Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Avropa Şurası Venesiya komissiyasının nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 18 aprel 2000-ci il


Heydər Əliyev: Hörmətli qonaqlar, mən sizi Azərbaycanda salamlayıram və çox məmnunam ki, Avropa Şurasının Məhkəməsi, Venesiya Komissiyası Azərbaycana belə diqqət göstərir. Bu, bizim üçün onu göstərir ki, Azərbaycanın Konstitusiya Məhkəməsi artıq yaxşı fəaliyyətdədir, yaxşı beynəlxalq əlaqələr qurubdur və Venesiya Komissiyası ilə, Avropa Məhkəməsi ilə olan əlaqələrin nəticəsində siz burada çox maraqlı tədbir keçirmisiniz. Sizin burada keçirdiyiniz tədbirin mövzusu da, ümumiyyətlə, çox əhəmiyyətlidir və xüsusən Azərbaycan üçün Konstitusiya Məhkəməsi insan hüquq və azadlıqlarının müdafiəçisi kimi əhəmiyyətlidir.

Həqiqətən, biz Konstitusiya Məhkəməsini, ümumiyyətlə, Azərbaycanda hüququn, azadlığın müdafiəçisi olan bir təşkilat kimi nəzərdə tuturuq və Konstitusiya Məhkəməsinə belə bir rol ayrılıbdır.

Mən məmnunam ki, Azərbaycanın Konstitusiya Məhkəməsi öz üzərinə düşən bu mühüm vəzifəsini artıq yerinə yetirir və bir də qeyd edirəm, sizin kimi mötəbər təşkilatlara əməkdaşlıq edir.

İnsan hüquqları və azadlıqları indi dünyada ən mühüm məsələlərdən biridir. Demokratiya cəhətdən çox yüksək inkişaf etmiş ölkələrdə də bu problemlər vardır. Demokratiya yolu ilə gedən yeni müstəqil dövlətlərdə, təbiidir ki, bu problemlər daha da çoxdur. Bu keçid dövründə demokratiya yolu ilə gedən ölkələr, onların dövlətləri demokratiyanı inkişaf etdirərək insan hüquqlarının qorunmasını, insan azadlıqlarının təmin olunmasını nə cür həyata keçirirlər və nə etməlidirlər, - təbiidir ki, bu, ən mühüm məsələlərdən biridir.

Sizin Azərbaycanın Konstitusiya Məhkəməsi ilə birlikdə məhz bu mövzuya həsr olunmuş tədbirləriniz, təbiidir ki, bizim ictimaiyyətimiz üçün çox əhəmiyyətlidir və Azərbaycanın dövləti üçün də çox əhəmiyyətlidir. Buna görə də mən sizə təşəkkür edirəm.

Venesiya Komissiyası ilə bizim əlaqələrimiz artıq müəyyən bir tarixə malikdir. Bu, sizinlə birinci görüşümüz deyildir. Ancaq onu deyə bilərəm ki, bu müddətdə bizdə xeyli tərəqqi əldə edilmişdir. Azərbaycan indi Avropa Şurasına qəbul olunmaq ərəfəsindədir. Təbiidir ki, Avropa Şurasının Məhkəməsi ilə də əlaqələrin inkişaf etdirilməsi çox əhəmiyyətlidir.

Biz bilirik ki, tələblər çox yüksəkdir. Eyni zamanda dərk edirik ki, bir halda ki, biz bu yol ilə gedirik, demək, bu tələbləri yerinə yetirməyə məcburuq və yerinə yetirməliyik. Amma bu işdə nəzəriyyədən əlavə təcrübə də lazımdır. Sizin keçirdiyiniz bu tədbirlər, bu görüşlər, təbiidir ki, bizim təcrübəmizi artırır. Bir daha təşəkkür edirəm.

Canni Bukikkio: Cənab prezident, hər şeydən əvvəl icazə verin, Sizə deyim ki, mən və nümayəndə heyəti hər dəfə buraya gələndə belə böyük imtiyaza malik olaraq Sizin tərəfinizdən qəbul edilməyimizdən çox fəxr duyuruq və bu şərəfə nail olduğumuz üçün Sizə minnətdarlığımızı bildiririk. Mən deməliyəm ki, doğrudan da 1996-cı ildən bu günə kimi ildə bir dəfə görüşürük.

Cənab prezident, mən söhbətimə başlamazdan əvvəl, icazə versəydiniz, nümayəndə heyətinin üzvlərini Sizə təqdim edərdim. Onların hamısı burada Sizinlə birinci dəfə görüşmək şərəfinə nail olublar.

Cənab İqnasio Boraxo İspaniya Konstitusiya Məhkəməsinin elmi müşaviridir. Cənab Çezare Pinelli İtaliyanın Maçetara Universitetinin hüquq üzrə professorudur, bu sahədə mütəxəssisdir. Cənab Luici Ferrari Bravo insan hüquqları üzrə Avropa Məhkəməsinin hakimidir və San-Marino üzrə mütəxəssisdir. Xanım Fransiska Land Almaniyanın Federal Konstitusiya Məhkəməsinin hüquq məsələləri üzrə mütəxəssisi, katibidir. Mənim həmkarım xanım Karolin Marten Avropa Şurasının Venesiya Komissiyası katibinin köməkçisidir. Cənab Edvard Anceletti isə Amerika Birləşmiş Ştatlarının Baltimor şəhərinin Dairə Məhkəməsinin hakimidir. Ümumiyyətlə, elə cənab Anceletti ilə birlikdə adlarını çəkdiklərimi götürsək, bu, bir İtaliya nümayəndə heyətidir. Buradakıların hamısının İtaliya ilə bağlı və bunların mənşəyinin də İtaliya ilə bağlı olmasına baxmayaraq, hər kəs bir ölkəni təmsil edir.

Cənab prezident Sizə dedim ki, mən Bakıya 1996-cı ildən bu günə kimi gəlirəm. Mən indi burada doğrudan da elə bir xarici bir müşahidəçinin fikirlərini Sizə çatdırmaq istəyirəm. Cənab prezident, Sizə deməliyəm ki, mən hər dəfə Bakıya gələndə əvvəlkinə nisbətən burada çox böyük dəyişikliklər, inkişaf, yaxşılaşma və tərəqqi görürəm. Deməliyəm ki, bunu bütün sahələrə, xüsusən sosial, iqtisadi, insan hüquqları və demokratik sahələrə aid etmək lazımdır. Mən bu dəfə də gələndə ilk ən böyük dəyişikliyi Binə hava limanında gördüm. Doğrudan da indi Sizin hava limanınız böyük bir ölkənin paytaxtına layiq hava limanıdır. Ümumiyyətlə, burada olduğum müddətdə paytaxtdan şimala - Xaçmaz rayonuna səfər edərkən, oranı gəzərkən sosial və iqtisadi sahələrdə olan dəyişikliklərin şahidi oldum, onları gördüm.

Bizim müşahidələrimizin nəticəsi budur ki, doğrudan da kənd təsərrüfatı sahəsində, heyvandarlıq sahəsində, hətta sosial sahədə, yəni yeni evlərin tikilməsi sahəsində çox böyük dəyişikliklər gördük. Bakı şəhərinə gəldikdə isə mən deməliyəm ki, doğrudan da hara baxırsan - orada tikinti, bərpa işləri gedir.

Mən inkişafın daha bir göstəricisini qeyd etmək istəyirəm. Biz burada buna da rast gəlirik. Bu da Bakı şəhərində maşınların hərəkətinin daha da sıxlaşmasıdır. Bu da inkişafın bir göstəricisidir. Əlbəttə, demokratik inkişaf bütün bunların hamısından daha vacibdir və Avropa Şurası üçün mühüm əhəmiyyət kəsb edir.

Cənab prezident, bilmirəm, Siz bunu xatırlayırsınız, ya yox, - mən keçən dəfə Sizinlə görüşəndə də qeyd etmişdim ki, doğrudan da demokratik inkişaf iqtisadi inkişafsız heç mümkün deyildir. Demək istəyirəm ki, əgər mədə boşdursa, onda demokratiyanı inkişaf etdirmək heç də asan deyildir. Bununla demək istəyirəm ki, bu nöqteyi-nəzərdən iqtisadiyyat ilə demokratiya eyni xətlə, bir-biri ilə yanaşı irəliləməlidir.

