Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının baş naziri xanım Tansu Çillərin Azərbaycana rəsmi səfəri ilə əlaqədar Binə hava limanında bəyanatı - 10 iyul 1995-ci il


Bu gün Türkiyə Cümhuriyyətinin baş naziri, hörmətli və əziz bacımız, dostumuz Tansu Çillər Azərbaycana, Bakıya gəlibdir. Bu, xanım Tansu Çillərin baş nazir kimi Azərbaycana rəsmi səfəridir. Çox məmnunam ki, Türkiyənin baş naziri mənim dəvətimi qəbul edib və Azərbaycana rəsmi səfərə gəlibdir.

Hörmətli baş nazir, bizim əziz bacımız, xanım Tansu Çillər, Azərbaycana xoş gəlmisiniz!

Öz evinizə, öz məmləkətinizə, öz torpağınıza xoş gəlmisiniz!

Azərbaycan xalqı və respublika ictimaiyyəti sizin bu səfərinizi çox böyük həsrətlə gözləyirdi və şükürlər olsun ki, artıq siz Azərbaycan torpağına ayaq basmısınız. Sizi burada çox maraqlı görüşlər gözləyir. İctimaiyyətimiz sizi böyük həvəslə, maraqla gözləyir. Ümidvaram ki, sizin burada olduğunuz günlər Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq və qardaşlıq əlaqələrinin inkişaf etməsi üçün yeni bir mərhələ olacaqdır.

Mən sizi Azərbaycan torpağında bir daha səmimi-qəlbdən salamlayıram. Sizə deyirəm ki, xoş gəlmisiniz, əziz dostumuz, əziz qonağımız! Sizinlə birlikdə Türkiyə Cümhuriyyətindən gələn qonaqların hamısını salamlayıram və hamıya xoş gəlmisiniz deyirəm.

Siz bizim əziz qonağımızsınız və biz sizi böyük, yüksək, əziz qonaq kimi də qəbul edirik. Sağ olun.

"Azərbaycan" qəzeti, 11 iyul 1995-ci il.