Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndinin bir qrup sakini ilə görüşdə söhbəti - Prezident sarayı, 28 fevral 2001-ci il


Heydər Əliyev: Necəsiniz? Nehrəmlilərlə çoxdandır görüşməmişdim. Naxçıvana çox gəlməyə imkanım olmur.

Əqil Mehdiyev (Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri): Cənab Prezident, çox sağ olun, yaxşıyıq. Nehrəmlilər Sizin üçün çox darıxıblar.

Heydər Əliyev: Mən də belə düşünürəm ki, darıxırlar. Çünki nehrəmlilərlə mənim xüsusi əlaqəm var, xüsusi dostluğum var. Ona görə mən də darıxmışam, siz də darıxmısınız. Naxçıvan necədir? Əqil müəllim, danışmaq istəyirsən, buyur.

Əqil Mehdiyev: Cənab Prezident, Naxçıvanda bütün camaatın hamısı Sizi dəstəkləyir, buna söz ola bilməz. Xüsusilə, bir həftə bundan əvvəl biləndə ki, biz buraya gələcəyik, hamı yanıma gəlib xahiş etdi ki, onların salamını Sizə yetirim. İcazə verin, mən bəzi məsələlər haqqında bir-iki kəlmə danışım.

Hörmətli Prezident, Nehrəm camaatı, xüsusilə ağsaqqalları Sizə salam göndərirlər. İşinizin gərgin vaxtında, çətin dövrdə Nehrəmin sosial məsələləri ilə məşğul olduğunuz üçün camaat adından Sizə minnətdarlığımı bildirirəm.

Muxtar respublikanın ehtiyacını nəzərə alaraq, 675 milyon manat vəsait ayırıb Koreyadan rentgen aparatı gətirilib quraşdırılmışdır. Beləliklə də, müayinə üçün İrana getməyə ehtiyac qalmamışdır. Buna görə Muxtar respublikanın əhalisi adından Sizə təşəkkür edirəm.

Heydər Əliyev: Mən bunu, yəni rentgen aparatının işləmədiyini bilmirdim. Vasif Talıbov mənə məlumat verən kimi, Səhiyyə nazirinə töhmət etdim. Necə ola bilər, Naxçıvan Muxtar Respublikasında müasir rentgen aparatı yoxdur. İnsanlar gedib Təbrizdə özünü rentgendən keçirir, sonra onun plyonkasını alıb buradakı həkimə göstərir. Bu biabırçılıqdır.

Əqil Mehdiyev: Cənab Prezident, camaatın minnətdarlığının həddi-hüdudu yoxdur.

Heydər Əliyev: İndi bu rentgen aparatı Naxçıvanın əhalisini təmin edirmi?

Əqil Mehdiyev: Bəli, təmin edir, özü də necə lazımdır, təmin edir. Müasir rentgen aparatıdır.

Hörmətli Prezident, səhiyyə işçilərinin əməyini qiymətləndirərək, Naxçıvanın səhiyyə işçilərinin, o cümlədən mənim də adımı təltif olunanların siyahısına daxil etdiyiniz üçün Sizə bütün səhiyyə işçiləri adından minnətdarlığımı bildirirəm.

Heydər Əliyev: Sən bunu çox demə, sonra deyərlər ki, Heydər Əliyev naxçıvanlılara tərəfkeşlik edir. Sən elə bir şəxssən ki, gərək mükafatlandırılaydın.

Əqil Mehdiyev: Çox sağ olun, dərin minnətdarlığımı bildirirəm.

Cənab Prezident, Siz bilirsiniz, yadınıza salmaq üçün deyirəm, Nehrəmin 12 min əhalisi var. 6 min 500 nəfər əmək qabiliyyətli işçi qüvvəsi, 3 min təsərrüfatı, 4 min hektar torpaq sahəsi vardır. Bunun ancaq 3 min hektarını əkmək olur. Nehrəmdə iki xəstəxana var. İki doğum evinin biri Nehrəmdə yerləşir. Bu, 35 çarpayılıq doğum evidir. O, vaxtilə Sizin sayənizdə tikilmişdir.

Heydər Əliyev: Yadımdadır.

Əqil Mehdiyev: Xəstəxanada 200-ə yaxın adam işləyir. Nehrəmdəki 5 məktəbdə təxminən 2 min 500 şagird  419 oxuyur, 300-ə yaxın müəllim çalışır. Nehrəmin 400-ə yaxın ziyalısı, 3 kitabxanası vardır. Demək istəyirəm ki, Nehrəmdə lazım olan sosial obyektlərin hamısı vardır. Bunların işləməsi üçün imkan dairəsində şərait yaradılmışdır. Dörd ayın içərisində 600 yerlik gözəl bir məktəb tikilib istifadəyə verilmişdir. 1000 nömrəlik avtomat telefon stansiyası işə salınmışdır. İnşa edilmiş yeni nasos stansiyasının hesabına kəndin bir hissəsi su ilə təmin olunmuşdur.

Heydər müəllim, mən Sizə demişdim, yəqin yadınızdadır. Kəndin yuxarı hissəsində su çatışmır. Siz tapşırıq verdiniz və mənə də dediniz ki, Əqil, siz özünüz bu işə nəzarət edin. Oraya su çəkiləndən sonra 400 hektarlıq sahə su ilə təmin olundu. Hazırda kəndin içərisində təsərrüfat üçün suya ehtiyac yoxdur.

Heydər Əliyev: İçəridə?

Əqil Mehdiyev: Bəli, kəndin daxilində 400 hektar torpaq sahəsi vardır. Vasif müəllim sağ olsun, həmin vaxtdan güclü nasos qoydu və indi həmin torpaqların suya ehtiyacı yoxdur. Qısa müddət ərzində xəstəxana və məktəblər təmir olunmuşdur.

Bir neçə kəlmə də ümumi işlərdən demək istəyirəm. Əgər müəyyən təşkilatlardan soruşsanız, deyəcəklər ki, bu gün Naxçıvanda mədəniyyət, maarif, səhiyyə, təsərrüfat və s. sahələrdə çox işlər görülmüşdür. Son vaxtlar 23 yeni məktəb tikilmiş, 20-si isə təmir edilmişdir. 4 xəstəxana və tibb məntəqəsi tikilmiş, 8-i əsaslı təmir olunmuşdur. Məktəbləri, xəstəxanaları tikəndə bir şey nəzərə alınır. Muxtar respublikanın Ermənistanla sərhəd rayonlarında, kəndlərində tikilir. Ona görə ki, camaat o kəndlərdən dağılmasın, uşaqlar oxumaq üçün başqa yerə getməsinlər. Beləliklə, onlar üçün lazımi şərait yaradılıbdır.

Cənab Prezident, yadınıza salmaq istəyirəm ki, Siz 6 il bundan əvvəl Naxçıvana gələndə müəyyən tədbirləri keçirmək üçün vaxtilə nanəcib adamlar tərəfindən körpü və yollar dağıdılmışdı. Uşaqlar məktəbə gedə bilmirdilər. İndi 23 körpü salınmış, yüz kilometrlərlə yol çəkilmişdir. Elə dağ kəndi var ki, oraya getməyə yol yox idi, tamamilə dağıtmışdılar. Onların hamısı bərpa olunubdur. Doğrudan da indi o kəndlərə gedən adamlar özləri deyirlər ki, 5-6 il bundan əvvəl oralara getmək çox çətin idi.

Cənab Prezident, əsas odur ki, işləyən, təqaüd alan adamlar vaxtında əmək haqlarını və təqaüdlərini alırlar. Bunların hamısı Sizin sayənizdə, Sizin nəzarətiniz altında həyata keçirilir.

