Azərbaycanın Dövlət Müstəqilliyinin 10-cu ildönümü münasibətilə təşkil olunmuş rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 18 oktyabr 2001-ci il


Hörmətli xanımlar və cənablar!

Hörmətli səfirlər!

Hörmətli qonaqlar!

Sizi Azərbaycanın Dövlət Müstəqilliyinin onuncu ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə, hər bir Azərbaycan vətəndaşına cansağlığı, uzun ömür, səadət və bizim hamımızın gələcək işlərində uğurlar diləyirəm.

Hər bir xalq üçün, hər bir millət üçün milli azadlıqdan, müstəqillikdən şirin, əziz nemət yoxdur. XX əsrdə dünyanın bir çox xalqları öz azadlığına, müstəqilliyinə nail oldular. Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi dünyanın xəritəsini tamamilə dəyişdirdi. Müstəmləkə şəraitində yaşayan onlarca xalq öz müstəqilliyini əldə etdi.

İkinci dünya müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatı yaranarkən onun 50-dən bir az artıq üzvü var idi. İndi isə Birləşmiş Millətlər Təşkilatına üzv olan dövlətlərin sayı 200-ə qədər artıbdır. Görün, tarixi nöqteyi-nəzərindən kiçik bir zaman içərisində nə qədər xalq, millət öz milli azadlığına nail olub, müstəqil dövlətini yaradıb və beynəlxalq təşkilatlarda təmsil olunur, Birləşmiş Millətlər Təşkilatının üzvüdür.

Biz bəlkə də çoxlarından gec, XX əsrin sonunda öz dövlət müstəqilliyimizi nəhayət, əldə edə bildik. Doğrudur, tarixin səhifələri bütün dünyaya göstərir ki, Azərbaycan xalqı hələ 1918-ci ildə öz müstəqilliyini bəyan edərək öz dövlətini qurmuş, müstəqil yaşamağa başlamışdı. Ancaq sonra bu itirildi. 1991-ci ildə Sovetlər İttifaqının dağılması ilə əlaqədar olaraq, Sovetlər İttifaqına mənsub olan 15 müttəfiq respublikanın hamısı öz dövlət müstəqilliyini bəyan etdi və müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.

Biz 1991-ci il oktyabrın 18-də ölkəmizin müstəqilliyi haqqında Konstitusiya aktını qəbul etməklə, bütün dünyaya bəyan etdik ki, Azərbaycan müstəqil dövlətdir. Biz on ildir ki, müstəqil dövlət kimi yaşayırıq. Bu illər ərzində çətin və olduqca şanlı, şərəfli yol keçmişik. Birləşmiş Millətlər Təşkilatının bərabər hüquqlu üzvüyük. Dünyanın bütün beynəlxalq təşkilatlarının üzvüyük. Son olaraq, bu ilin əvvəlində dünyanın mötəbər beynəlxalq təşkilatlarından birinə Avropa Şurasına da qəbul olunduq. Biz bunlarla fəxr edirik və xalqımızın fəxr etməyə haqqı var. Amma xalqımız üçün bu qürur hissini yaradan, bu iftixar hissini verən odur ki, o artıq azad yaşayır, öz taleyinin sahibidir və Azərbaycan xalqının dünya xalqları içərisində imzası var. Azərbaycan artıq on il müstəqil dövlət kimi yaşayaraq imtahanlardan keçibdir.

Biz bu onilliyi təntənə ilə qeyd edirik. Bir neçə gündür, bəlkə aydır ki, Azərbaycan xalqı şəhərlərdə, rayonlarda, qəsəbələrdə, kəndlərdə, müəssisələrdə, müxtəlif təşkilatlarda Azərbaycanın Dövlət Müstəqilliyinin on illiyini böyük fərəh hissi ilə qeyd edir. Beləliklə, bu, hər bir Azərbaycan vətəndaşının, bütün Azərbaycan xalqının sevincinə çevrilibdir. Bu, təkcə bir adamın, bir ailənin sevinci deyil, bütün Azərbaycan xalqının, bütün Azərbaycan vətəndaşlarının sevincidir və ən sevimli bayramıdır.

Mən tam əminəm ki, biz on il böyük yol keçərək, ağır yol keçərək müstəqilliyimizi qoruyub saxlaya bildiksə, onu möhkəmləndirə bildiksə, Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət yarada bildiksə, bu dövlətin bütün təsisatlarını yarada bildiksə, demək, Azərbaycanın gələcəyi üçün çox əsaslı, çox möhkəm bir təməl qoymuşuq. Biz öz üzərimizə düşən missiyanın birinci, ən çətin hissəsini yerinə yetirmişik.

Ancaq hələ xalqımız qarşısında borcumuz da var. Borcumuz odur ki, Azərbaycan müstəqil bir dövlət kimi daha da inkişaf etsin, daha da qüdrətlənsin, Azərbaycanın müstəqilliyi hər bir vətəndaş üçün xoşbəxtlik gətirsin. Bizim qarşımızda çox böyük vəzifələr vardır. Ancaq sevindirici hal odur ki, bizim vətəndaşlarımızın əksəriyyəti bu vəzifələri dərk edirlər, öz vəzifəsi kimi qəbul edirlər və onları yerinə yetirməyə çalışırlar. Biz - Azərbaycanın dövlət, hakimiyyət orqanları isə özümüzü hər bir vətəndaşdan daha da artıq məsuliyyətli hesab edirik. Əmin ola bilərsiniz ki, xalqımızın gələcək səadəti üçün, daim müstəqilliyi üçün, daim azadlığı üçün öz üzərimizə düşən vəzifəni bundan sonra da məsuliyyətlə, şərəflə yerinə yetirəcəyik.

Bu on illik tarixdə ilk dəfədir ki, bu mərasim münasibətilə belə bir axşam toplantısına yığışmışıq. Keçən illər bəzən belə bir arzu, istək meydana çıxırdı, ancaq eyni zamanda bir çox halları görərkən fikirləşirdim ki, hələ tezdir. Amma indi biz bu on ili arxada qoymuşuq.

Mən sizi təbrik edərək, eyni zamanda Azərbaycanın ərazi müstəqilliyi, bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizi böyük minnətdarlıq hissi ilə xatırlayıram. Mən şəhid ailələrini təbrik edirəm. Bu gün onlar da fəxr etməlidirlər ki, övladları, qardaşları, bacıları, ailə başçıları vətən yolunda, millət yolunda, torpaq yolunda, Azərbaycanın müstəqilliyi naminə şəhid olublar, əbədiyyətə qovuşublar və onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır.

Mən Azərbaycanın torpaqlarının müdafiəsində qəhrəmanlıq göstərmiş insanların, xəsarət alanların, əlillərin hamısını ürəkdən təbrik edirəm. Biz çalışırıq ki, onların həyatı normal olsun. Onların aldığı yaralar bağlansın. Ancaq hesab edirəm ki, onların aldığı yaralar bizim bütün xalqımızın aldığı yaralardır. Tam ümidvaram ki, xalqımızın aldığı yaralar və həmin o vətən yolunda yaralanmış insanların yarası bağlanacaqdır, xalqımız bu bəlalardan da qurtaracaqdır.

Mən ölkəmizin mötəbər insanlarını, elm, mədəniyyət xadimlərini, dövlət işində namusla, şərəflə çalışaraq dövlətçiliyimizi möhkəmləndirənləri təbrik edirəm. Mən Azərbaycanın əsgərlərini təbrik edirəm. Azərbaycan Ordusunu təbrik edirəm. İndi Azərbaycan torpaqlarının keşiyində, səngərlərdə olan övladlarımızı təbrik edirəm. Onların xidmətləri həmişə qiymətləndiriləcəkdir. Əminəm ki, hər bir Azərbaycan gənci öz vətəninin keşiyində durmağı özünə böyük şərəf hesab edir. Mən sizin hamınızı təbrik edirəm, Azərbaycan xalqını təbrik edirəm.

Bayramınız mübarək olsun!

Canınız sağ olsun!

Gələcək yollarınız işıqlı olsun!

Sağ olun, sizin sağlığınıza.

Dünən biz geniş mərasim keçirmişik, xoş sözlər demişik. Mən istəyirəm ki, burada sərbəst şəraitdə insanlar bir-birilə ünsiyyətdə olsunlar.

"Azərbaycan" qəzeti, 19 oktyabr 2001-ci il

Tarixi arayış