Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin respublika milli televiziyası və radiosu ilə çıxışı - 3 oktyabr 1994-cü il


Hörmətli həmvətənlər, bacılar və qardaşlar!

Bildiyiniz kimi, sentyabrın 25-dən 30-dək mən Amerika Birləşmiş Ştatlarında - Nyu-Yorkda işgüzar səfərdə olmüşam. Bu müddətdə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 49-cu sessiyasının işində iştirak etmiş, sessiyada çıxış edərək Azərbaycan Respublikasının daxili və xarici siyasəti, beynəlxalq aləmdə tutduğu mövqe barədə məlumat vermişəm. Onu da deyim ki, bu, uc ildən bəri müstəqil dövlət kimi yaşayan Azərbaycan Respublikasının rəhbərinin BMT Baş Məclisində ilk çıxışı idi. Hesab edirəm ki, həmin çıxış və ümümiyyətlə, BMT Baş Məclisinin sessiyasında iştirak etmək, bu nüfuzlu beynəlxalq təşkilatın baş katibi Butros Qali ilə aparılan söhbətlər Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqelərini daha da açıqlamışdır.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, bunun nəticəsində Azərbaycanın düşdüyü vəziyyət, həm də respublikamızın xarici siyasəti ilə bağlı fikirləri BMT Baş Məclisinin sessiyasında çıxış etməklə dünya ictimaiyyətinə, dünya dövlətlərinə çatdırmaq Azərbaycan üçün çox gərəkli bir hadisə idi. Bununla yanaşı, Nyu-Yorkda olarkən Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klintonla görüşərək ətraflı söhbət etmişəm. Bildirmək istəyirəm ki, bu, əvvəlcədən təyin edilmiş görüş idi. Bunu Amerika tərəfi qabaqcadan elan etmişdi və biz də bu barədə məlumat vermişdik.

Həm Amerika tərəfi, həm də biz bu görüşü yüksək qiymətləndiririk. Zənnimcə, görüş ümidlərimizi doğrultdu. Bu da müstəqil respublikamızın dövlət başçısının Amerika Birləşmiş Ştatlarının prezidenti ilə ilk görüşü idi. Bildiyiniz kimi, son vaxtlar Azərbaycan ilə ABŞ arasında əlaqələri genişləndirmək, inkişaf etdirmək üçün bir necə addım atmışıq. Həm Bakıda, həm də başqa ölkələrdə Birləşmiş Ştatların yüksək vəzifəli rəsmi şəxsləri ilə görüşlər olmüşdur. Mən Qahirədə ABŞ-ın vitse-prezidenti Albert Qor ilə, İstanbulda ABŞ-ın dövlət katibi cənab Kristoferlə, Bakıda cənab Klintonun xüsusi nümayəndəsi, onun kabinetinin üzvü xanım Olbraytla, dövlət departamenti rəhbərinin müavini cənab Talbott ilə, həmin departamentin yüksək vəzifəli işçisi cənab Kollinzlə görüşmüşəm. Bütün bunlar iki ölkə arasında əlaqələri inkişaf etdirmək üçün qarşılıqlı surətdə atılan addımlardır.

Lakin Amerika Birləşmiş Ştatlarının prezidenti ilə görüş bu prosesin zirvəsini təşkil edir. Bu mənalı və məzmünlu görüşün bizim üçün əhəmiyyəti odur ki, mən ABŞ prezidentinə Azərbaycanın həm daxili, həm də xarici siyasəti haqqında geniş məlumat verdim, respublikamızın Birləşmiş Ştatlarla münasibətlərinin, xüsusən iqtisadi əlaqələrimizin gələcəkdə daha sürətlə inkişaf etdirilməsi barədə fikirlərimi, mülahizələrimi söylədim. Eyni zamanda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, onun ağır nəticələri və bununla əlaqədar Azərbaycanın düşdüyü çətin vəziyyət haqqında ətraflı məlumat verdim. Bundan əlavə Amerika prezidentinə bildirdim ki, bu çətinliklərə, bizə vurulan ağır zərbələrə baxmayaraq, sülhsevər siyasət yürüdürük, əməli mövqedən çıxış edirik və Ermənistan Respublikasının hərbi təcavüzünə qarşı sülh təklif edir, bu sülhə nail olmağa çalışırıq.

Münaqişə zonasında atəşin dayandırılması və onun dörd aydan artıq davam etməsi haqqında məlumatı cənab Bill Klinton çox razılıqla qarşıladı və yüksək qiymətləndirdi. Mən isə bildirdim ki, biz bu atəşkəsi, sadəcə olaraq, gələcək işlərimiz üçün bir şərait kimi qiymətləndirir və hesab edirik ki, bu imkandan istifadə etmək lazımdır. İstəyirik ki, Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli sülh yaransın və bu sülhə Azərbaycan Respublikasının mənafeyinin qorunması şərti ilə nail olunsun. Yəni Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edilsin, işğal olunmüş ərazilərimizdən Ermənistan silahlı qüvvələri çıxarılsın, bir milyondan artıq azərbaycanlı qaçqın öz yurdlarına qaytarılsın, ölkəmizin sərhədlərinin toxunulmazlığı təmin edilsin. Əvvəllər bəyan etdiyimiz kimi, mən Amerika prezidentinə də bildirdim ki, biz bütün bu şərtlər əsasında sülhə nail olmaq istəyirik. Bütün dövlətlərə, o cümlədən dünyada böyük nüfuzu olan Birləşmiş Ştatlara və onun prezidentinə müraciət edirik ki, bizim bu təklifimizin həyata keçirilməsi üçün lazımi təşəbbüslər göstərilsin və tədbirlər görülsün.

ABŞ prezidenti bu məsələlərə çox diqqətlə yanaşdı. Mən başa düşdüm ki, Birləşmiş Ştatların dövlət başçısı bu məsələ ilə artıq ciddi məşğul olur. O bu barədə öz fikirlərini, mülahizələrini bildirdi və qeyd etdi ki, bütün bunlar beynəlxalq təşkilatların vasitəsilə həll edilməlidir.

Mən bildirdim ki, biz də bu fikirdəyik. Azərbaycan bu sahədə Rusiyanın vasitəçiliyini qiymətləndirir. Eyni zamanda istəyirik ki, bu vasitəçilik beynəlxalq təşkilatlarla birlikdə həyata keçirilsin. Biz ATƏM-in Minsk qrupunun rəhbəri Yan Eliassonla dəfələrlə görüşərək öz fikirlərimizi bildirmişik. Mən BMT Baş Məclisinin sessiyasındakı çıxışımda da dedim ki, biz beynəlxalq təşkilatların, xüsusən ATƏM-in Minsk qrupunun Rusiya ilə əməkdaşlıq etməsinə, Rusiyanın bu məsələlərin birlikdə həllinə qoşulmasına tərəfdarıq. Bu fikrimi cənab Bill Klintona da çatdırdım. O da bu fikirdədir və söhbət zamanı bunu qeyd etdi. Cənab Bill Klintonla danışıqlarımız zamanı aydın oldu ki, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələrin inkişaf etdirilməsi barədə rəylərimiz üst-üstə düşür. Cənab Bill Klinton sentyabrın 20-də Bakıda xarici ölkələrin iri neft şirkətləri ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında imzalanmış müqaviləni xüsusilə yüksək qiymətləndirdi. O bildirdi ki, bu, çox böyük tarixi əhəmiyyəti olan müqavilədir. Həmin müqavilədə ABŞ şirkətləri də iştirak edir, ona görə də Amerika dövlətinin buna marağı var.

Təsadüfi deyildir ki, Birləşmiş Ştatların dövlət nümayəndəsi müqavilənin imzalanmasında iştirak etmiş və həmin sənədi imzalamışdır. ABŞ prezidenti bu müqavilənin həyata keçirilməsinin zəruri olduğunu bildirdi və onun dövləti tərəfindən bunun himayə ediləcəyini söylədi. Biz başqa məsələləri, o cümlədən Azərbaycanın blokada vəziyyətində olmasını, ABŞ konqresinin ədalətsiz olaraq 907-ci maddəyə düzəlişi Azərbaycana qarşı tətbiq etməsi məsələsini də müzakirə etdik. Cənab Bill Klinton bildirdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması və regionda sülh yaradılması ilə bağlı onun müəyyən fikirləri var və bu barədə Rusiya prezidenti Boris Yeltsinlə görüşündə də danışacaqdır (səhəri gün o, Vaşinqtonda Rusiya prezidenti ilə görüşməli idi). Cənab Klinton qeyd etdi ki, Amerika Birləşmiş Ştatları bu məsələyə ciddi qoşulmüşdur və beləcə də məşğul olacaqdır.

Biz başqa məsələlər barəsində də danışdıq. Mən bunları ətraflı şərh etməyə ehtiyac duymuram. Söhbətlərimizin əsas məqamlarını xatırlatdım. Bununla demək istəyirəm ki, cənab Bill Klintonla görüşümüz Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsində və Azərbaycanla bağlı məsələlərin həllində, xüsusən respublikamızda sülh yaranmasında beynəlxalq təşkilatların iştirakından ötrü çox əhəmiyyətli və faydalıdır. Güman edirəm ki, biz bu görüşdə yaranmış əhval-ruhiyyəni, əlaqələri davam etdirəcəyik. Bu gün bir daha bildirmək istəyirəm ki, biz bütün dövlətlərlə, o cümlədən Amerika Birləşmiş Ştatları ilə ikitərəfli, çoxsahəli əlaqələrin inkişaf etdirilməsinə tərəfdarıq.

