Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İsrailin mili bayramı şərəfinə təşkil olunmuş rəsmi qəbulda nitqi - 11 may 2000-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

İsrail dövlətinin yaranmasının 52-ci ildönümü münasibətilə, İsrail xalqının mili bayramı münasibətilə sizi ürəkdən təbrik edir, sizə və dost İsrail ölkəsinin bütün vətəndaşlarına sülh, əmin-amanlıq və səadət arzulayıram.

52 il bundan öncə İsrail dövlətinin yaranması dünyada böyük bir hadisə olmuşdur. Ötən illər İsrail dövlətinin yaşaması, inkişaf etməsi və yəhudi xalqının çoxəsrlik əziyyətlərdən sonra, nəhayət, özünün ölkəsi, dövləti olması bu hadisənin - yəni 52 il bundan öncə baş vermiş hadisənin yəhudilər üçün və bütün bəşəriyyət üçün nə qədər əhəmiyyətli olduğunu göstərmişdir.

Biz bilirik və hörmətli səfir burada düzgün qeyd etdi ki, İsrail dövlətinin yaranması ağır şəraitdə keçmişdir. Ancaq o dövlətin bugünkü səviyyəyə gəlib çatması da asan olmamışdır. Bu bir daha onu göstərir ki, dünyada hər bir millət, hər bir xalq müstəqil, azad olmaq istəyir, öz torpağında, öz vətənində sərbəst yaşamaq istəyir. Yəhudi xalqı uzun əsrlər boyu belə bir imkandan məhrum olmuşdur. Ancaq onlar öz milli xüsusiyyətlərini, milli ənənələrini heç vaxt unutmamışlar və öz müstəqil dövlətinin olacağına ümidlərini də heç vaxt kəsməmişlər.

Yaxın Şərqdə İsrail dövlətinin yaranması ilə və sonra gedən müxtəlif proseslərlə əlaqədar hərbi münaqişələr baş vermiş, müharibə getmiş, qanlar tökülmüşdür. Ancaq İsrail dövləti öz müstəqilliyini qoruyub saxlaya bilmiş və bu münaqişələrə də get-gedə son qoyulub və qoyulmaqdadır.

Biz Azərbaycanda İsrail dövlətinə bir dost dövlət və yəhudi xalqına dost xalq kimi baxırıq. Eyni zamanda, İsrailin qonşuları olan ərəb ölkələri də bizim dostlarımızdır. Biz çox arzu edirik ki, Yaxın Şərqdə İsrailin ətrafındakı münaqişə tezliklə başa çatsın və İsrail ilə onun ətrafında olan bütün ərəb ölkələri arasında sülh, əmin-amanlıq yaransın. Bunun üçün gözəl nümunə var. 20 il bundan öncə Misirlə İran arasında, ondan sonra isə İordaniya ilə İsrail arasında sülh müqaviləsi imzalanmışdır. Biz istəyirik ki, o bölgədə İsrail öz müstəqilliyini qoruyub saxlasın, İsrail dövləti bundan sonra da güclənsin və inkişaf etsin. Eyni zamanda biz istəyirik ki, fələstinlilər də, ərəblər də öz istəklərinə, arzularına çatsınlar, onlar da öz torpaqlarında müstəqil yaşamaq, müstəqil dövlət əldə etmək hüququna nail ola bilsinlər.

Yəhudi xalqı dünyada, demək olar, ən çox əzab-əziyyət çəkmiş və böyük soyqırımlarına məruz qalmış xalqdır. İkinci dünya müharibəsi, alman faşizmi dünyanın bir çox xalqlarına faciələr gətirmişdir. Ancaq ən çox faciəyə yəhudilər məruz qalmışlar.

Amma bu itkilər, yəhudilərə qarşı edilmiş bu vəhşilik, vandalizm heç də onların iradəsini sındırmamışdır. Onlar öz dövlətini qurmuşlar və onun hüdudlarından kənarda da dünyada elmin, mədəniyyətin, iqtisadiyyatın inkişafında çox görkəmli yer tuturlar.

Azərbaycan ilə İsrail arasında olan dostluğun dərin kökləri var. Azərbaycanda yəhudilər əsrlər boyu yaşamış, Azərbaycanın bərabər hüquqlu insanları kimi yaşamışlar. Azərbaycanlılar heç vaxt onları burada hansısa əcnəbi xalqın nümayəndəsi kimi hesab etməmişlər. Bizim xalqımız heç vaxt unutmayacaqdır ki, Azərbaycanda yaşayan yəhudilər XIX əsrin sonu və XX əsrin əvvəlindən başlayaraq indiyə qədər Azərbaycan elminin, mədəniyyətinin, səhiyyəsinin, iqtisadiyyatının, sənayesinin inkişafında böyük xidmətlər göstərmiş və çox silinməz izlər qoymuşlar.