Mən bir neçə kəlmə də problemlərdən danışmaq istəyirəm. Əsas su təchizatıdır, bu olsa, hər şey yaxşı olacaqdır. Bundan istifadə edib aranı qatanlar var. Camaatı bir-birinə vuran, çətinliklərdən sui-istifadə edənlərə deyirik ki, buyurun, sözünüzü deyin, problemlər barədə təklifinizi verin. İndi Siz də mənə deyə bilərsiniz ki, problemlər barədə təklifini ver. İki əsas təklifimiz var. Birincisi, su məsələsidir. Burada İsmayıl müəllimə söz verəcəyik. O, tarix müəllimidir və vaxtilə seçkilər zamanı Sizi birinci müdafiə edibdir. Bayaq dedim ki, Nehrəmdə su çatışmazlığı vardır. Camaatın vəziyyətinin yaxşılaşdırılması üçün mütləq Qızılvəng buraxılış məntəqəsi açılmalıdır. Bu problemlər həll olunmalıdır. Çünki camaatımızın yaşaması üçün bunlar əsas şərtdir. İmkan daxilində bu işlər həyata keçsə, Nehrəmin elə bir ciddi problemi qalmır. Qalan məsələləri həll etmək olar. Məsələn, Nehrəmdə 5 məktəb var. Mən Sədərəyi də buraya əlavə edirəm. Heç olmasa, bu məktəblərin birinin kompüterləşdirilməsi lazımdır. Çünki uşaqların kompüter savadı olması yaxşı olardı.

Heydər Əliyev: Bəlkə ikisi lazımdır?

Əqil Mehdiyev: O da çox yaxşı olar. Sədərəkdə də etmək lazımdır.

Heydər Əliyev: Ona görə deyirəm, ikisi lazımdır.

Əqil Mehdiyev: Bəli, biri Nehrəmdə, biri də Sədərəkdə.

Cənab Prezident, Nehrəmdə xəstəxana üçün “UZİ” aparatı lazımdır. Cərrahiyyə əməliyyatı üçün uzun yol getmək lazım olur. Ona görə Nehrəm xəstəxanasında cərrahiyyə əməliyyatı üçün şərait yaratmaq lazımdır. Bir ildə 300 adamın cərrahiyyə əməliyyatına ehtiyacı olur. Sədərəkdə də bu sahədə çətinlik vardır. İmkan daxilində bunlar edilsə, yaxşı olardı. Bu yaşayış məntəqələrinin hər ikisi böyük yerdir, Sizin dayağınızdır, Sizi dəstəkləyirlər. Görülən işlərin şahidi olanda müxalifətdəkilər dərslərini alırlar. Vasif müəllimlə görüşəndə deyirəm, onların cavabı gördüyümüz işlərdir. Onların özləri də bilirlər ki, bundan artıq nəsə etmək olmaz. Amma nə edəsən, qanlarında var, bunları etməsələr, bəs nə işlə məşğul olmalıdılar? İşlərinin adı qarayaxmaqdır. Heydər müəllim, nəinki Nehrəm, Naxçıvan, hesab edirəm, bütün Azərbaycan Sizi dəstəkləyir. Vasif müəllimin köməyi ilə nə imkanımız var, hər şeyi edirik. Sizdə olan humanistlik, səbir, güzəşt etmək və s. kimi keyfiyyətlərdən gərək müxalifətdə olanlar xəcalət çəkələr ki, bu cür işlərin qabağında belə hərəkətlər edirlər.

Vasif müəllim mənə dedi ki, Əqil müəllim, Babək rayonunda bir az narahatlıq var, xahiş edirəm, oraya gedin. Mən Babək rayonuna getdim. Orada dörd-beş adam var idi. Onlarla söhbət etdim, dedim ki, Sizin qarşınıza mən yox, kim gəlir gəlsin, ona heç bir hörmətsizlik etməyin. Qulaq asın, sözünü desin, sonra da təklifinizi verin, çıxıb getsin. İkinci tərəfdən, iqtidardan mümkün olmayan şeyi tələb etməyin. Əgər tələb edirsinizsə, o, mümkün olmayacaqdır. Siz deyirsiiz ki, işığımız yoxdur. Mən də, Vasif müəllim də bilirik, yoxdur. İşıq saatla verilir. Burada əhali çox olanda nə olar, fasilələrlə qonşu kəndlərə də verilir. Onun işığını kəsib sənə verəndə, bəs, orada yaşayanlar yazıq deyil? O da sənin dostundur, yoldaşındır. Nəyə görə onun işığını kəsib sənə versinlər? Bu məsələlər həll olunana qədər dözmək lazımdır. Dedilər ki, Əqil müəllim, bizim günahımız yoxdur. Çünki neft yox, qaz yox, odun yox, çətindir. Mən gəlib Vasif müəllimə məlumat verdim. Sonra bu məsələ həll olundu. Həmin adamlar tutduqları işdən peşman oldular.