Nyu-Yorka səfərim zamanı bir çox başqa görüşlərim də olmüşdur. Orada bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşmüşəm. Bunları sadalamağa ehtiyac yoxdur, informasiya orqanları bu barədə məlumat verəcəkdir. Ancaq bildirmək istəyirəm ki, Böyük Britaniyanın xarici işlər naziri cənab Duqlas Hord, Fransanın xarici işlər naziri cənab Alen Juppe, Almaniyanın xarici siyasət idarəsinin başçısı Klaus Kinkel, Türkiyənin xarici işlər naziri cənab Mümtaz Soysal, İran İslam Respublikasının xarici işlər naziri ağayi Əli Əkbər Vilayəti və bir sıra başqa ölkələrin xarici işlər nazirləri ilə görüşdüm. Bu görüşlərin hamısında Azərbaycanın düşdüyü vəziyyət, xüsusən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bu münaqişənin aradan qaldırılmasında həmin dövlətlərin iştirakı barədə danışıqlar apardım.

Səfər zamanı bir çox beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərim oldu. O cümlədən ATƏM-in Minsk qrupunun başçısı Yan Eliasson ilə görüşüb söhbət etdik. ABŞ-ın dövlət kabinetinin üzvü xanım Olbraytın vasitəçiliyi ilə Nyu-Yorkda Ermənistan prezidenti Levon Ter-Petrosyanla görüşdüm. Görüşdə hər iki tərəfdən nümayəndə heyətləri də iştirak edirdi. Bir fikir mübadiləsi etdik. Bu il sentyabrın 8-9-da Moskvada apardığımız danışıqların davamı kimi mən Azərbaycanın mövqeyini Ermənistan prezidentinə yenə də açıq şəkildə bildirdim. Dedim ki, bu prinsipial mövqe əsasında, o cümlədən Laçın rayonunun, Şuşanın azad edilməsi şərtləri daxilində biz geniş sülh müqaviləsinin hazırlanıb imzalanmasına tərəfdarıq. Bildirdim ki, bundan ötrü biz müvafiq addımlar atırıq. Ermənistan tərəfi də belə addımlar atmalıdır ki, nəhayət, razılığa gələk. Mən bu görüşü də əhəmiyyətli sayıram. Söhbət zamanı hər iki tərəf öz mövqeyini açıqladı. Bu mövqelərin yaxınlaşması üçün müəyyən addımlar atdıq. Belə qərara gəldik ki, hər iki tərəfin nümayəndələri əldə edilmiş müəyyən razılıqlar əsasında təkliflər hazırlayaraq bizə təqdim edəcəklər.

Mən Amerika Birləşmiş Ştatlarının bir çox təşkilatında, habelə orada yerləşən beynəlxalq təşkilatlarda, məsələn, YUNİSEF təşkilatında oldum, onun sənədini imzaladım. Bu, Azərbaycan üçün çox əhəmiyyətli addım idi. ABŞ-ın Kolumbiya Universiteti nəzdindəki Harriman İnstitutunun kollektivi ilə görüşdüm. Bu institut üzün illər keçmiş Sovet İttifaqını öyrənməklə məşğul olmüşdur. Burada çox yüksək səviyyəli mütəxəssislər, keçmişdə Sovetlər İttifaqında işləmiş səfirlər və diplomatlar fəaliyyət göstərirlər. Onlar məni dəvət eləmişdilər. Mən Azərbaycanın mövqeyi, indiki vəziyyəti, xüsusən Ermənistanın hərbi təcavüzü və bunun acı nəticələri barədə məlumat verdim. Eyni zamanda, yaranmış vəziyyətdən çıxmağa dair respublikamızın mövqeyini açıqladım. Hesab edirəm ki, bu görüş də çox səmərəli oldu.

Səfər zamanı bir qrup iş adamı, Dünya Bankının rəhbərləri, Nyu-Yorkdakı Federal Dövlət Ehtiyat Bankının başçıları ilə görüşdüm. Başqa görüşlərim də oldu. Bu görüşlər beynəlxalq maliyyə təşkilatları ilə Azərbaycanın əməkdaşlığına, ABŞ-dakı iş adamları ilə respublikamızın müştərək fəaliyyət göstərməsinə həsr edilmişdir. Zənnimcə, bu görüşlər də faydalı idi. Daha sonra Amerika neft şirkətlərinin rəhbərləri ilə görüşdüm. Biz çox faydalı danışıqlar apardıq. Hər iki tərəf bəyan etdi ki, neft müqaviləsi imzalanmışdır və həyata keçirilməlidir. Azərbaycanda bu sənəti parlament təsdiq etməlidir. Mən həmin müqaviləni Milli Məclisə təqdim etmişəm. Parlament müqaviləni təsdiq edən kimi neft şirkətləri işə başlamağa hazırdırlar. Danışıqlar zamanı neft müqaviləsi ilə bağlı konkret işlər barədə söhbət getdi.

Nyu-Yorkda mənim başqa görüşlərim də oldu və bunların hamısı bir məqsəd daşıyır. Demək istəyirəm ki, səfər günlərinin proqramı çox gərgin idi və mən dövlət başçısı kimi bunu öz borcum sayıram. Güman edirəm ki, bu borcu imkanım daxilində yerinə yetirməyə çalışmışam. Bildiyiniz kimi, mən İstanbula qədər bizim xüsusi təyyarə ilə, oradan Amerikaya isə "Türk hava Yolları" şirkətinin adi sərnişin təyyarəsi ilə getdim. Biz həmin təyyarə ilə də İstanbula qayıtdıq. Qayıdanbaş, əvvəlcədən razılaşdığımız kimi, İstanbulda Türkiyə prezidenti cənab Süleyman Dəmirəl ilə görüşdüm. Ətraflı söhbət zamanı mən Amerika Birləşmiş Ştatlarındakı danışıqlarım barədə ona məlumat verdim. Müəyyən məsələlər barədə fikir mübadiləsi etdik, Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi məsələlərinə toxunduq. Şübhəsiz ki, danışıqlarımızın əsas mövzusu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bunun qarşısının alınması ilə bağlı idi. Süleyman Dəmirəl bizim sülh təkliflərimizi bəyəndiyini bir daha bildirdi. Sonra biz mətbuat nümayəndələri qarşısında çıxış etdik. Türkiyə prezidenti danışıqlarımız barədə öz fikrini söylədi. Güman edirəm ki, Azərbaycan televiziyası bu çıxışları verəcək, cənab Süleyman Dəmirəlin fikirləri sizə məlum olacaqdır. Ona görə də bu barədə geniş danışmağa lüzum görmürəm.

Beləliklə, hesab edirəm ki, mənim bu səfərim Azərbaycanın xarici siyasətində yeni bir addımdır və zənnimcə, qarşıya qoyduğumüz vəzifələr layiqincə yerinə yetirilmişdir. İndi biz görülmüş bu işlərin Azərbaycanda əməli surətdə həyata keçirilməsi ilə məşğul olmalıyıq. Mən Prezident Aparatına, Nazirlər Kabinetinə, Xarici İşlər Nazirliyinə və başqa nazirliklərə bu barədə lazımi göstərişlər vermişəm.

Ümümiyyətlə, hesab edirəm ki, bu bir il ərzində bizim xarici siyasətimiz çox əhəmiyyətli, uğurlu olmüşdur və onu bu şəkildə davam etdirəcəyik. Dediklərimi yekunlaşdıraraq qeyd etmək istəyirəm ki, məhz bu müddətdə apardığımız ardıcıl və fəal xarici siyasət nəticəsində dünyanın ən böyük dövlətləri ilə bilavasitə əlaqə yaratmışıq, dövlət başçıları ilə görüşmüşük və beynəlxalq aləmdə, beynəlxalq təşkilatlarda, xüsusən bu səfər zamanı Birləşmiş Millətlər Təşkilatında Azərbaycan dövlətinin səsi eşidilmiş, onun mövqeyi bildirilərək dünya ictimaiyyətinə çatdırılmışdır. Bir daha deyirəm ki, bütün bunlar apardığımız işlərin müsbət nəticəsidir. Bu istiqamətdə də işimizi davam etdirəcəyik.

Bildiyimiz kimi, son günlər Azərbaycanın həyatında bəzi narahatedici, hətta faciəli hadisələr baş vermişdir. Azərbaycan dövlətinə qarşı cinayət törətmiş dörd nəfər sentyabrın 22-də respublika Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırılmışdır və onlar indiyədək tapılmamışdır. Şübhəsiz ki, bu, Azərbaycanda sabitliyi pozmaq, dövlətimizə zərbə vurmaq məqsədi ilə keçirilən əməliyyatdır və mən bunu televiziya ilə ötən çıxışımda demişəm. Bir daha qeyd etmək istəyirəm ki, bu, həm xarici qüvvələrin, həm də daxildə olan, respublikamızın müstəqilliyinə düşmən olan çirkin qüvvələrin birgə fəaliyyətinin nəticəsidir. Bundan məqsəd Azərbaycanda qarışıqlıq yaratmaq, ölkəmizin müstəqilliyinə təcavüz etməkdir. Biz bu hadisəyə öz qiymətimizi verdik və hüquq-mühafizə orqanlarına tapşırdıq ki, lazımi tədbirlər görsünlər.

