Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Hyüstondakı tibb mərkəzində dünya şöhrətli ürək cərrahı professor Mişel Debeyki ilə görüşdə söhbətindən - Hyüston, 3 avqust 1997-ci il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

Cənab doktor Debeyki!

Biz Sizinlə görüşməkdən çox məmnunuq. Bu, bizim üçün tarixi hadisədir.

Amerika Birləşmiş Ştatlarına rəsmi səfərə hazırlaşarkən, səfərimin proqramı tərtib edilərkən, Hyüstona gələcəyim məlum olarkən Sizin bu tibb mərkəzinə gəlməyi və Sizinlə görüşməyi arzu etdim. Mən çox şadam ki, bu, bizə nəsib oldu. Çünki biz hamımız Sizi əfsanəvi bir adam kimi tanıyırıq.

Mənim yadımdadır, dünyada ilk dəfə ürək köçürülməsi baş verəndə Sizin adınız məşhur oldu. O vaxt biz Sovetlər İttifaqının tərkibində yaşayırdıq. Mətbuatda Sizin barənizdə çoxlu yazılar gedirdi. Bu, bizim üçün möcüzə idi ki, ürəyi köçürmək olarmı? Ancaq bunların hamısı indi arxada qalıbdır. Siz o vaxtdan indiyədək çox nailiyyətlər əldə etmisiniz. Siz nadir bir insansınız. Şəxsən mən Sizə həmişə heyranlıqla münasibət göstərmişəm.

Siz son vaxtlar Rusiya televiziyasında bir neçə dəfə göründünüz. Prezident Boris Yeltsinin xəstəliyi Rusiyada çox böyük təşviş doğurmuşdu. Onun ürəyində cərrahiyyə əməliyyatı aparılmalı idi. Sizi dəvət etdilər və Siz bu işi etdiniz. Biz Rusiya televiziyasına daim baxırıq. ABŞ-ın Si-En-En və digər kanallarını Azərbaycanda tuta bilsək də, Amerika televiziyasına daim baxa bilmirik. Çünki vaxt fərqi vardır. Amma Rusiya ilə Azərbaycanda vaxt təxminən eyni olduğuna görə biz bu televiziyaya daha çox baxırıq. Şəxsən mən televiziya ilə Sizin Moskvaya gəlməyinizə baxırdım. Sizin cürbəcür izahatlarınızı dinləyirdim, keçirdiyiniz əməliyyatdan xəbərim var idi. Bu, yeganə bir hadisə deyil. Məlumdur ki, Siz Amerikada və bir sıra başqa ölkələrdə çox cərrahiyyə əməliyyatları keçirmisiniz. Mən indi buraya gələndə Siz Belçikanın kralını müalicə etdiyinizə görə orada hazırlanmış heykəlinizi göstərdiniz. Siz bunlara layiqsiniz. Buradakı fotolar, bütün bu eksponatlar Sizin fəaliyyətinizi əks etdirir.

Dünyanı təəccübləndirən bir də odur ki, Siz bu işlə uzun illərdir məşğulsunuz və daim fəaliyyətdəsiniz. Çünki cərrahiyyə əməliyyatları aparan adamlar adətən çox zəhmət çəkirlər. Görünür, Siz çox dözümlüsünüz. Bu qədər iş görərək, indiyədək görkəmli fəaliyyətdəsiniz. Mən Sizi təbrik edirəm. Sizinlə görüşməyimi çox əlamətdar bir hadisə hesab edirəm.

Bizim hələ ki, belə bir cərrahiyyə əməliyyatına ehtiyacımız yoxdur. Amma buna baxmayaraq mən Sizi ölkəmizə, Azərbaycana dəvət edirəm.

Siz bilirsiniz ki, mən Amerikaya prezident Bill Klintonun dəvəti ilə gəlmişəm. Burada mənim çoxlu görüşlərim və danışıqlarım olub. Avqustun 1-də cənab Bill Klintonla bizim çox səmərəli danışıqlarımız olubdur və biz çox əhəmiyyətli sənədlər imzalamışıq. Ölkələrimizin əlaqələri partnyorluq səviyyəsindədir. Biz neft istehsalı sahəsində xüsusilə geniş əməkdaşlıq edirik.

Hyüstonla Azərbaycanın paytaxtı Bakı 25 il bundan əvvəl qardaşlaşıblar. Mən o vaxt Azərbaycanın rəhbəri idim. Mən bu qardaşlaşma işinin təşəbbüskarı olmuşam. Çox şadam ki, 25 il sonra Hyüstona gəlmişəm.

