Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycana rəsmi səfərə gələn Türkmənistan Prezidenti Saparmurad Niyazov - Türkmənbaşının Binə Hava Limanında qarşılanması mərasimində bəyanatı - 18 mart 1996-cı il


Hörmətli xanımlar və cənablar!

Bu gün Türkmənistanın prezidenti, bizim hörmətli dostumuz, qardaşımız cənab Saparmurad Niyazov-Türkmənbaşı mənim dəvətimlə Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. Əziz dostumuz, qardaşımız, mən sizi Azərbaycan torpağında səmimi qəlbdən salamlayıram, sizə və sizinlə bərabər Azərbaycan Respublikasına gəlmiş qonaqlarımıza "Xoş gəlmisiniz!" deyirəm.

Türkmənistan ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələrinin çoxəsrlik tarixi var. İndi Türkmənistan və Azərbaycan müstəqil dövlətlər kimi öz həyatının yeni mərhələsini yaşayırlar və bu mərhələdə Türkmənistan ilə Azərbaycanın əlaqələrini daha da inkişaf etdirmək üçün sizin, hörmətli prezident, Azərbaycana səfərinizin çox böyük əhəmiyyəti var. Biz sizi çox böyük səbirsizliklə gözləyirdik.

Mən çox şadam ki, siz gəlmisiniz, Azərbaycan torpağındasınız. Ümidvaram ki, burada sizin səfəriniz zamanı biz çox səmərəli danışıqlar aparacağıq, ölkələrimiz, xalqlarımız arasında olan əlaqələrin daha da möhkəmlənməsi üçün çox səmərəli tədbirlər görəcəyik və bizim üçün tarixi əhəmiyyətli sənədlər imzalayacağıq.

Mən sizi bir daha salamlayıram, sizə "Xoş gəlmisiniz!" deyirəm. Öz torpağınıza, öz Vətəninizə xoş gəlmisiniz! Sağ olun.