Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin adindan Rumıniya Prezidenti İon İliyeskunun şərəfinə təşkil edilmiş rəsmi qəbuldа nitqi - Bakı Əyləncə Mərkəzi, 29 oktyabr 2002-ci il


Zati-aliləri Rumıniya Prezidenti cənab İliyesku!

Sizin Azərbaycana rəsmi səfəriniz ölkələrimiz üçün çox əhəmiyyətlidir və bizim əlaqələrimizin ardıcıl surətdə inkişaf etməsini göstərir.

Cənab Prezident, mənim dəvətimi qəbul edib Azərbaycana rəsmi səfər etdiyinizə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm. Bu gün sizinlə apardığımız danışıqlardan, söhbətlərdən və nəhayət, əldə etdiyimiz nailiyyətlərdən məmnun olduğumu bildirmək istəyirəm. Sizin Azərbaycana ikinci səfəriniz Rumıniya–Azərbaycan əlaqələrini təhlil etmək və bu əlaqələrin inkişaf etdirilməsindən ötrü lazımi tədbirlər görmək üçün böyük imkanlar yaratdı. Biz bu imkanlardan səmərəli istifadə etməyə çalışacağıq.

Bizi ən çox sevindirən odur ki, Rumıniya ilə Azərbaycan arasında çox mehriban, dostluq və əməkdaşlıq əlaqələri yaranıb və inkişaf edir. Rumıniya Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Ondan sonrakı illərdə bizim görüşlərimiz, apardığımız müxtəlif danışıqlarımız nəticəsində əlaqələrimiz bugünkü xoş səviyyəyə gəlib çatıbdır.

Bizə məlumdur ki, rumın xalqı İkinci dünya müharibəsindən sonra ağır və çətin bir yol keçmişdir. 1989-cu il dekabr inqilabından sonra rumın xalqı sərbəstlik əldə etmiş, öz həyatını özü istədiyi kimi qurmaq imkanı qazanmışdır.

Cənab Prezident, bizə məlumdur ki, o vaxt, Rumıniya xalqı üçün çox ağır bir dövrdə, 1989-cu ildə Siz Milli Qurtuluş Komitəsinə rəhbərlik etmisiniz və çox səmərəli fəaliyyət göstərmisiniz. Ondan sonra Rumıniya demokratiya yolu ilə gedir, demokratik təsisatlar yaradıb, bazar iqtisadiyyatı yolu ilə gedir və ən əsası odur ki, xalq azaddır, özü istədiyi kimi yaşayır.

Hörmətli cənab Prezident, bütün bu nailiyyətlərin əldə edilməsində Sizin xidmətləriniz çox böyükdür. Problemləriniz də var. Bu barədə bu gün fikir mübadiləsi apardıq. Ancaq əsas ondan ibarətdir ki, Rumıniya Avropa Şurasının üzvüdür. Rumıniya NATO-ya qəbul olunmağa yaxınlaşıbdır və Avropa Birliyinə qəbul olunmaq üçün cəhdlər göstərir və nailiyyətlər əldə edir. Mən Sizi bu nailiyyətlərə görə təbrik edirəm. Ümidvaram ki, Sizin Rumıniyanın qarşısında açılan bu perspektivlər ölkənizin sosial-iqtisadi inkişafına çox gözəl təsir bağışlayacaqdır.

Biz bir neçə gün bundan öncə, okyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 11-ci ildönümünü bayram etdik. Bu illər Azərbaycan üçün çox ağır və çətin illər olubdur. Azərbaycan dövlət müstəqilliyini əldə edəndə artıq Ermənistanın təcavüzü ilə üzləşmişdik. Müstəqilliyinin ilk illərində Azərbaycanda ictimai-siyasi vəziyyət sabit olmamış, xalq bir çox bəlalara məruz qalmışdır. 1993-cü ildə vətəndaş müharibəsi başlamış, sonrakı illərdə də Azərbaycanın daxilində çox ağır proseslər getmişdir.

Ancaq biz bunların hamısının öhdəsindən gəlmişik və 1995-ci ildən başlayaraq, Azərbaycanda ictimai-siyasi sabitlik yarada bilmişik. Azərbaycanın iqtisadiyyatını böhrandan qurtarıb, inkişaf yoluna çıxara bilmişik. 1996-cı ildən sonra ötən illərdə iqtisadiyyat ilbəil inkişaf edir. Biz bunlara nail olmaq üçün elan etdiyimiz yolla – demokratiya yolu ilə, bazar iqtisadiyyatı yolu ilə ardıcıl surətdə irəliləmişik.

