Azərbaycan Prezidenti Heydər Əliyevin ATƏT-in Minsk qrupunun nümayəndə heyətlərini qəbul edərkən söhbətindən - 2 iyul 2000-ci il


Heydər Əliyev: Hörmətli qonaqlar!

ATƏT-in Minsk qrupu həmsədrlərinin nümayəndə heyətlərinin bölgəmizə və xüsusən Azərbaycana gəlməsini biz çox əlamətdar hadisə hesab edirik. Buna görə sizə təşəkkür edirəm və sizi Azərbaycanda salamlayıram.

Bəzən belə təsəvvür yaranır ki, Minsk qrupunun fəaliyyəti müəyyən qədər passivləşibdir. Xüsusən, Ermənistan və Azərbaycan prezidentlərinin bilavasitə, şəxsən görüşlərindən sonra belə fikir yaranıbdır. Amma bu fikirlər düz deyil, yanlışdır. Mən hesab edirəm ki, biz Ermənistan-Azərbaycan münaqişəsini, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün bütün vasitələrdən istifadə etməliyik. Hesab edirəm ki, bu barədə ən əsas, ən güclü vasitə, təbiidir ki, ATƏT-dir, onun yaratdığı Minsk qrupudur, Minsk qrupunun həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları, Fransadır.

Ermənistan və Azərbaycan prezidentlərinin bilavasitə görüşləri, sadəcə, bu sülh prosesinə daha da müəyyən bir təkan vermək, yaxud da bu prosesi daha da gücləndirmək məqsədi daşıyır. Ancaq bunlar bir-birini əvəz etmir və bir-birini inkar da etmir. Yəni həm Minsk qrupu həmsədrlərinin, həm də iki ölkənin prezidentlərinin görüşləri bu məsələnin kompleks şəkildə, sülh yolu ilə həll olunması üçün daha da səmərəli ola bilər. Ona görə də mən sizin ölkəmizə gəlişinizi çox yüksək qiymətləndirirəm və bu barədə sizinlə danışıqlar aparmağa hazıram. Buyurun.

Keri Kavano (ATƏT-in Minsk qrupunun ABŞ tərəfindən həmsədri): Cənab prezident, çox sağ olun. Hər şeydən öncə, icazə verin, onu bildirim ki, mən və həmkarlarım Sizin indi söylədiklərinizlə tamamilə razıyıq. Biz də hesab edirik ki, münaqişənin sülh yolu ilə həll olunması və sülh əldə edilməsi üçün birbaşa danışıqlar çox əhəmiyyətlidir. Eyni zamanda, Minsk prosesinin də irəli getməsi bu münaqişənin həllində mühüm amillərdən biridir və birlikdə götürüldükdə, hər ikisi münaqişənin tezliklə həll olunmasına, sülh yolu ilə aradan qaldırılmasına kömək edər.

Heç kəsin şübhəsi yoxdur ki, sülh əldə olunması böyük enerji tələb edir. Azərbaycan barədə bildiklərimiz də ondan ibarətdir ki, burada, ümumiyyətlə, enerji məsələlərində heç vaxt məhdudiyyət, qıtlıq olmayıbdır.

Sizin qonaqpərvərliyiniz və mehribanlığınız hər zaman yaxşı mənada bizim yaddaşlarımızda qalıb, bizə təsir edibdir. Sizə onu demək istəyirəm ki, məni müşayiət edən nümayəndə heyəti həm Yanardağda, həm də Atəşgahda olub və biz bir daha anladıq ki, sizdə olan enerji təkcə öz xalqınızdan aldığınız enerji deyil, həm də bu yerin təkində Azərbaycana verilmiş sərvətlərdən, torpaqdan doğan enerjidir. Beləliklə də biz hesab edirik ki, Siz bu enerji vasitəsilə bizə - həmsədrlərə də böyük təsir göstərirsiniz. Görəcəksiniz ki, fəaliyyətimizdə biz də əlavə səylər göstəririk ki, o enerjidən mümkün qədər faydalanaraq işi irəli aparaq.

Doğrudur ki, biz sonuncu dəfə 6 ay bundan öncə burada olmuşuq. Yəqin xatırlayırsınız ki, həmin səfər zamanı həmsədrlər əsas diqqəti münaqişə həll olunduqdan sonra həyata keçiriləcək bərpa, yenidən məskunlaşdırma işlərinə həsr etmişdilər. Biz həmin səylərimizi davam etdirmişik və 6 həftə bundan öncə Cenevrədə bu barədə danışıqlar olmuşdur.

6 həftə bundan əvvəl Cenevrədə 20 beynəlxalq təşkilatın 30-40 nümayəndəsi toplaşaraq bu məsələləri müzakirə etdi. Bu görüşün gündəliyinin ən əsas məsələsi və hamının daha çox diqqət yetirdiyi məsələ Azərbaycanda, Ermənistanda, bütün regionda sülh əldə olunması və bu sülh əldə olunduqdan sonra regionun inkişaf etdirilməsi üçün quruculuq və bərpa işlərinin həyata keçirilməsi məsələsi idi.

