Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "AMOKO" korporasiyasının direktorlar şurasının sədri Lourens Fuller ilə görüşdə söhbətindən - Çikaqo, 4 avqust 1997-ci il


scotch egg
scotch egg
scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb

Hörmətli cənab Fuller!

Hörmətli cənablar!

Prezident Bill Klintonun dəvəti ilə ABŞ-a ilk rəsmi səfərimdə Sizinlə və şuranın digər üzvləri ilə keçirdiyim görüşdən məmnun qaldığımı bildirirəm, səmimi sözlərinizə görə təşəkkür edirəm, "AMOKO"nun Azərbaycanla əməkdaşlığı sıxlaşdırmağa daim diqqət yetirməsindən razılıqla bəhs etməyi özümə borc bilirəm.

Mən eyni zamanda "AMOKO" şirkəti ilə Azərbaycan arasında qarşılıqlı faydalı əlaqələrin yaradılmasında və inkişafında şirkətin keçmiş prezidenti Don Steysinin xidmətlərini yüksək qiymətləndirərək əmin olduğumu bildirirəm ki, bu vəzifəyə yeni təyin edilmiş Cak Pitmen bünövrəsi möhkəm qoyulmuş əlaqələrin daha da sıxlaşması üçün əlindən gələni əsirgəməyəcəkdir.

Nəzərə çatdırıram ki, gördüyü böyük işlər sayəsində "AMOKO" ölkəmizdə yaxşı nüfuz qazanmışdır və bir çox sahələrdə Azərbaycana yaxından kömək göstərmişdir. Bildirirəm ki, Azərbaycanın haqq işinin beynəlxalq aləmdə geniş təbliğ edilməsi, ölkəmizin qarşılaşdığı ağrılı problemlərin aradan qaldırılması üçün "AMOKO"nun göstərdiyi səylərin böyük əhəmiyyəti vardır. Bu səyləri yüksək qiymətləndirərək vurğulayıram ki, hazırda ABŞ Konqresinin "Azadlığı müdafiə aktı"na 1992-ci ildə qəbul etdiyi 907-ci düzəlişin ləğvinə xüsusi diqqət yetirməyin vacibliyi olduqca zəruridir.

Nəzərə çatdırıram ki, ABŞ-a rəsmi səfərim zamanı Vaşinqtonda prezident Bill Klintonla keçirdiyim görüşlər, apardığım danışıqlar, imzalanmış dövlətlərarası sənədlər Azərbaycan-Amerika əməkdaşlığının tərəfdaşlıq səviyyəsinə qalxmasında mühüm rol oynamışdır. Mən Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənməsi barədə ABŞ-ın "Şevron", "Eksson", "Mobil" və "AMOKO" şirkətləri ilə ARDNŞ arasında müqavilələrin imzalanmasını da tarixi hadisə kimi səciyyələndirirəm.

Qeyd edim ki, "AMOKO" ilə bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün Azərbaycanda hər cür imkanlar vardır və ölkəmiz bu şirkətlə əlaqələrə xüsusi maraq göstərir. Vurğulayıram ki, qarşılıqlı surətdə faydalı münasibətlər ölkəmizin və xalqımızın arasında əməkdaşlığın möhkəmləndirilməsində böyük əhəmiyyət daşıyır.

..."AMOKO" Korporasiyası Direktorlar Şurasının sədri cənab Lourens Fullerin mənə təqdim etdiyi qiymətli xatirə hədiyyəsinə - Birləşmiş Ştatların tarixində görkəmli rolu olmuş prezident Avraam Linkolnun kiçik heykəlinə görə təşəkkür edirəm. Mən prezident Linkolnun Amerika Birləşmiş Ştatları tarixindəki böyük xidmətlərini yaxşı bilirəm, bu barədə çox oxumuşam. O, doğrudan da dünyanın ən dəyərli insanlarından biri olmuşdur. Belə bir hədiyyəni qəbul edərkən mən çox məmnunam.

Mən cənab Fullerin - "Prezident Linkoln olmasaydı, indi Amerika Birləşmiş Ştatları iki hissədən ibarət olardı, vahid Amerika olmazdı" - fikrinə şərikəm və bildirirəm ki, bu sahədə Linkolnun xidmətləri həqiqətən həddindən artıq böyükdür. Ona görə də Amerika xalqı onu daim xatırlayır, unutmur. Təsadüfi deyil ki, Siz də mənə hədiyyə olaraq məhz Linkolnun heykəlini təqdim etdiniz. Bu, mənim üçün çox qiymətli hədiyyədir.

Hörmətli cənab Fuller! Mən Sizi Azərbaycana dəvət edirəm.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı -2003, 11-ci cild, səh. 329