Azərbaycan Prezidenti Heydər Əliyevin İordaniya kralı Abdullah bin Hüseyn bin Talal ilə görüşdəki söhbətindən - Davos, 30 yanvar 2000-ci il


Kral Abdullah:  Xoş gördük, cənab prezident! Sizinlə görüşdən şərəf duyduğumu bildirirəm.

Mən əziz dostum İlham Əliyevlə Bakıda görüşdükdən sonra ümidvar idim ki, o, bizim ölkəmizi ziyarət edəcək, mənimlə görüşəcəkdir. Cənab prezident, mən bu fürsətdən bir daha istifadə edib həm Sizi, həm də oğlumuz İlham Əliyevi ölkəmizə səfərə dəvət edirəm.

Heydər Əliyev:  Səmimi sözlərinizə görə minnətdarlığımı bildirirəm. ARDNŞ-in birinci vitse-prezidenti, millət vəkili İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıram. Mən ümid edirəm ki İordaniyaya səfərə birinci növbədə İlham Əliyev, sonra isə mən gələrəm.

Kral Abdullah:  Cənab prezident, mən Sizin bu sözlərinizi İordaniyaya rəsmi səfərə gəlməyiniz barədə razılıq kimi qəbul edirəm. Vətənə qayıtdıqdan sonra Sizə dəvəti rəsmi qaydada, yazılı surətdə göndərəcəyəm.

Heydər Əliyev: Çox sağ olun. Mən də Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Kral Abdullah: Təşəkkür edirəm, cənab prezident. Dəvətinizi məmnuniyyətlə qəbul edirəm.

Heydər Əliyev: Sağ olun. Sizə məlumat verərək bildirmək istəyirəm ki, müstəqil Azərbaycan Respublikasında hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində böyük uğurlar əldə edilib. Lakin Ermənistan-Azərbaycan münaqişəsi ölkəmiz üçün ən ağrılı problemdir.

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilib bir milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla qovularaq çadırlarda ağır şəraitdə yaşayır. Bu münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində və birbaşa danışıqlar aparılır.

Kral Abdullah: Azərbaycanın haqq işi İordaniya krallığı tərəfindən müdafiə edilir. Bizim ölkəmiz rəhbərlik etdiyiniz respublikamızla bütün sahələrdə əlaqələrin genişləndirilməsinə maraq göstərir.