Azərbaycan Prezidenti Heydər Əliyevin ATƏT-in sədri Bronislav Geremekin rəhbərliyi ilə nümayəndə heyətlərini qəbul edərkən söhbətindən - 25 noyabr 1998-ci il


Heydər Əliyev: Hörmətli cənab nazir, hörmətli cənab sədr!

Hörmətli qonaqlar!

Mən sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz!

ATƏT-in hazırkı sədri, cənab Geremekin başçılığı ilə ATƏT-in nümayəndə heyətinin Azərbaycana gəlməsi ölkəmizin həyatında əlamətdar bir hadisədir. Azərbaycan ATƏT-in fəaliyyətinə həmişə çox böyük əhəmiyyət verən müstəqil dövlət kimi ATƏT-in üzvü olmağından çox məmnundur. Biz bundan sonra ATƏT-lə əməkdaşlıq edib, bu sahələrdə Azərbaycan dövlətinin quruculuğunu və ölkəmizdə ictimai-siyasi həyatı ATƏT-in tələbləri səviyyəsinə çatdırmaq istəyirik.

Cənab Geremek Polşanın xarici işlər naziridir və Polşa ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq əlaqələri yaranıb və inkişaf edib. Bu əlaqələrin inkişaf etməsi üçün 1997-ci ilin avqust ayında mənim - Azərbaycan prezidentinin Polşaya rəsmi səfəri zamanı çox səmərəli işlər görmüşük və Polşa ilə Azərbaycan arasında bir çox mühüm sənədlər imzalanıblar. O cümlədən Polşa - Azərbaycan dostluq əlaqələrinin inkişaf etdirilməsi haqqında Polşa prezidenti cənab Kvasnevski ilə Azərbaycan prezidenti birgə bəyannamə imzalayıblar.

Mən prezident cənab Kvasnevskini Azərbaycana rəsmi səfərə dəvət etmişəm və biz 1999-cu ildə onun Azərbaycana səfərini səbirsizliklə gözləyirik. Arzu edirəm ki, prezident cənab Kvasnevski ilə birlikdə nazir cənab Geremek yenidən Azərbaycana gəlsin. Biz bu gün nazirlə təkbətək görüşdə Polşa-Azərbaycan əlaqələri haqqında çox geniş fikir mübadiləsi etdik. Mən çox məlumatlar verdim. Bizim ümumi fikrimiz belə oldu ki, Polşa ilə Azərbaycan arasında əlaqələr yaxşı səviyyədədir, uğurla inkişaf edir və bunların çox gözəl gələcəyi var. Xüsusən iqtisadi əlaqələri inkişaf etdirmək üçün böyük imkanlar var. O cümlədən, Azərbaycanın nefti və qazının ixracı barəsində Polşa ilə Azərbaycan arasında gələcəkdə çox səmərəli əlaqələr yaratmaq olar. Mən bu gün bir daha bəyan edirəm ki, Azərbaycan 1997-ci ilin avqust ayında Varşavada apardığımız danışıqların əsasında bu istiqamətdə öz işlərini davam etdirəcəkdir.

ATƏT-in indiki sədri cənab Geremek ilə bizim təkbətək danışıqlarımızın çox hissəsi Ermənsitan-Azərbaycan münaqişəsinin ATƏT çərçivəsində həll edilməsi məsələlərinə həsr olundu. Biz ATƏT-in bu sahədə fəaliyyətinə çox böyük əhəmiyyət veririk və indiyə qədər görülən işləri qiymətləndiririk.

Altı il bundan öncə, 1992-ci ildə ATƏT Ermənistan-Azərbaycan münaqişəsini, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək üçün öz tərkibində Minsk qrupu yaradıbdır. Ötən illərdə biz Minsk qrupu ilə çox səmərəli əməkdaşlıq etmişik. ATƏT həm Minsk qrupu çərçivəsində, həm də ATƏT-in zirvə görüşlərində və xarici işlər nazirlərinin görüşlərində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün çox səylər qoymuşdur.

