Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Beynəlxalq Miqrasiya Təşkilatının baş katibi Brunson Mak Kinlini qəbul edərkən söhbətindən - Prezident sarayı, 31 oktyabr 2000-ci il


Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz. Mənə bildirdilər ki, siz burada bir çox görüşlər keçirmisiniz, çox müzakirələr aparmısınız. Mənimlə də görüşmək arzusunda olmusunuz. Mən sizi dinləyirəm.

Brunson Mak Kinli: Cənab prezident, çox sağ olun. Bu gün məni və həmkarlarımı qəbul etməklə bizə böyük şərəf verdiniz.

Bu, mənim Azərbaycana ilk səfərimdir. Əslində, Beynəlxalq Miqrasiya Təşkilatının baş katibinin də Azərbaycana ilk səfəridir. Burada olduğumuz zaman bizə göstərilən yüksək qonaqpərvərliyə görə Sizə təşəkkürümüzü bildiririk. Bakıya gəlməmişdən öncə Gəncədə və Naxçıvanda olmuşam. Qısa müddətli səfər olsa da, mən Azərbaycanın müxtəlif guşələri ilə tanış ola bildim, Azərbaycanın problemləri ilə yaxından tanış oldum. Onu da öyrənə bildim ki, Azərbaycan çox şanlı tarixə və böyük, parlaq gələcəyə malik olan bir ölkədir. Çox məmnunam ki, Azərbaycanın yaşadığı indiki çətin keçid dövründə təmsil etdiyim Beynəlxalq Miqrasiya Təşkilatı da Sizin bu problemlərin həllinə yardımçı olur.

Mən Sizin hökumətinizin nümayəndələri ilə çox ətraflı danışıqlar apardım. Azərbaycanda kiçik biznesin inkişaf etdirilməsi üçün mikrokreditlərin verilməsindən tutmuş, qaçqınlara yardım göstərilməsi və Dağlıq Qarabağ münaqişəsi başa çatdıqdan sonra bərpa işlərində yaxından iştiraka qədər xeyli məsələləri müzakirə etdik.

Cənab prezident, hesab edirəm ki, Beynəlxalq Miqrasiya Təşkilatı ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq üçün yaxşı perspektivlər vardır. Azərbaycanda bizimlə əlaqədə çalışan nazirliklər ilə səmərəli görüşlərimiz oldu. Bu görüşlər zamanı gələcək əməkdaşlığımız barədə ətraflı müzakirələr apardıq. Hesab edirəm ki, Beynəlxalq Miqrasiya Təşkilatı da Azərbaycanda keçid dövrünü müvəffəqiyyətlə başa vurmaq üçün lazım olan təsisatların yaradılması işində və Azərbaycan ilə təşkilatımız arasında münasibətlərin daha da inkişaf etdirilməsi sahəsində çox böyük yardımçı ola bilər. Biz Sizinlə bu sahədə uzunmüddətli əməkdaşlığa ümid edirik.

Beynəlxalq Miqrasiya Təşkilatı hökumətlər ilə çalışan və hökumətlərə yardım göstərən bir təşkilatdır. Biz Azərbaycanda olmağımızdan məmnunuq.

Cənab prezident, bizi qəbul etdiyinizə görə Sizə bir daha təşəkkür edirəm. Sizin ölkənizin bizim beynəlxalq təşkilatımızla yaratdığı əla tərəfdaşlığa görə də Sizə minnətdarlığımı bildirirəm.

Heydər Əliyev: Təşəkkür edirəm. Əvvəla, mən çox məmnunam ki, siz Azərbaycana ilk dəfə olaraq gəlmisiniz və söylədiyiniz kimi, bizim ölkəmizlə yaxından tanış ola bilmisiniz. Hətta Naxçıvanda, Gəncədə olmusunuz. Bu, çox təqdirəlayiq haldır. Çünki bizim bəzi qonaqlarımız gəlib ancaq Bakını görürlər, ondan sonra geriyə dönürlər. Təbiidir, Bakı paytaxtdır, Bakı böyük şəhərdir. Ancaq Azərbaycanın hər guşəsinin özünəməxsus bir xüsusiyyəti var, problemləri vardır.

Siz dediniz ki, bütün məsələlər ilə əlaqədar bizim rəhbər vəzifəli şəxslərlə görüşmüsünüz, müzakirə etmisiniz. Mən belə anladım ki, siz bu görüşlərdən, danışıqlardan razısınız. Sizin Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycanla əməkdaşlığını da yüksək qiymətləndirirsiniz. Bunu bilmək mənim üçün çox xoşdur. Çünki biz istəyirik ki, bütün beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edək. Sizin təşkilatınız bu baxımdan, təbiidir ki, bizim ölkə üçün vacib bir təşkilatdır. Ona görə də mən sizə təşəkkür edirəm.

Bizim problemlərlə tanış olarkən Azərbaycan torpaqlarının işğal edilməsini yəqin ki, siz gözünüzlə görmüsünüz. İşğal olunmuş torpaqlardan bir milyon azərbaycanlının zorla çıxarılmasını və onların çadırlarda yaşamasını, yəqin, sizə deyiblər.

Naxçıvanda olarkən bu Muxtar Respublikanın heç anlaşılmayan səbəblərdən Azərbaycan torpağından ayrı düşməsi və Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Naxçıvan ilə Azərbaycanın qalan ərazisi arasında hava yolundan başqa heç bir yolun olmaması, Naxçıvana elektrik enerjisi və yaşayış üçün lazım olan başqa şeyləri verə bilməməyimiz bilirsiniz ki, nə qədər ağır vəziyyət yaradıbdır. Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar bunları ya görmürlər, ya da görürlər, amma buna lazımi qiymət verə bilmirlər.

Azərbaycanın ərazi bütövlüyü pozulubdur. Ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. Biz neçə illərdir çalışırıq ki, bu məsələni sülh yolu ilə həll edək. Müharibəni dayandırmışıq. Ancaq hələ ki, məsələnin həllinə nail ola bilməmişik. Bunun səbəblərindən biri də beynəlxalq təşkilatların bu işə passiv münasibət göstərməsidir. Bilirəm ki, sizin təşkilatınız bu məsələni həll edə bilməz. Ancaq hər halda sizin gördüyünüz və sizin aldığınız məlumatlar beynəlxalq təşkilatlarda müəyyən qədər təəssüratlar yarada bilər.

Dünyada gedən indiki proseslər onu göstərir ki, miqrasiya məsələləri dünyanın problemlərindən biri olubdur. Ona görə bəlkə də sizin beynəlxalq təşkilatın işi indi daha da artıb və bu proseslərə təsir etmək imkanları da çoxalıbdır. Mən sizə bu işinizdə uğurlar arzulayıram. Güman edirəm, bizim respublikada keçirdiyiniz müxtəlif görüşlərinizdə bu məsələni konkret müzakirə etmisiniz. Ona görə də indi mənim sizinlə bu barədə geniş söhbət etməyimə ehtiyac yoxdur. Mən sadəcə, inanıram ki, siz dolğun və obyektiv məlumat almısınız. Bu da Azərbaycanın Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığı üçün çox vacibdir və çox yaxşı əsas yaradır. Bütün bunlara görə sizə təşəkkür edirəm. Sağ olun.