Dağlıq Qarabağ probleminin həll olunması üçün bu yaxınlarda daha yüksək səviyyədə də səylər göstərilmişdir. Bizim hamımız bu yaxınlarda Sizin Moskvaya səfərinizi, orada prezident Koçaryan ilə keçirdiyiniz görüşü və hər iki prezidentin Rusiya prezidenti Putinlə görüşünü böyük diqqətlə izlədik.

Bilirsiniz ki, ötən həftə Ermənistan prezidenti Robert Koçaryan Vaşinqtonda olmuş, ABŞ prezidenti Bill Klintonla da görüşmüşdür. Sonra isə o, Parisdə Fransa prezidenti Jak Şirakla görüşmüşdür. Bütün bu görüşləri nəzərə alaraq, biz hesab etdik ki, Minsk qrupu həmsədrlərinin regiona səfər etməsi üçün münasib vaxt çatmışdır. Öncə biz həmin görüşlər barədə sizə məlumat vermək, bu prosesi irəli aparmaq üçün sizin baxışlarınızla tanış olmaq istəyirik. Bir də bu görüşlərin işığında bizim daha nələri təklif edə biləcəyimiz, səmərəli çalışa bilməyimiz barədə fikir mübadiləsi aparmaq istəyirik.

Bilirsiniz ki, sabah biz Qazax rayonuna getmək istəyirik. İstəyirik ki, Qazax rayonuna çatdıqda "Qırmızıkörpü"də olaq, regionda iqtisadi inkişafın gələcəkdə həyata keçirilməsi imkanlarını araşdıraq. Ümid edirik ki, elə oradaca sərhəddən Ermənistana köçə biləcəyik. Ümidvarıq ki, ATƏT-in regiondakı nümayəndələri ilə birlikdə biz bu missiyanı həyata keçirəcəyik. Hansı addımları atmaq, hansı tədbirləri həyata keçirmək lazımdır ki, qarşılıqlı inam yaratmaq mümkün olsun, bu barədə də əlavə imkanları nəzərdən keçirəcəyik. Şübhə yoxdur ki, atəşkəsin indiyə qədər qorunub saxlanılması sahəsində müvəffəqiyyət, uğur olmasaydı, belə bir ziyarət də, belə bir səfər də mümkün olmazdı. Biz atəşkəsə indiyədək riayət edilməsi sahəsində əldə olunmuş nailiyyətləri yüksək qiymətləndiririk və ümidvar olduğumuzu bildiririk ki, atəşkəs bundan sonra da davam edəcəkdir. Bu, böyük sülhün əldə olunması üçün yaxşı zəmin rolunu oynayacaqdır.

Onu da Sizə deməyi özümə borc bilirəm ki, 12 gündən sonra Minsk qrupu Vyanada tam tərkibdə görüşəcəkdir. Minsk qrupunun üç həmsədri regiona səfər, bölgədəki son durum barədə ATƏT-in icraçı sədrinə məlumat verəcək və bundan sonra ATƏT-in icraçı sədrinin bölgəyə səfəri hazırlanacaqdır.

Biz bu regionda sülhə nail olmaq üçün daha fəal rol oynamaq istiqamətində bütün səylərimizi qoymaqda davam edirik. Siz bu sahədə bizim gələcəkdə də səylər göstərəcəyimizə əmin ola bilərsiniz və bizə güvənə bilərsiniz.

İcazənizlə, mən həmkarlarıma da söz vermək istərdim.

Heydər Əliyev: Buyurun.

Nikolay Qribkov (Minsk qrupunun Rusiya tərəfdən həmsədri): Hörmətli Heydər Əliyeviç, amerikalı və fransalı həmkarlarıma baxanda bu dəfə mənim bəxtim bir qədər çox gətirdi: mən Bakıya hələ dünən gəlmişəm. Odur ki, şəhərinizin küçələrini gəzib-dolaşmağa, onun gözəl binalarına, meydanlarına baxıb zövq almağa əla imkanım oldu. Görüşüb söhbət etdiyim şən, mehriban, gözəl adamlar mənə çox böyük təsir bağışladılar. Bir sözlə, məndə belə təsəvvür yarandı ki, Azərbaycan inkişaf edir və özü də düzgün istiqamətdə inkişaf edir.

Dünən fikirləşirdim ki, əgər bu Dağlıq Qarabağ münaqişəsi olmasaydı, bütün enerjinizi, bütün qüvvənizi Azərbaycanın inkişafına, əməkçilərin həyat səviyyəsinin yüksəlməsinə yönəltsəydiniz, daha bilmirəm, Sizin necə bir ölkəniz olardı. Ona görə də amerikalı həmkarımın dediyi sözləri təkrar edirəm - biz ona görə buradayıq ki, bu köhnə və çox ağır Qarabağ düyününü açmaq yollarını tapmağa kömək etmək üçün bizdən asılı nə varsa hamısını, mümkün olan hər şeyi edək.

