Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Jelyu Jelevin Azərbaycan Prezidentinin şərəfinə təşkil etdiyi rəsmi qəbulda nitqi - Sofiya, 29 iyun 1995-ci il


Hörmətli prezident Jelyu Jelev!

Hörmətli xanımlar və cənablar!

Mən Bolqarıstan prezidenti cənab Jelevin lütfkar dəvəti ilə buraya, Bolqarıstan torpağına böyük məmnunluq hissi ilə gəlmişəm və bu gün biz birgə işimizə yekun vururuq. Biz qardaş Bolqarıstanda olduğumuz ilk dəqiqələrdən səmimiyyət, mehribanlıq, qonaqpərvərlik və dostluq mühiti ilə qarşılaşdıq. Bu mühit bizə yaxşı işləməyə və çox mühüm sənəd imzalamağa imkan verdi. Bolqarıstana mən və məni müşayiət edən şəxslər bolqar xalqına, bolqar torpağına, bolqar xalqının özünün çoxəsrlik tarixi ərzində qazandığı görkəmli nailiyyətlərinə böyük hörmət hissi ilə, son illərdə Bolqarıstanda baş verən mühüm demokratik dəyişikliklərə ehtiram hissi ilə gəlmişik.

Bütün bu işlərdə cənab prezidentin - böyük sınaqlar yolu, demokratiya uğrunda, xalqın demokratik əqidələri və iradəsi uğrunda sınaqlar yolu keçmiş, Bolqarıstan prezidenti kimi respublikaya başçılıq edən insanın böyük rolunu ayrıca qeyd etmək istəyirəm. Mən ötən vaxtlarda da Bolqarıstan rəhbəri ilə görüşüb söhbət etmişəm, Bolqarıstanda olmuşam, lakin indi tamam başqa şərait, başqa mühit və başqa həyatdır.

Bolqarıstan demokratik inkişaf, demokratik cəmiyyət yolu ilə gedir, demokratik dəyişikliklər həyata keçirir, xalqın seçdiyi və xalqın mənafe və istəklərinə uyğun olan yol ilə gedir. Bolqarıstanda baş verən bütün proseslər mürəkkəb proseslərdir. Bolqarıstanın hazırda keçid dövründə qarşılaşdığı çətinliklər aldığımız informasiyadan və malik olduğumuz təcrübəmizdən yaxşı məlumdur. Buna görə də biz gələcəyə, xüsusən də Bolqarıstanda baş verən dəyişikliklərin nəticələrinə böyük ehtiram hissilə, böyük nikbinliklə baxırıq. Biz Bolqarıstan dövlətinin simasında Avropa ölkəsini - sivilizasiya yolu ilə, demokratiya yolu ilə, milli istiqlaliyyət yolu ilə gedən bir ölkə görürük.

Azərbaycan xalqı üç il yarım əvvəl əldə etdiyi öz milli azadlığını, dövlət müstəqilliyini əziz tutur, onların qədrini bilir.

Ölkələrimiz, demək olar, eyni proseslərlə qarşılaşmışlar. Mən əminəm ki, biz bu ağır sınaqlar yolunu qət edəcək və sivilizasiya səviyyəsinə, demokratiya səviyyəsinə çıxacağıq. Bu baxımdan Bolqarıstanın böyük təcrübəsi və geniş imkanları var. Buna görə də biz bu qiymətli təcrübəyə öz əməli fəaliyyətimizdə də, öz praktiki işimizdə də hörmətlə yanaşırıq. Bolqarıstan və Azərbaycan uzun müddətə xoş münasibətlər yaratmaq niyyətindədirlər. Buna dostluq və əməkdaşlıq haqqında bu gün imzaladığımız müqavilə və həmçinin imzalanmış olan digər mühüm sazişlər də sübutdur.

Belə düşünürəm ki, gələcək əməkdaşlığımız üçün yaxşı bünövrə qoyulmuşdur, ən başlıcası isə, bu əməkdaşlığın səmərəli olması üçün qarşılıqlı arzu, niyyət var.

Biz buna çox ciddi yanaşır və ümid edirik ki, bu əməkdaşlıq həqiqətən səmərəli və faydalı olacaqdır. Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyinə göstərilmiş diqqətə görə Bolqarıstan dövlətinə bir daha minnətdarlığımı bildirmək istəyirəm. 1992-ci ilin yayında Bolqarıstan Azərbaycanın dövlət müstəqilliyini və Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdı. Bu, bizim üçün - çox böyük nailiyyətdir. Çətin şəraitdə Bolqarıstan tərəfindən göstərilmiş həyanlıq elə bir vaxtda göstərilir ki, Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalır və çox böyük itkilər vermişdir. Odur ki, Azərbaycanın milli dövlət müstəqilliyinin və ərazi bütövlüyünün Bolqarıstan dövləti tərəfindən dəstəklənməsi bizə böyük köməkdir. Bu köməyə görə mən Bolqarıstan dövlətinə, Bolqarıstan hökumətinə və Bolqarıstan prezidentinə minnətdarlığımı bildirirəm.

