Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniya Şurasının Baş direktoru Doktor Devid Driyuri ilə görüşdəki söhbətindən - London, Azərbaycan prezidentinin iqamətgahı, 20 iyul 1998-ci il


Heydər Əliyev: Cənab Driyuri, mən sizi ürəkdən salamlayıram, bu görüşdən və Azərbaycan ilə Britaniya Şurası arasında sıx əlaqələrin olduğundan razı qaldığımı bildirirəm. İnanıram ki, bu görüşümüz Azərbaycan-Böyük Britaniya münasibətlərinin daha da genişlənməsinə təkan verəcəkdir.

Devid Driyuri: Cənab prezident, Böyük Britaniyaya rəsmi səfərinizin proqramının gərginliyinə baxmayaraq vaxt tapıb məni qəbul etdiyinizə görə sizə təşəkkür edirəm. İcazənizlə, başçılıq etdiyim şuranın fəaliyyəti haqqında sizə məlumat verim.

Bu şura Azərbaycanla 1994-cü ildən əməkdaşlıq edir. Bizim məqsədimiz gənc müstəqil Azərbaycan Respublikasının zəngin tarixi, mədəniyyəti, ənənələri barədə dünya ictimaiyyətinə geniş məlumat çatdırmaqdan və onları təbliğ etməkdən ibarətdir. Britaniya Şurasının 1994-cü ildən Azərbaycanda daimi nümayəndəliyi və qərargahı fəaliyyət göstərir. Şura Azərbaycanla əlaqələrin ardıcıl surətdə inkişaf etdirilməsinə daim xüsusi diqqət yetirir. Britaniya Şurasının səyyar incəsənət şöbəsi dünya xalqlarının ən görkəmli mədəniyyət, incəsənət xadimlərinin Böyük Britaniyaya səfərlərini təşkil edir, Londonun və digər şəhərlərin böyük salonlarında konsertlər, sərgilər keçirir. Onu da bildirim ki, Azərbaycanın mədəniyyət və incəsənət xadimləri də məhz bu şuranın xətti ilə dəfələrlə Böyük Britaniyanın bir sıra şəhərlərində səfərlərdə olmuşlar.

Biz Azərbaycanda təhsil sahəsində islahatın aparılmasına əməli kömək göstərmək niyyətindəyik. Bununla əlaqədar vaxtaşırı seminarlar keçiririk. Fikrimcə, azərbaycanlı gənc alimlərlə birlikdə elmi tədqiqat işlərinin aparılması da çox mühümdür və şura bu məsələlərə xüsusi əhəmiyyət verir. Bütün bu tədbirlərin həyata keçirilməsində Britaniya Şurası Azərbaycana maliyyə yardımını bundan sonra da davam etdirməyə hazırdır. Britaniya Şurası Azərbaycanda elm, mədəniyyət sahələrinə və peşə strukturlarının inkişafına da yardım göstərir. Bakıda ingilis dili kursları açılmasının böyük əhəmiyyəti oldu. Bu kursların fəaliyyət dairəsini genişləndirmək niyyətindəyik.

Cənab prezident, Britaniya Şurasına Azərbaycanda yaradılmış şəraitə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Heydər Əliyev: Cənab Driyuri, respublikamızda həyata keçirdiyiniz tədbirlər və görülmüş işlər barədə məlumatınızı diqqətlə dinlədim. Söylədiyiniz xoş sözlərə görə Britaniya Şurasının rəhbərliyinə təşəkkür edirəm. Bu şuranın böyük imkanlara malik olmasından çox məmnun qaldığımı bildirirəm. Demokratik inkişaf, bazar münasibətləri yolunu seçmiş müstəqil Azərbaycan Respublikasında elm, mədəniyyət, təhsil sahələrinin də ardıcıl surətdə inkişaf etdiyi bir zamanda Britaniya Şurasının göstərdiyi köməkliyi böyük razılıq hissi ilə qeyd edirəm. Azərbaycan mədəniyyətinin, incəsənətinin geniş təbliğ edilməsinin çox vacib olduğunu vurğulayıram. Eyni zamanda Azərbaycan xalqı da Britaniya xalqının qədim tarixi ənənələrinə böyük maraq göstərdiyini bildirirəm. İngilis yazıçılarının, şairlərinin, mədəniyyət və incəsənət xadimlərinin əsərləri Azərbaycanda da çox məşhurdur. Bütün bunlar bizim xalqımız tərəfindən yüksək qiymətləndirilir. Mən Sizi, Britaniya Şurasının baş direktorunu Azərbaycana rəsmi səfərə dəvət edirəm. Cənab Driyuri, siz Azərbaycana gəlib bütün bunları öz gözlərinizlə görəcəksiniz.

Devid Driyuri: Sizin dəvətinizi məmnunluqla qəbul edirəm. Mütləq Azərbaycana səfərə gələcəyimi bildirirəm.