Bakıda Xəzər dənizində neft-qaz hasilatına dair I Beynəlxalq sərginin açılışında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - 24 may 1994-cü il


Hörmətli xanımlar və cənablar! Sizi səmimi-qəlbdən salamlayır, mühüm hadisə - Azərbaycanda, Xəzər hövzəsində neft və qaz hasilatına həsr olunmuş sərginin açılışı münasibətilə təbrik edirəm. Ölkəmizin neft sənayesinin qədim və zəngin tarixi var. Təqribən 150 il bundan əvvəl Azərbaycanda sənaye üsulu ilə neft çıxarılmasına başlanması məlumdur. O vaxtdan ötən dövrdə Azərbaycan xalqının səyləri, xarici şirkətlərin köməyi ilə böyük yol keçilmişdir. Respublikanın yataqlarından 1 milyard 300 milyon tondan çox neft və külli miqdarda qaz çıxarılmışdır. Lakin ötən tarixi dövr və mütəxəssislərimizin tədqiqatları göstərir ki, Azərbaycanda indi də çox böyük neft və qaz ehtiyatı var. Deməli, Azərbaycan Respublikasının bu qiymətli sərvətlərindən istifadə sahəsində qarşıda bizi daha böyük perspektiv gözləyir. Ötən tarixi dövrdə nə edilmişsə, şübhəsiz ki, bizim çox böyük nailiyyətimiz, zəngin təcrübə, gələcək işlər üçün yaxşı bünövrədir. Cəsarət edib bir cəhəti də qeyd etmək istəyirəm ki, dünya təcrübəsində dənizdən neft çıxarılmasına ilk dəfə Azərbaycanda başlanmışdır. Bütün bu deyilənlər Azərbaycana və Bakıya neft şöhrəti gətirmiş və ölkəmizi dünyada tanıtmışdır. Lakin indi biz neft və qaz yataqlarından istifadə olunmasının yeni mərhələsindəyik.

Bu, hər şeydən əvvəl onunla bağlıdır ki, Azərbaycan özünün çoxəsrlik tarixi ərzində ilk dəfə olaraq dövlət müstəqilliyi əldə etmişdir. Azərbaycan xalqı yeraltı sərvətlərinin və öz taleyinin tam hüquqlu sahibi olmuşdur. Bu, ona özünün yeraltı sərvətlərindən müstəqil şəkildə, Azərbaycanın mənafeyinə uyğun istifadə etməyə imkan verəcəkdir.

Digər tərəfdən, son onilliklərdə xüsusən, dəniz yataqlarında neft və qaz hasilatı texnikası və texnologiyasında dünya praktikasında çox böyük nailiyyətlər əldə olunmuşdur. Etiraf etməliyəm ki, əslində dünyada ilk dəfə olaraq dəniz yataqlarının işlənməsinə başlayan Azərbaycan indi bu sahədə dünya səviyyəsindən müəyyən dərəcədə geri qalır. Bununla belə, dünyanın, xüsusən Qərb ölkələrinin iri neft şirkətlərinin Azərbaycan neftinə böyük maraq göstərməsi əməkdaşlığımızın zəruriliyini sürətləndirir. Biz milli mənafeyimizi tam dərk edərək və əməkdaşlığın Azərbaycanda neft sənayesinin daha müvəffəqiyyətlə inkişafını təmin edəcəyini əsas tutaraq həmin şirkətlərlə fəal əməkdaşlığa getmişik. Bundan əlavə, belə əməkdaşlıq təkcə neft şirkətləri ilə deyil, həm də Qərb ölkələri ilə sıx qarşılıqlı fəaliyyətə gətirib çıxaracaqdır. Qərbin neft şirkətləri ilə əməkdaşlıq istiqamətində atdığımız addımların həm iqtisadi, həm də siyasi mənası var. Biz əminik ki, Azərbaycanın, onun Dövlət Neft Şirkətinin Qərb tərəfdaşları ilə gələcək əməkdaşlığı məhz bu prinsiplər zəminində həyata keçiriləcəkdir.

