Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiya-Azərbaycan Dostluğu Parlament Assosiasiyası adından Azərbaycan Prezidentinin şərəfinə təşkil olunmuş qəbulda nitqi - 26 fevral 1998-ci il


Hörmətli prezident, hörmətli parlament üzvləri, hörmətli dostlar!

Sizi - Yaponiya parlamentinin üzvlərini ürəkdən salamlayıram.

Şadam ki, mənə bu gün səhər sizinlə belə böyük tərkibdə görüşməyə imkan verilmişdir. Biz çox məmnunuq ki, Yaponiya parlamentində Yaponiya-Azərbaycan Dostluğu Assosiasiyası mövcuddur. Mən belə başa düşürəm ki, burada olan Yaponiya parlamentinin üzvlərinin əksəriyyəti bu assosiasiyanın üzvləridir, burada olan Yaponiyanın sabiq xarici işlər naziri bu assosiasiyanın məsləhətçisidir. Hesab edirəm ki, əgər bu assosiasiyanın məsləhətçisi sabiq xarici işlər naziridirsə, deməli, o, çox yaxşı işləyəcəkdir. Dostumuzun sinəsində Noqano qış olimpiya oyunlarında Azərbaycan vımpelini görmək də mənim üçün xoşdur. Azərbaycan kiçik bir dövlətdir və müstəqil bir dövlət kimi bu qış olimpiya oyunlarında ilk dəfə iştirak etmişdır. Biz şad idik ki, bütün ölkələrin bayraqları arasında Azərbaycanın bayrağı da vardı. Şadam ki, siz bunu gordünüz, buna əhəmiyyət verdiniz, bu gün bunu dediniz.

Azərbaycanla Yaponiya arasında diplomatik münasibətlər 1992-ci ilin payızında yaradılmışdır. Dediyim kimi, biz gənc, müstəqil bir dövlətik. Biz dövlət müstəqilliyni 1991-ci ildə, Sovet İttifaqı dağıldıqdan sonra əldə etmişik. Lakin bu qısa müddətdə Dünya Birliyində layiqli yer tutmuşuq, dünyanın bir çox ölkələri ilə əlaqələrə malikik, bir çox mühüm dövlətlərarası, hökumətlərarası sənədlər imzalamışıq. Budur artıq üçüncü gündür ki, mən Yaponiyanın Baş naziri cənab Haşimotonun dəvəti ilə Yaponiyada rəsmi səfərdəyəm. Biz dünyanın bütün ölkələri ilə münasibətləri inkişaf etdirməyə çalışırıq. Siyasətimiz bundan ibarətdir ki, biz dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlığa, qarşılıqlı surətdə faydalı münasibətlərə malik olmalı, bütün dünyada sülh və sabitliyi möhkəmlətməyə çalışmalıyıq. Bununla bağlı biz parlamentlərarası əlaqələrə böyük əhəmiyyət veririk. Azərbaycan parlamentinin bir çox üzvləri, o cümlədən Azərbaycan parlamenti sədrinin birinci müavini Arif Rəhimzadə mənimlə birlikdə buradadırlar. Onların hamısının adlarını sadalamayacağam, burada oturanların hamısı parlamentin üzvləridir. Odur ki, siz parlamentə necə əhəmiyyət verdiyimiz barədə təsəvvürə maliksiniz. Sizdən fərqli olaraq, respublikamız prezident respublikasıdır. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ilk dəfə demokratik prinsiplər əsasında, çoxpartiyalı əsasda seçilmiş olan parlamentimiz Azərbaycan dövlətinin mühüm hissəsidir. Azərbaycan parlamenti öz qanunvericilik fəaliyyəti ilə yanaşı, Azərbaycanla dünyanın digər ölkələri arasında beynəlxalq münasibətlər yaradılması sahəsində böyük iş həyata keçirir.

Cənab prezident, Siz doğru qeyd etdiniz ki, Yaponiya ilə Azərbaycan "İpək yolu"nun üstündədir, keçmiş tarixdə bizim bir çox oxşar cəhətlərimiz olmuşdur. Bizi bu gün də çox cəhətlər bağlayır. Bunu deməyə şadam ki, qısa müddətdə Yaponiya ilə Azərbaycan arasında çoxsaylı iqtisadi əlaqələr yaradılmışdır. Bu işdə Yaponiyanın neft şirkətləri xüsusi rol oynayır. Onlar Azərbaycanla münasibətlər yaratmağa müvəffəq olmuş və Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının birgə işlənməsini həyata keçirirlər. Dünən və srağagün Yaponiyanın bir çox neft şirkətlərinin nümayəndələri ilə görüşmək və yəqin etmək imkanım oldu ki, əməkdaşlığımızı daha da genişləndirmək üçün son dərəcə böyük imkanlar var. Dünən mənim zati-aliləri Yaponiya imperatoru ilə görüşüm və çox maraqlı söhbətim oldu. Bu gün Yaponiyanın Baş naziri cənab Haşimoto ilə görüşəcək, danışıqlar aparacaq və bir sıra mühüm sənədlər imzalayacağıq. Səfərimin artıq üçüncü günü sizinlə başladığı bir vaxtda prinsipcə deyə bilərəm ki, burada, Yaponiyada keçirdiyimiz əvvəlki günlərdən razıyam. Ümidvaram ki, qalan vaxt da Yaponiya ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində yeni uğurlar gətirəcəkdir.

