Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rumıniya Prezidenti Emil Konstantinesku ilə təkbətək görüşü başa çatdıqdan sonra hər iki ölkənin nümayəndə heyətləri arasında Azərbaycan-Rumıniya danışıqlarında çıxışı - Prezident sarayı, 30 iyun 1998-ci il


Hörmətli prezident!

Hörmətli qonaqlar!

Mən sizi Azərbaycanda salamlayıram, ölkəmizə xoş gəlmişsiniz!

Mən Rumıniya prezidentinin Azərbaycana rəsmi səfərini çox mühüm hadisə hesab edirəm.

Hörmətli prezident Emil Konstantinesku, mənim dəvətimi qəbul edib Azərbaycana rəsmi səfərə gəlməyiniz münasibətilə sizə təşəkkür edirəm. Hesab edirəm ki, sizin bu səfəriniz Rumıniya-Azərbaycan əlaqələrinin inkişaf etməsində mühüm bir mərhələ olacaqdır.

Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra, təxminən üç il bundan əvvəl bizim ölkələrimiz arasında əlaqələr dövlət başçıları arasında olan görüşlərlə başlayıbdır. Bizim əlaqələrimiz ötən üç il müddətində müsbət istiqamətdə inkişaf edibdir, biz bu sahədə müəyyən nailiyyətlər əldə etmişik. Ən əsası odur ki, bir-birimizi daha da yaxından tanımışıq, aramızda inam yaranıbdır və əlaqələrimizi sürətlə inkişaf etdirmək üçün bunlar yaxşı əsasdır. Ötən dövrdə dövlətlərimiz arasında bir neçə müqavilə, sazişlər imzalamışıq. Güman edirəm ki, bugünkü görüşlərin, danışıqların nəticəsində də müəyyən sənədlər imzalanacaqdır və biz ölkələrimiz arasında olan əməkdaşlığı, dostluğu daha da genişləndirib inkişaf etdirə biləcəyik.

Cənab prezident, biz sizinlə indi təkbətək çox ətraflı söhbət etdik. Çox məmnunam ki, bu söhbətimiz zamanı açıq, səmimi və işgüzar danışıqlar oldu. Siz ölkəniz, onun bugünkü vəziyyəti, problemləriniz haqqında mənə məlumat verdiniz, öz tərəfimdən mən də bu məsələlər barədə sizə geniş məlumat verdim. Nümayəndə heyətlərimiz qarşısında bir daha bildirmək istəyirəm ki, Azərbaycan Rumıniya ilə bütün sahələrdə əlaqələri inkişaf etdirmək əzmindədir. Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra ölkədə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi aparır. Ölkəmizdə demokratik, iqtisadi islahatlar həyata keçirilir və bunlar öz müsbət nəticələrini verir. Azərbaycanda bazar iqtisadiyyatı bərqərar olub və inkişaf edir, özəlləşdirmə proqramı həyata keçirilir, iqtisadiyyatın, xüsusən xarici ticarətin liberallaşdırılması sahəsində də böyük işlər görülür.

Azərbaycana xarici investisiyanın cəlb olunmasında da nailiyyətlərimiz az deyildir. Bilirsiniz ki, Azərbaycan qədim neft ölkəsidir. Ola bilər ki, indi Azərbaycanın neft sənayesinin yeni perspektivli bir mərhələsi başlayıbdır. Xəzərin Azərbaycan sektorunda ölkəmizin zəngin neft, qaz yataqları vardır. Respublikamızın bütün ərazisində belə yataqlar mövcuddur. Biz həmin yataqların birgə işlənilməsi üçün xarici şirkətlərlə müştərək işlər görürük. Bu sahədə tarixi müqavilələr imzalanıbdır. Biz keçən ildən ilkin neftin hasil edilməsinə başlamışıq. Bakı-Novorossiysk boru kəməri ilə ilkin neft artıq Qara dəniz sahillərinə ixrac edilir. Biz Qərb istiqamətində ikinci boru kəmərini, Bakı-Supsa kəmərini tikirik və Xəzərin Azərbaycan sektorundakı yataqlardan gələcəkdə hasil olunacaq nefti dünya bazarına çıxaracaq böyük neft kəmərinin, Bakı-Ceyhan kəmərinin inşası sahəsində də müəyyən işlər aparırıq.

Azərbaycan Avropa ilə Asiyanın qovuşağında tutduğu coğrafi-siyasi, strateji vəziyyətinə görə Avropa və Asiya ölkələri arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün çox böyük işlər görür. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi bu baxımdan çox böyük əhəmiyyət kəsb edir. Bu nəqliyyat dəhlizi yaranıb və artıq istifadə edilir. Biz bu magistraldan, yəni bərpa olunan qədim “İpək yolu”ndan bu yolun üzərində yerləşən bütün ölkələrin istifadə etməsi sahəsində müəyyən hazırlıq işləri aparırıq. Sentyabrın 7-8-də bununla əlaqədar Bakıda “İpək yolu” üzərində olan ölkələrin dövlət və hökumət başçılarının toplantısını keçirmək nəzərdə tutulubdur. Biz bunu Avropa Birliyi ilə birlikdə hazırlayırıq. Cənab prezident, sizi, Rumıniyanı da bu sammitdə iştirak etməyə dəvət etmişik. Ümidvaram ki, biz sentyabr ayında bu sahədə mühüm bir addım ata biləcəyik.