Sizə məlumdur ki, xarici neft şirkətləri Azərbaycanın neft və qaz yataqlarına təqribən üç il bundan əvvəl maraq göstərmişlər. Bütün bu müddətdə müvafiq danışıqlar aparılır. Bu danışıqların yolu isə, əlbəttə, hamar olmamışdır. Enişlər də, yoxuşlar da olmuşdur. Lakin hər halda, bu danışıqlar davam etmişdir və bizim fikrimizcə, son vaxtlar daha uğurla gedir. Xarici neft şirkətlərinin rəhbərləri ilə görüşərkən mən bunu demişəm. Lakin bu gün bir daha qeyd etməyi lazım bilirəm ki, biz ölkəmiz üçün çox mühüm və məsuliyyətli olan bu addımı atarkən başlıca prinsipi - Azərbaycan Respublikasının milli mənafelərini, həm bizim dövlətimiz üçün, həm də iqtisadiyyatımıza investisiya qoymağı qərara almış neft şirkətləri üçün qarşılıqlı faydanı təmin edən prinsipi əsas götürürük.

Məmnuniyyətlə qeyd edirəm ki, bu prosesdə Qərbin təkcə neft şirkətləri deyil, həm də bu ölkələrin rəhbərləri, məsələn, Böyük Britaniyanın baş naziri, danışıqlara maraq göstərən cənab Con Meycor iştirak edir. Cənab Con Meycor mənə göndərdiyi məktubunda həmin məsələ barədə öz fikirlərini ifadə etmişdir və bu, ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq haqqında müvafiq sazişdə əksini tapmışdır. Bugünkü mərasimdə iştirak etmək üçün xüsusi olaraq Bakıya gələn Birləşmiş Krallığın energetika naziri cənab Tim Eqqarın sərginin açılışında olmasını böyük məmnuniyyətlə qeyd edirəm.

Azərbaycan ilə Qərbin neft şirkətləri arasında danışıqların son vaxtlar daha uğurla getməsindən məmnun qaldığımı bildirmək istəyirəm. Danışıqların mayın 2-dən 19-dək İstanbulda keçirilən sonuncu mərhələsi, zənnimcə, yaxşı nəticələrlə başa çatmışdır. Ötən vaxt ərzində danışıqlarla, neft sənayesi sahəsində Qərb ölkələri ilə əməkdaşlıqla bağlı çoxlu müxtəlif mülahizələr, şayiələr olmuşdur. Əslində bunların əsası yoxdur. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikası, prezident kimi mən mövqeyimizi qəti müəyyənləşdirmişik. Mövqeyimiz isə ondan ibarətdir ki, biz danışıqları davam etdirəcəyik və bunların müvəffəqiyyətlə başa çatmasına, böyük kommersiya sazişlərinin bağlanmasına ümid bəsləyirik.

Bununla əlaqədar indiki sərgiyə və onun gedişində keçirilməsi nəzərdə tutulan konfransa çox böyük əhəmiyyət veririk. Sərgidə 20 ölkənin 180-dək firmasının iştirak etməsi onun belə əhəmiyyət kəsb etdiyini göstərir. Burada Azərbaycanın neft sənayesi də kifayət qədər dolğun təmsil olunmuşdur. Ümidvaram ki, sərginin iştirakçıları, tamaşaçılar neft hasilatı, bu prosesin texnika və texnologiyası sahəsində dünyanın iri neft şirkətlərinin əldə etdikləri bütün nailiyyətlərlə tanış olacaq, eyni zamanda Azərbaycan neft sənayesinin tarixi, onun nailiyyətləri ilə də tanış ola biləcəklər.

Bayaq qeyd etdim ki, son onilliklərdə dünyanın neft şirkətləri dənizdən neft çıxarılması texnikası və texnologiyasını inkişaf etdirməkdə çox böyük təcrübə toplamışlar. Bu nailiyyətlərlə əyani tanışlıq bizdən, Azərbaycanın nümayəndələrindən ötrü son dərəcə maraqlı olacaqdır. Eyni zamanda əminəm ki, sərginin məqsədi təkcə təcrübəni nümayiş etdirmək deyil, həm də bu təcrübədən istifadə üçün səyləri birləşdirməkdir.