Mən sentyabrın 29-da Amerika Birləşmiş Ştatlarında olarkən çox ağır xəbər aldım. Həmin gün axşam Azərbaycan Respublikasının iki dövlət xadimi - Ali Sovetin sədr müavini Afiyəddin Cəlilov və Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qəddarcasına, vəhşicəsinə qətlə yetirilmişlər. Mən bu xəbəri BMT Baş Məclisinin sessiyasında çıxış etməyə gedərkən eşitdim. Bu acı xəbər məni çox üzdü, sıxdı, eyni zamanda məni səfərbər etdi və bildirdi ki, bəli, respublikamızda sabitliyi pozmaq, Azərbaycan dövlətinə, ölkəmizin müstəqilliyinə təcavüz etmək istəyən qüvvələr var. Onlar həm Azərbaycanın daxilində, həm də onun xaricindədir. Bu hadisə ilə bağlı mən Nyu-Yorkda bəyanat verdim, onun mətni Azərbaycanda mətbuatda dərc olunmuş, əhaliyə çatdırılmışdır. Ona görə də bir daha təkrar etmək istəmirəm, sadəcə olaraq demək istəyirəm ki, bu, adi bir terror hadisəsi, iki nəfər dövlət xadiminin qətlə yetirilməsi deyil, müstəqil Azərbaycan dövlətinə qarşı yönəldilmiş siyasi terrordur. Şübhəsiz ki, Azərbaycan xalqı buna qarşı öz cavabını, sözünü deməlidir.

Əlbəttə, bu hadisələr bizi üzür, sıxır, kədərləndirir. Ancaq eyni zamanda, mən bunu Nyu-Yorkda və İstanbulda da dedim, bu gün sizə də deyirəm, - bütün bunlar heç vaxt bizim iradəmizi, Azərbaycan xalqının iradəsini, Azərbaycan dövlətinin iradəsini, mətanətini qıra bilməz. Biz bütün bu çətinliklərə sinə gərəcək, onların qarşısını alacaq və bu vəziyyətdən çıxacağıq. Mən bunu sizə bir daha bildirmək istəyirəm. Ancaq təəssüflər olsun ki, dövlətçiliyimizə qəsd edən qüvvələr yenə də öz əməllərindən əl çəkmirlər. Dünən də belə bir cinayət hadisəsi baş vermişdir. Dünən təxminən axşam saat 8 radələrində Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinin bir qrup üzvü qanunsuz olaraq silahlı halda, qəflətən Azərbaycan Respublikası Prokurorluğunun binasına daxil olmüş, orada atəş acaraq bir çox yerləri dağıtmışdır. Nəhayət, onlar baş prokurorun iş otağına girərək ona ağır fiziki xəsarət yetirmişlər. Silahlı dəstənin bir hissəsi prokurorluğun binasını ələ keçirmiş, bir hissəsi onu bayırdan mühasirə etmiş və hətta binanın damında, həmçinin ətraf binaların damlarında iri-çaplı silahlar qoyaraq əməliyyat keçirməyə hazırlaşmışdır.

Onların məqsədinin nədən ibarət olması məlum deyildir. Aldığımız məlumatlardan və həmin dəstəyə başçılıq edən Xətai rayon prokuroru Mahir Cavadovun baş prokurorun birbaşa telefonu ilə mənə verdiyi məlumatdan, daxili işlər nazirinin müavini Rövşən Cavadov oraya gəldikdən sonra onun mənimlə danışığından belə məlum olur ki, guya son vaxtlar inzibati orqanlar, xüsusən prokurorluq Rövşən Cavadovu və Mahir Cavadovu təqib etməyə başlamışdır və ona görə də onlar bu cinayətkar hərəkətə əl atmışlar.

Əslində isə, baş prokurorun verdiyi məlumatdan aydın olur ki, bu iki terror hadisəsi - yəni Afiyəddin Cəlilovun və Şəmsi Rəhimovun qətlə yetirilməsi ilə əlaqədar prokurorluq təhqiqat aparır, bir çox şübhəli adamları saxlayır. Xüsusi Təyinatlı Polis Dəstəsindən olan üç nəfər də şübhəli şəxs kimi saxlanmışdır və onların barəsində müəyyən təhqiqat, araşdırma aparılır.

Bu, təbii haldır. Əgər kim isə bundan narazıdırsa, bunu ədalətli şəkildə, qanun yolu ilə bildirməlidir. Ancaq bu narazılığı belə cinayət hərəkəti ilə ifadə etmək, şübhəsiz ki, ağlasığan iş deyil. Yəni sadəcə olaraq prokurorluğun həmin tədbirinə cavab deyil, əvvəlcədən hazırlanmış hərəkətdir. Doğrudur, bu çox ağır cinayətdir, Azərbaycan dövlətçiliyinə qarşı cinayətdir. Çünki Respublika prokurorluğu və baş prokuroru Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biridir. Əgər bu orqana və onun başında duran adama qarşı təcavüz edilirsə, deməli, Azərbaycan dövlətinə qarşı təcavüz olunur. Biz bunu belə qiymətləndiririk. Şübhəsiz ki, Azərbaycan dövləti bunun qarşısını almağa qadirdir və lazımi tədbirlər görə bilərdi. Lakin bu dəstə çox güclü silahlandığına görə, qəti tədbirlər görülərsə, qan tökülə biləcəyini nəzərə alaraq biz məsələnin dinc yolla, danışıqlar vasitəsilə həllinə çalışdıq. Axşam saat 8-dən, yəni bu hadisə başlanandan səhər saat 7-dək bütün gecəni müəyyən tədbirlər gördük, danışıqlar apardıq. Rövşən Cavadov bir necə dəfə telefonla zəng etdi. Mən izah etdim ki, onun bu hərəkəti yaramaz hərəkətdir. O, daxili işlər nazirinin müavinidir və mən Azərbaycanın Prezidenti kimi ona bu işdən əl çəkməyi əmr edirəm. Bildirdim ki, bu hərəkətlərin onlardan ötrü heç vaxt müsbət nəticəsi ola bilməz, onlar ağılsızlıq edirlər, bunu bəlkə də təcrübəsizlikdən, yaxud başqa təsirlər altında edirlər. Mən çalışdım ki, bunu ona izah edim və o, hərəkətindən əl çəksin. Vasitəçilik etmək üçün onların yanına adamlar göndərdik, danışıqlar apardıq və təklif etdik ki, silahları təhvil versinlər.

Bildirdik ki, onların binadan salamat çıxmaları üçün şərait yaradılır. Ancaq onlar cinayət törətmişlər və gələcəkdə bunun üçün cavab verəcəklər. Bu, qanuni yolla olacaqdır. Lakin bu gecə heç bir tədbir görülməməli, heç bir toqquşma olmamalıdır. Biz bu mövqeni axıradək həyata keçirməyə çalışdıq. Baxmayaraq ki, dövlətçiliyimizə qarşı, Azərbaycan Respublikasının müstəqilliyinə qarşı cinayət törədilmişdir, mən hesab edirəm ki, biz doğru addım atdıq. Çünki Azərbaycanın hər bir vətəndaşı mənim üçün, Azərbaycanın Prezidenti üçün əzizdir. Mən hər bir vətəndaşı qorumalıyam. Əgər kim isə cinayət etmişdirsə, onu bu əməldən çəkindirməliyəm və o, belə hərəkəti üçün qanun çərçivəsində cavab verməlidir. Mən hər bir məsələnin dinc yolla, qarşılıqlı anlaşma və danışıqlar vasitəsilə həllinə tərəfdar olduğumü bildirmişəm və indi də bu mövqedən çıxış etdim.

Bütün bunların nəticəsində həmin silahlı qüvvələr, nəhayət, heç bir maneçilik olmadan oradan çıxaraq öz nəqliyyat vasitələri ilə bazalarına getdilər. Danışıqlardan belə başa düşdüm ki, Rövşən Cavadov mənim yanıma gəlmək istəyir. Mənə bir necə dəfə xəbər göndərdi ki, gəlib izahat vermək istəyir. Mən dedim ki, qanunsuz hərəkət etməyinizə, cinayət törətməyinizə baxmayaraq sizi qəbul etməyə və sizinlə danışmağa, məlumatınızı dinləməyə, eyni zamanda bu cinayətkar yoldan çəkinməyin zəruriliyini sizə izah etməyə hazıram. Bunu bir necə dəfə bildirdim və nəhayət, dedilər ki, səhər silahlı dəstələr oradan çıxanda o, mənim yanıma gələcəkdir. Lakin o gəlib çıxmadı. Bu gün də onun yanıma gəlmək təşəbbüsü barədə mənə xəbər çatmamışdır. Mən bununla maraqlanmışam və belə bir təşəbbüs barədə məlumat verən olmamışdır.

Onlar bu cinayəti etmişlər. Ancaq Azərbaycanın Prezidenti kimi mən hər bir vətəndaşın, o cümlədən həmin Xüsusi Təyinatlı Polis Dəstəsindən bu cinayəti edən adamların, onlara başçılıq edən Mahir Cavadovun, Rövşən Cavadovun da qayğısına qalıram. Bu baxımdan mən məsələnin qanun çərçivəsində, Azərbaycan dövlətçiliyinin qorunması şərtləri daxilində ağılla həllinin tərəfdarıyam və bunu istəyirəm. Ona görə də bu təklifləri onlara verdim. Zənnimcə, biz məsələnin bir hissəsini düzgün həll etməyə, yəni onların oradan hadisəsiz, toqquşmasız çıxıb getməsinə, prokurorluğun binasının azad edilməsinə nail olduq.