Bunlar ona görə mümkün olmuşdur ki, Azərbaycan xalqı sülhsevər xalqdır. Azərbaycan xalqı heç vaxt heç bir millətə qarşı pis niyyətlər, mənfi münasibət göstərən xalq deyildir. Məhz buna görə də yəhudilər Azərbaycanda əsrlər boyu sərbəst yaşamış, öz həyatlarını qurmuş, Azərbaycanın həyatının bütün sahələrində fəaliyyət göstərmiş və Azərbaycanın inkişafında fəal iştirak etmişlər. Bu gün də müstəqil dövlətimizdə yəhudilər Azərbaycanın bərabər hüquqlu vətəndaşları kimi yaşayırlar. Onlar burada öz ölkələri, vətənləri kimi yaşayırlar.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra ölkəmiz ilə İsrail arasında hökumətlərarası əlaqələr daim inkişaf etmişdir. İsrail hökumətinin, dövlətinin bir çox nümayəndələri Azərbaycanda səfərlərdə olmuş, bir çox işgüzar görüşlər keçirmişik. Dövlətlərarası, hökumətlərarası əlaqələrin inkişaf etdirilməsi üçün məsləhətləşmələr aparmış, lazımi tədbirlər görmüşük. 1997-ci ildə İsrailin baş naziri cənab Netanyahu Azərbaycanda qısamüddətli səfərdə oldu, onu qəbul etdik. Bizim çox əhəmiyyətli danışıqlarımız oldu və təbiidir ki, bu danışıqlar İsrail-Azərbaycan əlaqələrinin inkişafına həsr edilmişdi.

Keçən ilin noyabr ayında İstanbulda ATƏT-in zirvə görüşündə İsrailin baş naziri Barak ilə mənim görüşüm olmuşdur. Biz çox səmərəli danışıqlar aparmış və İsrail-Azərbaycan əlaqələrinin inkişafı haqqında çox əhəmiyyətli fikir mübadiləsi etmişik.

Azərbaycan-İsrail əlaqələrinə xüsusi əhəmiyyət verərək, mən beynəlxalq təşkilatlarda İsrail hökumətinin, dövlətinin başçıları ilə həmişə görüşlər keçirmişəm. Amerika Birləşmiş Ştatlarında, başqa ölkələrdə beynəlxalq təşkilatların sammitləri keçirildiyi zaman mənim keçmiş baş nazirlə də çox səmərəli görüşlərim olmuşdur.

1997-ci ildə Amerika Birləşmiş Ştatlarına rəsmi səfər etdiyim zaman Nyu-Yorkda ABŞ-ın yəhudi təşkilatlarının, Amerikanın bütün ştatlarında olan yəhudi icmalarının yüksək səviyyəli konfransı toplanmışdı. Biz çox əhəmiyyətli görüş keçirdik, danışıqlar apardıq. Sonra onlardan Azərbaycana gələnlər də oldu. Bütün bu görüşlər, danışıqlar zamanı onlar hamısı Azərbaycanın mövqelərini, xüsusən Ermənistan-Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində ölkəmizin mövqelərini dəstəklədiklərini bildirmişlər və bu gün deyə bilərəm ki, bizə həmişə yardımçı olmuşlar.

Bu faktlar İsrail ilə Azərbaycan arasında, Azərbaycan ilə bütün dünya yəhudiləri arasında dostluq əlaqələrinin mövcud olduğunu çox parlaq nümayiş etdirir. Biz bu əlaqələrin gələcəkdə də inkişaf etməsini istəyirik, bunun üçün öz tərəfimizdən lazımi tədbirlər görürük və görəcəyik. Ümidvaram ki, İsrail-Azərbaycan əlaqələri get-gedə genişlənəcək və hər iki tərəfə fayda verəcəkdir.

Səfir cənab Milman burada bəyan etdi ki, onun Azərbaycanda səfirlik səlahiyyəti sona çatıb və bir neçə həftədən sonra Azərbaycanı tərk edəcəkdir. Bu münasibətlə deyə bilərəm ki, birincisi, mən təəssüf edirəm. Ona görə ki, səfir cənab Milman bu üç il müddətində İsrail-Azərbaycan əlaqələrinin inkişaf etməsində, genişlənməsində çox işlər görmüşdür. Təbiidir ki, öz ölkəsinə çox dəyərli xidmətlər etmiş və İsrail-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi istiqamətində gördüyü işlərə görə Azərbaycan üçün də çox faydalı olmuşdur.

Cənab səfir Milman, bu böyük xidmətlərinizə görə mən sizə təşəkkür edirəm və gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

Bu əlamətdar gün, bayram münasibətilə sizin hamınızı bir daha təbrik edirəm, İsrail dövlətinə, İsrail xalqına müstəqillik yolunda, qarşısında duran böyük və ağır problemlərin həll olunması yolunda uğurlar arzulayıram. İsrail xalqına səadət, xoşbəxtlik arzu edirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 12 may 2000-ci il.