Azərbaycan Respublika Prezidentinin Səlahiyyətini həyata keçirən Respublika Ali Sovetinin sədri Heydər Əliyevin bəyanatı - 27 avqust 1993-cü il


Beş ildən artıqdır ki, Azərbaycan Respublikası Ermənistanın təcavüzünə məruz qalmışdır. Bu təcavüzün gündən-günə genişlənməsi nəticəsində yüzlərlə kəndlərimiz, yaşayış məntəqələrimiz düşmən tərəfindən zəbt olunmuş, yandırılmış və dağıdılmışdır. Amansız müharibədə minlərlə adam həlak olmuş və itkin düşmüşdür. Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsində yüz minlərlə vətəndaş ev-eşiksiz qalmış, öz torpaqlarından didərgin olmuşdur.

Erməni işğalçıları silah gücünə dinc əhalini girov götürür, onlara işgəncələr verirlər. Avqustun 1-ə olan məlumata görə itkin və əsir düşmüş, girov götürülmüş Azərbaycan Respublikası vətəndaşlarının sayı 2.804 nəfərdir. Onlardan 320-si qadın, 71-i uşaq, 173-ü isə qoçadır. Azərbaycan vətəndaşlarının girovluqdan azad edilməsi üçün göstərilən səylər bu günədək heç bir nəticə verməmişdir. Bu bir daha sübut edir ki, Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur, müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il Cenevrə konvensiyasının aktlarını kobud sürətdə pozur.

Girov düşənlərin dözülməz şəraitdə saxlanması, fiziki və mənəvi təhqirlərə məruz qalması və əməyinin istismar olunması barədə çoxsaylı təkzibolunmaz faktlar mövcuddur.

Azərbaycan münaqişənin ilk günlərində meydana çıxan problemlərin dinc yolla nizamlanmasına tərəfdar çıxmış, bu gün də silahlı toqquşmanın siyasi vasitələrlə həllinə hazır olduğunu nümayiş etdirir. Münaqişənin sülh yolu ilə həlinin mühüm şərtlərindən biri girov saxlanılan Azərbaycan vətəndaşlarının azad edilməsi, əsirlərin qaytarılmasıdır. Əsir və girov götürülmüş vətəndaşların müqəddəratı ilə bağlı ilkin razılaşmalar əsasında müqavilənin layihələri yalnız Azərbaycanda hazırlanmış və qarşı tərəfə göndərilmişdir. Bu sənədi beynəlxalq təşkilatlar yüksək qiymətləndirmişlər. Təəssüf ki, erməni tərəfi bu sənədi imzalamaqdan müxtəlif bəhanələrlə boyun qaçırır. Azərbaycan Respublikası qəbul edilmiş humanitar normalara hörmət göstərdiyini bir daha təsdiqləyərək və xoş məram nümayiş etdirərək, heç bir şərt qoymadan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsi ilə erməni millətindən olan 29 nəfəri azad etmişdir.

Əsas diqqəti buna yönəldərək, ümid edirəm ki, erməni tərəfi də müvafiq addımlar ataraq girov saxlanılan Azərbaycan vətəndaşlarını azad edəcək, münaqişənin dinc yolla həlli üçün göstərilən səylərə tərəfdən çıxacaqdır. Biz gələcəkdə də xoş məram nümayiş etdirməyə hazırıq , buna görə də humanitar məsələlərdə erməni tərəfindən də belə addımlar atılacağına ümid bəsləyirik. Bunu nəinki Azərbaycan xalqı, həm də bütün dünya gözləyir. Əminəm ki, bu məsələlərdə Ermənistan Respublikasını müvafiq addımları regionda sabitlik və iki qonşu dövlət arasında qarşılıqlı anlaşma mühitinin yaranması üçün zəmin olacaq, xalqlarımız arasındakı etimadı bərpa edəcəkdir.

"Xalq qəzeti", 28 avqust 2001-ci il.