"Şahdəniz" yatağından əldə olunacaq təbii qazın Türkiyəyə nəqlinə dair Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatı - 12 mart 2001-ci il


Hörmətli Prezident!

Hörmətli dostlar!

Hörmətli mətbuat nümayəndələri!

Mənim Türkiyəyə rəsmi səfərimin birinci hissəsi bitməkdədir. Məni Türkiyəyə dəvət etdiyinə və bu gözəl qonaqpərvərliyə görə əziz dostum qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti hörmətli Əhməd Necdət Sezərə bir daha təşəkkür edirəm. Bu səfərin böyük əhəmiyyəti var. Ona görə ki, biz həm ölkələrimiz arasındakı əlaqələri, həm bizim bölgəyə aid olan məsələləri, həm də dünyada gedən prosesləri təhlil etdik, fikirlərimizin eyni olduğunu bir daha təsdiq etdik və gələcəkdə də Türkiyə-Azərbaycan işbirliyində birgə hərəkət etmək haqqında bəyanatlar verdik. Bu məni çox sevindirir. Çünki Azərbaycan üçün Türkiyə qüdrətli, böyük, inkişaf etmiş, demokratiya içərisində yaşayan bir dövlətdir, Türkiyə gənc, müstəqil Azərbaycan üçün həmişə örnək olubdur, bu gün də örnəkdir.

Burada bizim apardığımız danışıqlar, müzakirə etdiyimiz məsələlər haqqında hörmətli Prezident artıq sizə məlumat verdi. Mən vaxt alıb təkrar etmək istəmirəm. Ancaq onu qeyd etmək istəyirəm ki, bütün məsələlərdə biz həmfikirik. Xüsusən bu gün Bakı-Supsa-Ceyhan əsas ixrac neft kəmərinin artıq tikintisinə başlanması haqqında hər iki ölkədə - həm Türkiyədə, həm də Azərbaycanda eyni münasibət olduğunu bir daha hiss etdim. Əmin ola bilərsiniz ki, 1994-cü ildən başladığımız bu işi birlikdə sona çatdıracağıq. Azərbaycanın nefti yaxın illərdə Bakı-Tbilisi-Ceyhan boru xətti ilə həm Türkiyəyə, həm də Aralıq dənizinə axacaqdır.

Son vaxtlar Türkiyə ilə bizim əlaqələrimizdə bir çox önəmli məsələ meydana çıxıbdır. Bu da Azərbaycanın kəşf etdiyi böyük təbii qaz yataqlarının Türkiyə ilə müştərək istifadə olunması məsələsidir. Biz "Şahdəniz" qaz yatağında böyük qaz ehtiyatları əldə etmişik. Bunu bilərək, əvvəlcədən Türkiyə dövləti, hökuməti ilə danışıqlar aparıb çıxarılacaq qazın çox hissəsini Türkiyəyə ixrac etmək haqqında bizim razılığımız vardır. Bu gün mən çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu razılıq gerçəkləşdi və Azərbaycandan hasil olunacaq təbii qazın Türkiyəyə satılması haqqında həm hökumətlərarası anlaşma imzalandı, həm də alqı-satqı üzrə anlaşma imzalandı. Bu çox mühümdür. Çünki bu qaz Gürcüstandan keçməlidir. Bizim Bakıdan Gürcüstana qədər keçmişdə yaradılmış qaz boru xəttimiz var, onu bərpa etməliyik. Ona görə də biz bilməliyik ki, qazı haraya ixrac edəcəyik. İkincisi də imza atdıq ki, 6 milyard kub metr qaz veriləcəkdir. Amma gələcəkdə Türkiyəyə ildə 15 milyard, yaxud 20 milyard kubmetr qaz sata bilərik.

Hörmətli dostum, doqquzuncu Cümhurbaşqanı Süleyman Dəmirəl vaxtilə mənə dəfələrlə demişdi ki, Türkiyənin 50 milyard kubmetr qaz almağa ehtiyacı vardır, Azərbaycan nə qədər çox qaz hasil etsə, biz o qədər də alacağıq. İndi biz hörmətli Prezident Əhməd Necdət Sezərlə bu işin təməlini qoyduq. Güman edirəm ki, bu uğurlu olacaqdır. Biz indi mövcud olan xətdən istifadə edəcəyik, qazı Türkiyənin sərhədlərinə gətirib çıxaracağıq. Gərək Türkiyədə lazımi hazırlıq işləri görülsün ki, bu qazdan vaxtında istifadə oluna bilsin.

Ancaq gələcəkdə böyük miqdarda qazın Türkiyəyə ixracı üçün yeni böyük boru xətti də yaratmaq fikrindəyik. Ona görə bizim qarşımızda çox böyük üfüqlər, perspektivlər açılır. Bu Türk Azərbaycan dostluğunun, iqtisadi əməkdaşlığının inkişafını təmin edəcəkdir. Eyni zamanda strateji nöqteyi-nəzərdən bizi bir-birimizlə daha sıx bağlayacaqdır. Biz Türkiyə ilə əlaqələrimizi strateji əməkdaşlıq prinsipi əsasında qurmuşuq. Bu əlaqələri bundan sonra da inkişaf etdirmək istəyirik.

Mən bu gün keçirilən söhbətlərdən və imzalanan anlaşmalardan daha məmnun olduğumu bildirmək istəyirəm.

Hörmətli Prezident, Sizə bir daha təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 13 mart 2001-ci il