İran İslam Respublikasının Prezidenti zati-aliləri Məhəmməd Hatəmi cənablarına - Bakı şəhəri, 26 may 1997-ci il


Hörmətli cənab prezident, Sizi İran İslam Respublikasının prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə və bütün qardaş İran xalqına Allahdan sülh, əmin-amanlıq, tərəqqi və daim çiçəklənmə diləyirəm.

Biz İran İslam Respublikası ilə Azərbaycan Respublikasının əlaqələrinə böyük əhəmiyyət veririk. Xalqlarımızın birgə tarixi, mədəniyyəti, dini etiqadı, ənənələri və qardaşlığı ölkələrimizin yaxın dostluğu və əməkdaşlığı üçün gözəl bir zəmindir.

Ümidvaram ki, sizin bu yüksək vəzifəyə seçilməyiniz İran xalqının səadətinə, rifahının artmasına, İran-Azərbaycan əlaqələrinin daim inkişafına, bizim əməkdaşlığımızın yolunda olan bütün çətinliklərin aradan götürülməsinə xidmət edəcək. Biz öz tərəfimizdən qardaş İran İslam Respublikası ilə əlaqələrin inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik. Sizi bir daha ürəkdən təbrik edirəm, cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram.

Dərin hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.