Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniyanın "Remko" Şirkətinin Direktorlar Şurasının üzvü, bu ölkənin keçmiş xarici işlər naziri ser Malkolm Rifkindi və şirkətin prezidenti Stiv Rempi qəbul edərkən söhbətindən - Prezident sarayı, 17 yanvar 2000-ci il


Heydər Əliyev:  Azərbaycana xoş gəlmisiniz! Sizinlə yenidən görüşməyimdən çox məmnunam. Məlumatlar gəlir ki, sizin "Muradxanlı"da gördüyünüz işlər yaxşı gedir. Yəqin ki, başqa işləriniz də yaxşı gedir. Buyurun.

Malkolm Rifkind: Çox sağ olun, cənab prezident. Bizdə böyük məmnuniyyət hissi doğurur ki, yenidən Bakıdayıq, Azərbaycana gəlmişik. Azərbaycana yenidən qayıtmaq bizim üçün xoşdur. Artıq bu çox çətin regionda sabitlik vardır. Biz böyük məmnuniyyətlə Sizə xəbər veririk ki, Birləşmiş Krallıqda Azərbaycan haqqında daha çox məlumatlanırlar. "Remko" bu yaxınlarda böyük sarayların birində simpozium keçirmişdir və bu simpoziumda Azərbaycan haqqında geniş məlumat verilmişdir. Bizim simpoziumda yüksək vəzifəli şəxslər çıxış etmişlər. Onlar Azərbaycan haqqında geniş məlumatlar vermişlər, Azərbaycanda gedən müxtəlif proseslər haqqında məlumatlar vermişlər və simpoziumda Azərbaycan haqqında tam təəssürat yaranmışdır.

Sizə məlum olduğu kimi, sabah Azərbaycanda, Bakıda "Remko" daha bir seminar keçirəcəkdir. Bu seminar sərmayələrin Azərbaycana cəlb olunmasının vacibliyi haqqındadır. Biz çox ümid edirik ki, Azərbaycanı təmsil edən yüksək vəzifəli şəxslər seminarda iştirak edəcək və seminarı giriş sözü ilə açacaqlar.

Elə bilirəm ki, Azərbaycanda iqtisadi inkişafı görmək Sizin dövlətinizin ən əsas istiqamətlərindən biridir. Lakin eyni zamanda bu, beynəlxalq icma üçün də çox vacibdir. Çünki bu regionda sabitliyi və iqtisadi inkişafı görmək beynəlxalq icma üçün çox vacibdir. İcazənizlə, cənab Remp Azərbaycanın quru sahələrində neftlə bağlı aparılan işlər haqqında məlumat vermək istəyir.

Stiv Remp: Cənab prezident, dünən bizim çox maraqlı bir səyahətimiz olmuşdur. Biz "Muradxanlı"ya getdik ki, ən son işlərin nəticəsini görə bilək. Sonra biz İmişli Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşdük və o, mənə bir sənəd təqdim etdi. İndi mən İmişli rayonunun hörmətli vətəndaşı sayılıram. Bu mənə imkan verir ki, Azərbaycana pasportsuz gedib-gəlim.

Heydər Əliyev: Siz onsuz da Azərbaycana pasportsuz gedib-gələ bilərsiniz.

Stiv Remp:"Muradxanlı"da gedən işlərdən çox məmnunam. Sizə vermək üçün çox yaxşı məlumatlarım vardır. Beş gün bundan əvvəl ilk quyunu qazmağa başlamışıq və artıq 500 metr dərinliyədək qazmışıq.

Mənim oktyabrda son səfərimdən indiyədək "Muradxanlı"da həqiqətən nəzərəçarpacaq dəyişikliklər vardır. Azərbaycan vətəndaşlarını təmsil edən gözəl bir komanda vardır. Onlar çox qabiliyyətli işləyirlər və işlərini bacarıqla yerinə yetirirlər. Mən gələcəyə çox ruh yüksəkliyi ilə baxıram. Elə bilirəm ki, bu əməkdaşlıq çox məhsuldar olacaqdır. Çünki burada yatağı tanıyan yerli əməkdaşlar, mütəxəssislər çalışırlar. Eyni zamanda onlar qərblilərlə birlikdə Qərb texnologiyası ilə işləyirlər.