Mən qeyd etdiyim müşahidələri, yəni bu inkişafı, tərəqqini bizə aid olan, məşğul olduğumuz sahədə də müşahidə etdik. Bizim işlədiyimiz, fəaliyyət göstərdiyimiz, daha yaxşı bildiyimiz sahə isə konstitusiya qanunları və Konstitusiya Məhkəməsidir. Əlbəttə, biz burada olan zaman Konstitusiya Məhkəməsindən əlavə, başqa strukturlarla da, başqa hakimiyyət orqanları ilə də əməkdaşlıq etdik, onlarla birlikdə fəaliyyətdə olduq. Lakin indi biz əməkdaşlığı daha çox Azərbaycanın Konstitusiya Məhkəməsi ilə edirik. Biz təsdiq edə bilərik ki, doğrudan da Azərbaycanın Konstitusiya Məhkəməsi çox xeyirli, yaxşı iş görür.

Sizin özünüz Konstitusiya Məhkəməsinin insan hüquqlarının müdafiəsi sahəsində çox böyük rolunu qeyd etdiniz. Lakin ümumiyyətlə, biz Konstitusiya Məhkəməsinin funksiyasını bundan daha geniş görürük. Yəni Konstitusiya Məhkəməsi həm də hər hansı bir dövlətdə sabitliyin təminatçısı kimi çıxış edir. Konstitusiya Məhkəməsi yeri gəldikdə, ölkədə olan müxtəlif qüvvələr arasında tarazlıq da yarada bilər. Elə buna görə də, əlbəttə, Sizin dediyiniz kimi, onun rolu, funksiyası çox mühüm və vacibdir. Bununla belə, Konstitusiya Məhkəməsi öz vəzifələrini, funksiyalarını və öz səlahiyyətlərini həmişə sübut etməlidir. Bu, o Konstitusiya Məhkəməsidir ki, ümumiyyətlə, onu yaradanda qarşısında bu vəzifələri qoyub onun həyata keçirilməsi üçün səlahiyyətlər verilir. Artıq bir neçə illik fəaliyyəti müddətində Konstitusiya Məhkəməsi sübut etdi ki, o, yaxşı Konstitusiya Məhkəməsidir.

Cənab prezident, demək istəyirəm ki, bu nəticəni əldə etmək üçün Siz çox böyük rol oynamısınız. Cənab prezident, mən bunu ona görə deyirəm ki, yaxşı bilirəm ki, Siz Konstitusiya Məhkəməsini həm mənəvi cəhətdən, həm də maddi cəhətdən həmişə dəstəkləmisiniz.

Ümumiyyətlə, büdcəyə əsaslanaraq fəaliyyət göstərmək, əlbəttə, asandır. Bununla bağlı demək istəyirəm ki, Siz həmişə hakimiyyət orqanlarına Konstitusiya Məhkəməsini ön plana çəkməyi, yəni onun bütün fəaliyyətinə diqqət yetirməyi tövsiyə etmisiniz. Çünki Siz istəməmisiniz ki, Konstitusiya Məhkəməsi müəyyən çətinliklər hiss etsin.

Cənab prezident, mən Sizin bu sahədə olan xüsusi rolunuza görə öz minnətdarlığımı bildirib Sizi təbrik edirəm.

Cənab prezident, mən hər dəfə gəlib burada Sizinlə görüşəndə, Sizinlə söhbət edəndə sözümün sonunda ümidvar olduğumu bildirirəm ki, Azərbaycan tezliklə Avropa Şurasının üzvü olacaqdır. Amma bu dəfə mən Sizə bu sözləri deməyəcəyəm. Mən bu dəfə Sizə bu sözləri ona görə deməyəcəyəm ki, artıq əminəm və qəti əmin olduğumu bildirirəm ki, Azərbaycan Avropa Şurasının üzvü olmağa hazırdır və Azərbaycan Avropa Şurasının üzvü olacaqdır. Əminəm ki, bu hadisə bu ilin iyun ayında həyata keçə bilər, ən geci isə bu hadisə sentyabr ayında ola bilər. Mənim üçün çox xoşdur deyim ki, Azərbaycan Avropa Şurasına İtaliyanın sədrlik etdiyi vaxt daxil olacaqdır.