Hesab edirəm ki, siz respublikamızı tanıyırsınız. Lakin buna baxmayaraq, demək istəyirəm ki, Azərbaycan Qafqazda, Avropa ilə Asiya arasında, Xəzər dənizinin şahilində və "İpək yolu"nun mərkəzində yerləşir. Rusiya, İran, Gürcüstan, Türkiyə, Ermənistan bilavasitə qonşularımızdır. Bütün qonşularla xoş, yaxşı münasibətlərimiz var. Ermənistan istisna təşkil edir. 1988-ci ildə Ermənistan Azərbaycana qarşı hərbi təcavüz törətmişdir. Ermənistanla Azərbaycan arasında hərbi münaqişə başlanmışdır. Bu təcavüz Azərbaycanın Dağlıq Qarabağ vilayətinə Ermənistanın iddiaları ilə əlaqədar başlanmışdır. Sübuta yetirməyə ehtiyac yoxdur ki, bu iddialar tamamilə Azərbaycan torpağıdır və Azərbaycan torpağı olaraq qalacaqdır. Bu vilayətdə azərbaycanlılarla və digər millətlərlə yanaşı, erməni millətindən olan şəxslərin də yaşadığı və bu gün də yaşaması Azərbaycanın bu ərazisinə qarşı iddialar irəli sürməyə əsla əsas vermirdi. Bu münaqişə hələ Ermənistanla Azərbaycan Sovet İttifaqının tərkibində olarkən başlamışdır və təbii ki, Sovet İttifaqı kimi fövqəldövlətin rəhbərliyi bu münaqişənin qarşısını alaraq, həm azərbaycanlılardan, həm də ermənilərdən çoxlu insan tələfatına gətirib çıxaran qan tökülməsinə yol verməmək iqtidarında idi. Keçmiş Sovet İttifaqı rəhbərliyinin bu problemə ədalətsiz, birtərəfli mövqeyi, digər səbəblər üzündən Azərbaycan ərazisinin 20 faizini Ermənistan silahlı birləşmələri işğal etmişdir. İşğal olunmuş torpaqlardan respublikamızın Azərbaycan millətindən olan bir milyon nəfərdən çox sakini didərgin salınmışdır. Onlar öz yaşayış yerlərindən, öz evlərindən məhrum olmuş, Azərbaycanın başqa bölgələrində, əksəriyyəti də çadırlarda yaşayır. Dörd il bundan əvvəl biz hərbi əməliyyatların dayandırılmasına nail olduq. Atəşkəs haqqında saziş bağladıq və münaqişənin sülh yolu ilə aradan qaldırılmasına dair danışıqlar aparırıq. Lakin bunun üçün zəruri şərt 1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə toplantısında qəbul edilmiş prinsiplərdir. Bu prinsiplərdə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində özünüidarə statusu verilməsi nəzərdə tutulur. Biz hesab etmişik və hesab edirik ki, hər bir dövlətin sərhədlərinin pozulmazlığı haqqında, sərhədlərin güc işlədilməsi yolu ilə dəyişdirilməsinin qeyri-mümkünlüyü haqqında beynəlxalq hüquq normaları, Birləşmiş Millətlər Təşkilatının prinsipləri hamının rəhbər tutmalı olduğu labüd prinsiplərdir. Bu prinsipləri biz də rəhbər tuturuq. Biz sülhsevər ölkəyik, müharibə istəmirik, bölgəmizdə - Qafqazda, bütün dünyada sülh istəyirik, münaqişəni sülh yolu ilə aradan qaldırmaq istəyirik və ümid edirik ki, biz buna müvəffəq olacağıq. Biz işğal olunmuş ərazilərin Ermənistan silahlı birləşmələrindən azad edilməsinə, bir milyon azərbaycanlının öz yaşayış yerlərinə qayıtmasına, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına çalışırıq. Bunlar ədalətli tələblərdir. Eləcə də Yaponiyanın öz ərazi bütövlüyü barədə tələbləri ədalətli tələblərdir.

Lakin Azərbaycanda bütün bu şəraitlə yanaşı, çox böyük dəyişikliklər baş verir. Biz öz ölkəmizi demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə aparırıq, siyasi və sosial-iqtisadi islahatlar həyata keçiririk, Azərbaycanda bazar iqtisadiyyatı sistemi yaradırıq. Keçmişdə Sovet İttifaqının tərkibinə daxil olmuş bütün müstəqil dövlətlər kimi, Azərbaycan da çox ağır keçid dövrü yaşayır, biz iqtisadi çətinliklər keçiririk. Lakin inanırıq ki, iqtisadi islahatlar aparmaq, bazar iqtisadiyyatını inkişaf etdirmək yolu ilə biz bu çətinlikləri aradan qaldıracağıq. 1997-ci ildə işin yekunları buna inandırıcı sübutdur. Azərbaycan qədim neft məmləkətidir. Biz öz neft sənayemizi bu gün də inkişaf etdiririk. Azərbaycan ərazisində və Xəzər dənizinin Azərbaycan sektorunda böyük neft və qaz yataqları vardır. Bu ehtiyatlarımızdan səmərəli istifadə olunması üçün biz xarici sərmayələri cəlb etmişik və 9 müqavilə bağlamışıq. Bu müqavilələrdə dünyanın 12 ölkəsinin şirkətləri iştirak edir. Qeyd etmək xoşdur ki, onların arasında Yaponiyanın "İtoçu" neft şirkəti də var. O, tək deyildir. İndi Yaponiyanın artıq altı iri şirkəti Azərbaycanda öz nümayəndəliklərini açmışdır. Biz Azərbaycanda Yaponiya səfirliyinin açılmasını gözləyirik. Yaponiyanın Azərbaycandakı səfiri cənab Toqo Moskvada oturur. Biz onun işindən razıyıq. O, Yaponiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsi üçün çox iş görür və biz onun Bakıya keçirilməsini təklif edirik. Siz Moskva üçün başqa adam taparsınız. Hesab edirəm ki bu, iqtisadi əməkdaşlığımızı genişləndirmək üçün çox zəruridir.

Biz Baş nazir cənab Haşimotonun "İpək yolu" barəsində doktrinasını və Yaponiyanın bu problemə münasibətlərini böyük məmnunluqla qarşıladıq. Biz bu problemlə artıq bir neçə ildir məşğul oluruq və deyə bilərəm ki, "İpək yolu" işləyir. Biz Avrasiya nəqliyyat magistralı yaratmışıq. O, Mərkəzi Asiyanı Avropa ilə Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Qara dəniz vasitəsilə birləşdirir. Son il yarımda bu nəqliyyat magistralı ilə Mərkəzi Asiyadan Avropaya və Avropadan əks istiqamətdə yük daşımaları çox fəal həyata keçirilir. Avropa Birliyi ilə birlikdə biz bu yol ilə iqtisadi əməkdaşlığı daha da genişləndirməklə məşğuluq. Mayın ikinci yarısında Azərbaycanda, Bakıda beynəlxalq görüş keçirmək nəzərdə tutulmuşdur. Görüşə Şərqdə Yaponiyadan başlamış Qərbdə İngiltərə, İrlandiya və İspaniyayadək "İpək yolu"nun üstündə olan 33 ölkənin nümayəndələri toplaşmalıdır. "İpək yolu"nun çox üstünlükləri var. Bunu demək kifayətdir ki, o, Asiyanı Avropa ilə, o cümlədən Yaponiya ilə birləşdirən və indi istifadə edilən yoldan 2000 kilometr qısadır. Ümidvaram ki, siz, parlament üzvləri Baş nazir Haşimotonun "İpək yolu" barəsində doktrinasını dəstəkləyəcəksiniz və bu əməkdaşlıq sahəsi çox böyük fayda gətirəcəkdir. Demək istəyirəm ki, biz Yaponiya ilə Azərbaycan arasında daha sıx və daha geniş münasibətlərə malik olmaq istəyirik. Azərbaycan parlamentində Yaponiya ilə Azərbaycan arasında dostluq qrupu və ya assosiasiyası var. Burada olan deputatların əksəriyyəti bu qrupa daxildir. Ümid etmək istərdik ki, indi, Azərbaycan və Yaponiya parlamentləri şəxsi görüşündən sonra bu münasibətlər daha sürətlə inkişaf edəcəkdir.

Yaponiya yüksək inkişaf etmiş ölkədir, iqtisadi və sosial inkişafda böyük uğurlara nail olmuşdur, dünya birliyində layiqli yer tutur. Biz sizin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq səylərinizi, bütün dünyada sülhün möhkəmlənməsi naminə, Yer üzündə sivilizasiyanın inkişafı naminə gördüyünüz bütün işləri dəstəkləyirik. Sizə və bütün yapon xalqına yeni, böyük uğurlar arzulayıram. Azərbaycanda baş verən hər şeyi öz gözlərinizlə görmək və dediklərimin doğru-düzgünlüyünə inanmaq üçün sizi Azərbaycana dəvət edirəm. Diqqətinizə görə sağ olun.