Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Misir Ərəb Respublikasının milli bayramı – iyul inqilabının 47-ci ildönümü münasibətilə Misirin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqi - Bakı, «Avropa» mehmanxanası, 23 iyul 1999-cu il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Mən sizi Misir xalqının milli bayramı – Misir inqilabının 47-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm və Misir xalqına gələcəkdə uğurlar arzulayıram.

Misir-Azərbaycan əlaqələri qədim tarixə malikdir. Ancaq Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra bu əlaqələr dövlətlərarası əlaqələrə çevrilibdir və Misir ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq yaranıbdır. Qısa bir zamanda - bir neçə il ərzində Misir ilə Azərbaycan arasında siyasi sahədə, mədəniyyət sahəsində əlaqələr genişlənib və iqtisadi sahədə müəyyən əlaqələr yaranıb, onlar da inkişaf edir.

Misir Azərbaycan üçün dost, qardaş ölkədir. Misir dünyada özünəməxsus yer tutub, Afrika qitəsində, ərəb aləmində böyük təsirə malikdir və bir çox beynəlxalq problemlərin həll olunmasında aparıcı rol oynayır. Azərbaycan xalqı Misirin qədim, zəngin mədəniyyətinə, zəngin tarixinə böyük hörmət və ehtiram bəsləyir. Bizim üçün bugünkü Misir-Azərbaycan əlaqələri çox əzizdir. Biz Misir Ərəb Respublikası ilə beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirik və böyük məmnuniyyətlə deyə bilərəm ki, Birləşmiş Millətlər Təşkilatında, İslam Konfransı Təşkilatında və başqa beynəlxalq təşkilatlarda Misir Azərbaycanın haqq işini həmişə müdafiə edibdir, Ermənistanın Azərbaycana təcavüzünü pisləyibdir və Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyibdir. Misirin belə bir mövqeyini biz yüksək qiymətləndiririk və əmin olduğumu bildirmək istəyirəm ki, Misirlə əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir, həm Misir, həm də Azərbaycan xalqları bundan bəhrələnəcəkdir.

Son illər Misirdə aparılan islahatlar şübhəsiz ki, bizdə böyük maraq və məmnuniyyət hissi doğurur. Bunların hamısı da Misirin inkişafını təmin edibdir. Biz qardaş ölkə kimi buna sevinirik.

Misir Yaxın Şərqdə sülhün, əmin-amanlığın əsasını qoyan ölkələrdən biridir. Misir xalqının daxili siyasətdə və iqtisadi sahədə nailiyyətləri bizi sevindirir və mən bu münasibətlə Misir xalqını təbrik edirəm.

Misir xalqının böyük nailiyyətlərinin səbəblərindən biri də bu ölkəyə ərəb xalqının, Misir xalqının çox görkəmli oğlu Prezident Hüsni Mübarəkin uzun illər başçılıq etməsidir. Cənab Hüsni Mübarək öz gərgin fəaliyyəti ilə, beynəlxalq aləmdə gördüyü işlərlə dünyada hörmət qazanıb və xüsusi ərəb dünyasında, Afrika qitəsində böyük hörmətə malikdir. Böyük məmnuniyyətlə qeyd edirəm ki, Prezident cənab Hüsni Mübarək ilə mənim aramda dostluq əlaqələri yaranıb və bu dostluq əlaqələri də inkişaf edir, Misir ilə Azərbaycanın əməkdaşlığının inkişafına, genişlənməsinə yardım edir.

Bu bayram günü Azərbaycan xalqının, Azərbaycan dövlətinin təbrikini, salamlarını və ən xoş arzularını Misir xalqına və Misir Prezidenti Hüsni Mübarəkə göndərirəm.

Misirin Azərbaycandakı səfirliyi ölkəmizin dövlət orqanları ilə sıx əməkdaşlıq edir və ölkələrimiz arasında əlaqələrin genişlənməsinə və inkişaf etməsinə sədaqətlə xidmət edir.

Biz qardaş Misir xalqı ilə əlaqələrimizi bundan sonra da inkişaf etdirəcəyik, genişləndirəcəyik. Əminəm ki, bu əlaqələr daha da yüksəklərə qalxacaqdır.

Bu bayram münasibətilə sizi bir daha təbrik edirəm. Misir xalqına sülh, əmin-amanlıq, rifah arzulayıram. Sağ olun.