Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-ın Azərbaycandakısəfiri Ross Uilsonla söhbətindən - 26 fevral 2001-ci il


Ross Uilson: Cənab Prezident, hər şey qaydasındadır. Siz məni kifayət qədər işlə məşğul etmisiniz.

Heydər Əliyev: Mən sizi məşğul etmirəm. Siz öz işlərinizlə məşğulsunuz. Sadəcə, mən bilirəm, siz iki gün bizim parlamentin iclasında iştirak etdiniz. Güman edirəm, bu da faydalıdır.

Ross Uilson: Cənab prezident, şübhəsiz, bu, mənim üçün faydalı bir təcrübə idi. Hesab edirəm ki, bu, tarixi baxımdan Azərbaycan üçün də çox əhəmiyyətli hadisə idi.

Cənab prezident, cümə və şənbə günləri Sizin şəxsi rəhbərliyiniz altında aparılan müzakirələr ona görə xüsusi əhəmiyyət kəsb edir ki, Azərbaycan ictimaiyyətini münaqişə barədə daha ətraflı məlumatlandırmaq, münaqişəni daha dərindən anlamaq, münaqişənin həlli yolları barədə fikir mübadiləsi aparmaq baxımından faydalı idi. Eyni zamanda, münaqişənin sülh yolu ilə həllinə Sizin sadiq qalmağınızı bir daha nümayiş etdirdiniz. Səmimi qəlbdən ümidvar olduğumu bildirmək istəyirəm ki, parlamentdə aparılan müzakirələr bu münaqişənin həllinə töhfə verəcək, hər iki tərəf üçün qəbul oluna biləcək qərarın tapılması ilə nəticələnəcəkdir.

Sizə bildirmək istəyirəm ki, dediyim bu sözləri Rusiyanın və Fransanın səfirləri də bölüşürlər. Hamımız belə fikirdəyik ki, bu münaqişənin sülh yolu ilə, dinc vasitələrlə aradan qaldırılması Azərbaycanın iqtisadi cəhətdən inkişafı, ölkədə demokratiyanın uğurla inkişaf etdirilməsi, Azərbaycan xalqının firavan yaşaması üçün olduqca vacib bir məsələdir. Həm Siz, həm də Azərbaycan Amerika Birləşmirş Ştatlarının, Minsk qrupu üzvlərinin dəstəyinə arxalana bilərsiniz.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Bəli, biz son illəri götürsək, beşinci, altıncı günlər Azərbaycanın Milli Məclisində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi yollarına həsr olunmuş müzakirə tarixi bir hadisədir. Yəqin xalq da bilir ki, son yeddi ildə biz nə qədər səylər göstərmişik ki, məsələni sülh yolu ilə həll edək. Mən orada rəqəmlər gətirdim - nə qədər görüşlər keçirilib, beynəlxalq təşkilatlarda nə qədər bəyanatlar vermişik, Minsk qrupunun həmsədrləri nə qədər Azərbaycanda olub, danışıqlar aparmışıq. Bu, həddindən artıqdır.

Ancaq son zamanlar mən daha da çox hiss etdim ki, ictimaiyyətimiz, Milli Məclisin deputatları, Azərbaycanda olan siyasi partiyalar bu vəziyyətin nə qədər ağır, nə qədər çətin olduğunu və məsələnin həllinin nə qədər çətin olduğunu dərk edə bilmirlər. Bəziləri dərk edirlər, ancaq öz şəxsi mənafeləri nöqteyi-nəzərindən bunu başqa tərəfə yönəltmək istəyirlər. Ona görə də mən Minsk qrupunun 1997-ci ildən indiyə qədər sənəd şəklində həm Ermənistana, həm də Azərbaycana verdiyi üç konkret təklifi dərc etdirdim.

Doğrudur, bu, təəccüb doğurdu və bəziləri hesab etdi ki, mən bu təkliflərin tərəfdarıyam, hansınısa keçirmək istəyirəm. Müxalifətin əlinə fürsət düşdü ki, özünü göstərsin, öz müxalifətçiliyini göstərsin. Ancaq müzakirələrin gedişi bunların hamısının əsassız olduğunu nümayiş etdirdi. Yəni insanlar mənim məqsədimi anlaya bildilər. Bilirəm ki, sənədlərin dərc olunması Ermənistanda da narazılıq doğurubdur. Guya mən məxfiliyi pozmuşam. Bunların heç birisi məxfi deyildi. Cəmiyyət bilməliydi ki, biz hansı təklifləri almışıq və cəmiyyətin münasibəti bunlara nə cürdür.