Deyildiyi kimi, son vaxtlar Qarabağ məsələsi istiqamətində vəziyyət nəzərəçarpacaq dərəcədə fəallaşmışdır. Burada Sizin Moskvaya səfəriniz, erməni həmkarınız Robert Koçaryanla söhbətləriniz, sonra Vladimir Vladimiroviç Putinlə ümumi söhbətiniz və nəhayət, Vladimir Vladimiroviçlə ayrıca söhbətiniz xatırladıldı. Sonra isə Robert Koçaryanın ABŞ-a və Parisə səfərləri oldu. Əminəm ki, bu söhbətlər, bu görüşlər hədər getməyəcək, bəlkə də tərəfləri Qarabağ düyününü açmağın elə bir güzəştli variantını tapmağa addım-addım yaxınlaşdıracaq ki, bu, azərbaycanlıların da qanuni mənafelərini lazımi dərəcədə təmin edərdi.

Mən bilirəm ki, Moskvada Sizin aranızda olmuş söhbətdən Bakıda da, Yerevanda da razı qaldıqlarını söyləyirlər. Bu söhbət bəlkə də hər hansı irəlilədici qərar, nəticə əldə edilməsinə gətirib çıxarmasa da, mühüm bir söhbət oldu, heç olmasa ona görə ki, Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqdakı az qala beş aylıq fasiləyə son qoymağa imkan verdi. Mən bilirəm ki, bu söhbət zamanı qarşılıqlı etimad tədbirlərini möhkəmlətmək məsələlərinə böyük əhəmiyyət verilmişdir. Bu tədbirlər vacibdir, çünki tərəflərə regionda etimadı möhkəmlətməyə imkan verir, ciddi qərarların tapılmasına kömək edir, bunu asanlaşdırır.

Hörmətli Heydər Əliyeviç, bildiyiniz kimi, sabah üç həmsədr sərhəddə, Qazax rayonunda monitorinq keçirəcəkdir. Bu monitorinq Sizin razılığınız sayəsində, ATƏT sədrinin şəxsi nümayəndəsi səfir Ancey Kasprşikin bu işə verdiyi töhfə sayəsində, əlbəttə, buna görə biz ona çox minnətdarıq, təşkil ediləcəkdir. Bilirsinizmi, düşündüm ki, həmsədrlər birlikdə gedəcək, bu sərhədi birlikdə keçəcəklər və beləliklə, biz Azərbaycanla Ermənistan arasındakı, obrazlı desək, bu divarda kiçik də olsa bir yarıq açacağıq. Mən kiçik dedim, əslində isə böyük olacaqdır. Əgər bizim üçümüzü, xüsusən də cənab Kavanonu bir tərəfə, cənab Qayyardı isə o biri tərəfə qoysalar, onda əməlli-başlı yarım əmələ gələr. Ümidvarıq ki, bunun sayəsində iki dövlət arasında humanitar əməkdaşlıq inkişaf etmiəyə başlayanda və regiona beynəlxalq yardım, kömək göstərilməyə başlandıqda isə o, ölkələrinizi birləşdirəcək telə çevriləcəkdir.

Bilirik ki, Sizinlə hər dəfə görüşdükdə biz güc alırıq və bu güc bizə münaqişənin sülh yolu ilə tezliklə aradan qaldırılmasına nail olmaq naminə işləməyə imkan verir. Ümidvarıq ki, biz Sizdən bu dəfə də yaxşı məsləhətlər və müdrik xeyir-dualar alacağıq. Sağ olun.

Jan-Jak Qayyard (Minsk qrupunun Fransa tərəfdən həmsədri): Cənab prezident, görüşümüzün əvvəlində Sizin söylədiyiniz sözlər, məncə, ümumi fəaliyyətimizi birləşdirən və gələcəkdə bizə münaqişəni aradan qaldırılması prosesində nəticələrə nail olmağa imkan verəcək dərin mənanı əks etdirir.

Beləliklə, Sizin prezident Koçaryanla apardığınız danışıqlar prosesi bizi işsiz qoymayacaqdır. Bu danışıqlar prosesində lazımi əsaslar var və onlar bizə nəticələr əldə edilməsi üçün sanballı zəminə malik olmağa imkan verəcəkdir. Demək istəyirəm ki, siz nə qədər tez-tez görüşürsünüzsə, bizi işə bir o qədər çox ruhlandırırsınız, biz bir o qədər çox yəqin edirik ki, ümumi səylərimiz irəliləyişə gətirib çıxaracaqdır.

Beləliklə, demək olar ki, söhbət bizim aramızda fəal qarşılıqlı əlaqədən gedir və son həftələr Sizin aranızda danışıqlar prosesinin, dialoqun fəal surətdə yenidən başlanmasından gedir. O ki qaldı bizim öhdəliklərimizə, nəzərə çarpdırmaq istərdim ki, söhbət təkcə siyasi öhdəliklərdən deyil, eləcə də sırf insani öhdəliklərdən gedir. Yəni işlətdiyimiz siyasi terminlərin arxasında əslində bu münaqişədən zərər çəkmiş adamların taleyi, insan taleləri durur və biz bu talelərə görə məsuliyyət daşıyırıq. Əsas razılaşma əldə edilərsə, müvəffəqiyyət qazanmaqda bizə kömək göstərəcək beynəlxalq ictimaiyyəti məhz bu baxımdan səfərbərliyə almaq niyyətindəyik.

Nəzərə çarpdırmaq istərdim ki, bu, bizim əsas vəzifəmizdir və münaqişənin həlli yollarını tapmaq niyyətində biz hamımız yekdilik. O ki qaldı Fransaya, mən ikicə kəlmə əlavə etmək istərdim. Prezident Şirakdan eşitdiyiniz sözlər belə bir təminatdan ibarətdir ki, əldə olunmuş razılaşmaların həyata keçirilməsinə kömək üçün iqtisadi tədbirlər görmək lazım gəldikdə, Avropa Birliyi bütün səyləri səfərbərliyə alacaqdır. Fransa bu vəzifəni daha uğurla yerinə yetirə bilər, ona görə ki, o, qarşıdakı altı ayda Avropa Birliyində sədrlik edəcəkdir. Mən həmkarlarımın bu sözlərini də vurğulamaq istərdim ki, biz etimad tədbirlərinə və sabah həyata keçirəcəyimiz rəmzi tədbirə - Azərbaycanla Ermənistan arasındakı sərhədi keçməyə böyük əhəmiyyət veririk. Bununla biz azərbaycanlılara və ermənilərə göstərmək istərdik ki, onlar bu hərəkəti dəstəkləsinlər və gələcəkdə belə əlaqələr daha çox olsun. Cənab prezident, buna görə də Sizə demək istərdim ki, öhdəliklərimizi dərk etməyimiz bu gün əvvəllər olduğuna nisbətən daha ciddi səciyyə daşıyır.

Heydər Əliyev: Mən sizin hamınıza təşəkkür edirəm. Hörmətli səfir Kavano, mən sizə təşəkkür edirəm. Hörmətli səfir Qribkov, mən sizə təşəkkür edirəm. Hörmətli səfir Qayyard, mən sizə təşəkkür edirəm. Mən görüşümüzün ilk dəqiqələrində dedim, bir də təkrar edirəm ki, böyük bir fasilədən sonra sizin bu bölgəyə gəlişiniz, təbiidir ki, bizim üçün çox əlamətdar hadisədir. Çünki siz bilməlisiniz, - hesab edirəm ki, siz bunu yaxşı bilirsiniz, amma bir daha deyirəm, - Azərbaycan üçün, onun bu günü və gələcəyi üçün, o cümlədən, hesab edirəm ki, Ermənistan üçün də bu münaqişənin həll olunması kimi vacib bir məsələ yoxdur. Bizim üçün bu, çox böyük bir məsələdir. Bu o deməkdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqları azad olunmalıdır, ölkəmizin işğal edilmiş ərazilərindən çıxarılmış və indi çadırlarda qaçqın vəziyyətində yaşayan bir milyondan çox vətəndaş öz yerlərinə qayıtmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, Ermənistanla Azərbaycan arasında sülh yaranmalıdır. Bunların hamısı bizim üçün çox vacib məsələlərdir.

İndi siz dünyada ikinci bir dövlət tapa bilməzsiniz ki, onun ərazisinin böyük bir hissəsi, yəni beşdə bir hissəsi digər dövlətin silahlı qüvvələrinin işğalı altında olsun. Yaxud da ki, ümumi əhalisinin bu nisbətdə, yəni 8 milyon əhalidən 1 milyonunun qaçqın vəziyyətində olduğu buna bənzər ikinci ölkə tapa bilməzsiniz. Ona görə də bu məsələ bizim üçün ən vacib məsələdir. Mən hesab edirəm ki, bu, Ermənistan üçün də vacib məsələdir. Doğrudur, onların torpaqları işğal olunmayıbdır, onların ərazisində öz torpağında, öz vətənində köçkün və ya qaçqın vəziyyətində, yaxud çadırlarda yaşayanlar yoxdur. Ancaq onlar bütün Ermənistanı, öz ölkələrini müharibə vəziyyətində saxlayırlar. Təbiidir ki, biz də bunu etməyə məcburuq. İki kiçik ölkənin bu qədər silahlı qüvvələr saxlamasına sərf olunan vəsait başqa sahələrə sərf olunsaydı, həm Ermənistan, həm Azərbaycan üçün nə qədər böyük xeyir gətirərdi. Bunları biz anlayırıq. Amma bunları Ermənistan tərəfi də anlamalıdır.

Hörmətli cənab Qribkov dedi ki, dünəndən Bakıdadır və burada şəhəri seyr edib, çox yaxşı təəssüratlar əldə edibdir. Əsas odur ki, Azərbaycanın iqtisadiyyatı inkişaf edir. Bu həqiqətdir. Belə bir ağır vəziyyətdə, bir milyondan artıq vətəndaşımızın qaçqın olduğu, çadırlarda yaşadığı vəziyyətdə biz ölkəmizin iqtisadiyyatında son dörd ildə inkişaf yolu ilə gedirik. Siz tamamilə doğru dediniz ki, əgər münaqişəyə son qoyulsaydı, nailiyyətlər nə qədər çox olardı. Amma bu, Ermənistan üçün də eyni dərəcədə faydalı olardı. Mən Ermənistanın sosial-iqtisadi vəziyyətinə qiymət vermək istəmirəm, bunu siz bizdən yaxşı bilirsiniz. Çünki siz həm Azərbaycanda, Bakıda olursunuz, həm də Yerevanda olursunuz, müqayisə etməyə və nəticə çıxarmağa imkanlarınız vardır. Ona görə də mən hesab edirəm ki, əgər sülh yaranarsa, bu, Ermənistan üçün də çox faydalı olacaqdır.

İndi çoxları, siz də, prezident Koçaryan da, Minsk qrupu həmsədrlərinin mənsub olduqları ölkələrin prezidentləri də deyirlər ki, iqtisadi əlaqələri inkişaf etdirmək, qarşılıqlı inam yaratmaq lazımdır, bundan sonra sülh əldə etmək olar. Biz isə hesab edirik ki, bu, müəyyən qədər bizim özümüzü aldatmaq deməkdir. Birincisi, belə münaqişədə olan iki ölkə arasında iqtisadi əməkdaşlıq aparmaq qeyri-mümkündür. Ona görə yox ki, bunu Azərbaycan hökuməti, yaxud Azərbaycanın prezidenti istəmir. Bu, sadəcə olaraq real deyildir. İkincisi isə, - gərək hər şeyi açıq, necə varsa, o cür deyəsən, - o da ondan ibarətdir ki, əgər sülh yaransa, qarşılıqlı inam dərhal yaranacaqdır. Sizin monitorinq keçirməyinizi mən bəyənirəm. Allah eləsin ki, bu, sizə yaxşı nəticələr versin. Ancaq bu tədbirlərlə biz istədiyimiz məqsədə nail ola bilmərik. Daha da konkret işlər görmək lazımdır.

Siz burada bəyan etdiniz və mən də deyə bilərəm ki, son vaxtlar Ermənistan və Azərbaycan prezidentləri arasında bilavasitə görüşlər keçirilibdir və onlar faydalı olubdur. Mənim xatirimdədir, Cenevrədə iki dəfə görüş keçirdik, sonra Yaltada görüşdük, daha sonra Ermənistan-Azərbaycan sərhəddində - Naxçıvan bölgəsində görüşümüz oldu. Bu görüşlər bizdə - həm Ermənistan prezidentində, həm də Azərbaycan prezidentində çox böyük ümidlər yaratdı. Bizim bu işlərdə tərəqqi əldə etməyimiz ondan ibarət idi ki, hər iki tərəf bəyan etdi ki, müəyyən güzəştlərə getmək lazımdır. Mən bu gün də bu fikirdəyəm. Ancaq təəssüf ki, bu məsələ öz ardıcıl davamını təmin edə bilmədi.

Bizim son görüşlərimiz, məsələn, Moskvada prezident Koçaryanla mənim təkbətək görüşüm, prezident Koçaryanın, prezident Putinin və prezident Əliyevin üçlükdə görüşü, ondan sonra mənim prezident Putin ilə uzun çəkən, çox geniş, ətraflı söhbətimiz, - hətta bu görüş sərf etdiyimiz vaxta görə bütün protokol çərçivələrindən kənara çıxmışdı, ancaq belə açıq söhbətə ehtiyac var idi, - bunların hamısı çox əhəmiyyətlidir, bu məsələni həll etməyimiz üçün müəyyən imkanlar yaradır. Bu görüşlərdən sonra Ermənistan prezidenti Amerika Birləşmiş Ştatlarında oldu, prezident cənab Bill Klintonla görüşdü, sonra Parisdə oldu, prezident cənab Jak Şirakla görüşdü.

İyunun 29-da mən Fransanın prezidenti cənab Jak Şirakla 40 dəqiqə müddətində telefon danışığı apardım. Bizim çox əhəmiyyətli, ətraflı danışığımız oldu. Onu da xatırlatmaq istəyirəm ki, mən bir neçə ay ərzində Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klintonla üç dəfə görüşmüşəm - yanvar ayında Davosda, fevral ayında Vaşinqtonda, ondan əvvəl isə keçən ilin noyabr ayında İstanbulda görüşmüşəm.

Bu görüşlərin hamısı əhəmiyyətlidir, hamısı ümidlər yaradır. Çünki söhbət Minsk qrupunun həmsədrləri olan ölkələrin həmsədrlərindən - Rusiyanın, Amerika Birləşmiş Ştatlarının, Fransanın prezidentlərindən gedir. Təbiidir ki, bu görüşlər müsbət nəticə əldə etmək üçün vasitədir. Biz isə hələlik buna nail ola bilməmişik. Ancaq heç də ümidsiz deyilik. Hesab edirəm ki, Minsk qrupu həmsədrlərinin yenidən fəallaşması burada bizə çox fayda gətirə bilər.

Beynəlxalq maliyyə mərkəzləri ilə Cenevrədə sizin keçirdiyiniz görüş və apardığınız müzakirələr çox əhəmiyyətlidir və mən bunu çox yüksək qiymətləndirirəm.

Prezident Bill Klinton mənimlə görüşlərində bu barədə demişdir ki, məsələnin sülh yolu ilə həll edilməsinə nail olan kimi Amerika Birləşmiş Ştatları işğal olunmuş torpaqların bərpası üçün bütün imkanlarından istifadə edəcəkdir. İyunun 29-da mən Fransa prezidenti cənab Jak Şirakla danışarkən o da bu sözləri mənə dedi və bildirdi ki, Fransa altı ay müddətində Avropa Birliyinə sədrlik edəcəkdir və əgər sülh yaranarsa, bu sədrlik imkanlarından istifadə edərək, işğaldan azad olunan ərazilərimizin bərpa işlərinə çox yardım etmək olar. Prezident cənab Jak Şirakın bu fikirlərini hörmətli səfir Qayyard da burada açıqladı. Bunların hamısı çox müsbət hallardır və bizdə ümidlər yaradır. Əgər indi Minsk qrupunun həmsədrləri, o ölkələrin liderləri işğal edilmiş torpaqlar azad olunduqdan sonra onların bərpası haqqında düşünürlərsə və siz müvafiq tədbirlər görürsünüzsə, Cenevrədə son dəfə keçirdiyiniz görüşdə də çox xeyirli iş görmüsünüzsə, deməli, bu, sizdə də ümid yaradır ki, sülh əldə olunacaqdır. Çünki sülh yaranmasa, torpaqlar işğaldan azad edilməsə, heç bir bərpadan söhbət gedə bilməz.

Altı ildən çoxdur ki, biz atəşkəs rejimində yaşayırıq. Mən bunu mühüm hadisə hesab edirəm və qiymətləndirirəm. Siz də belə fikirdəsiniz. Ancaq bizim cəmiyyətdə hamı bu fikirdə deyildir. Çünki atəşkəs bir il, iki il, üç il, beş il, altı il olar, biz ömür boyu elə atəşkəs rejimində yaşamayacağıq ki! Əgər hər dəfə görüşüb atəşkəsə yüksək qiymət verməklə bir-birimizi arxayınlaşdırsaq, onda biz heç bir nəticə əldə etməyəcəyik. Atəşkəs məqsəd deyil, vasitədir. Amma bu vasitədən də istifadə etmək lazımdır. Biz bu barədə konstruktiv mövqedəyik. Məsələnin sülh yolu ilə tezliklə həll edilməsini istəyirik. Ermənistanla Azərbaycan arasında sülh yaratmağı arzulayırıq. Bunun Qafqazda da sülh yaradılması üçün böyük əhəmiyyəti olacaqdır, Qafqazda təhlükəsizliyin yaradılmasına çox böyük xeyri olacaqdır.

Moskvada prezident Vladimir Putinin təşəbbüsü ilə dörd prezident görüşdü - Rusiya, Gürcüstan, Ermənistan prezidentləri və Azərbaycan prezidenti görüşdülər. Bu görüş Qafqazda, xüsusilə Cənubi Qafqazda iqtisadi əməkdaşlığa həsr olunmuşdu. Ancaq Ermənistanla Azərbaycan arasında sülh yaranmasa, bu ümidlər, yəni bu niyyətlər sadəcə, söz olaraq qalacaqdır, bir nəticə verməyəcəkdir. Ona görə də məsələnin kökünə baxmaq lazımdır, əsas məsələni həll etmək lazımdır. Mən əminəm ki, əsas məsələ həll olunandan sonra qısa bir müddətdə Ermənistanla Azərbaycan arasında inam yaranacaq, ondan sonra iqtisadi əlaqələr yaranacaq, Qafqazda təhlükəsizlik təmin olunacaq, Cənubi Qafqaz ölkələri çox fəal əməkdaşlıq edəcəklər. Bu, bizə də lazımdır. Amma bizdən çox Ermənistana və Gürcüstana lazımdır.

ATƏT-in sədri iyul ayının 17-də Azərbaycana, bütün bölgəyə gələcəkdir. Dediniz ki, iyulun 12-də siz onunla görüşəcəksiniz. İstərdim ki, həm sizin görüşünüz, həm bu səfər müəyyən nəticələr versin, keçmişdə olan səfərlər kimi formal xarakter daşımasın. Mən çox arzu edirəm ki, siz, həmsədrlərin nümayəndələri Bakıya gələrkən bizim çadır şəhərciklərinə gedəsiniz. Bakının küçələri, şəhərin indiki görünüşü, burada yaranmış sabitlik, əlbəttə ki, sizdə çox xoş təəssüratlar doğurmuşdur. Amma vaxtaşırı çadır şəhərciklərinə gedib, 6-7 il həmin çadırlarda yaşayan insanları görsəniz, onların vəziyyəti ilə tanış olsanız, onda sizin təəssüratınız daha dolğun olacaqdır. Mən bunu çox sadə həll edə bilərəm. Siz vertolyotla buradan Qazağa uçmaq istəyirsiniz. Sizə 2-3 saat vaxt lazımdır ki, vertolyotla buradan çadır şəhərciklərinə uçasınız, görəsiniz, ondan sonra da qayıdasınız. Bu, sizin cəmi dörd saat vaxtınızı alacaqdır. Bakıdan çadır şəhərciklərinə məsafə Bakıdan Qazağa olan məsafəyə nisbətən çox qısadır.

Xahiş edirəm, ATƏT-in sədrinə də mənim bu fikirlərimi çatdırasınız. Mən arzu edirəm ki, o burada olanda heç olmasa 3-4 saat vaxt ayırsın, mən onunla birlikdə vertolyotla uçub çadır şəhərciklərindən birinə-ikisinə baxaq. Onda o biləcək ki, Azərbaycan nə vəziyyətdədir.

Bütün bu fikirlərimizi açıq-aydın, tam səmimi sizə çatdıraraq, mən eyni zamanda bir daha təsdiq edirəm ki, sizin böyük imkanlarınız vardır. Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa kimi böyük dövlətlər ATƏT-in qarşısında öz üzərlərinə götürdükləri vəzifəni əgər yerinə yetirə bilmirlərsə, belə hal bu ölkələrə və həmin dövlətlərin rəhbərlərinə şərəf gətirmir. Sizin imkanlarınız çoxdur. Xahiş edirəm ki, bu imkanlardan daha da səmərəli istifadə edəsiniz. Biz münaqişəyə son qoyulmasına birlikdə nail olmalıyıq. İndiyə qədər olduğu kimi, mən indi də ATƏT-ə, Minsk qrupuna, onun həmsədrlərinə hörmət, ehtiramımı və inamımı bildirirəm. Ümid edirəm ki, sizin başladığınız bu proses indi daha da fəal olacaqdır və siz böyük fasilələr etməyəcəksiniz. Təşəkkür edirəm.

Keri Kavano: İcazə verin, Sizi əmin edim ki, biz qaçqın düşərgələrində olarkən aldığımız təəssüratlar hələ də gözlərimizin önündən getməyibdir. Biz öz aramızda da həmin səfərlərimiz barədə dəfələrlə danışmışıq. Amerika Birləşmiş Ştatlarında da mən bu təəssüratlarım barədə çoxlarına danışmışam. Biz ailələlərin palçıq evlərdə yaşadıqlarını görmüşük. Elə körpə uşaqlar, oğlan və qızlar görmüşük ki, onlar indi məktəbə gedirlər və heç vaxt evin nə olduğunu bilmirlər. Biz o insanlardan da enerji alıb, sülh əldə olunmasına çalışmalıyıq.

İcazə verin, Sizi ona da əmin edim ki, biz tamamilə anlayırıq ki, nə atəşkəs, nə iqtisadi vəziyyətin yaxşılaşması, nə də inam yaradıcı tədbirlərin həyata keçirilməsi hərtərəfli sülhün əvəzini vermir. Bu tədbirlər irəli getmək, prosesi davam etdirmək üçün mühüm rol oynayır. Amma sülhün əldə olunması aydın surətdə bizim ən çox önəm verdiyimiz məsələdir. Biz bu iş üzərində çalışarkən həmişə mən marafon qaçışında iştirak edənləri xatırlayıram. Çox güman ki, marafon qaçışı ən çətin olimpiya idman növüdür. Bəzən məsafənin bir neçə metrini qət etmək asan görünür və bu məsafəni birinci qət edəndə hesab edirsən ki, hər şey yaxşıdır və öz axarı ilə getməkdədir. Lakin zaman keçdikcə gərginlik getdikcə artır və o məsafəni qət etməyin çətinliyini öz üzərində hiss edirsən. Burada kiçik hallar da rol oynamağa başlayır. Məsələn, adam fikir verməyə başlayır ki, ayaqqabılarımı bərk bağlamışammı ki, boşalmasın və ayağımdan çıxmasın. Bəlkə də inam yaradıcı tədbirlər, atəşkəsə riayət olunması məhz marafon qaçışındakı həmin xırda detallara bənzəyir. 15 min metr məsafəni qaçdıqdan sonra kimsə sizə içməyə bir az su verəndə, bu qaçışı davam etdirmək üçün enerji vermiş olur.

Ən mühümü odur ki, məqsədə nail olmaq üçün aydın surətdə irəliyə baxmaq lazımdır. Sizinlə prezident Koçaryan arasında birbaşa dialoqdan biz belə nəticə çıxarmışıq ki, Siz məhz o məqsədə - sülh əldə edilməsi məqsədinə nail olmağa tam diqqətlisiniz, o işə hakim kəsilmisiniz. Belə hesab edirik ki, biz hamımız birlikdə eyni məqsədə çatmaq üçün sanki yürüşə çıxmışıq. Bəzən sürət zəifləyir, bəzən də yenidən artır. Ən mühümü odur ki, bir yerdə dayanmaq yoxdur, bu məsələlər irəli gedir. Bu yürüşdə iştirak edənlər də getdikcə öyrənirlər. Bilirlər ki, ayaqları yorulsa, dayansalar, onda məqsədə nail ola bilməyəcəklər. Ona görə də Siz bizim ləngidiyimizi görəndə bir qədər sürət, təkan verin. Biz də, öz növbəmizdə, əlimizdən gələni edəcəyik ki, Sizinlə prezident Koçaryanın irəli getməsi üçün yardımçı olaq.

Bizim hər birimizin üzərində böyük məsuliyyət və vəzifə vardır. Lakin üzərimizə düşən çətinliyi münaqişədən əziyyət çəkən Sizin xalqın üzləşdiyi çətinliklərlə, əzab-əziyyətlərlə, məşəqqətlərlə müqayisə etmək mümkün deyildir.

Heydər Əliyev: Təşəkkür edirəm. Amma hər bir yürüşün öz məsafəsi var - 3 min metr, 5 min metr, 10 min metr. Yürüşün məsafəsi sonsuz ola bilməz. Çox sağ olun.

Jan-Jak Qayyard: Bir halda ki, burada Fransanı təmsil edirəm, mən də idman yarışları, bu dəfə velosiped yarışları ilə bağlı daha bir müqayisə gətirmək istərdim. Yəni əgər siz velosipedi sürməsəniz, yıxılacaqsınız. Ona görə də biz daim irəliyə doğru hərəkət etməyə bir növ məhkumuq. Sonda demək istərdim ki, cənab prezident, bizə söylədiyiniz sözləri ümid əlaməti kimi qəbul edirik. Haqqında danışdığınız görüşlər bizə belə düşünməyə əsas verir ki, danışıqlar prosesini fəallaşdırmaq üçün indi malik olduğumuz imkanlar əslində çox ciddidir və biz bu münaqişənin həllinə doğru həqiqətən irəliləyəcəyik. Beləliklə, bu, bizim üçün böyük rəvacdır, buna görə Sizə təşəkkür edirik.

Heydər Əliyev: Təşəkkür edirəm. Mən sizinlə çox razıyam ki, yürüşdə dayanmaq olmaz. Amma siz bir az, altı ay dayandınız. Ona görə də sizin əzələləriniz bir qədər zəifləyibdir. Məsləhət görürəm ki, bu işlə daim məşğul olasınız.

Jan-Jak Qayyard: Cənab prezident, yenicə dediklərinizə qayıdaraq, Sizə bildirmək istərdim ki, biz əslində dayanmamışdıq, sadəcə olaraq məşq edirdik, amma gizlicə.

Nikolay Qribkov: Hörmətli prezident, sonda mən bu görüşə görə Sizə səmimi təşəkkür etmək istərdim. Mən həmkarlarım kimi idman mövzusunda danışmayacağam, bir də ona görə ki, ruslar da, azərbaycanlılar da yüzilliklər ərzində eyni oyunları oynamışlar, biz bir-birimizi tanıyırıq. Sadəcə olaraq, Sizi əmin etmək istəyirəm ki, indi söylədiyiniz xoş sözləri və xeyir-duanı dövlətlərimizin rəhbərlərinin nəzərinə mütləq çatdıracağıq. İnanırıq ki, bu sözlər bizə Dağlıq Qarabağ münaqişəsi kimi çox mühüm problemi ikiqat enerji ilə həll etməkdə kömək göstərəcəkdir.

Heydər Əliyev: Sağ olun.