"Azərneftyağ" İstehsalat Birliyində bitum qurğusunun istifadəyə verilməsi mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi" (Bakı, 3 noyabr 2000-ci il) sənədinə tarixi arayış


3 noyabr 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin iştirakı ilə Bakıda "Azərneftyağ" İstehsalat Birliyində nəhəng bitum qurğusunun istifadəyə verilməsi mərasimi olub. Bu İstehsalat Birliyində xam neftdən ən müxtəlif yanacaq növləri, sürtkü yağları və neftdən digər törəmə məhsullar istehsal edilir.

Müasir dünya standartlarının tələblərinə cavab verən məhsul istehsal etmək iqtidarında olan bitum qurğusunun "Azərneftyağ" İstehsalat Birliyində quraşdırılması haqqında müqavilə 1992-ci ildə imzalanıb. Lakin 1992-1993-cü illərdə Azərbaycanda baş verən ictimai-siyasi və sosial-iqtisadi böhran qurğunun istifadəyə verilməsi prosesini ləngidib. Layihə dəyəri 17 milyon ABŞ dolları məbləğində olan qurğunun istifadəyə verilməsi prosesini sürətləndirmək təşəbbüsünü öz üzərinə götürən Azərbaycan Prezidenti Heydər Əliyev 2000-ci ilin yayında Avstriyaya rəsmi səfəri zamanı bu ölkənin "Perner" şirkəti ilə danışıqlar aparıb. Həmin şirkət yeni bitum qurğusunun tikinti-quraşdırma işlərini sürətlə yerinə yetirərək onun vaxtından bir ay əvvəl istehsala hazır olmasını təmin edib.

Bitum qurğusunun texniki-iqtisadi göstəricilərinə əsasən o ildə 250 min ton yüksək keyfiyyətli bitum istehsal etmək imkanına malikdir. Bunun 200 min tonu yol bitumu, 50 min tonu isə inşaat bitumu kimi istehsal edilir. Bu məhsulun 50-75 min tonu ölkə daxilində, 175-200 min tonu isə xarici bazarda satılır. Yeni bitum qurğusunun istifadəyə verilməsi Azərbaycanda keçid iqtisadiyyatı şəraitində yeni yolların və tikinti sənayesinin inkişafına təkan verib. Xatırlatmaq yerinə düşər ki, adı çəkilən qurğu istismara verilməyənə qədər müstəqillik illərində Azərbaycan yüksək keyfiyyətli bitum məhsulunu İtaliyadan idxal edib.

Açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti istifadəyə verilən yeni qurğunu ölkə sənayesinin inkişafında mühüm əhəmiyyətli hadisə kimi qiymətləndirib. O, öz çıxışında deyib: "Çalışırdıq ki, neft sənayesini daha da müasirləşdirək, yeni texnologiya ilə təchiz edək. Beləliklə, məhsuldarlığı artıraq, məhsulun ucuz başa gəlməsini təmin edək, gəliri artıraq". 

Azərbaycan Prezidenti Heydər Əliyevin 2003-cü ilin yanvarında imzaladığı fərmanla adı çəkilən istehsal müəssisəsi hazırda "Azərneftyağ" neft emalı zavodu adlanaraq ARDNŞ-nin struktur vahidlərindən biri kimi məhsuldar fəaliyyətini davam etdirir. (http://bizimasr.media-az.com/)
 
2006-cı və 2005-ci il ərzində "Azərneftyağ" neft emalı zavodu üzrə texniki-iqtisadi göstəricilər aşağıdakı kimi olub:
 
Neft məhsullarının adları
Ölçü
vahidi
2006
Plan yer. yetirilir %
2005
Fakt
Fərq
Fakt
Fərq
Neftin qəbulu
ton
3205597.5
634017.5
124.7
3452958.5
69658.5
Neftin emalı
ton
3171926.0
600346.0
123.3
3469201.0
85901.0
Mazut M-40
ton
1186315.3
135115.3
112.9
1434668.6
40368.6
Cəmi ilkin emal benzini:
ton
344518.3
82118.3
131.3
356551.1
12051.1
Dizel yanacağı
ton
910737.5
169737.5
122.9
1011207.9
36707.9
AÇIQ RƏNGLİ NEFT MƏHS.
ton
1577785.4
317085.4
125.2
1712221.4
54621.4
Açıq rəngli neft məhs. çıxım %:
ton
49.7
0.7
101.5
49.4
0.4
SÜRTGÜ YAĞLARI:
ton
 
 
 
 
 
Motor yağları
ton
1824.4
-1175.6
60.8
-3043.9
-7043.9
Sənaye yağları
ton
43065.9
24265.9
229.1
23207.6
-5392.4
Cəmi turbin yağları:
ton
4289.7
2789.7
286.0
2296.5
696.5
Cəmi sürtgü yağları:
ton
75634.0
41634.0
222.5
36818.4
-13181.6
BİTUM
ton
161944.8
58444.8
156.5
128337.7
26337.7
 
(http://www.azerneftyag.az/)
 
"Azərneftyağ" neft emalı zavodunun illik istehsal gücü 10 milyon ton xam neftin fasiləsiz emalına hesablanıb. Hazırda zavod 20 çeşiddən çox müxtəlif neft məhsulları istehsal edir, o cümlədən dizel və reaktiv yanacaqları, birbaşa qovulmuş benzin, kerosin, sənaye, motor, turbin, avtotraktor, kompressor, silindr yağları, yol və tikinti bitumu, motor yanacağı hazır məhsul nomenklaturasını formalaşdırırlar. İstismarda olan neftin illik emalı üzrə bir vahid ELOU-AVT-6 və iki vahid ELOU-AVT-2 texnoloji qurğularda açıq rəngli neft məhsulları, yağ distillatları, mazut və qudron alınır. Yağ distillatları zavodun yağ blokunda texnoloji prosesdən keçirilir və müxtəlif çeşidli sürtgü yağları alınır. Qudron bitum istehsal edən "Bituroks" qurğusuna götürülür və hazır kimi tikinti və yol bitumu buraxılır. Neft tullantılarının təmizlənməsi və təkrar emala verilməsi sahəsi də mövcuddur. Zavodu avtonəqliyyat, xüsusi texnika və dəmiryolu vasitələri ilə təmin edən infrastruktur fəaliyyət göstərir. Bütün proseslər avtomatik cihazlar və kompüterlərlə təchiz olunduğu zavod ekoloji mühitin tələblərlə müvafiq fəaliyyət göstərir. (http://www.azerneftyag.az/)

Tarixi arayış 1 mart 2008-ci ildə yeniləşdirilib.