Heydər müəllim, Muxtar respublikanın əhalisi, xüsusilə Nehrəm camaatı Sizə bir daha minnətdarlığını bildirir. Gördüyünüz işlərə görə çox sağ olun. Sizin köməyinizlə, nəzarətinizlə Vasif müəllim orada çox yaxşı işlər görür. Sizə bir daha təşəkkür edirik.

Cənab Prezident, bağışlayın, buraya gəlmiş şəxsləri təqdim etmədim. İcazə verin, onları Sizinlə tanış edim.

Heydər Əliyev: İstəyirsən, tanış et.

Əqil Mehdiyev: İsmayıl Ələkbərov Nehrəm kənd orta məktəbinin tarix müəllimidir. Nəriman Mehdiyev kitabxana müdiridir. Həsən Mehdiyev Nehrəm kənd orta məktəbinin direktorudur. Heydər İsmayılov Babək rayonu İcra Hakimiyyəti başçısının müavinidir. Tofiq Abutalıbov kənd bələdiyyəsi sədrinin müavinidir, aqronomdur. Hüseyn Niftəliyev Nehrəm xəstəxanasının Baş həkimidir. Qadir Cəfərov baytar həkimdir. İsa Məmmədov mühəndisdir. Vilayət Mehdiyev isə rabitəçi mühəndisdir.

Heydər Əliyev: Çox sağ olun. İsmayıl müəllim, buyurun.

İsmayıl Ələkbərov (Nehrəm kənd orta məktəbinin tarix müəllimi): Hörmətli Prezidentimiz! Sizə minnətdarlığımızı bildiririk ki, işinizin gərgin, çətin vaxtında Nehrəm kəndindən gəlmiş nümayəndələri qəbul etmisiniz.

Mən özümü xoşbəxt hesab edirəm ki, vaxtilə vəkili olduğum deputat indi Azərbaycanı xaosdan çıxarıbdır. İndi Azərbaycan dünyada öz layiqli yerini tutub və bundan sonra da tutacaqdır. Müdrik dövlət başçımızın siyasəti nəticəsində həm iqtisadiyyatda, həm də siyasətdə böyük irəliləyişlər əldə edilmişdir. Neft strategiyası uğurla həyata keçirilir. Ümumiyyətlə, mənim dilim hər yerdə uzundur. Cənab Prezident, bütün bunlara görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.

Cənab Prezident, Əqil müəllim dedi, kəndimizdə çox işlər görülübdür, inkişaf vardır. Şəxsən biz Sizin bütün daxili və xarici siyasətinizi bəyənirik və həmişə Sizə dəstək olacağıq. Birincisi, kəndimizin əsas problemi su problemidir. Təkcə bizim kəndimizdə yox, Naxçıvanın əksər kəndlərində su problemi vardır. Amma kəndimiz Naxçıvan Muxtar Respublikasında ən böyük kənddir, 4 min hektara qədər suvarılan torpağı vardır. Vaxtilə bundan səmərəli istifadə olunurdu. Lakin son dövrdə, xüsusən 1990–93-cü illərdə baxımsızlıq üzündən suvarma sistemlərinin bir hissəsi dağıdılmış, kəndə su vermək qeyri-mümkün olmuşdur. Mən əvvəllər olan bütün suvarma sistemlərini, sahələri yaxşı tanıyıram. Bizim kəndə əsasən Naxçıvan çayından, bir də Araz çayından su gəlir. İndi oralardan su gətirmək qeyri-mümkündür. Biz hələ 70-ci illərdə oradan su gətirəndə çox çətinliklər çəkirdik.

