətlər verə bilər.