Ancaq cinayət cinayətliyində qalır. Respublika prokuroru ağır fiziki xəsarət almışdır. O, indi müalicə edilir. Binaya böyük zərər dəymişdir. Respublika Prokurorluğunun rəhbər işçiləri, 30- 40 nəfərə qədər adam səhərədək orada həbs vəziyyətində qalmışdır. Şübhəsiz ki, onlar da təhqir olunmüşlar. Bütün bu hərəkətlər cinayətdir. Respublika prokuroru xəstə olduğuna görə onun vəzifəsini icra edən Eldar Həsənov məlumat verdi ki, bu hadisə barədə cinayət işi qaldırılmışdır.

İstintaq gedir və qanun çərçivəsində məsələni araşdıracaqdır. Hesab edirəm ki, belə də olmalıdır. Məsələ bununla qurtarmır. Odur ki, biz şərt qoymüşduq, təklif etmişdik: onlar silahlarını təhvil verməli, təslim olmalıdırlar. Lakin onlar çıxıb getmişlər və bundan sonra qanun qarşısında cavab verməlidirlər. Halbuki silahları təhvil vermək üçün onlara şərait yaradılmışdır. Budur, indi onlar 8-ci kilometr qəsəbəsində Xüsusi Təyinatlı Polis Dəstəsinin -XTPD-nin bazasında qərar tutmüş, silahları, o cümlədən ağır silahları hazır vəziyyətə gətirmiş və yenə də öz cinayətlərini davam etdirirlər.

İnzibati orqanlarımızın nümayəndələri onlarla əlaqəyə girmiş və danışıqlar aparırlar, izah etmişlər ki, bu hərəkətlərdən əl çəksinlər. Amma onlar öz əməllərindən əl cəkmirlər. Buna görə də bu gün mən səfərimlə bağlı məsələləri, habelə Azərbaycanda baş vermiş terrora dair fikir və mülahizələrimi sizə çatdırmaqla yanaşı, bu məsələ barəsində də geniş məlumat vermək istəyirəm. Eyni zamanda, Azərbaycan Prezidenti kimi, öz mövqeyimi bildirmək istəyirəm. Onların dünənki hərəkəti, o hərəkətin bugünkü davamı göstərir ki, burada dövlət çevrilişinə cəhd edilir. Çünki onlar oradan ultimatumlar, o cümlədən də dövlətin rəhbərliyinə qarşı ultimatum verir, dövlət başçılarından bəzilərinin istefasını tələb edirlər. Halbuki, bunun üçün heç bir əsas yoxdur. Əgər bu ultimatumlar yerinə yetirilməsə, onlar yenə də cinayət edəcəklər. Bilirsinizmi, respublikamız belə ağır vəziyyətdə olduğu halda, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal edildiyi halda, ölkəmiz ağır böhran keçirdiyi dövrdə, işğal olunmüş torpaqlardan bir milyon nəfərdən artıq qaçqının ağır şəraitdə yaşadığı bir dövrdə, son aylarda beynəlxalq aləmdə Azərbaycan haqqında obyektiv fikir yaratdığımız bir dövrdə, Azərbaycanın düşdüyü vəziyyət böyük dövlətlərdə, onların ictimaiyyətində, beynəlxalq təşkilatlarda daha obyektiv şəkildə dərk edildiyi bir vaxtda, Azərbaycan Respublikasının mövqeləri beynəlxalq meydanda möhkəmləndiyi vaxtda, böyük bir neft müqaviləsi imzalandığı bir dövrdə Azərbaycanda dalbadal bu cur faciəli hadisələrin baş verməsi onu göstərir ki, ölkəmizə təcavüz edən qüvvələr fəaliyyətindən qalmır, istər xaricdə, istərsə də daxildə Azərbaycanı dağıtmağa, parçalamağa, məhv etməyə can atan qüvvələr var. Bunlar öz şəxsi mənafelərinə çatmaq, şəxsi hikkələrini həyata keçirmək üçün, çirkin məqsədlərinə nail olmaq üçün bu yollara gedir, imzalanmış müqavilənin əleyhinə çıxırlar. Ona görə də bu cur əməllərə əl atırlar.

Məhbuslar təcridxanadan qaçırılır, adamlar vəhşicəsinə qətlə yetirilir. Bu qədər vəhşilik Azərbaycanlılarda heç vaxt olmayıbdır. Heç bir günahı olmayan, dövlətin idarə edilməsi sahəsində böyük fəaliyyət göstərən adamları qəflətən, vəhşicəsinə öldürmək - inanın ki, bu, bizim xalqımıza yaraşmayan və xas olmayan vəhşilik nümünəsidir, xalqımızın müsbət keyfiyyətlərini, heç bilirsinizmi, nə qədər ləkələyir. Biz çalışırıq ki, xalqımızın bütün gözəl ənənələrini, gözəl keyfiyyətlərini, çox yüksək mədəniyyətə malik olduğunu bütün dünyada təbliğ edək, yayaq, müstəqil Azərbaycanı hər yerdə tanıdaq, Azərbaycan xalqının nail olduğu milli azadlığın qorunmasını təmin edək.

Belə olduğu halda bu hərəkət arxadan endirilmiş zərbədir. Təəssüf ki, içərimizdəki bəzi adamlar xarici qüvvələrin əlində bir alətə çevrilərək, belə əməllər tuturlar. Bunlar həm də hakimiyyət uğrunda mübarizəni dayandırmırlar. Əziz qardaşlar, əziz bacılar, əziz həmvətənlər, bir deyin görək, Azərbaycanda hakimiyyət uğrunda nə qədər mübarizə gedə bilər? Nə qədər, nə vaxtadək? Heç bir il keçməyibdir ki, biz vətəndaş müharibəsinin qarşısını almışıq. Ötən ilin iyununda Gəncədə baş vermiş qardaş qırğınının qarşısını aldıq. Biz Azərbaycanı parçalamaq istəyən qüvvələri təkləyib təcrid etdik. Halbuki Azərbaycan artıq parçalanmışdı - cənubda da, başqa yerlərdə də. Bəzi cinayətkar qüvvələr Azərbaycanın ayrı-ayrı yaşayış məntəqələrini əllərinə keçirmişdilər. Biz bunların qarşısını aldıq, cinayətkarları təcrid etdik, onları qanun qarşısında cavab verməyə gətirdik. Budur, yeni hadisələr baş verir. Azərbaycanı yenə də sarsıtmaq, dağıtmaq, onun müstəqilliyinə qəsd etmək istəyirlər - bütün bunları ayrı cur qiymətləndirmək olmaz.

Ayın 22-də məhbusların qaçırılması, sonra dövlət xadimlərinə qarşı sui-qəsd və nəhayət, dünən axşam saat 8-dən başlanmış və indi davam edən cinayət əməliyyatı bir-biri ilə bağlı olan, bir-birini tamamlayan hərəkətlərdir - Azərbaycanın müstəqilliyinə qarşı qəsd, təcavüz hərəkətləridir. Odur ki, biz bu hərəkətlərin qarşısını almalıyıq. Bu, bizim borcumüzdur. Biz belə də edirik və edəcəyik.

Zənnimcə, indi Azərbaycan xalqı ayağa qalxmalıdır. Hər bir vətəndaş, vətəninə sadiq olan hər bir qeyrətli, vətənpərvər insan bu məsələləri özü götür-qoy etməli, öz mövqeyini bildirməli, Vətənimizdə, ictimai-siyasi həyatımızda öz yerini tutmalıdır. Biz hamımız əl-ələ verməliyik, bu ağır vəziyyətdən çıxmaq üçün birləşməliyik. Buna görə də mən xalqı milli həmrəyliyə, milli birliyə dəvət edirəm. Xalqı dəvət edirəm ki, bu ağır günlərdə bütün dedi-qodular bir kənara atılsın, bütün umü-küsülərə son qoyulsun, xalq birləşsin. Çünki respublikanın, müstəqil Azərbaycanın dövlətçiliyi təhlükə qarşısındadır. Bəzi qüvvələr hərəsi bir tərəfdən hərəkət edərək Azərbaycanı dağıtmağa can atırlar. Buna görə də kim Azərbaycanı sevirsə, kim onun müstəqilliyini istəyirsə, kim bir Azərbaycan vətəndaşı kimi öz vətənpərvərlik hisslərini və duyğularını bildirmək istəyirsə, hamı ayağa qalxmalı, səsini ucaltmalı, münasibətini göstərməlidir.

Əvvəlki hadisələr kimi, bu son hadisə də Azərbaycanda daxili sabitliyi pozmaq, dövlət çevrilişi etmək cəhdidir. Mən bunu məhz belə qiymətləndirirəm. Bildiyimiz kimi, son aylar ərzində ictimaiyyət arasında da, cəmiyyətdə də çox danışıqlar, söz-söhbətlər gedir, mətbuatda da yazılır, ayrı-ayrı ölkələrin kütləvi informasiya vasitələrində qızışdırıcı məqalələr verilirdi ki, dövlət çevrilişi hazırlanır, dövlət çevrilişi olacaqdır və s. və i. a. Mən bütün bu söz-söhbətləri, məqalələri həmişə çox soyuqqanlılıqla qarşılayırdım. Elə bu gün də sizinlə çox soyuqqanlı, təmkinlə danışıram. Çünki mən Azərbaycan xalqının iradəsinə arxayınam. Çünki mən müstəqil Azərbaycan dövlətinin qüdrətinə arxayınam. Ona görə də bunların hamısını soyuqqanlılıqla qarşılayır və hesab edirəm ki, Azərbaycanda sabitliyi pozmağa, yaxud yenə də çevriliş etməyə çalışan qüvvələr anlamalıdırlar: Azərbaycan Respublikasının müstəqilliyi, mənafeyi hər şeydən üstün olmalıdır. Azərbaycanın müstəqil dövlət kimi mənafeyi dünyada hər şeydən uca olmalıdır. Mən həmişə belə düşünmüşəm və bu gün də belə düşünürəm. Ona görə də belə hesab edirəm ki, o cinayəti törədənlər tutduqları yoldan, nəhayət qayıtmalıdırlar.