1994-cü ilin dekabr ayında ATƏT-in Budapeşt zirvə görüşündə qəbul olunmuş qərarı biz Ermənistan-Azərbaycan münaqişəsinin həlli sahəsində irəliyə atılan dəyərli bir addım kimi qiymətləndirmişik. 1996-cı ilin dekabr ayında ATƏT-in Lissabon zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün prinsiplər müəyyən edilmişdir. Biz bu prinsipləri əsas olaraq qəbul etmişik. Hesab edirik ki, Minsk qrupunun həmsədrləri bu prinsiplərin əsasında böyük sülh sazişinin hazırlanmasına nail ola bilərlər.

Təəssüflər olsun ki, ATƏT-in Lissabon zirvə görüşündən sonra Minsk qrupunun həmsədrləri - Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa o qədər də fəal işləməmişlər, işlər biz istədiyimiz səviyyədə getməyibdir. Ancaq eyni zamanda Minsk qrupunun həmsədrləri 1997-ci ilin iyun ayında Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün təkliflər vermişlər və biz bu təklifləri prinsip etibarilə qəbul etmişdik. Ermənistan tərəfi bu təklifləri qəbul etmədiyinə görə Minsk qrupunun həmsədrləri 1997-ci ilin sentyabr ayında yeni təkliflər vermişdilər. Bu təkliflər məsələnin iki mərhələdə həll olunmasını nəzərdə tutmuşdu. Biz o təklifləri də prinsip etibarilə qəbul etdik. Sentyabr-oktyabr aylarında Ermənistan tərəfindən də məlumatlar gəldi ki, onlar da bunu prinsip etibarilə qəbul edirlər. Sonra isə bu təklifləri həyata keçirmək mümkün olmadı. Ermənistanın rəhbərliyində baş vermiş hadisələrə və başqa səbəblərə görə Minsk qrupu həmsədrlərinin işi müəyyən qədər dayandı.

Ancaq biz Minsk qrupunun həmsədrlərinə təkliflərin həyata keçirilməsi ilə əlaqədar həmişə müraciətlər, xahişlər etmişik. Minsk qrupunun həmsədrləri də bizə vədlər veriblər ki, onlar yeni təkliflər hazırlayıb təqdim edəcəklər.

Bu il, 1998-ci il noyabr ayının 9-da Minsk qrupunun həmsədrləri - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransanın nümayəndələri Azərbaycanda olmuşlar və məsələnin həll edilməsi üçün yeni təkliflər vermişlər. Biz o təklifləri çox diqqətlə, qayğı ilə öyrənmişik, onlara çox məsuliyyətlə yanaşmışıq. Ancaq bu təklflərin Azərbaycan tərəfindən qəbul edilə bilməməsi haqqında noyabr ayının 9-da axşam Minsk qrupunun həmsədrlərinə bəyanat vermişik.

Biz Minsk qrupunun həmsədrlərinə izah etdik ki, onların verdikləri yeni təklifləri nə üçün qəbul edə bilmirik. Yəni, biz o yeni prinsipi qəbul edə bilmirik. Onlar da bizə söz verdilər ki, bu fikirlərimizi nəzərə alacaqlar. Sonra Minsk qrupunun həmsədrləri Ermənistanda olmuşlar. Gələn məlumatlardan belə anladıq ki, Ermənistan tərəfi prinsip etibarilə o təklifləri qəbul edibdir. Biz noyabr ayının 9-da verdiyimiz şifahi cavabla yanaşı, noyabrın 19-da bu təkliflər haqqında öz fikrimizi Minsk qrupunun həmsədrlərinə rəsmi olaraq, yazılı bildirmişik.

Nazir cənab Geremek ilə təkbətək danışığımız zamanı bu barədə çox geniş fikir mübadiləsi apardıq. Mən hörmətli sədrə, nazirə çox ətraflı məlumat verdim ki, Azərbaycan nə üçün bu təklifləri qəbul edə bilməz.

Bu gün burada çox böyük saylı nümayəndə heyəti, mətbuat nümayəndələri var. Ona görə mən o təklifləri bizim qəbul edə bilməməyimizin səbəblərini aydınlaşdırmaq istəyirəm.