Bizim gələcək əməkdaşlıq üçün böyük imkanlarımız, ən başlıcası isə xoş münasibətlər, dostluq münasibətləri olması üçün böyük arzumuz var. Son illər Azərbaycan böyük sınaqlardan çıxmışdır. Yeddi il əvvəl başlanmış hərbi təcavüz Azərbaycan iqtisadiyyatına və təbii olaraq, respublikamızın ictimai-siyasi vəziyyətinə çox böyük ziyan vurmuşdur. Belə şəraitdə Azərbaycanda konstitusiyaya zidd hallar baş vermişdir. Bu hallar respublikanın sosial-iqtisadi inkişafı üçün və təbii olaraq, respublikanın böhran vəziyyətindən çıxması üçün çətinliklər yaratmışdır. Mən razılıq hissilə deyə bilərəm ki, son iki ildə konstitusiyaya zidd, qanunlara zidd olan bu hallar aradan qaldırılmışdır və indi respublikamızda ictimai-siyasi inkişafla bağlı bir çox məsələləri həll etmək, Ermənistan ilə Azərbaycan arasında münaqişənin dincliklə aradan qaldırılmasına nail olmaq imkanı yaranmışdır.

Ötən ilin may ayında biz Ermənistan ilə Azərbaycan arasında sazişə nail ola bildik, 13 aydır ki, atəşkəs rejiminə əməl edilir. Mən bu gün bir daha bildirirəm ki, regionumuzda tam sülhə və sabitliyə, respublikamızı əhatə edən bütün ölkələrlə mehriban qonşuluğa nail olmaq üçün atəşkəs rejimini bundan sonra da gözləyəcəyik. Biz ATƏT-in, onun Minsk qrupunun fəaliyyətinə böyük əhəmiyyət verir və ATƏT-in fəaliyyətinə böyük ümidlər bəsləyirik. ATƏT-in iştirakçısı olan ölkələrin keçən il dekabrda Budapeşt Zirvə toplantısında qəbul edilmiş qətnamə mühüm hadisədir. Biz Budapeşt Zirvə toplantısının fəaliyyətinə, xüsusən bizim üçün bu mühüm qətnamənin qəbul edilməsinə Bolqarıstanın töhfəsini qiymətləndiririk.

Mən cənab prezident Jelevin belə bir bəyanatını dərin məmnunluq hissilə qəbul etdim ki, Ermənistan-Azərbaycan münaqişəsinin dincliklə aradan qaldırılması üçün Bolqarıstan ATƏT-də tədbirlər görəcəkdir. Mən əminəm ki, Bolqarıstan sülh əldə edilməsinə, bu sülhün təmin olunması sahəsində tədbirlər görülməsinə öz töhfəsini verəcəkdir.

Mən belə düşünürəm ki, razılığa gəldiyimiz nə varsa, hamısı gələcək əməkdaşlığımız üçün yaxşı bünövrədir. Bu gün, birgə iş günümüzə yekun vuraraq, mən cənab prezident Jelevə, parlamentin sədrinə, baş nazirə, bu gün bizimlə görüşənlərin, ikitərəfli münasibətlərimizlə bağlı məsələləri müzakirə edənlərin və bizə səmimi münasibət, qayğı və qonaqpərvərlik göstərənlərin hamısına təşəkkürümü bildirmək istəyirəm. Bolqarıstanda, bu gözəl, füsunkar torpaqda qonaqların qəbul edilməsi Bolqarıstan xalqına, bu ölkəyə və xüsusən son vaxtlar baş vermiş dəyişikliklərə dönə-dönə böyük ehtiram hissi doğurur. Biz etibarlı müttəfiqlər olacağıq, dostluq və əməkdaşlıq haqqında imzalanmış müqaviləyə sadiq qalacağıq və əməkdaşlığımızın səmərəli və faydalı olması üçün öz tərəfimizdən hər şeyi edəcəyik.

Mən Bolqarıstan xalqına xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Mən bütün bolqar dostlarımıza nəzərdə tutulmuş planların həyata keçirilməsində uğurlar arzulayıram.

Təklif edirəm, Bolqarıstan prezidenti cənab Jelyu Jelevin sağlığına, Bolqarıstan Respublikası şərəfinə, bolqar xalqının sağlığına, Bolqarıstanın və Azərbaycanın möhkəm dostluğu şərəfinə badə qaldırılsın.

Sizin sağlığınıza, sağ olun!

"Azərbaycan" qəzeti, 1 iyul 1995-ci il