Yaponiyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsinin təqdim edilməsi mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - 6 aprel 1997-ci il


Yaponiya ilə diplomatik əlaqələrimiz yaranandan sonra ölkələrimiz arasında iqtisadiyyat sahəsində xeyli nailiyyət əldə edilmişdir. Yaponiya nümayəndələri və şirkətləri Azərbaycanla iqtisadi əlaqələrin inkişafına xüsusi maraq göstərir və bu əlaqələrin möhkəmləndirilməsi üçün böyük imkanlar vardır. Dünyanın böyük və iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərindən olan Yaponiyanın Qafqaza, xüsusən Azərbaycana olan marağı bizi çox sevindirir. Son illərdə Yaponiyanın bir neçə nümayəndə heyətinin Azərbaycana gəlişi, ölkəmizin müvafiq orqanları ilə danışıqlar aparması, mənimlə keçirilən şəxsi görüşləri ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etməsi üçün əsas yaratmışdır. İndiyədək aparılan görüşlər və danışıqlar onu göstərir ki, bizim iqtisadi əlaqələri inkişaf etdirmək üçün böyük imkanlarımız vardır. Yaponiyanın böyük "İtoçu" şirkəti Azərbaycanın neft və qaz yataqlarının müştərək istifadə olunması üçün yaradılmış iki beynəlxalq konsorsiumun üzvüdür. Bu şirkətlə yaranmış iqtisadi əməkdaşlıq Azərbaycanın iqtisadiyyatının başqa sahələrinə və Yaponiyanın digər şirkətlərinə də yayıla bilər.

Ölkələrimiz arasında əlaqələrin inkişaf etməsinin böyük perspektivləri göz qabağındadır. Bu perspektivlərin gerçəkləşdirilməsi həm Yaponiya, həm də Azərbaycan üçün faydalıdır.

Cənab səfir, ümidvar olduğumu bildirirəm ki, Siz Azərbaycanda bu vəzifəyə başlayarkən bütün bu məsələləri daim diqqət mərkəzində saxlayacaq və Yaponiya-Azərbaycan əlaqələrinin inkişaf etməsinə xüsusi diqqət verəcəksiniz. Əmin ola bilərsiniz ki, Sizə Yaponiyanın Azərbaycandakı səfiri kimi burada öz fəaliyyətinizi həyata keçirmək üçün bütün imkanlar yaradılacaq, o cümlədən Azərbaycanın hökuməti və müvafiq orqanları səfirliklə sıx əməkdaşlıq edəcəklər.

Sizi bir daha təbrik edirəm, işlərinizdə uğurlar arzulayıram.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış