Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının senatorları və görkəmli ictimai-siyasi xadimləri ilə görüşdəki söhbətindən - Vaşinqton, "Metropoliten" Klubu, 22 aprel 1999-il


Heydər Əliyev: Məni səmimi və xoş hisslərlə qarşıladığınıza görə Sizə təşəkkür edirəm. Səfərimin məramını açıqlayaraq, xüsusi qeyd etmək istəyirəm ki, dünyada sülhün və təhlükəsizliyin təmin edilməsində NATO böyük rol oynayır. Bu təşkilatın 50 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirakımdan məmnunluq hissi duyduğumu bildirirəm.

Görüşə toplaşanlara məlumat verim ki, respublikamız müstəqillik yolu ilə qətiyyətlə irəliləyir, ölkəmizdə demokratiyanın dərinləşdirilməsi, bazar iqtisadiyyatı münasibətlərinin bərqərar olması sahəsində bir sıra tədbirlər görülmüşdür.

Qeyd etmək istəyirəm ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizə qədəri qəsb olunmuş, bir milyondan çox soydaşımız doğma yurd-yuvalarından didərgin düşmüşdür. Azərbaycan xalqı ağır itkilərə və məhrumiyyətlərə baxmayaraq münaqişənin sülh yolu ilə aradan qaldırılmasının tərəfdarıdır və bu işdə beynəlxalq təşkilatlara, ilk növbədə ATƏT-in Minsk qrupunun fəaliyyətinə böyük ümidlər bəsləyir.

Bildirim ki, ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1996-cı ilin dekabrında keçirilmiş Lissabon sammitində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması prinsipləri müəyyən edilmiş, zirvə toplantısından sonra ATƏT-in Minsk qrupuna həmsədrliyi ABŞ, Rusiya və Fransa öz üzərinə götürmüşlər. Həmsədrlərin fəaliyyətinin hələlik heç də lazımi səmərə vermədiyindən narahat və narazı olduğumu, münaqişənin nizamlanması ilə əlaqədar bu ilin əvvəllərində ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin prezidentlərinə - B.Klintona, J.Şiraka və B.Yeltsinə bir daha məktubla müraciət etdiyimi və münaqişənin danışıqlar yolu ilə aradan qaldırılmasında onların öz səylərini artıracaqlarına ümidvar olduğumu bildirirəm.

Minsk qrupunun həmsədrlərindən biri olan Rusiyanın münaqişə tərəflərindən birinə - Ermənistana qeyri-qanuni olaraq bir milyard dolar məbləğində silah verdiyini, oradakı hərbi bazalarını genişləndirdiyini, hazırda isə S-300, MİQ-29 təyyarələri göndərdiyini, təcavüzkarı silahlandıraraq birtərəfli mövqe tutduğunu görüş iştirakçılarının nəzərinə çatdırmaq istəyirəm.

Vurğulayım ki, Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmuş, respublikamız NATO ilə əməkdaşlığa, bu proqram çərçivəsində birgə tədbirlərə böyük əhəmiyyət verir.

Azərbaycanın əlverişli coğrafi-strateji mövqeyi, zəngin təbii sərvətləri dünya dövlətlərinin respublikamıza marağını artırmışdır. ABŞ-ın Qafqaz regionundakı proseslərdə fəal iştirakının vacibliyini nəzərə çatdırmaq istəyirəm. Mən Xəzər neftinin istehsalı və nəqli sahəsində beynəlxalq əməkdaşlığa yüksək qiymət verir, bu il aprelin 17-də Bakı-Supsa kəmərinin işə salınmasından məmnun olduğumu bildirirəm. Görüş iştirakçılarına məlumat verim ki, Bakı-Ceyhan əsas neft boru kəməri layihəsi ilə əlaqədar böyük işlər görülmüşdür.

Hazırda NATO-nun Yuqoslaviyada həyata keçirdiyi əməliyyatlardan söhbət açaraq bildirmək istəyirəm ki, Yuqoslaviyanın ərazi bütövlüyünün saxlanılması zəruridir, eyni zamanda etnik təmizləmə siyasətinin yolverilməzliyini də qeyd edim. Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasında da ABŞ-ın öz səylərini artıracağına ümidvar olduğumu bildirirəm.

Lourens İqlberger: Azərbaycanda olarkən qaçqınların yaşadıqları çadır şəhərciklərinə baş çəkdim və onların vəziyyətindən son dərəcə mütəəssir olduğumu bildirirəm. Neçə ildən bəri çadırlarda yaşayan qocalar, qadınlar və uşaqlar doğma yurdlarına qayıtmaq ümidlərini itirmirlər.

