Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin Bilkənd Universitetində çıxışı - Ankara, 6 may 1997-ci il


Əziz dostum, qardaşım, hörmətli İhsan Doğramacı!

Bu gün yenidən Bilkənddə hörmətli Doğramacının qonağı olmağımdan çox məmnunam və mənə göstərilən bu diqqət və qayğıya görə təşəkkür edirəm.

İhsan Doğramacı çox böyük, nadir şəxsiyyətdir, Türk dünyasının görkəmli oğludur. Eyni zamanda bizi sevindirən, bizdə iftixar hissi doğuran odur ki, Doğramacı dünya miqyasında böyük şəxsiyyətdir və türkün, türk xalqının nə qədər yüksəklərə qalxa bilməsini, nə qədər böyük zəkaya, fəaliyyətə malik ola bilməsini dünyaya nümayiş etdirən bir insandır. Ona görə də hər dəfə bu böyük şəxsiyyətlə görüşmək mənim üçün bayramdır, mənə böyük sevinc hissi gətirir.

Eyni zamanda Doğramacı Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələrinin inkişaf etdirilməsində əvəzsiz xidmətlər göstərir. Bu, onun vəzifəsi deyil, qəlbindən, içindən, ürəyindən gələn hissiyyatlardır, onun mənəviyyatıdır. Bu onu göstərir ki, Allah-təala belə bir insanı yaradarkən ona belə yüksək fəaliyyətlər bəxş edibdir ki, o, bunları xalqın, millətin, insanın inkişafına həsr edir. Yenə də deyirəm, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında əziz dostum Doğramacının fəaliyyəti hədsiz-hüdudsuzdur. Ancaq o, bunu həm Türkiyəni və Azərbaycanı çox istədiyinə görə, həm də türk dünyasını həddindən çox sevdiyinə və türk dünyasının yüksəlməsinə, inkişafına xidmətini öz həyatının mənası kimi hiss etdiyinə görə edir.

Əziz dostum, bu böyük fəaliyyətinizə görə, dünya miqyasında Türk xalqının, millətinin, türkdilli xalqların elmdə, mədəniyyətdə, birlikdə görkəmli yer tutması üçün göstərdiyiniz böyük xidmətlərə görə sizə təşəkkür edirəm. Azərbaycan xalqı sizə bir də ona görə minnətdardır ki, burada, Bilkənddə Azərbaycanın görkəmli alimlərini, sənət ustalarını - bəstəkarları, musiqiçiləri, sənətçiləri başınıza toplayıb onlara atalıq qayğısı göstərərək yaradıcılıq fəaliyyətinin inkişaf etməsi üçün yardımlar etmisiniz. Eyni zamanda onların burada sizinlə birlikdə əməkdaşlığı Bilkəndin simasının da yüksəlməsinə kömək edibdir. Ona görə də mən keçən dəfələr də buraya gələrkən Azərbaycan alimlərini, sənətçilərini burada görüb sevinmişəm ki, onlar sizin ətrafınızdadır. Ona görə sizin ətrafınızdadır ki, siz onları sevirsiniz, onlar da sizi sevirlər. Bu əlaqələr yalnız və yalnız sevgi və məhəbbət əsasında qurulur. Burada heç bir başqa əsas, başqa təmənna yoxdur.

Hörmətli dostum, sizin yaratdığınız Türkiyə-Azərbaycan vəqfi ölkələrimizin əlaqələrində görkəmli hadisədir. Hesab edirəm ki, siz tarixi addım atmısınız, çox dəyərli iş görmüsünüz. Ümidvaram ki, bu vəqf fəaliyyətini gündən-günə genişləndirəcək və Türkiyə-Azərbaycan əlaqələrinin daha sürətlə inkişaf etməsi üçün öz xidmətlərini göstərəcəkdir.

Siz mənə böyük etimad, böyük şərəf göstərmisiniz - əziz dostum, qardaşım, Türkiyənin cümhur başkanı Süleyman Dəmirəl ilə bərabər məni bu vəqfin başkanı seçmisiniz. Mən həyatımda bir çox yüksək qurumlara, vəzifələrə seçilmiş bir adamam. Həyatımda belə hadisələri çox görmüşəm. Ancaq əziz dostum Süleyman Dəmirəl ilə bərabər bu vəqfə başkan seçilməyimi xüsusi qiymətləndirirəm.

Sizin pediatriya sahəsində, cocuqların, uşaqların sağlamlığının qorunması sahəsində fəaliyyətiniz çox qiymətli, dəyərlidir, dünyada məşhurdur. Hamımız bilirik ki, siz dünyanın nə qədər böyük səhiyyə, pediatriya təşkilatlarının üzvü, fəxri üzvüsünüz və daim onların işində iştirak edirsiniz. İndi, türk dövlətlərinin, respublikalarının, cümhuriyyətlərinin pediatriya sahəsində çalışan alimlərinin, həkimlərinin bir araya toplanması sahəsində gördüyünüz iş də çox yüksək qiymətə layiqdir. Bu ilin sentyabrında, yəni eylül ayında Azərbaycanda bu tədbiri keçirməyinizi mən bəyənir, alqışlayıram. Sizi əmin edirəm ki, Azərbaycanda keçirəcəyiniz bu toplantı indiyə qədər keçirdiyiniz bütün toplantılardan daha yüksək səviyyədə olacaqdır.

Sizin öz həmvətənlərinizə, türkmənlərə göstərdiyiniz qayğı təbiidir. Çünki onlar sizin həmvətənlərinizdir, bizim həmvətənlərimizdir. Ancaq eyni zamanda bu, sizin nə qədər böyük insan olduğunuzu göstərir. Mən iki gəncin burada şərqi söyləməsinə, mahnılarla çıxış etməsinə çox sevindim. Birincinin türkmən dilində çıxışı, ikincinin müasir, klassik Avropa musiqisini ifa etməsi çox sevindirici haldır.

Mən sizinlə bərabər sevinirəm ki, orada türkmən diyarında məktəblər açmısınız, cocuqları öz dillərində təhsilə cəlb edirsiniz. Mən bilirəm, bu nədir. Çünki Azərbaycan xalqının da XX əsrin əvvəlində öz dilində məktəbi yox idi. Ancaq məktəblər açıldı, indi Azərbaycan xalqı tam, başdan-başa təhsil almış millətdir. Ancaq ürək ağrısı ilə deyirəm ki, dünyanın başqa bölgələrində çoxsaylı, on milyonlarla azərbaycanlılar yaşayır ki, hələ öz dilində təhsil almaq imkanına malik deyillər. Gün o gün olar ki, onlar da öz dillərində məktəblər açacaq, öz dillərində kitablar oxuyacaq, təhsil alacaqlar.

Türkmən dili ilə Azərbaycan dili arasında heç bir fərq yoxdur. Mən 70-ci illərin əvvəllərində türkmənlərlə Bakıda çox görüşmüşəm. Orada məşhur yazıçı-şair var - Bəndəroğlu, tanıyırsanmı? Bakıya gəlirdi, bir neçə dəfə görüşmüşdüm. İraqdan gəlmişdi, elə bizim kimi, Azərbaycan dilində danışırdı. Deyirdim ki, sən buradan getmisən, orda yaşayırsan? Deyirdi, yox, mən türkmənəm. Bu dildə heç bir fərq yoxdur. Ona görə də sən də, mən də çox böyük sevinc və sövq ilə oxuyuruq ki, "Samovara od salmışam, küçələrə su səpmişəm, yar gələndə toz olmasın, elə gəlsin, elə getsin, aramızda söz olmasın".

Çox sağ olun, sevimli xanımınızla, oğlunuzla, bütün ailənizlə birlikdə sizə cansağlığı, uzun ömür, xoşbəxtlik arzu edirəm. Çox sağ olun, təşəkkür edirəm.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı -2000, 9-cu cild, səh. 305.