Azərbaycanda demokratiya bərqərar olub, insan azadlığı, söz azadlığı, mətbuat azadlığı – bütün azadlıqlar təmin olunubdur. Həyata keçirilmiş siyasi, iqtisadi, hüquqi, sosial islahatlar Azərbaycanın həyatının bütün sahəsində inkişafın əldə edilməsinə gətirib çıxarmışdır. Ancaq bunlarla bərabər, biz ağır problemlərlə də üzləşirik. İqtisadiyyatda problemlər var, xalqın rifahının yaxşılaşdırılmasında problemlər var.

Xarici investisiyanın Azərbaycana cəlb edilməsi iqtisadiyyata çox müsbət təsir göstərmişdir. Ancaq qeyd etdiyim kimi, hələ problemlər də var. Ən ağır və ən çətin problem Ermənistan–Azərbaycan münaqişəsidir və bunun nəticəsində Azərbaycana vurulmuş zərbələr, ərazimizin 20 faizinin işğal olunması və həmin torpaqlardan 1 milyondan artıq azərbaycanlının zorla köçürülməsi, didərgin düşməsi, indi köçkün vəziyyətində çadırlarda yaşamasıdır. Biz ötən illər bu münaqişəni aradan qaldırmaq, onu sülh yolu ilə həll etməyə çalışmışıq və bu gün də çalışırıq. Biz bu barədə bu gün çox ətraflı söhbət etdik və mən öz fikirlərimi Sizə bildirdim. Ümidvaram ki, dünya ictimaiyyəti, beynəlxalq ictimaiyyət, nəhayət, bu dözülməz vəziyyətə lazımi diqqət yetirəcək və biz məsələnin sülh yolu ilə həll edilməsinə nail olacağıq.

Bu gün biz Sizinlə hökumətlərarası yeni sazişlər imzaladıq. Bizim imzaladığımız siyasi bəyannamədə Rumıniyanın və Azərbaycanın müasir dövrdəki mövqeləri əks etdirilib və bizim bu mövqelərimizin bir-birinə yaxın, bənzər olması göstərilibdir. Beləliklə, mən Sizin bu səfərinizi çox məhsuldar hesab edirəm. Bunu Azərbaycan üçün çox faydalı hesab edirəm.

Sabah yəqin ki, Sizin üçün çox əziz olan Mingəçevirə gedəcəksiniz. Biz bilirik ki, Siz hələ 1953-cü ildə, təxminən 50 il bundan öncə Moskva Elektrotexnika İnstitutunda təhsil alarkən oradan Azərbaycana, Mingəçevirə ezam edilmişdiniz. Orada iki ay müddətində təcrübə keçmisiniz və o, Sizin yaddaşınızda indiyə qədər qalıbdır. Siz Mingəçevirə gedərkən Gəncə şəhərində də olacaqsınız. Azərbaycanın böyük şairi, XII əsr şairi Nizami Gəncəvinin məqbərəsini, məzarını da ziyarət edəcəksiniz.

Beləliklə, Azərbaycanın təkcə paytaxtı ilə yox, ölkəmizin bir neçə bölgəsi ilə də tanış olacaqsınız. Sizin səfəriniz, elə özünüz tərəfindən təqdim olunan proqram bizi çox məmnun edibdir.

Siz bizim xalqımızı, insanları görəcəksiniz və onların nə qədər sülhpərvər, nə qədər mehriban olduqlarını hiss edəcəksiniz.

Cənab Prezident, Rumıniyanın qarşısında böyük yol durur. Şübhə yoxdur ki, rumın xalqı və onun liderləri bu yolla inamla gedəcəklər. Cənab Prezident, mən Sizə bu yolda uğurlar arzu edirəm. Dost rumın xalqına sülh, əmin-amanlıq, rifah arzulayıram.

Mən badəmi Rumıniyanın şərəfinə, rumın xalqının şərəfinə, Rumıniyanın Prezidenti, əziz qonağımız, dostumuz cənab İliyeskunun şərəfinə qaldırıram!

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa