Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikası xarici işlər nazirinin Avropa və Amerika məsələləri üzrə müavini və İranın Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Əli Ahəni ilə söhbətindən - 22 noyabr 2000-ci il


Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz. Bizim təmaslarımız tez-tez olmalıdır ki, işlərimiz irəli getsin.

Ağayi Qəzai İranın Azərbaycandakı səfiridir. Təəssüf edirəm ki, onunla hələlik görüşüb danışa bilməmişəm. Ağayi Bikdeli də burada uzun müddət ölkənizin səfiri olubdur, çox məmnunam ki, yenidən Azərbaycana gəlibdir. Siz isə, yəqin ki, ilk dəfədir Azərbaycana gəlirsiniz. Çox şadam. Mən sizi dinləyirəm.

Əli Ahəni: Hər şeydən öncə bizi qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Çox şadam ki, regional məsləhətləşmələrə, səfərimə sizin ölkənizdən başladım. Dünən axşam Naxçıvana gəldim, ora Sizin anadan olduğunuz bir yerdir. Naxçıvanda keçirdiyim görüşlər, o cümlədən Ali Məclisin sədri ilə görüşüm məndə çox gözəl təəssürat oyatdı. Elektrik enerjisinə görə olan borcların yığılıb qalması səbəbindən naxçıvanlı dostlarımızı qaranlıq içində görməkdən təsirləndim. Mən Vasif Talıbova bildirdim ki, bu vəziyyətə görə çox təsirlənirəm və borcların qaytarılması yolunun tapılması, elektrik enerjisinin verilməsini bərpa etməkdə köməklik göstərməyə hazıram. Ümidvaram ki, cənabınızın şəxsən işə qarışması və göstərişi sayəsində tezliklə məsələnin həlli yolunu tapacağıq.

Bu gün Azərbaycan rəsmiləri ilə görüşlərimizdə çox faydalı və konstruktiv məsələlərə toxunduq. Əməkdaşlığın müxtəlif sahələrini araşdırdıq. Sevindirici haldır ki, hər iki tərəf qarşılıqlı maraqların təmin olunmasını, əlaqələrin genişlənməsini arzu etdiyini vurğuladı.

Regional təhlükəsizlik və digər məsələlər barədə də çox faydalı danışıqlar apardıq və hər iki tərəfin mövqeyi diqqətəlayiq idi.

Mənim səfərimin əsas məqsədlərindən biri azərbaycanlı həmkarlarımla Xəzər dənizinin statusu barədə məsləhətləşmələr aparmaqdır. İlkin məsləhətlərə başladım. Sevindirici haldır ki, bu sahədə bizim və azərbaycanlı dostlarımızın mövqeyi bir-birinə çox yaxındır. Hər iki tərəf xüsusi vurğulayır ki, biz ümumi məqbul sayılan formula tapmalıyıq. Elə formul tapmalıyıq ki, o, Xəzəryanı beş ölkə tərəfindən də qəbul olunsun. Mən sabah öz həmkarlarımla məsləhətləşmələrimi davam etdirəcəyəm.

Bundan sonra digər Xəzəryanı ölkələrə səfər edərək məsləhətləşmələri davam etdirəcəyəm. Qarşıdakı səfərimin bir məqsədi də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünü təşkil etməkdir. Ümidvaram ki, beş ölkənin razılığı ilə münasib bir formula əldə edə biləcəyik.

Cənab prezident, təbiidir ki, Sizin təcrübəniz və biliyiniz bizə bu sahədə çox kömək edəcəkdir. Diqqətinizə görə Sizə təşəkkürümü bildirirəm.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Sizin toxunduğunuz məsələlər bizi də maraqlandıran məsələlərdir. Bu, bizim ölkələrimiz arasında olan, həm İran, həm də Azərbaycan üçün vacib məsələlərdir. Ona görə də mən sizin bu səfərinizi çox vacib hesab edirəm. Burada apardığınız danışıqları və görüşləri də çox faydalı hesab edirəm. Həm baş nazir, həm də xarici işlər naziri sizinlə görüşləri haqqında mənə məlumat veriblər. Müzakirə olunan məsələlər haqqında da mənə məlumat verilibdir. Biz çalışmalıyıq ki, bu məsələlərin həlli yollarını tapaq.

Naxçıvandakı elektrik probleminə də toxundunuz. Dediniz ki, ora elektrik enerjisindən məhrumdur, şəhər qaranlıq içindədir. Mən məmnunam ki, bu sizi narahat edir. Amma bizi çox narahat edir.

1992-ci ildə mən Naxçıvanda işləyən zaman, o vaxt İranın ali rəhbərliyi ilə Tehranda mənim görüşlərimdən sonra, sizin ölkənizdən Naxçıvana elektrik ötürücü xəttinin çəkilməsi barədə İran hökuməti qərar qəbul etdi. Qısa bir zamanda elektrik xətti çəkildi. Bunu biz dostluq bayramı kimi qeyd etdik. O vaxt borclar haqqında söhbət getmirdi. O vaxt sadəcə olaraq İran Naxçıvana dost əlini uzadıb onu qaranlıqdan çıxarmaq istəyirdi. Ona görə də mən minnətdaram. Ancaq vaxtilə qaranlıqdan çıxartdığınız Naxçıvanı indi ki, qaranlığa salmısınız, bu, məndə təəssüf doğurur.

Azərbaycanda belə bir söz var: borclu borclunun sağlığını istər. Biz elə qonşu deyilik ki, sabah buradan çıxıb gedək, ondan sonra deyəsiniz ki, qonşu çıxıb getdi, haradadır, tapa bilmirik ki, pulumuzu alaq. Biz ömürlük qonşuyuq. Adətən, bizdə belə olubdur. Mənim gənc vaxtlarımda Naxçıvandakı həyatımı götürün. Bizim evdə bir şey çatmayanda, qonşumuz gətirib verirdi. Bir müddətdən sonra onlarda bir şey olmayanda, biz onu aparıb verirdik. Düzdür, kasıb yaşayırdıq, ancaq çox mehriban yaşayırdıq, çox dost idik. Əsas dostluqdur, mehribanlıqdır, pul əsas deyildir. Ona görə də mən bu məsələni dərinləşdirmək istəmirəm. Siz nahaq yerə düşünürsünüz ki, bizim imkanımız var və borcumuzu ödəmirik. Biz o borcu verəcəyik. Amma bunun üçün gərək müəyyən imkan olsun. Naxçıvanı vaxtilə işıqlandırıb, sonra onu işıqsız qoymaq qonşuluq münasibətlərinə uyğun deyildir.

Bilirsinizmi, insan çətinliklərə dözür. Mən Naxçıvana gələndə elektrik enerjisi heç yox idi. Azərbaycan televiziyasının çəkdiyi lentlər var. Mənim neft lampasının işığında oturub necə işlədiyimi onlar gəlib çəkiblər. İşıq və istilik olmadığına görə, nazik dəmirdən hazırlanmış odun sobaları ilə keçinmişik. Bilmirəm, İranda belə sobalar varmı? O vaxt mən Naxçıvanın başçısı idim. Bundan artıq bir şey mümkün deyildi. Hamı dözürdü. Biz çox dözümlüyük.

Ona görə də danışarıq, əgər razılığa gələriksə, elektrik enerjisi verərsinizsə verin, verməzsinizsə, Naxçıvanda heç kəs ölməyəcəkdir. Amma bu, bizim islam mənəviyyatımıza ziddir. Mən bu barədə danışmaq istəmirəm. Çünki baş nazir sizinlə danışıbdır.

Xəzərin statusu haqqında biz həmişə sizinlə danışıqlar aparmışıq və aparmağa da hazırıq. Vaxtilə Tehranda da bir neçə dəfə xarici işlər nazirlərinin müavinləri görüşmüşlər. Belə bir görüş bir dəfə də təyin olunmuşdu, amma sonradan o, nədənsə, baş tutmadı. Biz buna hazırıq. Siz xarici işlər nazirinin müavini Xələfovla danışmısınız, bunu mən bilirəm. Bizim xarici işlər naziri ilə, baş nazirlə danışmısınız. Danışıqları davam etdirin. Hesab edirəm ki, bunun həlli yolunu tapacağıq. İndi insanlar kosmosa uçur, kainatı fəth edir. Bu nə olan şeydir ki, onun həlli yolunu tapa bilməyək?

Biz istəmirik ki, İran zərər çəksin. Amma eyni zamanda özümüz də zərər çəkmək istəmirik. Azərbaycanda belə bir söz var: nə şiş yanmalıdır, nə kabab. Sizdə bu ifadə işlənirmi?

Əli Ahəni: Bəli.

Heydər Əliyev: Bax, bu prinsiplə biz işimizi davam etdirməliyik.

Təhlükəsizlik haqqında dediyiniz fikir də çox maraqlı məsələdir. Təbiidir ki, bu, digər məsələlərdən mürəkkəbdir. Ancaq biz bu barədə də danışıqlara hazırıq. Güman edirəm ki, danışıqlar nəticəsində burada da biz nailiyyət əldə edə bilərik. Ona görə də bir daha deyirəm ki, Azərbaycana sizin səfəriniz çox əhəmiyyətlidir. Deyirsiniz ki, başqa Xəzəryanı ölkələrə də gedəcəksiniz. Gedin, hər yerin ab-havasını görün. Rusiyada nə hava var, soyuqdur, istidir. Qazaxıstanda, Türkmənistanda necədir… Bundan sonra da nə vaxt desəniz, biz Tehrana gələ bilərik.

