Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-ın "Devon Enerji Korporeyşn" şirkətinin nümayəndə heyətini qəbul edərkən söhbətindən - 10 fevral 2000-ci il


Heydər Əliyev: Mənə məlumat veriblər ki, siz buraya gəlmisiniz və bir neçə görüş keçirmisiniz, mənimlə də görüşmək istəyirsiniz. Ancaq bu gün işim o qədər çox olub ki, görürsünüz, sizinlə belə gec görüşürəm. Sizin şirkət barədə və "Pennzoyl" şirkətini almağınız haqqında mənə məlumat veriblər. Başa düşürəm ki, siz Azərbaycana gəlib burada əməkdaşlıq edəcəksiniz. Buyurun, sizi dinləyirəm.

Lərri Nikols ("Devon Enerji Korporeyşn" şirkətinin prezidenti və baş icraçı direktoru): Cənab prezident, çox sağ olun ki, gərgin iş cədvəlinizdən vaxt ayırıb bizi qəbul edirsiniz. Sizi yeni yüzillik, habelə Davosda keçirdiyiniz uğurlu görüşlər münasibətilə təbrik etmək istəyirik və Birləşmiş Ştatlara səfərinizdə Sizə uğurlar diləyirik.

İcazə verin, ən əvvəl atamı Sizə təqdim edim: Con Nikols şirkətin fəxri sədri və təsisiçisidir. Bu yaxınlarda ABŞ-da ən güclü və təsirli 100 neft-qaz hasilatçısından biri elan olunmuşdur.

Heydər Əliyev: Təbrik edirəm.

Lərri Nikols: Sizinlə görüşməkdən məqsədimiz "Devon Enerji Korporeyşn" şirkətini Sizə təqdim etməkdir. Keçən il "Pennzoyl" şirkəti ilə birləşdikdən sonra biz hazırda ABŞ-da neft və qaz sənayesi sahəsində fəaliyyət göstərən ən güclü 10 şirkətdən birinə çevrilmişik. Hazırda bizim ehtiyatlarımız 650 milyard barrelə bərabərdir. Neftin ekvivalenti kimi götürdükdə hər gün 230 min barrel qaz və neft hasil edirik. Şirkətimizin ümumi qiyməti təxminən 6 milyard dollardır. Biz çox sürətlə inkişaf edirik, keçən il faktiki olaraq 2 dəfə böyümüşük. Ümumiyyətlə, şirkətimiz 11 il bundan əvvəl təsis olunub və ötən müddətdə 84 dəfə böyümüşdür.

"Pennzoyl"la birləşdikdən sonra da xarici ölkələrdə əməliyyatlarımız davam edir. Braziliyada, Venesuelada, Misirdə, ən vacibi isə Azərbaycanda işimiz var. Fəxrlə deyə bilərik, - biz Azərbaycanda işləyən şirkətlər arasında yeganə şirkətik ki, ən böyük payımız, istehsal gücümüz buradadır. Bizə burada fəaliyyətimizi daha da genişləndirməyi məsləhət görüblər.

Məqsədimiz "Pennzoyl" şirkətinin Azərbaycanda başladığı fəaliyyəti davam etdirmək və mümkün qədər genişləndirməkdir. Burada bizim ofisimiz fəaliyyət göstərir və ona cənab İqor Yefimoff rəhbərlik edir. Biz ofisimizi də genişləndirmək əzmindəyik.

"Pennzoyl" şirkətinin başladığı proqramı da davam etdiririk. Bu, bizim sponsorluq etdiyimiz proqramdır və azərbaycanlı tələbələrin ABŞ-da təhsil almasına maliyyə cəhətdən yardım göstəririk. Ümidvarıq ki, onlar təhsillərini başa vurduqdan sonra Azərbaycana yaxşı mütəxəssis kimi dönəcəklər.

Məlum olduğu kimi, "Pennzoyl" şirkəti uşaq vərəm sanatoriyasının yenidən qurulmasında böyük işlər görmüşdür. Keçən il biz sanatoriyaya əlavə çarpayılar da vermişik, ötən ay isə dava-dərman ayırmışıq. Eyni zamanda mədəniyyət sahəsində də sponsorluğumuzu davam etdirir, muzeylərlə bağlı proqramlarda fəal işləyirik.

"Devon Enerji Korporeyşn"in Azərbaycanda çox az vaxt ərzində fəaliyyət göstərməsinə baxmayaraq, öyrənmişik ki, ölkənizə qarşı 907-ci maddə var. ABŞ tərəfindən çox böyük ədalətsizlik olmuşdur. Bununla əlaqədar mən prezident Bill Klintona məktubla müraciət etmişəm və onun surətini Sizə çatdıracağam. Digər şirkətlərin bu məsələ ilə bağlı əsas diqqəti nəyə yönəltdiklərini bilmirəm, lakin mən bu sahədə Azərbaycana yardımçı olmaq üçün əlimdən gələni edəcəyəm. Öz ştatımdan olan senatorlarla çox sıx işləyəcəyəm ki, bu məsələni onların diqqətinə çatdırım.