Onlar, bir qrup adam cinayət törədirsə, bu cinayəti Azərbaycan dövləti əleyhinə, milli azadlığımız əleyhinə törədirlər. Beləliklə də bunlar Azərbaycanı dağıtmaq məqsədinə xidmət edirlər. Bunu onlar, o cümlədən dünən bu cinayəti edənlər də, o dəstəyə girən adamlar da bilməlidirlər. Bunu hamı bilməlidir. XTPD Azərbaycanda necə illərdir fəaliyyət göstərir. Azərbaycan torpaqlarının qorunmasında onun xidmətləri olmüşdur. Bu dəstənin üzvləri arasında çox namüslu, qeyrətli, cəsarətli Azərbaycan oğulları var. Onlar döyüşüblər, torpaqlarımızın müdafiəsi uğrunda qanlarını axıtmış, bəziləri bu yolda canından keçərək şəhid olmüşlar. Bu vətənpərvər oğullar torpaqlarımızın müdafiəsi naminə hünər göstərmişlər. Bax, buna görə də Xüsusi Təyinatlı Polis Dəstəsinin tarixi, fəaliyyəti, göstərdiyi xidmətlər qiymətləndirilməlidir. Bunları Azərbaycan xalqı, eləcə də Azərbaycan dövləti lazımınca qiymətləndirir və qiymətləndirməlidir. Şəhid olanlara mən həmişə "Allah rəhmət eləsin" demişəm.

Bu yaxınlarda mən XTPD-nin üzvü - torpaq uğrunda, Vətən yolunda vuruşmüş Tahir Həsənovun xatirə günündə iştirak etdim. Bakıda, şəhərin mərkəzində məktəblərdən birinə onun adı verilmişdir. Həmin məktəbin binası qarşısında onun xatirə lövhəsinin açılış mərasimində çıxış etdim. Mərasimdə həm Tahir Həsənov haqqında, həm də ümümiyyətlə, XTPD-nin xidmətləri barədə, şəhidlər haqqında öz fikirlərimi söylədim, o şəhidlərin ruhu qarşısında baş əydim. Mən onların ruhu qarşısında bu gün də baş əyirəm. Amma təəssüflər olsun ki, ayrı-ayrı cinayətkar adamlar Xüsusi Təyinatlı Polis Dəstəsinin bəzi üzvlərini ələ keçirmiş, onları yoldan çıxarmış, cinayətə cəlb etmişlər. Çox təəssüflənirəm ki, son vaxtlar onların bir qismi cinayətlər törətdiyinə görə inzibati orqanlar tərəfindən həbs olunmüş, cinayət məsuliyyətinə cəlb edilmiş, cəza almışdır, yaxud da onların barəsində təhqiqat aparılır. Bu, olduqca təəssüflü haldır.

Dünən mən Xüsusi Təyinatlı Polis Dəstəsinin nümayəndələrindən biri ilə danışdım. O, çox yaxşı fikirli adamdır. Mən rəisin birinci müavinini nəzərdə tuturam. Gərək ki, familiyası Cəfərovdur. Yenə deyirəm, o, yaxşı fikirli, sağlam düşüncəli adamdır. Onu Tahir Həsənovun xatirə günündə də görmüşdüm, - mərasimdə çıxış etmişdi. Mən onu da başa salmağa çalışaraq dedim ki, sizin xidmətləriniz böyükdür, biz bunu qiymətləndiririk. Amma bu xidmətləriniz heç vaxt heç kəsə əsas verməz ki, siz gəlib qanunu pozasınız, qanun çərçivəsindən kənara çıxasınız, hətta cinayətə əl atasınız. Əgər kiməsə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyi qanun yolu ilə, haqq-ədalətlə aradan qaldırmaq lazımdır. Amma ədalətsizliyə qarşı böyük bir cinayət törətmək ədalətsizlikdən də betərdir, ondan qat-qat artıqdır. Bunun özü də böyük cinayətdir. Dünən mən bunu Rövşən Cavadova da, görüşdüyüm digər adamlara da başa salmağa çalışdım.

Odur ki, bu gün mən çıxış edərkən Xüsusi Təyinatlı Polis Dəstəsinin istər keçmiş, istərsə də indiki üzvlərinə, döyüşçülərinə üz tuturam, bir prezident kimi, Azərbaycanın həyatında zəngin təcrübə toplamış, zəngin həyat təcrübəsi olan bir adam kimi müraciət edir və deyirəm ki, bu cinayəti törədənlər cinayət yolundan çəkilsinlər. Bilsinlər ki, onların xidmətləri yüksək qiymətləndirilir və bundan sonra da yüksək qiymətləndiriləcəkdir.

Lakin hər bir xidmət nə qədər yüksək olsa da, heç vaxt heç kəsə bəraət qazandıra bilməz ki, kimsə belə xidməti olduğuna görə gedib qanunsuz əməl tutsun, yaxud cinayət törətsin. Vəzifəsindən, xidmətindən, ad-sanından asılı olmayaraq, heç kəs qanunsuz hərəkət etməməlidir. hər bir şəxs qanun çərçivəsində yaşamalı, qanun çərçivəsində işləməlidir.

Ona görə də bu gün mən Xüsusi Təyinatlı Polis Dəstəsinə, onun nümayəndələrinə, rəhbərlərinə ürək ağrısı ilə müraciət edirəm: bilin ki, mən sizin hər birinizi Azərbaycan vətəndaşı kimi qiymətləndirirəm, hətta günahı olan adamların da qayğısına qalmağa hazıram. Amma bu cinayət yolundan əl çəkmək lazımdır. Bu yol heç bir nəticə verə bilməz, heç bir! Siz artıq qan tökmüsünüz. Mən bunu hamıya şamil etmirəm, - ayrı-ayrı adamlar qan tökmüşlər.

Dünən XTPD-nin bəzi üzvləri prokurorluğun binasını zəbt edərkən çoxlu atəş açmışlar. Lakin mən qoymadım ki, dövlət orqanları, hüquq-mühafizə orqanları tərəfindən lazımi addım atılsın. Amma XTPD üzvləri atəş açdılar, iki polis nəfərini yaraladılar. Bu gün onlar dediyim həmin bazaya yığışıblar. Bazanın ətrafındakı binaların üstünə silah, hətta ağır silahlar qoyublar, yəni müharibəyə başlayıblar. Hələ bir ultimatum da veriblər. Bu gün baş nazir Sürət Hüseynov mənə məlumat verdi ki, Rövşən Cavadov ona zəng vurub, böyük bir ultimatum göndərib ki, Ali Sovetin sədri, daxili işlər naziri, baş prokuror istefaya getməlidirlər.

Nə üçün, nə səbəbə görə? Kimin nə sözü varsa, qoy gəlsin, danışaq. Heç belə məsələləri güc ilə, zor ilə həyata keçirmək olar? Özü də kim həyata keçirməyə çalışır? XTPD-nin öz yeri, öz vəzifələri var. Əvvəla, o, siyasətə qarışmamalıdır. O, Daxili İşlər Nazirliyinin bir hissəsidir. Daxili İşlər Nazirliyi də artıq məlumat vermişdir ki, həmin dəstədə olan polislər nazirliyin tabeliyindən çıxmışlar. Deməli, burada qanun pozulmuşdur. Onlar siyasətə qarışmamalıdırlar.

Ancaq dövlət haqqında, dövlətin siyasəti haqqında, rəhbər işçiləri haqqında kimin nə sözü var, nə təklifi varsa, gəlib deyə bilər, yaza da bilər. Axı aşkarlıqdır, söz azadlığıdır. Amma ağır silahdan, özü də dövlətdən götürülən silahdan, dövlətin bu dəstəyə verdiyi silahdan istifadə edib zor işlətmək, öz iddialarını yeritmək, həyata keçirməyə çalışmaq böyük bir cinayətdir. Şübhəsiz ki, buna yol vermək olmaz.

Hüquq-mühafizə orqanlarımızın nümayəndələri mənə məlumat verdilər ki, həmin yaşayış məntəqəsində asayişi qorumaq və bu dəstənin yenidən cinayət törətməsinin qarşısını almaq üçün oraya müəyyən qüvvələr gətirilmişdir. Bu da təbiidir. Bəs necə ola bilər ki, dövlətin Xüsusi Təyinatlı Polis Dəstəsi onun tabeliyindən çıxsın, dövlət orqanlarına qarşı cinayət törətsin və dövlət orqanları da durub buna tamaşa etsinlər? Bu, əsla ola bilməz və mümkün deyildir. Onda dövlət daha dövlət olmaz. Buna görə də şübhə yoxdur ki, hüquq-mühafizə orqanlarının müəyyən qüvvələri oraya toplaşmışdır. Ancaq sadəcə olaraq müşahidə etmək üçün toplaşmışlar, başqa bir məqsəd üçün yox.