Məlumdur ki, ATƏT-in Lissabon zirvə görüşündə münaqişənin həll olunması üçün prinsiplər müəyyən edilmişdir. O prinsiplərdən biri də Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində yüksək dərəcəli özünüidarə hüququ, statusu verilməsidir. Biz bu prinsipə razılığımızı vermişik, yəni hökumət, dövlət, Azərbaycanın prezidenti buna razılıq veribdir. Amma cəmiyyətdə hamı eyni fikirdə deyildir. Azərbaycan cəmiyyətində çoxları hesab edir ki, buna razılıq vermək lazım deyildi və ona görə də bizim bu fikrimizə müxalifdirlər.

Ancaq bunlara baxmayaraq, biz vəziyyətdən çıxmaq, bölgəmizdə sülh yaratmaq və torpağımızın işğal olunmuş hissəsini - Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, - azad etmək, işğal olunmuş torpaqlardan zorla çıxarılmış bir milyon azərbaycanlının, Azərbaycan vətəndaşlarının öz yerinə-yurduna qayıtması üçün kompromisə gedərək bu prinsipə razılıq vermişik. Biz bu barədə Minsk qrupunun həmsədrləri ilə dəfələrlə danışmışıq, Ermənistanın rəhbərləri ilə danışmışıq. Bu gün də mən deyirəm ki, əgər biz Dağlıq Qarabağa özünüidarə statusu verilməsinə razılıq veririksə, dünyada, beynəlxalq hüquq normalarında mövcud olan ən yüksək statusu Dağlıq Qarabağa verməyə razı ola bilərik. Nəzərə alaraq ki, bu, Azərbaycanın tərkibində olacaqdır.

Ancaq indi verilən yeni təkliflərin əsas prinsipi "ümumi dövlət" prinsipidir. Bu, rusca daha da yaxşı anlaşılır - "obşeye qosudarstvo". Bu, nə beynəlxalq təcrübədə var, nə də beynəlxalq hüquq normalarında. Bu, yeni icad olunmuş bir dövlət formasıdır. Şübhəsiz ki, yeni icad edilmiş hər bir şey də yaxşı ola bilər. Ona görə mən bunu pisləmək istəmirəm ki, bu, yeni icad edilib, indiyə qədər heç yerdə olmayıbdır. Söhbət bunun məzmunundan gedir. Elə məzmunu da onun özünü əks etdirir: "ümumi dövlət". Verilən təkliflərdən belə çıxır ki, orada beləcə də yazılıbdır, -"Dağlıq Qarabağ Respublikası" Azərbaycan ilə birlikdə "ümumi dövlət" yaradır.

Məlumdur ki, Azərbaycan dövləti mövcuddur. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini əldə edib və müstəqil dövlət kimi bütün beynəlxalq təşkilatlarda tanınıb, o cümlədən ATƏT-də təmsil olunubdur. Amma bu təklifdən belə məna çıxır ki, Azərbaycan "Dağlıq Qarabağ Respublikası"nı - hələ mövcud olmayan, orada faktiki bir şey var, amma bir respublika kimi onu heç kəs tanımayıb, biz də tanımamışıq, - guya tanımalıdır və biz onunla birlikdə "ümumi dövlət" yaratmalıyıq.

Burada da tənqid ediləsi çox müddəalar var, ancaq bizim əsas etirazımız bunadır. Biz razı ola bilmərik ki, Azərbaycan dünyada müstəqil dövlət olduğu bir zamanda öz tərkibində, ərazisində, müəyyən səbəblərdən və Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüzün, Azərbaycana qarşı aparılan işğalçılıq siyasətinin nəticəsində müəyyən sərbəstlik almış Dağlıq Qarabağ Azərbaycanla birlikdə bir dövlət yaratsın. Bu təklif Azərbaycan dövlətinin, Azərbaycan xalqının milli mənafelərinə zidd olan təklifdir. Mən çox təəccüb edirəm ki, Minsk qrupunun həmsədrləri bizimlə bir neçə il əməkdaşlıq edərək, indi qəflətən belə, Azərbaycan üçün heç bir vəchlə qəbul oluna bilməyən təklif irəli sürüblər. Belə təsəvvür yaranır ki, kimsə, nəyə görəsə, nəyin bahasına olur-olsun, bu məsələni guya həll etmək istəyir. Son on ildə, Ermənistanın Azərbaycana təcavüzü başlayandan indiyə qədər Azərbaycana vurulan zərbələri, ölkəmizin həyatında baş vermiş hadisələri görən adam və Azərbaycanın böyük məhrumiyyətlərlə üzləşməsini görənlər gərək Azərbaycana qarşı belə hərəkət etməsinlər.

