Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Jerar Ştudmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - 3 noyabr 2000-ci il


Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz. İndi siz də bilirsiniz, biz də bilirik ki, Azərbaycan çox böyük bir tədbirin ərəfəsindədir. Bizim ölkəmizə çox qonaqlar gəlibdir. Bu, təbiidir ki, bizi sevindirir. Bizim ölkəmizə maraq artır. O cümlədən sizi də burada görməkdən məmnunam. Sizinlə artıq bir neçə ildir ki, əməkdaşlıq edirik və bundan sonra da əməkdaşlıq etmək istəyirik.

Biz Azərbaycanda parlament seçkilərinin ədalətli, şəffaf, açıq, demokratik şəraitdə keçirilməsi üçün əlimizdən gələni etmişik. Bilirsiniz ki, Mərkəzi Seçki Komissiyasının tərkibi dəyişilibdir. İlk dəfə kompüterləşmiş bir mərkəz yaradılıbdır. Mən dünən oraya baş çəkdim və çox təəccüb etdim. Orada bütün seçki dairələri ilə kompüter əlaqələri vardır. Bu, məni çox sevindirdi. İndiyə qədər bizdə belə şey olmamışdır. Demək, inkişaf edirik.

Hesab edirəm, seçkiqabağı mühit də çox yaxşıdır. Çünki biz seçkidə iştirak etmək istəyən bütün partiyalara şərait yaratdıq. Onlar seçkidə iştirak edirlər. Harada istəyirlər çıxış edirlər, görüşlər keçirirlər. Radio, televiziya ilə çıxışlar edirlər. Hər axşam oturub dövlət televiziyasına baxırıq ki, kim nə cür çıxış edir. Özü də kim nə istəyir, onu da deyir. Təbiidir ki, bu çıxışlara hərə öz münasibətini bildirir. Təbiidir, mənim də münasibətim var. Ancaq bunları demək istəmirəm. Çünki qoy, seçicilər özləri desinlər, kim kimdir. Ona görə də hesab edirəm ki, bu seçkiqabağı kampaniya, hər halda, bizim maksimum imkanlarımız dairəsində demokratik şəraitdə keçir. Ancaq əsas nəticə ayın 5-dən sonra məlum olacaqdır. Hesab edirəm ki, ayın 5-də seçkilərin, dediyim kimi, demokratik şəraitdə, şəffaflıq şəraitində, ədalətli keçirilməsi üçün əsas yaranıbdır.

Ümid edirəm ki, biz hər halda noyabrın 5-də demokratiya sahəsində bir addım irəli gedəcəyik. Amma müşahidəçilər nə deyəcəklər, bu, öz işləridir. Müşahidəçi çoxdur. Müxtəlif ölkələrdəndir. Hərəsinin bir dünyabaxışı vardır. Biz bunları tamamilə təbii qəbul edirik. Necə ki, seçkilərin ədalətli keçirilməsini istəyirik, eləcə də müşahidəçilərin ədalətli olmasını arzu edirik. Mənim sizə deyəcəyim budur. Buyurun.

Jerar Ştudman: Cənab prezident, çox sağ olun. Istərdim, sözümə öncül əhəmiyyət verdiyimiz sahədən başlayım. Mən Sizə cansağlığı arzulamaq istəyirəm. Çox şadam ki, Sizi belə sağlam görürəm. Sizi yenidən belə sağlam görkəmdə görməkdən məmnunam. Hesab edirəm ki, bu, çox mühümdür.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm.

Jerar Ştudman: Cənab prezident, keçmişdə bizim təşkilatımız ilə Azərbaycan arasında olan əməkdaşlıq barədə söylədiyiniz xoş sözlərə görə Sizə təşəkkürümüzü bildiririk. Azərbaycanla əməkdaşlığımızı bundan sonra da davam etdirmək əzmindəyik. Biz Azərbaycana demokratikləşmə sahəsində yardımçı olmaqda davam edirik.

Xatırlayıram, bir vaxt Siz özünüz də mənə söyləmişdiniz ki, demokratikləşmənin özü uzunsürən bir prosesdir. Stəkanın tam dolması üçün bəzən zaman lazım olur.

Cənab prezident, icazə versəydiniz, Azərbaycanda baş verən son proseslərlə əlaqədar fikirlərimizi Sizinlə bölüşərdik. Gördüyümüz bir sıra problemlər barədə də fikirlərimizi Sizə bildirmək istəyirik. Amma bilirsiniz ki, bizim ATƏT-dən olan müşahidəçilər hər zaman seçki günündən öncə seçki ilə əlaqədar problemləri kütləvi informasiya vasitələri orqanları qarşısında müzakirə etmirlər.