Azərbaycan xarici siyasət sahəsində əlaqələrini bütün ölkələrlə sülh və əmin-amanlıq şəraitində qurmaq istəyir, qarşılıqlı surətdə faydalı əlaqələr yaradır. Rumıniya ilə Azərbaycan arasında yaranmış əlaqələr buna əyani nümunədir. Biz ölkəmizi əhatə edən qonşu ölkələrlə də sülh, əminamanlıq və mehriban qonşuluq şəraitində yaşamaq istəyirik. Ancaq Ermənistan ilə Azərbaycan arasında on ildən bəri davam edən münaqişə buna mane olan amildir. Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. İşğal edilmiş ərazilərimizdən bir milyondan çox Azərbaycan vətəndaşı öz yerlərindən-yurdlarından zorla çıxarılıb, didərgin salınıbdır. Bir neçə il müharibə gedib, döyüşlər olub, qan tökülübdür. Ermənistan ilə Azərbaycan arasındakı müharibəni 1994-cü ildə dayandırmışıq, atəşkəs haqqında saziş imzalamışıq və biz dörd ildən artıqdır ki, bu sazişə əməl edirik. Azərbaycan ərazilərinin işğal olunmasına, ölkəmizə dəymiş maddi və mənəvi zərbələrə, bir milyondan çox azərbaycanlının yerindən-yurdundan didərgin düşərək qaçqın vəziyyətində yaşamasına baxmayaraq, biz məsələnin sülh yolu ilə həll olunmasına çalışırıq. Biz bu işdə ATƏT-in Minsk qrupunun fəaliyyətinə ümidlər bəsləyirik. ATƏT-in 1996-cı ilin dekabrında keçirilmiş Lissabon zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün prinsiplər müəyyən edilibdir. Bu prinsiplər üç hissədən - Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınmasından, Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində yüksək dərəcəli özünüidarəetmə statusu verilməsindən, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin olunmasından ibarətdir. Biz bu prinsipləri əsas götürürük, ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransanın keçən ilin sentyabrında verdikləri təklifləri qəbul etmişik. Biz bu münaqişənin həmin təkliflər əsasında sülh yolu ilə həll olunması məsələsi üzərində işləyirik. Biz konstruktiv mövqe tuturuq, bir çox güzəştlərə gedirik. Ancaq biz Azərbaycanın ərazi bütövlüyünün pozulmasına yol verə bilmərik və Dağlıq Qarabağa dövlət müstəqilliyi statusu verilməsinə heç vaxt razı ola bilmərik. Ümid edirik ki, münaqişə sülh yolu ilə həll oluna bilər. Biz ATƏT-in bütün üzvlərinə böyük ümidlər bəsləyirik.

Cənab prezident, siz ATƏT-in Lissabon zirvə görüşündə iştirak edirdiniz. Məmnuniyyətlə qeyd edirəm ki, siz Lissabonda ATƏT-in zirvə görüşündə həmin prinsiplərin qəbul olunmasına səs verdiniz. Ümid edirəm ki, siz gələcəkdə də bu mövqeyinizdə duracaqsınız və Azərbaycanın bu probleminin sülh yolu ilə həll olunmasında öz səylərinizi əsirgəməyəcəksiniz.

Azərbaycan Avropa ölkəsidir və Avropa ilə Asiyanın qovuşduğu bir yerdədir. Azərbaycan Avropa Şurasına daxil olmaq istəyir, həyatını, bütün işlərini, iqtisadiyyatını və dövlət quruluşunu Avropa standartlarına uyğun qurmağa çalışır. Bizim əməkdaşlığımızın bu məsələlər üçün də çox əhəmiyyəti vardır. Mən hesab edirəm ki, bizim ölkələrimiz arasında yaranmış əlaqələr gələcəkdə daha da genişlənə və inkişaf edə bilər. Biz öz tərəfimizdən bunun üçün çalışacağıq. Sizi bir daha salamlayıram.

* * *

Cənab prezident, əvvəla, Rumıniya-Azərbaycan əlaqələri haqqında dediyiniz fikirlərə görə sizə təşəkkür edirəm və sizinlə mənim həmfikir olduğumu bir daha bildirmək istəyirəm. Azərbaycan haqqında, ölkəmizin bugünkü real vəziyyəti, Azərbaycan dövlətinin siyasəti, iqtisadi, siyasi sahələrdə apardığı işlər haqqında dediyiniz müsbət fikirlərə və xoş sözlərə görə sizə təşəkkür edirəm.

Mən sizinlə bərabər təxminən iki saat ərzində apardığımız danışıqların çox əhəmiyyətli olduğunu qeyd etmək istəyirəm. Təkbətək və indi nümayəndə heyətlərinin üzvləri ilə birgə apardığımız danışıqlarımız, siz qeyd etdiyiniz kimi, bunların hamısının aşkarlıq şəraitində, Azərbaycan və Rumıniya mətbuat işçilərinin qarşısında keçməsi onu göstərir ki, biz bütün məsələlər barəsində bir-birimizlə səmimiyik və açığıq. Əgər sizin nümayəndə heyətinizin başqa sözü yoxdursa, güman edirəm, biz hazırlanmış sənədlərin imzalanmasına, sonra isə mətbuat konfransına başlaya bilərik.