Bizdən sonra Ermənistanda da bu təkliflər dərc olunubdur. Bu da pis deyildir.

Hər halda, mən hesab edirəm ki, bu barədə biz çox ciddi addım atdıq. Amma mənim əsas məqsədim ondan ibarət deyildi ki, bu təkliflərin hanısınısa müzakirə edim və onların qəbul edilməsinə nail olum. Əgər onların hansısa qəbul oluna bilərdisə, mən bunu bizə verilən vaxt parlamentdə, cəmiyyətdə müzakirə edə bilərdim. Təklifləri alandan sonra, onlara münasibətimizi bildirəndən sonra heç bir nəticə əldə olmadığına görə bunları dərc etdirdlim. Milli Məclisdəki müzakirənin əsas məqsədi ondan ibarət idi ki, qoy, bizim Milli Məclisdə, dövlət orqanlarında oturanlar, siyasi partiyalar, ziyalılar, elm adamları, müxtəlif vətənpərvər insanlarımız öz təkliflərini versinlər ki, bu vəziyyətdən nə cür çıxaq.

Mən bilirəm, cəmiyyətimizin əksəriyyəti məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Bu, Milli Məclisdəki çıxışların əksəriyyətində bildirildi. Mən də bunun tərəfdarıyam. Ancaq bunu nə cür həll edək? Bu məsələyə sülh yolu ilə son qoymağa nə cür nail olaq? Bunun üçün əlavə tədbirlər görülməlidir. Qoy, desinlər.

Bəziləri deyir, müharibə edək. Mən dedim ki, bir də bəyan edirəm, bəli, müharibə də edə bilərik. İndi bizim müharibə etməyə qadir ordumuz vardır. Ancaq müharibə ilə biz nə əldə edəcəyik? İşğal olunmuş torpaqları azad edə bilərik. Həddindən artıq qan töküləcəkdir. Bəs, Dağlıq Qarabağ? Bəziləri hesab edir ki, gedib oradakı erməniləri də qırmaq lazımdır, beləliklə, hər şeyi əlimizə keçirmək lazımdır. Bu da ağılsız şeydir. Amma müharibə istəyənlər, xüsusən müxalifətdəkilər deyirlər ki, gəlin müharibə edək, nə bilim, torpaqlarımızı azad edək. Onlar hamısı bilməlidirlər ki, müharibənin öz qanunları var. Müharibə etmək üçün ölkədə ümumi səfərbərlik elan olunmalıdır, hamı müharibədə iştirak etməlidir, fövqəladə vəziyyət elan olunmalıdır. Bütün siyasi partiyalar bağlanmalıdır, bütün müxalifət qəzetləri bağlanmalıdır. Hamı müharibəyə cəlb olunmalıdır. Müharibənin başqa qanunları da var. Mən ali baş komandan kimi bunların hamısını bilirəm. Amma "müharibə, müharibə" deyənlər də bilsinlər. Mən müharibə elan edən günü onların hamısının bütün fəaliyyəti dayandırılacaqdır. Hamı müharibəyə getsin.

Bilirsiniz, məsələni uzadaq, məsələni donduraq, 5 ildən, 10 ildən sonra həll edək - bunu isti yerdə oturan adamlar deyirlər. Mən dünən demişəm, əgər kimsə doğrudan bu təklifi verib, mən gözləyəcəm, müraciət etsinlər ki, heç olmasa gedib 15 gün çadırlarda yaşasınlar, yaxud evlərinin bir hissəsini çadırlarda yaşayanlara versinlər. İnanıram ki, belələri tapılmayacaqdır. Amma mən gözləyəcəyəm.

Vəziyyət o qədər mürəkkəbdir ki, burada mühüm tədbirlər görmək lazımdır. Mən istəyirəm ki, bu tədbirlər barədə təklifləri cəmiyyət versin, insanlar versin, bizi tənqid edən siyasi partiyalar versin. Mən gözləyəcəyəm, bəlkə, 10-15 günə bir şey alındı. Bəlkə indiyə qədər anlaya bilmədiyimiz bir şeyi bizə təklif edəcəklər.

Beləliklə, hesab edirəm ki, bu müzakirə çox əhəmiyyətli idi.

Bilirəm ki, bu müzakirə bizim ictimaiyyətdə, xalqın arasında çox böyük əks-səda doğurubdur. Mən hər halda bununla razıyam.

Ross Uilson: Cənab prezident, çox sağ olun. Amerika Birləşmiş Ştatları Sizinlə tamamilə razıdır ki, münaqişənin həll olunması üçün müharibə yolu yaxşı yol deyildir. Bütün müharibələrin cəmiyyət, xalq, iqtisadiyyat üçün ağlagəlməz ziyanları, zərərləri olur. Hesab edirik ki, Azərbaycanın yolu müharibə yolu olmamalıdır. Sizinlə razıyam ki, bu məsələni indi yox, başqa vaxt həll etmək yolunu tutmaq bu ölkənin seçə biləcəyi bir yol deyildir.

Mən də qaçqın düşərgələrində, çadırlarda olmuşam. Orada çox məğrur, igid insanlar yaşayırlar. O insanlar böyük ümidlə öz rəhbərinin cəsur, qorxmaz addımlar atmasını, sülhün bərqərar olunmasını arzulayırlar ki, doğma torpaqlarına, evlərinə qayıda bilsinlər. Hesab edirik ki, bu münaqişənin həll olunması yolu varsa, o da dinc, danışıqlar yoludur və biz Sizin bu sahədə atdığınız addımları, səylərinizi dəstəkləyirik.

Cənab prezident, Sizinlə görüşməkdən ona görə məmnunam ki, prezident Corc Buşun məktubunu Sizə yetirmək istəyirəm. Prezident Corc Buş məktubla Sizə müraciət edərək Azərbaycanla və Sizin rəhbərlik etdiyiniz hökumətlə sıx və konstruktiv münasibətlərimizi gücləndirməyə şəxsən dəstək verdiyini bir daha təsdiq etmək istəyir. O, Amerika Birləşmiş Ştatlarının Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qəti surətdə sadiq qaldığını bir daha təsdiq edir. Prezident Buş Azərbaycanın Avropa Şurasına qəbul olunmasını ürəkdən alqışlayır və hesab edir ki, bu, Azərbaycan üçün tarixi bir hadisədir. Bu, Azərbaycanda demokratik, siyasi, iqtisadi təsisatların yaradılması, həmçinin Azərbaycanın Avro-Atlantik icmaya inteqrasiya olunması üçün səylərin artırılması baxımından geniş imkanlar açır.

Prezident Corc Buş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını özünün rəhbərlik etdiyi hökumətin ən çox üstünlük verdiyi önəmli məsələlərdən biri hesab edir. Cənab Buş münaqişənin həll olunması üçün Sizinlə prezident Koçaryan arasında danışıqların aparılmasını və müəyyən irəliləyişlərin əldə edilməsini yüksək qiymətləndirir. Prezident Buş onu da alqışlayır ki, Siz bu yaxınlarda, martın 4-5-də Parisdə yenidən görüşəcəksiniz.

Prezident Buş öz məktubunda Sizə yazır: Amerika Birləşmiş Ştatları bu prosesdə fəal surətdə iştirak etməkdə davam edəcəkdir. Mən şəxsən ümid edirəm ki, bu il biz ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə çalışaraq Cənubi Qafqazda sülhün bərqərar olmasına nail ola biləcəyik. Cənab Buş eyni zamanda, qeyd edir ki, sülhü əldə etmək üçün şəxsən Siz, habelə Azərbaycan və Ermənistan xalqları çətin seçim etməli olacaqdır.

Prezident Buş həm özünün, həm də Amerika Birləşmiş Ştatlarının bütün imkanlarından istifadə edərək bu məqsədlərə nail olmaq üçün Sizə kömək etməyə hazır olduğunu bildirir. Prezident, şərq-qərb enerji nəqli layihələrinin Azərbaycanın müstəqilliyi və təhlükəsizliyi üçün nə qədər böyük əhəmiyyət kəsb etməsini anladığını vurğulayaraq, ümidvar olduğunu bildirir ki, Azərbaycandan Gürcüstana, oradan da Turkiyəyə çəkiləcək qaz kəməri layihəsində də buna bənzər irəliləyiş əldə olunacaqdır.

Prezident Corc Buş öz məktubunun sonunda belə yazır: Mənim prezident kimi səlahiyyətlərimi icra etməyə başlamağım ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün çox böyük perspektivlər vəd edən bir vaxta təsadüf edir. Mən Azərbaycanda və Qafqazda sülhün, sabitliyin və demokratiyanın bərqərar olması, Azərbaycan xalqının və qonşu Qafqaz xalqlarının firavanlığının təmin edilməsi üçün mövcud imkanlardan tam istifadə olunması məqsədi ilə Sizinlə birlikdə çalışmaq əzmindəyəm

Cənab prezident, bu, olduqca ciddi bir məktubdur. Bu məktub yeni Buş hökumətinin bu münaqişənin həll edilməsi üçün Sizinlə dialoqlara başlamağa hazır olduğunu göstərən bir məktubdur. Ümidvaram ki, bu günlər ərzində Sizinlə daha sıx çalışaraq, Vaşinqtonda mənə rəhbərlik edən şəxsləri bu prosesə cəlb etmək üçün birgə səylərimizi artıracağıq və təmaslarımızı çoxaldacağıq.

Heydər Əliyev: Hörmətli səfir, sağ olun. Mən öz prezidentlik səlahiyyətini həyata keçirməyə yenicə başladığı zaman prezident cənab Corc Buşdan belə çox məzmunlu, böyük əhəmiyyətli məktub almağımdan məmnunam.

Siz bilirsiniz ki, şəxsən mənim son 7 il içərisində Amerika Birləşmiş Ştatlarının keçmiş hökuməti ilə, şəxsən prezident Klinton ilə, dövlət katibi xanım Olbraytla və başqa şəxslərlə daim sıx əlaqəm olmuşdur və Azərbaycan-Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərin inkişafı üçün bunun çox vacib olduğunu həmişə dərk etmişəm.

Mən bu əməkdaşlığı yeni hökumət ilə də davam etdirməyə hazıram və təşəkkür edirəm ki, prezident cənab Corc Buş işinin gərgin dövründə ölkəmizə diqqət yetiribdir, Azərbaycan prezidentinə çox əhəmiyyətli məktub göndəribdir. Mən məktubu diqqətlə oxuyacağam. Ancaq siz bu məktubun bəzi məqamlarından bəhs etdiniz. Bunlar bir daha təsdiq edir ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında əlaqələr yüksələn istiqamətdə inkişaf edir və inkişaf edəcəkdir.

Prezident cənab Corc Buşun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün bundan sonra da Amerika tərəfindən səylər göstərilməsi haqqında verdiyi bəyanat və Minsk qrupunun həmsədrlərinin bundan sonra da birgə fəaliyyəti haqqında fikirləri məni çox nikbin edir.

Bizim ölkələrimiz arasında iqtisadi əməkdaşlığın da inkişaf etdirilməsi və bu münasibətlə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasına başlanması və Azərbaycan qazının Türkiyəyə ixrac olunması məsələlərinin bu məktubda əksini tapması təbiidir, onu göstərir ki, bizim son illər apardığımız işlər davam edir və bundan sonra sürətlə davam edəcəkdir.

Bu məktubun məhz bu günlərdə mənə gəlib çatması da çox əlamətdar bir hadisədir. Çünki gördünüz ki, mən parlamentdə iki gün bu məsələni müzakirə etdim və bütün ictimaiyyətin müzakirəsinə verdim. Martın 4-5-də Parisdə görüşlər keçirəcəyəm. Məhz bu məqamda məktubun gəlməsi təbiidir ki, Amerika Birləşmiş Ştatlarının, onun hökumətinin bu məsələ ilə - mən Ermənistan-Azərbaycan münaqişəsini nəzərdə tuturam - daim məşğul olduğunu bir daha təsdiq edir.

Mən çox təşəkkür edirəm. Bu məktubu diqqətlə oxuyacağam və mütləq bu günlərdə məktuba cavab göndərəcəyəm. Çox sağ olun.