Lakin bir necə saat bundan qabaq mənə məlumat verdilər ki, XTPD-nin üzvləri atəş açmışlar. Ordunun dörd nəfər gənc üzvü yaralanıb. Onlar 18-19 yaşlı cavanlardır. Bu döyüşçülərdən biri - Bayramov ağır yaralıdır. İki saat bundan öncə mənə xəbər verdilər ki, indi cərrahlar onun həyatı uğrunda mübarizə aparır, xilas etməyə çalışırlar. Qan tökülüb. Nəyə görə, nəyin naminə?

Bu adamlar - cinayətə cəlb edilənlər qardaş qanını nə səbəbə görə tökürlər? Mahir Cavadov, Rövşən Cavadov nə üçün bu qanı tökürlər? Öz iddialarını yerinə yetirmək üçün? Əgər onların bir iddiası varsa, məgər bunu qanuni yolla həyata keçirmək olmazmı? Axı respublikamızda demokratik, hüquqi dövlət qurulur. Demokratiya hamıya şərait yaradıb ki, sözünü desin, qəzetdə çıxış etsin, öz təkliflərini versin. Amma Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsi, yenə deyirəm, siyasətə qarışa bilməz. Rayon prokuroru siyasətə qarışa bilməz. Daxili İşlər nazirinin müavini siyasətə qarışa bilməz. Bütün bunlar qanun-qaydadan, ümumi təcrübədən kənar hallardır. Onlar anlamalı, dərk etməlidirlər ki, çox səhv yola düşmüşlər, kiminsə əlində alətə çevrilmişlər. Onların hansı qüvvələrin əlində alətə çevrildiyi aydındır. Buna görə də mən belə hesab edirəm ki, dünəndən bəri aparılan müşahidələr də onu göstərir ki, hansı qüvvələrsə onları bu əmələ vadar edib və söz veriblər ki, onları müdafiə edəcəklər. Bununla da dövlət çevrilişi ediləcəkdir. Lakin onlar buna nail ola bilmədilər. Bu gün də nail ola bilməyəcəklər, sabah da.

Mən yenə də istəmirəm ki, Azərbaycanda qan tökülsün. İnanın, mən bunu istəmirəm. XTPD-nin ayrı-ayrı üzvləri tərəfindən artıq altı adam yaralanmışdır, bir nəfər ölümcül vəziyyətdədir. Onlar qan tökmüşlər, törətdikləri cinayətin üstünə daha bir cinayət də gəlmişdir. Bütün bu cinayətləri törətmələrinə baxmayaraq, mən onları yenə də haqqa, ədalətə dəvət edirəm.

Mən bir dövlət başçısı kimi onların hamısına müraciət edirəm: ayılın, bir fikirləşin, düşünüb-daşının, bilin ki, həyat bununla bitmir. Əgər siz, doğrudan da, torpaqlarımızın müdafiəsi üçün döyüşmüşsünüzsə, qanınız tökülübsə və xalq bunu qiymətləndirirsə, elə isə nə üçün bu gün, hələ möhkəmlənməmiş olan müstəqil Azərbaycan dövlətinin dağılmasına cəhd göstərilsin? Nə üçün? Sizə nə lazımdır?

Mən müraciət edirəm Rövşən Cavadova, - baxmayaraq ki, o, böyük cinayət törətmişdir, - onun rəhbərliyi altında olan polislərin hər birinə müraciət edirəm: duz yola gəlin, ayılın, hələ gec deyildir. Siz özünüzü də, bu xalqı da uçuruma aparırsınız. Bunu bilməlisiniz. Mən sizə bəyan edirəm ki, tutduğunuz bu yoldan donub çəkilmək hələ gec deyildir. Əgər indi bu yoldan çəkilsəniz, bu, lazımınca qiymətləndiriləcək və sizə müəyyən güzəştlər edilə bilər. Amma bu yoldan çəkilməsəniz, onda bilin ki, siz Azərbaycanı dağıtmaq istəyirsinizsə, buna nail ola bilməyəcəksiniz. Əvvəla, buna Azərbaycan xalqı heç vaxt yol verməz, - mən hesab edirəm ki, bu gün Azərbaycan xalqı bir nəfər tək ayağa qalxmalıdır. İkincisi, əgər sizin kimi cinayətkar adamlar Azərbaycanı doğrudan da dağıda bilərlərsə, onda bu, tarixi bir cinayət olacaqdır.

Mən Xüsusi Təyinatlı Polis Dəstəsinin ayrı-ayrı üzvlərinə müraciət edirəm, cavan olduqlarına görə onların ailələrinə, atalarına, analarına müraciət edirəm: əziz bacılar və qardaşlar, bilin və agah olun ki, sizin övladlarınız göstərdikləri böyük xidmətləri indi necə də ləkələyirlər.

Mən atalara, analara, o polislərin həyat yoldaşlarına müraciət edirəm: siz öz oğullarınızı, qohum-əqrəbanızı, ərlərinizi başa salın ki, bu cinayətdən çəkinmək lazımdır.

Bu gün mən Azərbaycanda böyük hörmət sahibi olan Bəxtiyar kişiyə - Bəxtiyar Cavadova müraciət edirəm. Mən onu tanıyıram, Azərbaycanın hörmətli adamlarındandır, üzün müddət hüquq-mühafizə orqanlarında işləyib, özü də çox sədaqətlə işləyib, hörmət qazanıbdır. Xatirimdədir, təxminən iki ay bundan öncə televiziya ilə çıxış edirdi. Onun çıxışını mən də gördüm. Azərbaycan haqqında, ölkəmizin müstəqilliyinin qorunması haqqında çox ürək ağrısı ilə danışırdı. Bu hörmətli Bəxtiyar kişi Rövşən və Mahir Cavadovların atasıdır. Bəxtiyar kişi, mənim səsimi eşidirsiniz, mən sizə müraciət edirəm. Siz dünyagörmüş adamsınız. Amma biganə qala bilməzsiniz ki, övladlarınız, iki oğlunuz bu gün çox qanunsuz bir yola düşmüşdür. Yox, siz buna biganə qala bilməzsiniz. Əvvəla, onlar sizin övladlarınızdır, onların həyatları sizin üçün əzizdir. İkincisi isə, siz Azərbaycanın müstəqilliyi yolunda xidmətləri olan adamsınız, ağsaqqal, hörmətli adamsınız. Bilin ki, bu hərəkətlər sizi və bütün nəslinizi ləkələyir. Düşünürəm ki, siz bunu dərk edirsiniz. Sizin kimi, mən də təcrübəli adamam, sizin təki təcrübəli adam, həyat görmüş adam kimi sizə müraciət edirəm: bunun qarşısını alın, oğullarınızı bu yoldan çəkindirin.

Belə əməllərin axırı yoxdur, qətiyyən yoxdur. Mən sizə müraciət və sizi əmin edirəm ki, bu sahədə xidmətlərinizi Azərbaycan xalqı heç vaxt unutmayacaq və lazımınca qiymətləndirəcəkdir. Sizin xidmət göstərməyə, öz sözünüzü deməyə imkanınız var. Mən sizi buna dəvət edirəm.

Mən bütün Azərbaycan xalqına müraciət edirəm, Azərbaycanın Hörmətli şəxslərinə - ziyalılara, alimlərə, mədəniyyət xadimlərinə, yazıçılara, xalqımızın və cəmiyyətimizin önündə gedənlərə müraciət edirəm: indi Azərbaycanın bu vəziyyətinə biganə qalmaq olmaz. Təəssüflər olsun ki, son illər bu biganəlik bir çox adamlara sirayət etmişdir. Ola bilsin ki, bunun obyektiv səbəbləri var. Çünki Azərbaycanda həyat o qədər qarışıq, o qədər çətindir ki, bax, bu cur cinayət halları adamları elə qorxudub, elə həyəcanlandırıb ki, bəziləri bir kənara çəkilir, bəziləri də hər şeyə biganə qalırlar.

Əziz bacılar və qardaşlar, belə olmaz, əsla olmaz. Xalqın taleyinə, müqəddəratına biganə qalmaq olmaz. Xüsusən də xalq içərisində tanınmış adamlar, xalq arasında barmaqla göstərilən, həmişə xalqın hörmətini görmüş, həmişə dövlətin qayğısı ilə yaşamış adamların biganə qalmağa mənəvi haqqı yoxdur. Bir daha deyirəm, yoxdur! Ona görə də mən sizə müraciət edirəm. Axı sizin çoxunuz dünyagörmüş adamlardır. Siz - ziyalılarımız, hörmətli adamlarımız, ictimai-siyasi xadimlərimiz Azərbaycanın keçmişini də görmüsünüz, bu gününü də görürsünüz, gələcəyini də düşünürsünüz. Ona görə də səsinizi qaldırın, ayağa qalxın. Mən sizə deyirəm: bu gün Azərbaycanın dövlətçiliyi təhlükə qarşısındadır. Çünki cürbəcür düşmən qüvvələri birləşirlər.

Bizim bir hədəfimiz, bir məqsədimiz var - Azərbaycanı erməni təcavüzündən qurtarmaq. Mən bunu hamıya müraciətlə deyirəm. Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək, bir milyon nəfərdən çox qaçqını öz yurd-yuvasına, doğma yerlərinə qaytarmaq, dağılmış evləri, binaları, yaşayış məntəqələrini bərpa etmək, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək - bax, budur bizim məqsədimiz, Azərbaycan Respublikasını, müstəqilliyimizi qorumaq - bax, budur bizim məqsədimiz. Hamımız bu hədəfi vurmalı, bu məqsəd uğrunda çalışmalıyıq. Bu, hamı üçün hər şeydən üstün olmalıdır. Bu amal naminə başqa şeyləri bir kənara atmaq lazımdır.