Doğrudur, bəzi səbəblərdən Ermənistanın silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal edibdir. Bunun nəticəsində həm işğal olunmuş torpaqlarda Azərbaycanın varidatı dağıdılıb, həm də oradan - bu torpaqlardan didərgin düşmüş bir milyondan artıq insan altı ildir ki, çadırlarda, ağır vəziyyətdə yaşayır. Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilib, faktiki olaraq Ermənistanla birləşibdir. Bu da bugünkü reallıqdır. Amma bunlar hamısı hərbi təcavüz nəticəsində olmuşdur. Bu, güclünün gücsüzə vurduğu zərbələrin nəticəsində olmuşdur və məlumdur ki, bir çox dövlətlərin Ermənistana çox yaxından yardımı və dəstəyi nəticəsində baş vermişdir.

Bəli, Azərbaycan belə yaralar alıbdır. Amma Azərbaycan heç vaxt öz torpağının hansısa bir hissəsini başqa dövlətə verə bilməz. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüquq normaları, o cümlədən ATƏT-in prinsipləri ilə qorunur və qorunmalıdır. Ərazi bütövlüyü formal xarakter yox, faktiki xarakter, suverenlik xarakteri daşımalıdır. Azərbaycanın ərazi bütövlüyünün pozulması, torpaqlarının 20 faizinin işğal olunması və işğalçı ordunun əlində qalması gərək təkcə Azərbaycanı yox, bütün dünya birliyini, o cümlədən ATƏT-in bütün üzvlərini narahat etsin. Xüsusən, ATƏT-in Minsk qrupunun üzvləri, Minsk qrupunun həmsədrləri bu işlərə gərək çox məsuliyyətlə yanaşsınlar.

Ona görə də biz bu təklifləri qəbul edə bilmərik. Doğrudur, biz istəyirik ki, müharibə qurtarsın, sülh olsun. Biz 1994-cü ildə atəşkəs haqqında saziş imzalamışıq. Dörd il yarımdır ki, atəşkəs rejimini qoruyub saxlamışıq və bu gün də bəyan edirəm ki, biz atəşkəs rejimini qoruyacağıq. Hesab edirik ki, bunlar hamısı müvəqqəti xarakter daşıyır. Şübhə etmirik ki, Azərbaycanın işğal olunmuş torpaqları azad ediləcək, Azərbaycan vətəndaşları öz yerinə-yurduna qayıdacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və Dağlıq Qarabağ da Azərbaycanın tərkibində yüksək özünüidarə statusu alaraq normal yaşayacaqdır. Biz buna inanırıq. Ancaq bu məsələni həll etmək üçün təklif olunan bu yolları qəbul edə bilmərik.

Bəzi fikirlər yaradırlar ki, guya bu təklif əvvəl Azərbaycan tərəfi ilə razılaşdırılıbdır. Bu, düzgün olmayan məlumatdır. Dünən Rusiyanın xarici işlər naziri cənab İvanov mənə telefon etmişdi. O, mənə dedi ki, Minsk qrupunun həmsədrləri bu təkliflər barədə ona məruzə edərkən belə anlatmışlar ki, guya Azərbaycan tərəfi bununla razıdır və qəbul edə bilər. Mən ona dedim ki, bunlar hamısı yanlış fikirlərdir. Bu təkliflər Azərbaycan tərəfi ilə heç vaxt razılaşdırılmayıbdır. Biz bu təklifləri noyabr ayının 9-da almışıq və dərhal öz mövqeyimizi bildirmişik, öz cavabımızı vermişik.