Bizə göstərdiyiniz diqqətə görə mən Sizə təşəkkür edirəm. Bizə verdiyiniz məlumatlar çox heyranedicidir. Bu işdə mən Sizə nailiyyətlər arzulayıram.

Mişel Debeyki: Cənab Prezident, çox sağ olun.

Cənab Prezident, bildirmək istəyirəm ki, bizim böyük nailiyyətlər əldə etmiş məktəblərimiz, elmi-tədqiqat mərkəzlərimiz, ümumiyyətlə, bu tibb mərkəzi Azərbaycan ilə çox yaxından əməkdaşlıq edə bilər. Biz ölkənizin həkimlərinin, alimlərinin burada ixtisaslarının artırılması kurslarını təşkil edə bilərik. Xahiş edirəm, hər hansı bir sahədə Sizə kömək edə biləriksə, bunu bizə bildirəsiniz. Biz bunu məmnuniyyətlə edə bilərik.

Heydər Əliyev: Sağ olun. Biz bu imkandan mütləq istifadə edərik.

Mişel Debeyki: Cənab Prezident, istəyirəm Sizə öz vizit kartımı da verim.

Heydər Əliyev: Cənab Debeyki, mən də bu kitabdan Sizə hədiyyə edirəm, amma istəyirəm oraya öz ürək sözümü yazım.

Mişel Debeyki: Cənab Prezident, Siz indi buradan uşaq xəstəlikləri müalicə olunan xəstəxanaya gedəcəksiniz. Orada görəcəksiniz ki, düz 31 il bundan əvvəl ilk peyk fəzaya buraxılan zaman biz cərrahiyyə əməliyyatları tarixində çox mühüm rol oynayan yeni bir kəşfin əsasını qoyduq. Bu da insan bədəninin ayrı-ayrı hissələrinin təsvirinin lazer vasitəsilə göstərilməsi olubdur. Bunu orada Sizə əyani surətdə göstərəcəklər. Sonra biz bu peykdən istifadə edərək, Cenevrədə oturub Hyüstonda aparılan cərrahiyyə əməliyyatlarının gedişinə baxa bilərdik. Bunun da çox böyük əhəmiyyəti vardır. Bizdə buna teletibb deyirlər. Əgər gələcəkdə bu vasitədən istifadə etmək və bütün əhalinizə mərkəzimizin ixtiyarında olan imkanlardan faydalanmaq imkanı yaratmaq istəsəniz, biz bu cür teletibb qaydalarını ölkənizdə tətbiq edə bilərik. Beləliklə də biz bu teletibbdən hamının faydalanmasına imkan yaradarıq.

Bunun üçün Azərbaycanda bir telemərkəz yaradılmalıdır ki, o bizimlə əlaqə saxlaya bilsin. Biz dünyanın bir çox ölkələri ilə teletibb əlaqəsi yaratmaq sahəsində iş aparmışıq. Fikirlərimi açıq söyləmək üçün bir misal gətirmək istəyirəm. Məsələn, biz bu yaxınlarda burada, Hyüstonda oturaraq Yaxın Şərqdə olan bir xəstəni teletibb əlaqəsi yolu ilə müayinə etdik, ona diaqnoz qoyduq və bu, çox əla nəticələr verdi. Yəni teletibb əlaqəsinin köməyi ilə bütün əməliyyatları aparmaq mümkündür. Bu, lazım olan informasiyanı tez bir zamanda əldə etmək üçün çox gözəl imkandır.

Heydər Əliyev: Çox sağ olun. Mən bu kiçik hədiyyəni Sizə təqdim etmək istəyirəm. Bu, Azərbaycan xalçasıdır, onu istədiyiniz yerdə asarsınız.

Mişel Debeyki: Bu əfsanəvi bir xalçadır və onu ən qiymətli hədiyyə kimi qəbul edirəm. Çox sağ olun. Doğrudan da mənim üçün çox qiymətli hədiyyədir. Təşəkkür edirəm. Cənab Prezident, mən Sizinlə görüşümdən çox-çox məmnun oldum. Bir daha bildirirəm ki, əgər mən Sizin üçün bir şey edə bilsəm, xahiş edirəm, məlumat göndərəsiniz.

Heydər Əliyev: Çox sağ olun. Sizin bu əlləriniz 60 min əməliyyat keçiribdir. Sizinlə görüşməyim böyük hadisədir. Mən çox məmnunam. Sizi Azərbaycana dəvət edirəm.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı -2003, 11-ci cild, səh. 308