Kimin kimdən xoşu gəlir, kimin kimdən xoşu gəlmir, kimsə hakimiyyətə gəlmək istəyir, - qoy oturub fikirləşsin, görsün ki, o, hakimiyyəti idarə etmək iqtidarındadırmı, bunun üçün imkanı, bacarığı, təcrübəsi var, ya yox? Əgər varsa, onda qoy hakimiyyətə qanuni yolla gəlsin. Heç bir cəmiyyətdə zorla iqtidara gəlmək mümkün deyildir. İqtidara zorla gələn iqtidarı saxlaya bilməz. Bunu tarix göstəribdir. Bunu bütün ölkələrin təcrübəsi, o cümlədən bizim müstəqil Azərbaycanın son illərdəki təcrübəsi də göstərib.

Odur ki, ümumi məqsədlərimiz uğrunda mübarizə aparmaq lazımdır. Bunun üçün hamı ayağa qalxmalıdır. Mən yenə də ziyalılarımıza, hörmətli adamlarımıza, ictimai-siyasi xadimlərimizə müraciət edirəm ki, bu gün ayağa qalxsınlar, bu cinayətin qarşısını alsınlar. Mən bu cinayətin qarşısını silah gücünə almaq istəmirəm, bunu istəmirəm. Mən istəmirəm ki, qan tökülsün. Lakin qoy hörmətli adamlar ayağa qalxsınlar, gedib onlarla danışsınlar, o gəncləri başa salsınlar, duz yola çağırsınlar. Biz bu cinayətin qarşısını ancaq belə yolla ala bilərik. Mən bu yolu təklif edirəm. Məlumdur ki, dövlətin gücü var, ordusu var, hüquq-mühafizə orqanları var. Dövlət özünü müdafiə etməyə qadirdir. Dediyim kimi, o cinayətkar ünsürlər artıq qan töküblər, bunu dayandırmaq lazımdır. Qoymaq olmaz ki, qan tökülməsi davam etdirilsin. Qan onsuz da tökülür, torpaqlarımız qana batıbdır. Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərdə torpaqlarımız qana bulaşıbdır. Məgər o qanlar bəs deyilmi? İndi niyə biz burada, öz aramızda qan tökməliyik?

Buna görə də ziyalılarımıza, hörmətli adamlarımıza, ictimai-siyasi xadimlərimizə, ağsaqqallarımıza üz tutub deyirəm ki, onlar ayağa qalxsınlar, bir kənara çəkilib durmasınlar, gedib evlərində oturmasınlar, gəlib meydana çıxsınlar və bu cinayətin qarşısını almaq üçün xalqı birləşdirsinlər. Mən xalqı birləşdirmək istəyirəm. Ancaq onu da istəyirəm ki, xalqın önündə gedən adamlar bu işdə iştirak etsinlər.

Mən bütün hakimiyyət orqanlarına, hüquq-mühafizə orqanlarına, yerli hakimiyyət orqanlarının rəhbərlərinə, rayon və şəhərlərin, Bakının və digər yaşayış məntəqələrinin bütün hakimiyyət orqanlarının rəhbərlərinə, nazirlərə, dövlət işçilərinə, idarə və müəssisə rəhbərlərinə, zavod və fabrik direktorlarına müraciət edirəm: gücünüzü toplayın. Bu gün Azərbaycan dövlətçiliyini qorumaq üçün gərək hərə öz köməyini və xidmətini göstərsin. Hərəniz bir vəzifə tutursunuz, hər birinizə etimad göstərilib. Siz, bu vəzifələrə dövlətin siyasətini, tədbirlərini həyata keçirmək üçün təyin edilmisiniz. Buna görə də fəaliyyət göstərməlisiniz.

Mən siyasi partiyalarımıza müraciət edirəm. Onların arasında hakimiyyətə qarşı müxalifətdə duran qüvvələr var. Bu, təbiidir. Demokratik cəmiyyətdə müxalifət olmalıdır. Müxalifətin olması da məhz demokratiya deməkdir. Söz azadlığı, siyasi plüralizm, insan hüquqlarının qorunması - bunların hamısı respublikamızda bərqərar edilmişdir. Bizdə siyasi partiyalar da, ictimai təşkilatlar da, o cümlədən Xalq Cəbhəsi də fəaliyyət göstərir. Lakin mən hesab edirəm ki, bu gün, Azərbaycanın müstəqilliyini qorumaq, Azərbaycanı indiki təhlükədən xilas etmək zərurəti meydana çıxdığı bir vaxtda müxalifət prinsipləri ikinci sıraya keçməlidir. Bu gün biz hamımız birləşib Azərbaycanın müstəqilliyini qoruyub saxlamalıyıq və qoymamalıyıq ki, bəzi qüvvələr Azərbaycan Respublikasını dağıtsınlar. Ona görə də mən bütün ictimai-siyasi xadimlərə, siyasi partiyalara, ictimai təşkilatlara, Xalq Cəbhəsinə və onların rəhbərlərinə müraciət edirəm: hər bir təşkilat, hər bir partiya öz vətənpərvərlik, vətəndaşlıq borcunu yerinə yetirməlidir, respublikanın bu ağır günündə öz sözünü deməli, öz xidmətini göstərməlidir, xalqı birləşdirmək üçün fəaliyyətdə olmalıdır.

Şübhəsiz ki, cəmiyyətimizdə bu cinayəti törədən qüvvələr var. Ancaq onlar azlıq təşkil edirlər. Cəmiyyətimizin böyük əksəriyyəti sağlam qüvvələrdən ibarətdir. Müxalifətdə olan partiyaların əksəriyyəti sağlam fikirlərlə, amallarla yaşayan partiyalardır. Əlbəttə, bəzi prinsiplərdə fikir ayrılığı var. Bu, tamamilə təbii haldır. Lakin Azərbaycanın müstəqilliyini qorumaq, Azərbaycanı daha ağır vəziyyətə salmamaq üçün indi hamı birləşməlidir. Təsəvvür edin ki, dünən bu hadisə baş verən kimi Goranboy tərəflə ermənilərin iri silahlı dəstələri hücuma keçmişlər. Duzdur, hücumun qarşısı alındı, danışıqlar aparıldı, atəş dayandırıldı. Amma təsəvvür edin ki, daxilimizdə bütün qayda-qanunları pozurlarsa, deməli, bu, xarici düşmənlərimizə, torpaqlarımızı zəbt edənlərə daha əlverişli şərait yaradır. Biz bunu ötən illərdə də görmüşük.

Həmin illərdə bunların hamısı olmuşdur. İndi kimsə bunları bir daha təkrar etmək istəyir. Belə şeylərə yol vermək olmaz. Güman edirəm ki, siyasi partiyaların, ictimai-siyasi təşkilatların hər biri öz mövqelərini müəyyənləşdirəcək, Azərbaycanın müstəqilliyini və dövlətçiliyini qorumaq üçün xalqın ümumi işinə qoşulacaq və bu cinayətkar ünsürlərin qarşısını almaq üçün lazımi tədbirlər görəcəkdir.

Mən buna ümid bəsləyirəm və arzu edərdim ki, bu ümidlər doğrulsun. Mən ordumuza müraciət edirəm. Azərbaycanın Milli Ordusu artıq formalaşmışdır. O, son döyüşlərdə - bu ilin əvvəlindən indiyədək gedən döyüşlərdə özünü cəsarətli bir ordu kimi göstərmişdir. Məhz Milli Ordumuzun qətiyyətli müqaviməti nəticəsində erməni silahlı qüvvələrinin hücumları dayandırıldı və mayın 12-də atəşkəs haqqında saziş əldə olundu. Beş aya yaxındır ki, atəşkəs davam edir. Biz bildirmişik, mən Amerika Birləşmiş Ştatlarında olarkən cənab Bill Klintonla görüşümdə də demişəm, Ermənistan prezidenti Ter-Petrosyanla görüşümüzdə də hər ikimiz bəyan etdik ki, biz bu atəşkəsin pozulmamasını təmin edəcəyik. Mən Minsk qrupunun başçısı cənab Yan Eliassonla görüşümdə də dedim, Nyu-Yorkda Rusiya prezidenti cənab Boris Yeltsin ilə qısa görüşüm zamanı ona da bildirdim ki, biz atəşkəsin saxlanmasını təmin edəcəyik. Bunu o da çox böyük məmnuniyyətlə təqdir etdi.

Bir daha deyirəm ki, ordumuzun cəsarəti nəticəsində təcavüzkarın hücumlarının qarşısı alındı, ordumuzun göstərdiyi müqavimət atəşkəs üçün şərait yaratdı. Mən, bütün əsgər və zabitlərimizə müraciət edir və bildirmək istəyirəm ki, bu gün onlar Azərbaycan torpaqlarının müdafiəsində ayıq-sayıq durmalıdırlar. Öz xidməti vəzifələrini daha cəsarətlə və daha böyük ağıl-kamalla həyata keçirməlidirlər. Bilməlidirlər ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü onların hərbi xidmətindən çox asılıdır. Əminəm ki, Azərbaycan Ordusunun əsgərləri, zabitləri mənim bu çağırışıma cavab olaraq öz hərbi hazırlıq səviyyələrini daha yüksəyə qaldıracaq, hərbi peşəyə daha dərindən yiyələnəcək, Azərbaycan torpaqlarının keşiyində daha qətiyyətlə və cəsarətlə duracaqlar.