İkincisi, bizim əsas suvarma sistemimiz "tumbul nasosu" idi və onun vasitəsilə Araz çayından Nehrəm kanalına su vurulurdu. Əfsuslar olsun ki, indi torpaqlar camaata bölündüyünə görə kanal dağıdılıbdır və oradan su gətirmək heç cür mümkün deyildir. Bəs bizim çıxış yolumuz nədir? Araz SES-in bəndi yanında su nasosları qoymaq lazımdır. Hazırda orada bir suvarma sistemi hazırdır. Düzdür, 1990-cı ildə müəyyən qüvvələr onun bir hissəsini söküb dağıtdılar. Oradakı yardımçı stansiyanı da söküb dağıtdılar. Amma buna baxmayaraq, cüzi xərclə həmin xətti bərpa etmək olar. Bunun vasitəsilə suyu Nehrəmin şərq tərəfinə vermək lazımdır. Çünki oradan həm kənddəki torpaqları suvarmaq mümkündür, həm də kəndin şərqindəki 500 hektar sahəni suvarmaq olar. Sonra həmin bəndin aşağısında nasos stansiyası tikilsin. Su oradan iki boru vasitəsilə Nehrəm kanalına töküləcəkdir. Körpülər hazırdır. Cəmi 11 kilometrlik məsafə vardır. Həmin kanalda 70-ci illərdə qoyulmuş nasoslar durur. Beləliklə, bütün sahələr, kəndin şimal hissəsində olan torpaqlar suvarılacaqdır. Əgər dediyim bu iki variant düzəlsə, onda Nehrəmin 4 min hektar məhsuldar torpaq sahəsi suvarılacaqdır. Bilirsiniz ki, vaxtilə pambığın, üzümün, tütünün ən çox hissəsini Nehrəm veribdir. Beləliklə, biz 4 min hektar sahəyə su çıxara bilərik və bununla da demək olar ki, kənddə əhalinin məşğuliyyəti təmin ediləcəkdir. Hərə gedib öz torpağında işləyəcək və kənddə heç bir dedi-qodu olmayacaqdır.

Bilirsiniz ki, indi kənddə məşğuliyyət, iş yoxdur. Ona görə də camaatın müəyyən hissəsi bəzi adamların təsiri altına düşür. Amma iş yeri olsa, onlar gedib öz torpaqları, təsərrüfatları ilə məşğul olacaqlar. Su probleminin aradan qaldırılması barədə təklifim bundan ibarətdir.

Əqil müəllim dedi, mən də təkrar edirəm, İranla Naxçıvan arasında Qızılvəng buraxılış məntəqəsi açılsa, nəinki Nehrəm camaatının, Naxçıvan əhalisinin də güzəranının yaxşılaşmasına müəyyən qədər köməyi olar. Xahişim odur ki, imkan daxilində o məntəqə açılsın.

O ki qaldı xırda işlərə, Vasif müəllim söz verib ki, bunları imkanlı şəxslərin, yaxud Muxtar respublikanın öz imkanları hesabına yoluna qoyacaqdır.

Mənim bir xahişim də var. Vasif müəllimin yanında bu barədə söhbət etdik. Nehrəm indi çox böyüyübdür. Qızılvənglə Nehrəmin arası 7 kilometrdir. İnsanlar hətta uşağına iynə vurdurmaq üçün Nehrəmə gəlməlidirlər. Ona görə kəndin aşağı hissəsində bir tibb məntəqəsi açılsa yaxşı olar. Bundan əlavə, Qızılvəngdə yaşayan uşaqlar məktəbə gedirlər. Nehrəmdəki məktəbə gəlmək üçün gərək birinci sinif şagirdi neçə kilometr yol gəlsin. Orada kiçik bir ibtidai məktəb tikilsə, uşaqlar orada oxusa, daha yaxşı olar. Mənim kənd haqqında dediklərim bu qədərdir.

Heydər Əliyev: Mal-heyvan nə təhərdir?

İsmayıl Ələkbərov: Cənab Prezident, indi camaatda istər davar, istərsə də qaramal çoxdur. Adam var ki, onun 500–1000 başa yaxın heyvanı vardır. Amma yem cəhətdən korluq çəkirlər. Çünki torpaqlar əkilmədiyinə görə yem məsələsi çətindir.

Heydər Əliyev: Yaxşı, əyləş.

Güman edirəm, siz nə lazımdır dediniz. Mənim sizinlə bu görüşümün əsas məqsədi odur ki, birinci növbədə, mənim nehrəmlilərə olan münasibətimi, dostluğumu bilirsiniz. Mən hələ ki, Naxçıvana gəlmək üçün vaxt tapa bilmirəm. Ona görə dedim, gələsiniz, burada görüşək. Bir də eşitdim ki, sizin orada bəzi probleminiz vardır. İstədim, sizi dinləyim və görüm, nə etmək olar. Bu problemlər indi təkcə Nehrəmdə deyil, Azərbaycanın hər yerində vardır. Keçid dövründə yaşayırıq. İndi İsmayıl müəllim dedi, vaxtilə Nehrəmdə pambıq əkilirdi, sonra üzümə keçdik, nə qədər üzüm plantasiyaları yaratdıq. Həmin nasos stansiyalarından su verməyin hamısı mənim 70-ci illərdə Azərbaycana rəhbərlik etdiyim vaxt olubdur. Onda Nehrəmin hər tərəfi gül-çiçək idi, üzüm bağları idi. Siz ondan nə qədər gəlir götürürdünüz. İndi deyirsiniz ki, Nehrəm böyüyüb Qızılvəngə çatıbdır. Bu böyümə havadan gəlmir ki? Demək, insanlar ev tikir, özlərinə şərait yaradır, bununla da kənd böyüyür. Kənd rezin deyil ki, onu dartıb böyüdəsən. Hansı yaşayış məntəqəsi böyüyürsə, demək, orada yeni tikintilər gedir, evlər tikilir. Nehrəmin göstəriciləri budur. Ancaq eyni zamanda 1990-cı ildən sonra – Ermənistan–Azərbaycan münaqişəsi qızışandan sonra, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazisi arasında yollar kəsiləndən sonra naxçıvanlılar çox əzab-əziyyət çəkdilər. Mən sizinlə üç il bir yerdə yaşadım. Siz necə şəraitdə yaşayırdınız, mən də elə şəraitdə yaşayırdım. Bunu yaxşı bilirsiniz. Ona görə də mən Naxçıvanın şəraitini çox yaxşı bilirəm. Özüm üç il o şəraitdə yaşamışam. Mənim yaşayış şəraitimlə sizin yaşayış şəraitinizin o qədər fərqi olmayıbdır. Bəlkə Əqil müəllimin evi mən yaşadığım evdən daha da yaxşı olubdur. Çünki mən onun evində qonaq olmuşam. Allah uşaqlarına qismət eləsin, ikimərtəbəli yaxşı evi vardır. Amma mən bir balaca otaqda yaşayırdım. Yadındadır, balaca otaqda yaşayırdım.

Naxçıvanın böyük imkanları vardır. Ancaq vaxtilə Azərbaycana qəsd edilibdir və Azərbaycan torpağı olan Mehri rayonu, Zəngəzur Ermənistana verilibdir. Bu da Naxçıvanı ərazi nöqteyi-nəzərdən Azərbaycandan ayırıbdır. Sovet vaxtında bunu o qədər hiss etmirdik. Çünki hamısı bir idi. İndi, xüsusən Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra bu, vəziyyəti get-gedə gərginləşdirdi.

İndi deyirsiniz ki, kimsə orada elektrik enerjisindən şikayət edir. Bəs yadınızda deyil, mən orada yaşayanda lampa işığında oturub axşamlar işləyirdim? Sizin yadınızdadır. Bilmirdik ki, televiziyada nə var. Çünki işıq yox idi. Bəli, mən o vaxtlar İrana getdim. Oraya əvvəlcə İrandan elektrik xətti çəkdik. Ondan sonra Türkiyədən elektrik xətti çəkdik. Biz bununla Naxçıvana elektrik enerjisi verdik. Əgər biz o vaxt bunları edə bilməsəydik, onda Nehrəm yox, bütün Naxçıvan qaranlıq içində yaşayacaqdı. Son vaxtlar elektrik enerjisində bir az fasilə oldu. Onun da səbəbini bilirsiniz. İran bizə verdiyi elektrik enerjisini kəsdi. Ona görə də orada vəziyyət gərginləşdi. Biz İranla çox danışıqlar apardıq və onlara çox vəsait verdik, bunu bərpa etdik. İndi İrandan, Türkiyədən elektrik enerjisi gəlir. Araz SES-dən 20 meqavat elektrik enerjisi götürülür. Bir də orada kiçik stansiyalarınız var. Onları işlədirsiniz, yoxsa yox?

Vasif Talıbov (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri): Cənab Prezident, vaxtaşırı işlədirik.

Heydər Əliyev: İşlədirsiniz. Yadınızdadır, onları da o vaxtlar Türkiyədən gətirdik.

Vasif Talıbov: Bəli.

Heydər Əliyev: Biz indi İrana elektrik enerjisinə görə nə qədər pul veririk?

Artur Rasizadə (Azərbaycanın Baş naziri): Cənab Prezident, 3 milyon dollar. Ondan əlavə, Batabat xətti də dayandırılmışdı. Biz bu işlərlə daim məşğul oluruq. İndi Batabat xətti ilə 50 meqavat elektrik enerjisi gəlir.

Heydər Əliyev: İndi 50 meqavat...

Artur Rasizadə: Bəli. Amma Sizin sərəncamınızla 43 milyon dollar borc dörd il ərzində ödənilməlidir.

Heydər Əliyev: 43 milyon dollar ödənməlidir. Amma biz sonra da onun haqqını verməliyik. Yəni gələcəkdə də elektrik enerjisinin haqqını verməliyik.

Artur Rasizadə: Bəli.

Heydər Əliyev: Mənə de görüm, Naxçıvana hava yolundan başqa bir yol yoxdur. Bu hava yolu ilə, təyyarələrlə gediş-gəlişə güzəşt edirik?

Artur Rasizadə : Bəli, cənab Prezident. İldə 44 milyard manat güzəşt edilir.

Heydər Əliyev: İldə 44 milyard manat. Siz bunu bilməlisiniz. Bütün naxçıvanlılar bilməlidir. Naxçıvana təyyarə biletləri ümumi qiymətdən xeyli ucuzdur və bu fərqi dövlət bizim büdcəmizdən ödəyir. Başa düşürsünüz?

Məsələn, biz bəzən baxırıq. Təkcə Naxçıvanın yox, başqa ölkələrin vətəndaşları da bu reysdən istifadə edirlər. Həmin reyslərə başqa ölkənin vətəndaşları nə qədər verirsə, bunu da edə bilərdik. Elədirmi?

Artur Rasizadə: Bəli.

Heydər Əliyev: 44 milyard manat. Bilirsiniz, bu da Naxçıvana olan güzəştdir. Azərbaycanın hava yollarında Naxçıvana biletin qiyməti xeyli ucuzdur. "AZAL" Dövlət Konserninin borcunu ödəmək üçün biz büdcədən ildə 44 milyard manat veririk. Bu, Naxçıvana olan güzəştdir.

Artur Rasizadə: Cənab Prezident, bundan əlavə, son 4-5 il ərzində Naxçıvana 90 milyard manatlıq yanacaq verilibdir.

Heydər Əliyev: 90 milyard manatlıq yanacaq verilibdir?

Artur Rasizadə: Bəli.

Heydər Əliyev: Bunlar hamısı ona görədir ki, Naxçıvan blokada vəziyyətindədir. Ona görə biz bunu başa düşürük və imkan dairəsində bunları edirik. Bəzən bu bizim imkanlarımız xaricində olur. Bilirsiniz, biz bunu edirik və bundan sonra da edəcəyik. Naxçıvan Azərbaycanın əziz bir torpağıdır. İndi Naxçıvanda 400 minə qədər insan yaşayır. Ona görə də biz indi nə mümkündür edirik və edəcəyik.

Qaldı ki, su məsələsi, mən Vasif Talıbovdan soruşdum. İndi hamısını birdən etmək mümkün deyildir. Birinci növbədə nə etmək olar?

Vasif Talıbov: Cənab Prezident, birinci növbədə, keçmiş "Barat" kanalını, nasos stansiyalarını bərpa etsək Nehrəmin 4 min hektar sahəsi suvarılacaqdır. İndi müəyyən sahələr suvarılır, suvarılmayan hissələr də suvarılacaqdır.

Heydər Əliyev: Dediyiniz 4 min hektar...

Vasif Talıbov: Bəli.

Heydər Əliyev: Yaxşı. Başqa sözün yoxdur ki?

Vasif Talıbov: Xeyr.

Heydər Əliyev: Mən Baş nazirə göstəriş verirəm, hesablamalıdır, nə qədər lazımdır. Biz ölkənin ehtiyat fondundan götürəcəyik. Hesablayıb bu gün, ya sabah mənə deyəcəkdir və o vəsait ayrılacaqdır. Biz ayırandan sonra nə qədər vaxt lazım olacaqdır onu...

