"Bakı Beynəlxalq Hava limanı layihəsinin təqdimetmə mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı" (Bakı, 19 oktyabr 1997-ci il) sənədinə tarixi arayış


19 oktyabr 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevə Bakıda tikiləcək müasir standartlara cavab verən beynəlxalq aerovağzalın layihəsi təqdim edilib.

Qloballaşma proseslərinin intensivləşdiyi XXI əsrdə hər bir ölkənin müasir tələblərə cavab verən hava limanına malik olması günün vacib tələblərindən biridir. 1994-cü ildə Xəzərin Azərbaycana aid sektorunda yerləşən neft və qaz yataqlarının iri xarici şirkətlərlə birgə işlənməsini nəzərdə tutan "Əsrin müqaviləsi" imzalandı. Bundan sonra Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin Cənubi Qafqazda ən iri sənaye-ticarət və maliyyə mərkəzi kimi inkişafı daha da sürətləndi. Bu perspektivdən irəli gələn tələblər baxımından paytaxtın beynəlxalq səviyyəli infrastruktura malik olması zərurəti yarandı. Strateji baxımdan beynəlxalq əhəmiyyətli tranzit yolların kəsişdiyi, "Böyük İpək Yolu"nun keçdiyi əsas məntəqədə yerləşən və müasir standartlara cavab verən beynəlxalq hava limanı kompleksinin Bakıda tikilib istifadəyə verilməsi prioritet təşkil edirdi.

Bakı şəhərindəki əvvəlki hava limanı 1964-cü ildən fəaliyyətə başlayıb və 1970-ci illərin ortalarında mülki aviasiyanın artan tələbatını ödəmədiyindən hələ o vaxt yeni aerovağzalın tikintisi gündəmə gəlib. 1981-ci ildə Bakıda yeni aerovağzalın tikintisinin əsası qoyulsa da keçən əsrin 80-ci illərinin sonlarında və 90-cı illərin əvvəllərində ölkədə baş vermiş ictimai-siyasi və sosial-iqtisadi hadisələr bu prosesin ləngiməsinə səbəb olub və tikinti işləri 1996-cı ilə kimi dayanıb. Tezliklə təşəbbüsü ələ alan Heydər Əliyev müstəqil Azərbaycanın dünya ilə əlaqələrinin bütün səviyyələrdə sürətlənməsinə yardım edəcək müasir beynəlxalq aerovağzal kompleksinin yeni layihə əsasında tikilib-istifadəyə verilməsi üçün lazımı tədbirlər görülməsini təşkil etdi. Qeyd edilən layihə 1997-ci ilin oktyabrında Azərbaycan Prezidentinə təqdim edildi. (http://www.azal.az/)

Aerovağzal kompleksinin müasir standartlara cavab verən səviyyədə tikilməsi işində Türkiyə Respublikasının "Burc-Enka" şirkəti və "Eksimbank"ı, eyni zamanda Böyük Britaniyanın özəl şirkətləri, maliyyə qurumları öz maliyyə və texniki resursları ilə yaxından iştirak edib. Aerovağzal kompleksində quraşdırılan elektrotexniki avadanlıqların böyük əksəriyyəti Almaniyanın "Simens" şirkəti tərəfindən quraşdırılıb. (http://www.azerbaijan.news.az/)

Qeyd edək ki, həmin layihə əsasında tikilən beynəlxalq hava limanı 30 sentyabr 1999-cu ildə istifadəyə verilib və bu gün həmin lava limanını dünyanın ən iri 65 aviaşirkəti ilə əməkdaşlıq edir.

Hava limanının layihəsi ilə yaxından tanış olan Azərbaycan Prezidenti Heydər Əliyevə bu vacib obyektin tikintisi ilə əlaqədar öz məsləhətlərini verib. Yeni aerovağzal binasının milli arxitekturanın tələblərinə uyğun tikilməsi işinin təşkil edilməsini inşaatçı və mühəndislərə tapşırıb. O, deyib: "Siz bu kompleksin tikintisində keyfiyyətə, bir də Azərbaycanın milli memarlıq ənənələrinin orada öz əksini tapmasına xüsusi fikir verməlisiniz. Qoy bu, Azərbaycandakı tarixi binalara uyğun olsun".

2004-cü ildən başlayaraq Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə icrasına başlanan regionların sosial-iqtisadi inkişafı adlı dövlət proqramı çərçivəsində ölkənin müxtəlif regionlarında, o cümlədən Naxçıvanda, Gəncədə, Lənkəranda və Zaqatalada müasir tipli beynəlxalq hava limanlarının tikilib istifadəyə verilməsi qarşıya məqsəd qoyulub. Qeyd edilməlidir ki, artıq Naxçıvanda və Gəncədə fəaliyyət göstərən hava limanları dövlət başçısı İlham Əliyevin iştirakı bir neçə ildir ki istismara verilib. (http://www.president.az/)

Tarixi arayış 10 mart 2008-ci ildə yeniləşdirilib.