Azərbaycan neft ölkəsidir. Keçmişdə isə Odlar diyarı adlanırdı və Azərbaycan bu gün də həmin adı fəxrlə daşıyır. Bu adın özü də neft və qaz ilə əlaqədardır. Qədim zamanlarda adamlar yerin altından çıxan yanar qazı sadəcə olaraq od sayırdılar. Azərbaycanda neft yataqlarının istismar edildiyi bir çox onilliklər ərzində xalqımızın fəxri sayılan neçə-neçə neftçilər nəsli yetişmişdir. Neftçi olmaq Azərbaycanda ən şərəfli peşə sayılır. Qeyd etməyi lazım bilirəm ki, keçmiş Sovet İttifaqında əslində bütün yataqların kəşfi və işlənməsi Azərbaycan alimləri və neftçilərinin əməyi, səyləri ilə bağlıdır. Keçmiş Sovet İttifaqında, indi Rusiyada ikinci, üçüncü, dördüncü Bakı var. Bunlar Tatarıstan, Başqırdıstan, Orenburq, Sibirdir. Həmin rayonları məhz ona görə ikinci, üçüncü, dördüncü Bakı adlandırmışlar ki, o yerlərdə hər dəfə yataqların kəşfi, işlənməsi Azərbaycanda hazırlanmış alimlər, geoloqlar, mütəxəssislər tərəfindən həyata keçirilmişdir.

Bu tarixdən böyük fəxrlə danışmaqla, Azərbaycan neftçilərinin bir çox nəsillərinin əməyini yüksək qiymətləndirməklə yanaşı, bu gün eyni zamanda qeyd edirəm ki, indi ölkəmizin neft sənayesinin inkişafında yeni mərhələ açılır. Bu mərhələ Xəzər dənizində neft və qaz yataqlarının işlənməsində Qərbin iri neft şirkətlərinin fəal iştirakı ilə bağlıdır. Əmin edirəm ki, Azərbaycan neftçiləri sizin layiqli tərəfdaşınız olacaq. Ümidvaram ki, Azərbaycana gələn Qərbin neft şirkətləri ölkəmizin neft və qaz sənayesinin bütün tarixi ərzində əldə olunmuş nailiyyətləri həmişə yüksək qiymətləndirəcəklər. Böyük məhəbbət və səylə hazırlanmış indiki sərgi də buna geniş imkan yaradır. Sərginin hazırlanmasına böyük əmək sərf etdiklərinə görə "Sperhed eksibişnz LTD" firmasına və Azərbaycanın Ticarət-Sənaye Palatasına minnətdarlığımı bildirir, dünyanın bütün neft şirkətlərinin imkanlarını dolğunluğu ilə təqdim etmək, respublikanın ictimaiyyətini onlarla tanış etmək üçün şirkətlərin hamısının bir-birini tanıya bilməsi üçün sərginin işlədiyi günlərdə burada çalışacaq şəxslərin hamısına uğurlar arzulayıram. Ümidvaram ki, bütün bunlar hamımız üçün çox faydalı olacaqdır.

Nəhayət, bir cəhəti qeyd etməyə bilmərəm. Bəlkə də bunun neft sənayesinə bilavasitə aidiyyəti yoxdur, lakin indiki sərgi ilə bağlıdır. 15 il bundan əvvəl mənim təşəbbüsümlə həmin bu idman kompleksinin tikintisinə başlanmışdır. O zaman binanın bünövrəsinə ilk daşı mən qoymuşdum və indi hədsiz dərəcədə xoşbəxtəm ki, kompleksin tikintisi hələ başa çatmasa da, idman oyunlarından əlavə, belə gözəl sərgi kimi xeyirxah işə də xidmət edir. Hamınızı bir daha salamlayır və təbrik edir, möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, bu beynəlxalq sərgiyə, burada təmsil olunan bütün şirkətlərə böyük uğurlar diləyirəm. Ümidvaram ki, Azərbaycan ilə Qərbin neft şirkətləri arasında əməkdaşlıq daha müvəffəqiyyətlə inkişaf edəcəkdir. Hamınıza böyük uğurlar arzulayıram.

"Azərbaycan" qəzeti, 25 may 1994-cü il