Əli Ahəni: Cənab prezident, verdiyiniz məlumata görə çox sağ olun. Sizə təşəkkür edirəm. Biz bu fikirdəyik ki, məsləhətləşmələr problemlərin həlli yollarının tapılmasına mütləq kömək edəcəkdir. İran və Azərbaycan bölgənin iki mühüm ölkəsidir. Onların sülh və anlaşmadan başqa yolları yoxdur. Əməkdaşlıq üçün çox böyük potensiallar vardır. Biz bunları həyata keçirmək üçün çox çalışmalıyıq. Təbiidir ki, ölkələrimizdə olan iradə bu yolları sürətlə keçməkdə bizə kömək edəcəkdir. Xəzər bölgəsi həmişə sülh və dostluq regionu olmuşdur və bundan sonra da belə olmasına çalışmalıyıq. Bölgənin ehtiyatlarından istifadə Xəzəryanı bütün ölkələrin razılığını tələb edir. Bütün ölkələrin birgə maraqlarını təmin etməklə bu ehtiyatlardan düzgün qaydada istifadə etməliyik.

Naxçıvan barəsində mən dedim ki, biz kömək göstərməyə hazırıq və oradakı bacı-qardaşlarımızın, Naxçıvan əhalisinin çətinlik çəkməsini, qaranlıqda olmasını istəmirik. Cənab prezident, ümidvarıq ki, Siz də kömək göstərəcəksiniz, tezliklə problem həll olunacaqdır. İranın Naxçıvana enerji verən şirkəti kəskin maliyyə problemləri ilə üzləşmişdir. Əslində həmin şirkət iki il dözmüşdür və bu qədər borc yığılmışdır.

Biz də sizin problemlərinizi başa düşürük və borcların mərhələlərlə, müəyyən vaxt ərzində ödəniləcəyinə, həmin şirkətə qaytarılacağına əmin olmaq istəyirik. Biz hər iki xalqın əlaqələrinin genişləndirilməsində, onların qarşılıqlı gediş-gəlişinin daha da sadələşdirilməsində maraqlıyıq. Çünki hər iki xalq tarixi, mədəni, dini tellərlə bir-birinə bağlanmışdır. Azərbaycan xalqının problemlərini biz öz problemlərimiz hesab edirik. Xalqınızın səadət və xoşbəxtlik içərisində yaşamasını, ona baş ucalığı arzulayırıq.

Möhtərəm prezident, ümidvaram ki, hər iki dövlətin iradəsi ilə, Sizin və cənab Xatəminin səyləri ilə əlaqələrimizin inkişafı üçün gözəl imkanlar yaranacaqdır.

Cənab prezident, bizi qəbul etdiyinizə və diqqətlə dinlədiyinizə görə Sizə bir daha təşəkkür edirəm.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Borclarla bağlı siz baş nazirlə görüşmüsünüz. Bir neçə variantlar vardır. Hər halda bunlara baxmaq lazımdır.

Bildirmək istəyirəm ki, - bunu siz Naxçıvanda hiss etdiniz, - Naxçıvanın əhalisi sizdən, yəni İran hökumətindən çox razıdır. Ona görə ki, orada Naxçıvan əhalisinin İrana gediş-gəlişi, İran vətəndaşlarının Azərbaycana gəlməsi çox sadələşdirilibdir. Bir neçə belə tədbirlər vardır ki, bizdə böyük minnətdarlıq hissi doğurmuşdur. Naxçıvana yaxşı münasibət, qayğı göstərdiyiniz halda, birdən-birə oranın işığının kəsilməsinə Naxçıvan əhalisi heç cür inana bilmir. Fikirləşirlər ki, yəqin bu, kimlərinsə təxribatıdır, İran hökuməti belə şey etməz. Ona görə də arzu edərdim ki, Naxçıvana olan münasibətiniz davam etsin və heç vaxt çətinlik yaranmasın.

Başqa məsələlər haqqında mən sizə danışdım. Mən bu görüşümüzdən məmnunam. Mənim salamlarımı, hörmət və ehtiramımı ağayi Xərraziyə çatdırın, xüsusən, mənim dostum, ölkənizin prezidenti ağayi Xatəmiyə mənim salamlarımı, hörmət və ehtiramımı çatdırın. Sağ olun.