Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Stenli Eskuderonu qəbul edərkən söhbətindən - Prezident sarayı, 5 fevral 2000-ci il


Heydər Əliyev: Mən Moskvaya getdim, orada çoxlu maraqlı görüşlərimiz oldu. Bilirdim ki, siz görüşüb məlumat almaq istəyirsiniz. Amma gələndən bir gün sonra Davosa getdim. Ondan əvvəl isə bizdə elektrik enerjisi və qaz məsələləri barəsində problemlər olduğuna görə bir gün də burada böyük müşavirə keçirdik. Yəqin ki, xəbəriniz var.

Davosa səfərim çox əhəmiyyətli oldu, mən bundan çox məmnunam. Təbiidir, Moskva səfəri də çox maraqlı idi. Davosda mən beş il bundan öncə olmuşdum. Orada hər il forum keçirilir, amma bu forum çox yüksək səviyyədə keçdi. Sizə deyə bilərəm və mən bunu mətbuata da bildirmişəm, - Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klinton çox dəyərli nitq söylədi. Biz hamımız - dövlət, hökumət başçıları və böyük salonda toplaşan adamlar onu çox maraqla, diqqətlə dinlədik. Sonra da hamımız onu təbrik etdik. Çox dəyərli nitq idi. Çox mühüm məsələlər - dünyanın qloballaşması, ümumiyyətlə XXI əsrdə qarşıda duran məsələlər, vəzifələr, problemlər haqqında danışdı.

Mən məmnunam ki, bir çox görüşlər keçirdim. Bunların içərisində ən əsası, təbiidir ki, Amerika Birləşmiş Ştatlarının rəhbər xadimləri ilə olan görüşlərimdir. Xanım Olbraytla çox geniş müzakirə apardıq. Təbiidir, Sestanoviç, Kavano da bu işdə iştirak edirdilər.

Prezident Klintonla qısa bir görüş oldu və mənim üçün çox əhəmiyyətli danışığımız oldu. Hər halda mən çox məmnunam. Orada çox məsələlər müzakirə olundu. Maraqlansanız, mən sizə bu barədə məlumat verə bilərəm.

Stenli Eskudero: Çox sağ olun, cənab prezident. Sizin həm Moskvada, həm də Davosda keçirdiyiniz görüşlər barədə mənə deyəcəklərinizə çox böyük maraq göstərirəm. Məndə olan məlumatlara əsasən onu deyə bilərəm ki, Sizin həm prezident Klinton ilə, həm də xanım Olbraytla keçirdiyiniz görüşlər çox məzmunlu olub və çox mühüm məsələlər müzakirə edilibdir. Biz ümid edirik ki, yaxın gələcəkdə belə görüşlər üçün imkanlar daha çox olacaqdır. Bu baxımdan mən çox məmnunam Sizə bildirəm ki, prezident Klinton Sizinlə Vaşinqtonda görüşüb bu söhbətləri davam etdirmək əzmindədir. Ümid edirik ki, prezident Klintonla Vaşinqtonda keçirəcəyiniz görüşdən əlavə, xanım Olbraytla da çox ətraflı və məzmunlu görüşünüz olacaqdır. Ümidvarıq ki, bu görüş çox tez bir zamanda baş verəcəkdir.

Heydər Əliyev: Təşəkkür edirəm. Mən də bunu arzulayıram. Bu barədə Davosda bizim danışığımız olmuşdur. Güman edirəm ki, yaxın zamanlarda mənə belə bir fürsət nəsib olacaq və Vaşinqtonda prezident Bill Klinton ilə və dövlət katibi xanım Olbraytla görüşlərimiz zamanı əvvəl apardığımız danışıqları davam etdirmək mənim üçün çox əhəmiyyətli olacaqdır.

Təbiidir ki, bizim qarşımızda duran problemlərdən birincisi Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsidir. Xəzər dənizi hövzəsindəki işlər, problemlər və o cümlədən Bakı-Ceyhan neft kəmərinin tikintisinə başlanması məsələsidir. Azərbaycan-Amerika ikitərəfli münasibətləri və bu münasibətlərin inkişaf etdirilməsidir. Təbiidir ki, səkkiz illik "yubileyi" olan 907-ci maddə də gündəlikdə olacaqdır. Bu barədə Davosda danışdıq, yəqin ki, orada davam etdirərik. Mən çox məmnunam.

Stenli Eskudero: Çox gözəl. Cənab prezident, onu d bildirmək istəyirəm ki, Amerika Birləşmiş Ştatlarını təmsil edən daha bir enerji şirkətinin ən yüksək rəhbərləri sabah regiona və Azərbaycana ilk səfər edəcəklər. Bu şirkət "Devon enerji"dir. Yəqin məlumatınız var ki, "Devon enerji" şirkəti əsasən Şimali Amerikada fəaliyyət göstərir. O, "Pennzoyl" şirkətini alıbdır. Onu aldıqdan sonra, təbii ki, "Pennzoyl"un Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindəki payının və Azərbaycandakı digər layihələrdə iştirak payının sahibi kimi ölkənizdə fəaliyyət göstərəcəkdir. Buna görə onlar Sizdən görüş xahiş edirlər. Mən xahiş edərdim ki, imkanınız daxilində onlarla görüşüb "Devon enerji" şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi barədə fikir mübadiləsi aparmaq üçün imkan verəsiniz.

Heydər Əliyev: Bunu edərəm. Çünki biz vaxtilə "Pennzoyl" şirkəti ilə çox sıx əməkdaşlıq etmişik. Mən "Pennzoyl"un prezidentini dəfələrlə qəbul edib onunla danışıqlar aparmışam. Əgər dediyiniz şirkət indi "Pennzoyl"u alıbsa, təbiidir ki, biz bu əməkdaşlığı da davam etdirməliyik. Güman edirəm ki, bizim əməkdaşlığımız daha da uğurlu ola bilər. Çünki bilirdim ki, son illər "Pennzoyl"un müəyyən problemləri vardır. Ona görə Azərbaycanda fəaliyyəti istənilən kimi apara bilmirdilər. Vaxtını deyərsiniz, mən imkan taparam, görüşərik.

"Azərbaycan" qəzeti, 6 fevral 2000-ci il.