Məlum olduğu kimi, biz "Pennzoyl"un ABƏŞ-də başladığı işi davam etdiririk və ümidvarıq ki, bu uğurlu olacaqdır. Bu yaxınlarda "Qarabağ" yatağında yeni quyular qazmışıq. Məlum olduğu kimi, bu, 1996-cı ildə imzalanmış müqavilənin bir hissəsidir. Kommersiya baxımından orada işi davam etdirmək bir o qədər də sərfəli deyil, ona görə də lisenziyaları ARDNŞ-ə qaytarmışıq. Zənnimizcə, elə bir vaxt gələcək ki, orada işləmək kommersiya baxımından faydalı olacaq və biz işimizi davam etdirəcəyik.

Heydər Əliyev: Doğrudur.

Lərri Nikols: Biz qazdan istifadə stansiyasında da fəal iştirak edirik. Məlum olduğu kimi, həmin stansiya 1 milyard kubmetr qaz verir. Lakin bu stansiya ilə əlaqədar bir problemimiz var və ümidvarıq ki, Sizin köməyinizlə onu da həll edəcəyik. Biz Azərbaycanda uzunmüddətli işə qatılmışıq və ümid edirik ki, əməkdaşlığımız davamlı olacaqdır.

Bu görüşə əliboş gəlməmişik, bir hədiyyəmiz var və onu Sizə təqdim etmək istəyirik. Bu, məşhur Amerika heykəltəraşı Frederik Reminqtonun "Kovboy" əsəridir. Onda irəliləyiş ruhu var və bizim Oklahoma ştatında bu ruh çox yüksək olmuşdur. Cənab prezident, elə bilirik ki, bu heykəldə Sizin də irəliyə doğru getmək əzminiz əks olunmuşdur.

Heydər Əliyev: Sizin verdiyiniz məlumatlar əsasında işlərinizlə tanış oldum. Bu məlumatlara görə təşəkkür edirəm.

Biz "Pennzoyl" şirkəti ilə çox sıx əməkdaşlıq etmişik, onların gördükləri işlərin hamısını - sponsorluğunu, başqa işlərini bilirəm. Mən hiss etdim ki, siz bunları davam etdirirsiniz. Hesab edirəm, siz ki belə niyyətlərlə Azərbaycana gəlmisiniz, burada uğurla işləyə bilərsiniz.

"Pennzoyl" şirkəti buraya ən ilk gələn şirkətlərdən biri idi. Sonra, bilmirəm, onun daxilində nə oldusa, burada işini zəiflətdi. Amma biz onun üçün çox böyük imkanlar yaratmışdıq. Mən hiss edirəm ki, siz burada çox ciddi işlər görmək istəyirsiniz. Mən də burada ciddi, məsuliyyətlə iş görən hər bir şirkəti dəstəkləmişəm və bu gün də dəstəkləyirəm. Əmin ola bilərsiniz ki, sizin şirkətin Azərbaycanda geniş fəaliyyət göstərməsi üçün müvafiq təkliflərinizə diqqətlə baxılacaq və bu barədə sizə lazımi kömək ediləcəkdir.

907-ci maddəyə sizin münasibətinizi mən çox qiymətləndirirəm. Bəzi şirkətlər də təşəbbüs göstərib prezident Klintona məktublar göndərmişlər. Ancaq heç də hamısı yox. Siz indi Azərbaycanda işə başlayarkən bu məsələyə diqqət yetirdiyinizə görə mən bunu qiymətləndirirəm. Amerika ədalətli ölkədir, amma ədalətsiz işlər də görülür. Bunlardan biri də 907-ci maddədir.

Çalışın, çünki əgər bu işdə hansısa günahımız olsaydı, biz heç kəsi buna cəlb etməzdik. Azərbaycan günahsız olaraq cəzalanıb və bu cəzanı da üstündən götürmək mümkün olmur. Bu, çox qəribədir. Hər halda mən ümid edirəm ki, bu problemi həll etməyimiz üçün sizin də səyləriniz müəyyən kömək olacaqdır.

Hədiyyənizə görə təşəkkür edirəm. Əgər sizin şirkət belə sürətlə irəliyə getməyə çalışırsa, deməli, Azərbaycanda sizin üçün meydan var. Biz də həmin sürətlə irəliyə getməyə çalışırıq. Ona görə qısa müddətdə çox böyük nailiyyətlər əldə etmişik. Amma bunların nəticələri hələ qabaqdadır, irəlidədir. İrəliyə də sürətlə gedirik.

Mən çox məmnunam ki, sizinlə tanış oldum. Çox məmnunam ki, atanızı da gördüm, tanıdım və tanış oldum. Güman edirəm, bundan sonra Azərbaycana tez-tez gələcəksiniz və şübhə etmirəm ki, Azərbaycanı sevəcəksiniz. Çünki xalqımız qonaqpərvər, mehriban xalqdır. Ölkəmiz təbiətcə gözəldir. İşləri də elə aparırıq ki, qonaq gələn insanların hamısı bizdən razı olsun. Sizə bir daha təşəkkür edirəm. Çox sağ olun.