Mən bu məsələlər barəsində ATƏT-in sədrinə, xarici işlər naziri cənab Geremekə ətraflı məlumat vermişəm. Bəlkə də bunları onun üçün təkrar edirəm. Ancaq bunları burada deməyə məcburam. Cənab Geremek, mən sizdən xahiş etdim və bir daha xahiş edirəm ki, Azərbaycanın bu probleminə çox diqqətlə və qayğı ilə yanaşasınız. Biz o təklifləri qəbul edə bilmərik, indiyə qədər çox təkliflər olub, - hansıları ki, biz qəbul etməmişik, Ermənistan qəbul edib, ya Ermənistan qəbul etməyib, biz qəbul etmişik. Minsk qrupu isə sonra öz işini davam etdiribdir. Ancaq indi, ATƏT-in xarici işlər nazirlərinin dekabr ayının 2-də Osloda keçiriləcək görüşü ərəfəsində belə bir təkliflə bizi ağır vəziyyətdə qoymaq ədalətsizlikdir. Mən ümid edirəm ki, Minsk qrupunun üzvləri, ATƏT-in üzvləri, xüsusən ATƏT-in sədri Geremek bizim bu fikirlərimizə diqqətlə, qayğı ilə yanaşacaqdır. Təşəkkür edirəm.

Bronislav Geremek: Cənab prezident, bundan əvvəlki görüşə və indiki görüş zamanı ifadə etdiyiniz mövqeyə görə Sizə minnətdarlığımı bildirirəm. Mənim sədrliyim ərzində Azərbaycana gələn ATƏT missiyası hər şeydən əvvəl, bu ölkədə sülhə və sabitliyə öz sədaqətini bildirmək üçün gəlibdir. ATƏT-in missiyası buraya gəlib ki, Azərbaycan xalqının düşdüyü vəziyyəti, çəkdiyi bəlaları anladığını bildirsin. Biz bu problemi həqiqətən anlayır, hiss edirik. Bu problemin həll olunması üçün bu çətinliklərin başa düşülməsi həqiqətən vacibdir.

Cənab prezident, məndə belə qənaət var ki, Sizin ölkəyə sülh lazımdır. Bu, elə bir sülh olmalıdır ki, hər iki tərəfin maraqları gözlənilsin. Dağlıq Qarabağ ermənilərinin milli özünüdərki gözlənilsin, eyni zamanda Azərbaycanın işğal olunmuş əraziləri geri qaytarılsın, Azərbaycanın qaçqınlarına və köçkünlərinə öz daimi yaşayış yerlərinə qayıtmaq imkanı yaradılsın. Mən tam əminəm ki, ATƏT bu problemin həllində öz qüvvələrini əsirgəməyəcək, sülhün, sabitliyin və ədalətin bərqərar olması üçün öz dəstəyini verəcəkdir.

Cənab prezident, bir qədər əvvəl Siz Minsk qrupu həmsədrlərinin son təkliflərinə öz münasibətinizi bildirdiniz. ATƏT-in hazırkı sədri kimi mən Sizin dediklərinizin hamısını nəzərə alacağam. Mən böyük məmnuniyyətlə Sizin sözlərinizdən eşitdim ki, sülh uğrunda işinizi davam etdirəcəksiniz, Minsk qrupunun səylərini dəstəkləyirsiniz və atəşkəs rejimi davam etdiriləcəkdir. Başa düşürəm ki, Siz bu münaqişəyə qatılmış tərəflər arasında Minsk qrupunun simasında gələcək danışıqların sxemini görürsünüz. Cənab prezident, mən elə bilirəm ki, biz hamımız sülh danışıqlarının bərpası üçün şərait yaranması uğrunda işimizi davam etdirəcəyik.

Polşanın xarici işlər naziri kimi isə demək istəyirəm ki, Polşaya Sizin rəsmi səfəriniz çox yaxşı nəticələndi. Ümid edirəm ki, prezident Kvasnevskinin Azərbaycana səfəri yaranmış dialoqun davamı olacaq və artıq yaranmış əlaqələri - mədəni, siyasi və iqtisadi əlaqələri yeni səviyyəyə qaldıracaqdır.

Cənab prezident, Sizin icazənizlə mən bir neçə spesifik məsələlərə toxunmaq istəyirəm. Lakin hesab edirəm ki, mətbuat nümayəndələrinin burada olması həmin məsələləri müzakirə etmək üçün yaxşı mühit yaratmır.

"Azərbaycan" qəzeti, 28 noyabr 1998-ci il.