Sizə məlum olduğu kimi, bu, birinci pay bölgüsü müqaviləsidir və pay bölgüsünə dair ilk müqaviləyə görə biz burada bu quyunu qazırıq. Mən deyərdim ki, bu yatmış əjdahanın oyadılmasına bənzəyir.

Heydər Əliyev: Təşəkkür edirəm. Hörmətli cənab Rifkind, hörmətli cənab Remp, verdiyiniz məlumatlara görə mən sizə təşəkkür edirəm.

Böyük Britaniyada Azərbaycanın yaxşı tanınması üçün, Azərbaycanın bugünkü gününü ölkənizin vətəndaşlarına daha da obyektiv çatdırmaq üçün gördüyünüz işlər bizdən ötrü çox əhəmiyyətlidir. Ona görə, cənab Rifkind, verdiyiniz məlumatlar məni çox məmnun etdi və güman edirəm ki, siz bu işi bundan sonra da davam etdirəcəksiniz.

Ümumiyyətlə, demək istəyirəm ki, biz indi dünyanın bir çox şirkətləri ilə əməkdaşlıq edirik. Hətta çox böyük, nəhəng şirkətlərlə. Amma bu sahədə "Remko" Şirkəti hamısından çox iş görür. Mən bunu çox qiymətləndirirəm. O nəhənglər belə şeylərə bir az fikir vermirlər. Amma sizin bu sahəyə diqqət yetirməyiniz həqiqətən Azərbaycana olan dostluq, səmimilik münasibətini nümayiş etdirir.

Sabah sizin burada keçirəcəyiniz tədbirdə də, təbiidir ki, bizim nümayəndələr yüksək səviyyədə iştirak edəcəklər. Kimi istəyirsiniz mən ora göndərim.

Cənab Rempin "Muradxanlı" haqqında verdiyi məlumatlar da məni sevindirir. Mən görüşün əvvəlində dedim ki, televiziya idi, ya qəzetdə - haradasa gördüm ki, belə bir məlumat verilib ki, "Muradxanlı"da işlər yaxşı gedir.

Həqiqətən, cənab Remp dedi, - "Muradxanlı" yatmış böyük, nəhəng yataqdır. Bu, Abşeron yarımadasında və Abşeron yarımadasından cənubda, onun ətrafında olan yerlərdən bir az uzaqda Azərbaycanın ərazisində açılan ilk neft yatağıdır. Bu yataq 70-ci illərin ortasında, ya ikinci yarısında açıldı.

O vaxt bu, bizim üçün çox böyük bir hadisə idi. Çünki orada ilk quyu gərək ki, 500-800 ton neft verirdi və bizim neftçilər o vaxt bunun çox böyük perspektivi olduğunu deyirdilər. Mən də Azərbaycanın rəhbəri kimi, təbii ki, nəinki bunu dəstəkləyirdim, hətta buna bütün yardımları edirdim. Sonra dedilər ki, o quyunun neft hasilatı azaldı. Nəsə orada səhvlər buraxıldı. Sonra mən Azərbaycandan getdim. Amma maraqlanırdım ki, "Muradxanlı" necə oldu? Mən yenidən Azərbaycanın rəhbərliyinə gələndə - 1993-1994-cü illərdə yenə də "Muradxanlı" haqqında maraqlanırdım. Çünki dənizdə bizim yeni-yeni yataqlarımız çox açıldı. Məsələn, "Azəri", "Çıraq", "Günəşli" də o vaxt, o illərdə açılmış və istifadəsinə başlanmış yataqlardır. Amma Azərbaycanın quru hissəsində yeni yataqlar açılmayıbdır. Ona görə bu, bizi çox sevindirmişdir və "Remko" Şirkətinin bu yatağa maraq göstərməsini mən böyük məmnuniyyətlə qəbul etdim. İnanıram ki, siz doğrudan da o yatmış nəhəngi yuxudan oyadacaqsınız və oradan yaxşı nəticələr əldə edəcəksiniz. Mən sizin bütün işlərinizi dəstəkləyirəm. Sağ olun.