Yenə deyirəm: biz müharibə etmək istəmirik. Mən bunu Amerika Birləşmiş Ştatlarında da bəyan etmişəm. Biz öz tərəfimizdən heç bir hücuma yol verməyəcəyik. Lakin eyni zamanda mövqelərimizi, torpaqlarımızın etibarlı müdafiəsini təmin etməliyik. Ona görə də bu gün mən ordumuzun döyüşçülərinə müraciət edirəm ki, Azərbaycanın bu ağır vəziyyətdən çıxması üçün, bu cinayətkar ünsürlərin zərərsizləşdirilməsi üçün, Azərbaycanın müstəqilliyini qorumaq üçün onlar öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirsinlər. Mən onlara ümid bəsləyir və güvənirəm.

Əminəm ki, zabit və əsgərlərimiz bu çox məsuliyyətli məqamda Azərbaycanın müstəqilliyi keşiyində möhkəm duracaqlar. Mən hüquq-mühafizə orqanlarının işçilərinə müraciət edirəm. Onlar çətin peşə sahibidirlər, çox əziyyətli bir sahədə çalışırlar, Azərbaycanın daxilində sabitliyi saxlamaq, cinayətkarlığa qarşı mübarizə aparmaq, ictimai asayişi qorumaq üçün, qanunçuluğun tətbiqini təmin etmək, konstitusiyanı qorumaq üçün çox işlər görürlər. İnanıram ki, bu ağır günlərdə, belə bir mütəşəkkil cinayətin baş verdiyi vaxtda hüquq-mühafizə orqanlarımız, xüsusən Azərbaycan polisi öz qüdrətini, cəsarətini, xalqa, millətə, Azərbaycan dövlətinə sədaqətini nümayiş etdirəcəkdir.

Mən heç kəsi toqquşmaya dəvət etmək istəmirəm. Fikirlərimi çatdırdım və müraciətlərim də açıq-aydındır. Hesab edirəm ki, bu cinayətin də qarşısı danışıqlar yolu ilə, sülh yolu ilə alınacaqdır. Xüsusi Təyinatlı Polis Dəstəsinə, bu dəstənin 8-ci Kilometr qəsəbəsində toplaşmış üzvlərinə bir daha müraciət edərək deyirəm ki, silahı yerə qoysunlar, təslim olsunlar, vuruşmaqdan imtina etsinlər, qan tökməsinlər, cinayət törətməsinlər və bizə də ultimatum verməsinlər. Heç bir ultimatum qəbul olunmayacaqdır. Azərbaycanın dövləti var, qanunları var. Hər bir kəs - mən də, hər bir vətəndaş da, o cümlədən polis işçisi də Azərbaycanın qanunlarına tabe olmalıdır. Mən Azərbaycanın Konstitusiyasına, qanunlarına uyğun olaraq onlardan tələb edirəm: bu cinayətkar əməllərdən əl çəksinlər, silahları yerə qoysunlar, təslim olsunlar. Onlara zəmanət verirəm ki, bu işə hər bir cəhətdən ədalətlə baxılmasına təminat yaradacaq və nəzarət edəcəyəm. Mən Azərbaycan dövlətçiliyinin təminatçısıyam.

Bu gün oktyabrın 3-dür. Sizə xatırladıram, bəlkə də yaddan çıxıb, elə mənim özümün də yadımdan çıxıb. Keçən il məhz bu gün, yəni oktyabrın 3-də mən xalq tərəfindən Azərbaycanın dövlət başçısı, Prezidenti seçilmişəm. Bu hadisələr olmasaydı, bu gün mən başqa əhval-ruhiyyə ilə, xoş arzularla sizə müraciət etmək fikrindəydim. Ancaq son on gün ərzində gedən proseslərin yekunu olaraq bu gün sizin qarşınızda çıxış edir, sizə müraciət edirəm, yaranmış vəziyyətdən çıxış yollarını sizinlə birlikdə arayıb axtarıram.

Lakin bu o demək deyil ki, bu hadisə, yaxud da bundan əvvəl baş vermiş hadisələr iradəmizi qırır, bizi sarsıdır, təhlükə qarşısında qoyur. Yox, belə deyildir. Mən keçən il oktyabrın 3-də Azərbaycan Prezidenti seçiləndə də, oktyabrın 10-da Qurana və Azərbaycan Konstitusiyasına əl basaraq xalqımıza and içəndə də demişəm ki, mənim indi bir vəzifəm var: xalqa xidmət etmək, ömrümün bundan sonrakı hissəsini ancaq və ancaq xalqın bu vəziyyətdən çıxmasına həsr etmək.

Özüm üçün bundan şərəfli bir vəzifə bilmirəm. Mən verdiyim bu sözə də sadiqəm və bunu axıradək həyata keçirəcəyəm. Odur ki, heç kəs bu andımı həyata keçirməyə mane ola bilməyəcəkdir. Ancaq mən insanları yenə də qarşıdurmaya yox, milli həmrəyliyə, vətəndaş həmrəyliyinə çağırıram, insanları toqquşmaya yox, bir-birinə silah qaldırmağa, güllə atmağa yox, bir-birinə əl verməyə, bir-birinə yaxınlaşmağa dəvət edirəm, qan tökülməsinə yox, meydana çıxan problemlərin danışıqlar vasitəsilə, sülh yolu ilə həll olunmasına dəvət edirəm.

Kiməsə ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Azərbaycan Prezidenti kimi bunu da təmin etməyə hazıram və təmin edə bilərəm. Lakin mən bu cür cinayətkar hərəkətlərə dözməyəcəyəm. Ona görə də mən hamıya xəbərdarlıq edirəm. Bu cinayətkarlıqdan çəkinmək, silahları təhvil vermək lazımdır. Mən Xüsusi Təyinatlı Polis Dəstəsi ilə görüşüb, danışıq aparmağa hazıram. Amma güclə, zor ilə yox. Heç kəs Azərbaycan dövlətinə qarşı zor işlədə bilməz. Azərbaycan dövlətinin zora zorla cavab verməyə gücü var. Bu məsələləri zorla yox, yalnız qarşılıqlı anlaşma vasitəsilə həll etmək lazımdır.

Mən hesab edirəm ki, bu sözlərimi indi hamı eşidir, bu gün eşitməsə, sabah, axşam eşidəcəkdir. Mən gözləyirəm ki, müraciətimə hamı səs verməlidir, hamı. Mən bunu gözləyirəm. Əziz qardaşlar və bacılar, əziz həmvətənlər, əziz dostlar, mən sizdən bunu gözləyirəm. Mən yaranmış vəziyyətdə Bakıda fövqəladə vəziyyət qanunu tətbiq etmək üçün fərman imzalamışam. Bu gündən Bakıda fövqəladə vəziyyət elan edilir. Həmin fərman bu gün televiziya vasitəsilə sizə çatdırılacaqdır. Bu fərmanı imzalamağıma səbəb sentyabrın 22-dən indiyədək - oktyabrın 3-dək baş vermiş faciəli hadisələr, bunların ağır nəticələri, cəmiyyətlə yaranmış gərginlik, o cümlədən dünən törədilmiş mütəşəkkil cinayətdir. Ona görə də mən Bakıda fövqəladə vəziyyət elan etməyi qərara almışam. Bakı əhalisindən və paytaxta gələn bütün vətəndaşlardan rica edirəm ki, fövqəladə vəziyyət rejiminə hörmət etsinlər. Bu, ancaq və ancaq bütün Azərbaycan vətəndaşlarının hüquqlarını, ictimai asayişi qorumaq, cinayətkar ünsürlərin qarşısını almaq üçün həyata keçirilən tədbirdir. Mən bunu tətbiq etməyə məcburam, bunun zəruriliyi gəlib çatmışdır.

Mən öz fikirlərimi, sözlərimi sizə çatdırdım. Bir daha bütün Azərbaycan xalqına müraciət edirəm. Bu günlər hər kəs öz mövqeyini bildirməlidir. Hesab edirəm ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti dövlətçiliyimizi, Azərbaycanın müstəqilliyini müdafiə edəcək və ölkəmizin müstəqilliyinə təcavüz edənlərin qarşısını alacaqdır. Bu vəziyyətlə əlaqədar bəziləri ayrı-ayrı rayonlarda aranı qarışdırmaq istəyirlər. Bəzi qrupları qaldıraraq bu cinayətkar dəstələrlə birləşdirməyə cəhd göstərirlər. Şəhərlərdə, rayonlarla yaşayan bütün əhalidən, vətəndaşlardan, həmin yerlərin rəhbərlərindən tələb edirəm ki, bunların hamısının qarşısı alınmalıdır və biz Azərbaycanın müstəqilliyini qorumalıyıq.

Əminəm ki, mənim səsimə səs veriləcək, bu günlər xalqımız sıx birləşəcək, onun tam əksəriyyəti Azərbaycanın müstəqilliyinin, dövlətçiliyimizin qorunmasının keşiyində dayanacaqdır. Əminəm ki, hamımız əl-ələ verərək bu ağır vəziyyətdən çıxacağıq. Diqqətinizə görə təşəkkür edir və bir daha sizi milli həmrəyliyə, vətəndaş həmrəyliyinə dəvət edirəm. Sağ olun.

Tarixi arayış