Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan prezidentinin ATƏT-in hazırki sədri, Norveçin xarici işlər naziri Knut Vollebek ilə görüş başa çatdıqdan sonra birgə mətbuat konfransında bəyanatı - Prezident sarayı, 18 sentyabr 1999-cu il


Hörmətli mətbuat nümayəndələri!

Biz saat 5-dən indiyə qədər sizinlə bir yerdəyik. Yəni siz ATƏT-in sədri, Novveçin xarici işlər naziri və onu müşayiət edən nümayəndə heyəti ilə apardığımız danışıqların müşahidəçisi olmusunuz. Ona görə də hər şeyi bilirsiniz və sizin də, bizim də vaxtımızı alıb təkrara yol vermək lazım deyildir. Mən sadəcə, bu danışıqların yekunu olaraq, onu demək istəyirəm ki, bu görüş Azərbaycan üçün çox əhəmiyyətlidir. Çünki ATƏT-lə və xüsusən ATƏT-in Minsk qrupu ilə biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün illərlə əməkdaşlıq edirik. Qarşıda, noyabrın 17-18-də İstanbulda ATƏT-in yeni zirvə görüşü olacaqdır. Ona görə də hesab edirəm ki, danışıqlarımız və bəzi razılıqlarımız bizim ATƏT-in sammitinə gedib orada müəyyən nailiyyət əldə etməyimizə kömək göstərəcəkdir.

Biz başqa məsələləri də müzakirə etdik. Mən Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasında ATƏT-in Minsk qrupunun rolunu və onun indiyə qədər, bəzı hallarda zəifliyini bildirdim. ATƏT-in sədrindən xahiş etdim ki, Minsk qrupunun fəaliyyəti gücləndirilsin. Biz yeni təklif gözləyirik.

Azərbaycan prezidentinin Ermənistan prezidenti ilə apardığı danışıqlar, şübhəsiz ki, lazımlıdır, səmərəlidir. Amma onlar Minsk qrupunun işini dayandırmamalıdır. İşlər bir çox istiqamətdə getməlidir.

Mən hesab edirəm ki, bizim danışıqlarımızın ümumi nəticələrindən biri də o oldu ki, hörmətli sədr, hörmətli nazir Ermənistandan Azərbaycana gələrkən Ermənistan tərəfi onlarda olan 15 hərbi əsirdən 3-ün ona verib və o da onları Azərbaycana gətiribdir. Mən buna görə təşəkkür etdim. Ancaq biz bu sahədə daha da səxavət göstəririk. Ona görə də mən milli təhlükəsizlik nazirinə əmr verdim ki, Azərbaycanda olan cəmi 4 Ermənistan hərbi əsirini 5 gün içərisində Ermənistana versinlər.

Nəhayət, ATƏT-in burada ofisinin açılması məsələsi ilə əlaqədar Xarici İşlər Nazirliyi ilə aparılan danışıqlarda həqiqətən bəzi problemlər var idi. Ona görə də bu məsələ indiyə qədər həll olunmamışdı. Mən xarici işlər nazirinə bu barədə qəti göstəriş verdim ki, o, bu məsələni həll etsin və nümayəndə heyəti bu gün Azərbaycanı tərk edənə qədər onlar hansısa bir sənəd imzalasınlar. Şübhəsiz ki, bu proses gələcəkdə ATƏT-də gedəcəkdir. Ancaq biz öz tərəfimizdən qərarı qəbul etdik.

ATƏT-in sədrinə Azərbaycana ziyarətinə görə təşəkkür edirəm. Sağ olun.

ATƏT-in hazırkı sədri Knut Vollebekin bəyanatı

Cənab prezident! Siz görüşümüz zamanı müzakirə etdiyimiz bütün məsələləri mətbuat nümayəndələrinə qısa olaraq açıqladınız.

Cənab prezident, mənə isə qalan təkcə odur ki, qəbul etdiyiniz bu qərarlara görə Sizə minnətdarlığımızı bildirmək istəyirəm.

Cənab prezident, mən elə bilirəm ki, 4 Ermənistan əsirini 5 gün müddətində azad etmək qərarınız çox səxavətli bir qərardır. Əlbəttə ki, mən bu qərar haqqında Ermənistan prezidentinə xəbər verəcəyəm. Elə bilirəm ki, bu qərar sülh danışıqlarının yaxşı istiqamətdə getməsinə təkan vermiş olacaqdır. Mən eyni zamanda, ümid edirəm ki, Sizin bu qərarınızdan sonra Ermənistanda olan Azərbaycan əsirləri də tamamilə azad ediləcəkdir.

Cənab prezident, mən ikinci qərarınıza görə də Sizə minnətdarlığımı bildirmək istəyirəm. Bu, Bakıda ATƏT-in ofisinin açılması ilə bağlı olan qərarınızdır. Onsuz da ATƏT ilə Azərbaycan arasında olan yaxşı əlaqələr inkişaf etməkdədir. Mən elə bilirəm ki, bu ofisin açılması həmin işə daha çox yardım edəcəkdir.

Mən ümid edirəm ki, qarşılıqlı maraq doğuran bu və digər məsələlər üzrə ATƏT çərçivəsində Sizinlə işimizi davam etdirəcəyik. Sağ olun.

Heydər Əliyev: Təşəkkür edirəm. Sağ olun.