Latviya Respublikasının prezidenti Zati-aliləri xanım Vayra Vike- Freyberqaya – Bakı şəhəri, 16 noyabr 2000-ci il


Hörmətli xanım prezident!

Ölkənizin Milli bayramı – Latviya Respublikasının elan edilməsi gününün ildönümü münasibətilə Sizi və dost latış xalqını salamlayır və ürəkdən təbrik edirəm.

Məmnunluqla qeyd edirəm ki, müstəqilliyin bərpa edilməsindən sonrakı illər ərzində Latviya demokratik və hüquqi dövlət quruculuğu yolunda böyük müvəffəqiyyətlər qazanmışdır. Latviyanın dünya birliyi tərəfindən geniş tanınması, ölkədə sosial-iqtisadi vəziyyətin sabitləşməsi Sizin siyasi xəttinizin və həyata keçirdiyiniz iqtisadi islahatların nəticəsidir.  

Fərəhli haldır ki, Azərbaycan ilə Latviya arasında tarixən mövcud olan mehriban dostluq əlaqələri müstəqillik illəri ərzində qarşılıqlı etimada və səmərəli əməkdaşlığa əsaslanan möhkəm tərəfdaşlıq münasibətlərinə çevrilmişdir. 

Azərbaycan – Latviya əməkdaşlığının böyük potensialından səmərəli istifadə edilməsi üçün gələcəkdə də hər cür səy göstərməyə hazır olduğumuzu bir daha təsdiq edirəm.

Fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, səadət və məsul dövləti işinizdə uğurlar, ölkənizə firavanlıq və tərəqqi arzulayıram.

Səmimi hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

“Azərbaycan” qəzeti, 19 noyabr 2000-ci il