Cənab prezident, demək istəyirəm ki, may ayından sədrliyə başlayacaq İtaliyanın ən birinci vəzifələrindən biri də odur ki, Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasını təmin etsin. Azərbaycanın Avropa Şurasına üzv olmasında da Siz çox böyük rol oynamısınız.

Cənab prezident, ümumiyyətlə, mən bilirəm və öz aramızda demək istəyirəm ki, Azərbaycanın iqtisadi tərəqqisi, inkişafı Azərbaycanın Avropa Şurasına hələ bir qədər əvvəl üzv olmasına imkan verərdi. Lakin bu, ona görə kifayət etmədi ki, Azərbaycanın bu gün Dağlıq Qarabağ problemi vardır. Elə bu yolda da, cənab prezident, Sizin şəxsi təşəbbüsünüz, yəni Sizin Azərbaycan prezidenti kimi, Ermənistan prezidenti ilə birbaşa danışıqlara getməyiniz Azərbaycanın Avropa Şurasına üzv olması məsələsini həddindən çox reallaşdırdı. Mən ümid edirəm ki, Siz bu münaqişənin həllində də uğur qazanacaqsınız..

Cənab prezident, mən bir daha Sizə demək istəyirəm ki, Venesiya Komissiyası siyasi bir təşkilat olmasına baxmayaraq, öz sahəsinin bir mütəxəssisi kimi bütünlüklə bu məsələlərin texniki tərəfində Sizə kömək etməyə hazırdır. Çox sağ olun.

Heydər Əliyev: Azərbaycan haqqında və son illər ölkəmizdə müşahidə etdiyiniz müsbət dəyişikliklər bu barədə söylədiyiniz fikirlərə görə sizə təşəkkür edirəm.

Sizinlə hər dəfə görüşəndə bildirmişəm ki, Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra ardıcıl olaraq demokratiya yolu ilə gedir. Təbiidir ki, siz demokratiyanı bizdən yaxşı bilirsiniz. Bu, geniş bir anlayışdır. Bu, həm dövlət quruluşuna, həm insan azadlıqları və hüquqlarına, həm də siyasi plüralizmə, bazar iqtisadiyyatına aiddir. Bunun bir çox başqa elementləri də vardır. Yenə də deyirəm, siz onları bizdən yaxşı bilirsiniz. Bunların hamısına bir gündə, bir ayda, bir ildə nail olmaq mümkün deyildir.

Bəziləri hesab edirlər ki, dövlətin adı dəyişən kimi, gərək onun məzmunu da dərhal dəyişsin. Bu, qeyri-təbii bir məsələdir. Bir məsələ ki, insan fikri, psixologiyası ilə əlaqədardır, burada həmişə müəyyən bir proses gedir. Dövlətin də, hakimiyyət orqanlarının da bu demokratiyanı təmin etməsi, demokratik dövlət quruculuğu prosesini aparması üçün çoxlu tədbirlər, əməli iş görmək, qanunlar qəbul etmək lazımdır. Əsas odur ki, biz bu yolla inamla gedirik. Biz belə başa düşürük ki, demokratiyanın başlanğıcı var, amma sonu yoxdur. Siz də son həddə hələ gəlib çatmamısınız.

Biz demokratiyanın ilk mərhələsindəyik. İnsanlar bir marafon qaçışı edəndə, təbiidir ki, həmin məsafəni öz güclərinə qədər qət edə bilirlər. Məsələn, 100 metrlik məsafəni 10 saniyəyə, yaxud 9 saniyəyə qaçanlar vardır. Amma bu məsafəni heç bir insan 4 saniyəyə qaça bilməz. Analogiya olanda, bu, bəlkə də düz qəbul edilməz. Ancaq mən bunu loru dildə demək istəyirəm. Biz yolla nə qədər gücümüz var, o qədər qaçırıq. Amma dayanmırıq, geri də dönmürük, irəli gedirik.

Mən çox məmnunam ki, siz bunları müşahidə edirsiniz. Siz doğru dediniz, Azərbaycan kimi ölkələrdə demokratiyanın inkişafı üçün iqtisadiyyat inkişaf etməlidir. Amma Azərbaycan üçün və bizə bənzər digər ölkələr üçün ictimai-siyasi sabitliyin təmin olunması mühüm şərtdir.

1991-ci ilin sonunda Azərbaycan müstəqilliyini qazananda elan etdi ki, o, demokratiya yolu ilə gedir. Amma bundan öncə Azərbaycanda daxili ictimai-siyasi vəziyyəti sabitləşdirmək lazım idi. Bu isə asan deyildi. Çünki Azərbaycanda çoxsaylı qanunsuz silahlı dəstələr var idi. Onlar hakimiyyət uğrunda bir-biri ilə mübarizə aparırdılar, çoxsaylı cinayətlər edirdilər. Azərbaycanda insanlar rahat yaşaya bilmirdilər, sosial-iqtisadi vəziyyət də ağır idi. Belə bir şəraitdə "demokratiya", "demokratiya" demək olar, amma demokratiya qurmaq mümkün deyildi.

Bizim üçün lazım idi ki, ölkədə ictimai-siyasi sabitliyi təmin edək. Bunu etdik. İndi Azərbaycanda sabitlik təmin olunubdur. Bizim üçün lazım idi ki, Ermənistan - Azərbaycan müharibəsini, döyüşlərini dayandıraq. Bunu etdik, 1994-cü ildə atəşin dayandırılması haqqında saziş imzaladıq və indiyə qədər atəş yoxdur.

Lazım idi ki, sosial-iqtisadi vəziyyətin geri düşməsini dayandıraq və onun inkişafını təmin edək. Buna da nail olduq. Biz 1995-ci ildən iqtisadiyyatın geri getməsini dayandırdıq. İndi ölkəmizin iqtisadiyyatı ilbəil inkişaf edir, iqtisadi islahatlar, özəlləşdirmə həyata keçirilir, bazar iqtisadiyyatı prinsipləri tətbiq olunur. Azərbaycana güclü xarici investisiya gəlir. Bunlar hamısı Azərbaycanda iqtisadiyyatın inkişafını təmin edir.

Doğrudur, hələ problemlər çoxdur. Çünki bu keçid dövrü bir ilə, iki ilə bitən deyil. Bu islahatlar davam etdirilməlidir, insanların əksəriyyətini işlə təmin etməliyik. Yoxsulluq vəziyyətində yaşayan insanların iqtisadi təminatına nail olmalıyıq. Hər şeydən də əvvəl, biz Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarını azad etməliyik.

Bilirsiniz ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşğalçı Ermənistan ordusu Azərbaycan torpaqlarından çıxmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Çadırlarda ağır vəziyyətdə yaşayan bir milyondan çox azərbaycanlı qaçqınlar, köçkünlər öz yerlərinə qayıtmalıdırlar. Biz bu istiqamətdə də çox iş görürük. Siz düzgün dediniz ki, Ermənistan prezidenti Robert Koçaryanla mənim görüşlərim bu məsələnin həll olunması üçün çox əhəmiyyətli amildir.

Yəni bizim nailiyyətlərimiz də var, amma biz bununla öyünmürük və arxayınlaşmırıq. Lakin həll ediləsi problemlərimiz də çoxdur. Biz bunları da bilirik və həmin problemləri həll etməyə çalışırıq. Bunun üçün isə zaman lazımdır.

Azərbaycandakı vəziyyəti obyektiv qiymətləndirdiyinizə görə mən sizə bir daha təşəkkür edirəm. Məmnunam ki, siz Azərbaycanın Avropa Şurasına qəbul olunacağı haqqında bizim üçün çox əhəmiyyətli sözlər söylədiniz. İtaliya Avropa Şurasına sədrliyə başlayan kimi bu şuranın ilk qərarlarından biri Azərbaycanın qəbul edilməsi barədə olarsa, bu, çox gözəl olar.

Amma biz bilirik ki, Avropa Şurasına daxil olmaq bal yemək deyildir. Bu, bizim üzərimizə yeni məsuliyyətlər qoyur. Bu, bəlkə də bal yemək deyil, istiot yeməkdir. Ancaq istiot bizi qorxutmur. Ola bilər ki, bəzən o, ağzımızı yandıracaq, lakin biz ölkəmizi demokratiya yolu ilə daha da inkişaf etdirəcəyik. Ona görə də biz Avropa Şurasına daxil olmaq istəyirik. Belə halda, üzərimizə düşən məsuliyyəti də dərk edirik. Bilirik ki, bu da demokratik bir dövlət kimi, Azərbaycanın inkişafına çox böyük yardım göstərəcəkdir.

Bir daha deyirəm, burada toplaşmağınızın, çox mühüm məsələləri müzakirə etməyinizin özü də həm sizin həm Azərbaycana diqqətinizi həm də ölkəmizdə demokratik mühitin mövcud olduğunu göstərir.

Biz bundan sonra da sizinlə səmərəli əməkdaşlıq etmək istəyirik. Sağ olun.

Canni Bukikkio: Cənab prezident, mən onu demək istəyirəm ki, biz həmişə olduğu kimi, eyni dalğa üzərindəyik. Demokratiya inkişafa daim ehtiyacı olan bir anlayışdır. Əlbəttə, mən Sizinlə razıyam ki, bir neçə il ərzində, birdən-birə demokratiyanın ən yüksək səviyyəsinə çatmaq mümkün deyildir. Ona görə ki, bu, çətindir. Nəzərə alsaq ki, Azərbaycan xalqı neçə müddət sovet hakimiyyəti altında yaşamışdır, insanların mentalitetini, mədəniyyətini birdən-birə dəyişdirmək mümkün deyildir. Mən başa düşürəm ki, ictimai-siyasi sabitlik demokratiya yolu ilə inkişaf etmək üçün vacib şərtlərdən biridir.

Üç həftə bundan əvvəl mən Moldovada oldum. Biz cənab Luçinski ilə görüşdük. Mən söhbətimiz zamanı başa düşdüm ki, sabitliyi təmin etmək sahəsində onun da problemləri vardır. O, xahiş etdi ki, biz orada prezident və parlament tərəfindən təşkil olunmuş xüsusi komissiyanın işinə rəhbərlik edək. Yəni işin mahiyyəti ondan ibarətdir ki, ümumiyyətlə, bu komissiya Moldovanın yeni, elə bir konstitusiyası üzərində işləməli idi ki, bu konstitusiya Moldovanın sabitliyini təmin etməkdə mühüm rol oynasın.

Cənab prezident, mən Sizinlə razıyam ki, Avropa Şurasında istiot çoxdur. Biz Rusiyada baş vermiş dəhşətli hadisələr və Ukraynadakı hadisələrlə bağlı elə bu yaxınlarda bunun şahidi olduq. Əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan heç vaxt belə bir vəziyyətlə qarşılaşmayacaqdır.

Cənab prezident, mən bilirəm ki, iradənin və təşəbbüsün olması belə bir işdə əsas məsələdir. Yəni bu yolda iradənin və təşəbbüsün olması mühüm şərtdir. Demisiniz, mən də bilirəm ki, Siz doğrudan da bu yolda çox təşəbbüskar və iradəlisiniz. Elə buna görə də Sizə təşəkkürümü bildirirəm.

Heydər Əliyev: Sizə bir daha uğurlar arzulayıram. Yenidən Azərbaycana gəlin. Bizim Konstitusiya Məhkəməsi də yaxşı işləyir. Onlar qısa müddətdə beynəlxalq aləmdə öz yerlərini tutublar. Sağ olun.

"Azərbaycan" qəzeti, 19 aprel 2000-ci il.