Azərbaycan Prezidenti Heydər Əliyevin Türkmənistan səfirinin etimadnaməsini qəbul edərkən söhbətindən - 7 yanvar 2000-ci il


Murad Çarıyev: Zati-aliləri, çox hörmətli Heydər Əlirza oğlu!

Azərbaycanda Türkmənistanın ilk səfiri olmaq mənim üçün çox xoşdur.

Mən dövlətlərimiz arasında əsrlərdən bəri yaranmış ikitərəfli münasibətləri inkişaf etdirməyi çox istəyirəm və söz verirəm ki, bundan ötrü hər şeyi edəcəyəm. Bizim müstəqil dövlətlərimizin seçdikləri öz yolları var və hesab edirəm ki, ölkələrimizin nəzərdə tutduqları planlar yeni əsrdə həyata keçəcəkdir.

Məni qəbul etdiyinizə görə çox sağ olun. İcazə verin, etimadnaməmi sizə təqdim edim.

Heydər Əliyev: Hörmətli cənab səfir, Azərbaycanda Türkmənistanın fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə sizi təbrik edirəm.

Türkmənistan və Azərbaycan iki qonşu ölkə, dövlətdir. Bizim zəngin birgə tarixi keçmişimiz, çox zəngin dostluq münasibətlərimiz var.

Bunlar əsrlər boyu davam edir və biz XX əsrdə də bunları inkişaf etdirib möhkəmləndirmişik.

Azərbaycan və Türkmənistan özlərinin dövlət müstəqilliyini əldə etdikdən sonra bu münasibətlər keyfiyyətcə yeni xarakter almışdır.

İndi bunlar dövlətlərarası münasibətlər xarakteri daşıyır. Mən bunu deyərkən hər bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə və dövlətçiliyinə hörmət edilməsini nəzərdə tuturam.

Hesab edirəm ki, Azərbaycan və Türkmənistan arasında münasibətlərin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün böyük imkanlar var. Bizim xalqlarımız özlərinin tarixi kökləri etibarilə bir-birinə ən yaxın xalqlardır. Onlar dillərinə, ənənələrinə, adətlərinə, xalq mərasimlərinə görə də yaxındırlar. Ancaq indi, müasir mərhələdə bizi Xəzər dənizinin sərvətlərindən birgə istifadə olunması sahəsində işin böyük perspektivi də birləşdirir. Xüsusilə mühümdür ki, keçən ilin noyabrında İstanbulda biz - Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə Azərbaycandan və Gürcüstandan keçməklə Türkmənistandan Türkiyəyə Transxəzər qaz kəmərinin çəkilməsi haqqında saziş imzaladıq. Bu, böyük layihədir və biz onu birlikdə keçirməli olacağıq. Şübhəsiz ki, bu, bizim əməkdaşlığımızın gələcək inkişafı üçün daha böyük imkanlar yaradacaqdır.

Bizim mədəniyyət, təhsil, elm sahələrində də əməkdaşlığımızın zəngin tarixi var. Hesab edirəm ki, biz indiki dövrdə də bu ənənələrdən faydalanmalıyıq.

Əmin ola bilərsiniz ki, siz Azərbaycanda özünüzü Türkmənistandakı kimi hiss edəcək, burada həm dövlət, hökumət orqanlarının, həm də xalqın diqqət və qayğısı ilə əhatə olunacaqsınız. Sizin burada öz vəzifənizi uğurla yerinə yetirməyiniz üçün hər cür şərait yaradılacaqdır.

Sizi bir daha təbrik edir və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Heydər Əliyev: Bizim ölkəmiz Türkmənistanda özünün səfirliyini açmağa çoxdan hazırlaşır, amma bəzi maliyyə problemləri hələlik buna imkan vermir. Yaxın vaxtlarda Türkmənistanda Azərbaycanın səfirliyini açmaq əzmindəyik və bu, ölkələrimiz arasında əməkdaşlığın fəallaşmasına, birgə planların həyata keçirilməsinə kömək edəcəkdir.

Murad Çarıyev: Yarım ildir ölkənizdəyəm və bu müddətdə Azərbaycanın Xarici İşlər Nazirliyinin və digər nazirliklərinin köməyi sayəsində Türkmənistan səfirliyinə münasib yer ayrılıb və o, tam gücü ilə işləyir. Burada olduğum müddətdə ölkəmiz haqqında çox şey öyrənmiş, Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatı ilə tanış olmuşam. Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən dəyişiklikləri müşahidə etmək onun üçün çox xoşdur.

Müstəqil Türkmənistan və Azərbaycan dövlətləri arasında ikitərəfli münasibətlərin müntəzəm inkişafında Azərbaycan prezidenti Heydər Əliyevin və Türkmənistan prezidenti Saparmurad Niyazovun böyük xidmətləri olmuşdu.

İndiyədək ölkələrimiz arasında 24-dən çox sənəd imzalanıb və daha 20 sənəd imzalanmaq üçün hazırlanır. Nəzərdə tutulan Transxəzər qaz kəmərinin çəkilməsi isə dövlətlərimizi bir-birinə daha da yaxınlaşdıracaqdır. Ölkələrimiz arasında münasibətlərin daha da inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Heydər Əliyev: Bütün bunlar onu göstərir ki, Azərbaycan və Türkmənistan bir-birinə çox yaxın olmuşlar. Bu isə müstəqil ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün yaxşı əsasdır.

"Azərbaycan" qəzeti, 8 yanvar 2000-ci il.

Tarixi arayış

Azərbaycan - MDB