Heydər Əliyev: Mən ölkəmizin sosial-iqtisadi inkişafına mənfi təsir göstərən bədnam 907-ci düzəliş barədə söhbət açmaq istəyirəm. Vaxtilə erməni lobbisinin səyləri sayəsində ABŞ Konqresi tərəfindən qəbul edilmiş bu sənəd Azərbaycan xalqına qarşı tarixi ədalətsizlikdir. Ermənistan-Azərbaycan münaqişəsində zərərçəkən tərəf olan ölkəmizə qarşı yönəldilmiş bu sənəd respublikamızı ABŞ dövlətinin birbaşa yardımlarından məhrum etməklə, bazar iqtisadiyyatı yolunda islahatlar keçirilməsini, insanların sosial müdafiəsini çətinləşdirmişdir. Mən ABŞ prezidentinin, dövlət katibinin və bir sıra hökumət xadimlərinin, senator və konqresmenlərin 907-ci düzəlişin ləğvi sahəsində apardıqları işə müsbət qiymət verir, lakin eyni zamanda, həmin sənədin hələ də ləğv olunmamasından təəssüfləndiyimi, bu ədalətsizliyin aradan qaldırılacağına əmin olduğumu bildirirəm.

Con Uorner: Cənab prezident, Bakıya səfərimi böyük məmnuniyyət hissi ilə xatırlayaraq, bildirmək istəyirəm ki, Senatda 907-ci düzəlişin ləğvi sahəsində xeyli irəliləyişlər əldə edilmişdir və bu istiqamətdə işlər davam edir.

Riçard Luqar: Əlavə olaraq, qeyd edim ki, senator Sem Braunbek 907-ci düzəlişin ləğvi sahəsində böyük səylər göstərmiş, İpək yolu strategiyası haqqında qanun layihəsi hazırlayarkən Senatın bütün üzvlərinə müraciət edərək onları bu layihəni dəstəkləməyə və 907-ci düzəlişin ləğvinə səs verməyə çağırmışdır. Hazırda 907-ci düzəlişin ləğvi sahəsindəki iş növbəti mərhələyə qədəm qoymuşdur.

Hovard Beyker: Görüşə gəldiyinizə görə Sizə səmimi təşəkkürümü bildirirəm. Siz həmişə olduğu kimi, yenə də bizi valeh etdiniz. Biz Sizin iradənizə, cəsarətinizə heyranıq və qeyd etdiyimiz kimi, dünyanın çox təhlükəli bir regionunda yerləşən dövlətinizə necə rəhbərlik etdiyinizə vurğunuq. Bizim bir çoxumuz Sizin ölkənizdə olmuşuq. Biz sizin çox yüksək qonaqpərvərliyinizə, açıq və cəsarətli mülahizələrinizə, fikir mübadiləsi aparmaq məharətinizə məftunuq.

Dövlətiniz zəngin təbii sərvətlərə malikdir. Sizin böyük xidmətləriniz ayəsində ABŞ ilə Azərbaycan arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələri yaranmışdır və ölkələrimizin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. ABŞ ilə Azərbaycanın bütün sahələrdə, o cümlədən də Xəzərin enerji ehtiyatlarından istifadə sahəsində əməkdaşlığının gündən-günə genişlənməsi bizi sevindirir.

Əminik ki, qarşıya çıxan çətinliklər Sizin güclü liderliyiniz sayəsində tezliklə və müvəffəqiyyətlə aradan qaldırılacaqdır. Sizə çox dərin hörmətimiz var. Biz Sizin ölkənizə müvəffəqiyyətlər arzulayırıq.

Heydər Əliyev: Təşəkkürümü bildirirəm. Xoş sözlərə görə minnətdaram.

Lourens İqlberger: Dünyada çox az prezident olubdur ki, onlarla görüşlərdən sonra belə qənaətə gəlmişəm ki, nə isə öyrəndim. Siz sayca çox az olan belə prezidentlərdən birisiniz.

Sizinlə ünsiyyətdə olduğumuzdan məmnunluq hissini ifadə edirik. Maraqlı söhbətə görə Sizə öz təşəkkürümüzü bildiririk. Sizin gərgin və çoxcəhətli fəaliyyətinizi yüksək qiymətləndiririk. Sizə və Azərbaycan xalqına yeni-yeni uğurlar arzulayırıq.

Heydər Əliyev: Mənimlə görüşə toplaşanlara öz təşəkkürümü bildirirəm. ABŞ-ın nüfuzlu ictimai xadimləri ilə ətraflı fikir mübadiləsinin əhəmiyyətli olduğunu vurğulayıram. Sağ olun.