Vasif Talıbov: Cənab Prezident, bir ay.

Heydər Əliyev: Bir ay müddətində. Bunu öz təşkilatlarınız edəcək, yoxsa buradan...

Vasif Talıbov: Öz təşkilatlarımız.

Heydər Əliyev: Öz təşkilatlarınız edəcəkdir. Demək, biz vəsaiti ayıracağıq, öz təşkilatlarınız iş görəcəkdir. Onlar da, müəyyən adamlar da əlavə iş görüb qazanc götürəcəklər və 4 min hektar sahə də suvarılacaqdır. Necədir?

Əqil Mehdiyev: Cənab Prezident, çox sağ olun. Yaxşıdır. Vasif müəllim, nasos stansiyaları harada qurulacaqdır?

Vasif Talıbov: "Barat" kanalını və nasos stansiyalarını bərpa edəcəyik. Nasosun biri suyu yolun aşağı hissəsinə, ikinci nasos da yuxarı hissəsinə vuracaqdır.

Heydər Əliyev: İlkin kömək üçün bəsdir, yoxsa yox?

Əqil Mehdiyev: Cənab Prezident, kifayətdir.

Heydər Əliyev: Bəsdir. Onda Baş nazir Rasizadə iki gün müddətində bu vəsaitin ayrılmasını təmin edəcəkdir. Naxçıvan Muxtar Respublikasının başçısı Vasif Talıbov bəyan etdi ki, Muxtar respublikanın öz təşkilatları vasitəsilə bu nasoslar tikiləcəkdir və bir ay müddətində istifadəyə veriləcəkdir. İndi hələ qışdır, yazın əvvəlidir. Sizə də su əsasən yazda, yayda lazımdır. O vaxta qədər suyu alacaqsınız. Ancaq lazımdır ki, sudan səmərəli istifadə edəsiniz, 4 min hektar sahədə yaxşı əkin aparasınız. Nə əkmək lazımdır, özünüz bilirsiniz. Gərək həm camaat işləsin, həm məhsul götürə biləsiniz, həm də insanların rifah halını yaxşılaşdıraq. 

Bilirsiniz, Nehrəm böyük kənddir. Tarixən nehrəmlilər heç vaxt Nehrəmə sığmayıblar. Azərbaycanın böyük-böyük ziyalıları Nehrəm kəndindən çıxmış adamlardılar. Naxçıvan Muxtar Respublikasının həm ziyalıları, həm dövlət işində işləyən adamlar Nehrəmdən olan adamlardır. Mən Nehrəm haqqında, Nehrəmin xüsusiyyəti haqqında, Nehrəmin ənənələri haqqında dəfələrlə demişəm və son dəfə Naxçıvana gələndə, xatirinizdədir, Cəlil Məmmədquluzadənin muzeyini açarkən orada bu barədə öz fikirlərimi, qəlbimdə olan hissiyyatları bildirdim. Amma siz, Nehrəmin ağsaqqalları da gərək çalışasınız ki, Nehrəmin gözəl ənənələrini, yüksək əxlaqi ənənələrini qoruyub saxlayasınız. İnsanların əxlaqının pozulmasına yol verməyəsiniz. Nehrəmi keçmişdə də, bu gün də dindar kənd hesab edirdilər. Mənim yadımdadır, gənc vaxtlarımda Naxçıvanda yaşayanda eşidirdim ki, nehrəmlilər xüsusi bir millətdir, nehrəmlilər dindardır, nə bilim, qadının çarşabını atmağa qoymazlar. Naxçıvanın hər yerində qadınlar, demək olar ki, çarşabsız gəzirdilər. Amma Nehrəmdə elə şey yox idi. Üzləri örtülüdür, filandır, filandır. Mən indi demirəm ki, siz qadınların başına çarşab salın. Amma əxlaqı qoruyun. Əxlaqı qoruyun, necə ki, o vaxtlar qoruyurdunuz.

Bilirsiniz, din bir tərəfdən də mənəviyyatdır. Mən böyük dindarlığın tərəfdarı deyiləm. Çünki biz dünyəvi dəyərlərlə yaşamalıyıq. Amma eyni zamanda biz öz milli-mənəvi dəyərlərimizi itirməməliyik, onları yaddan çıxarmamalıyıq. Onları bizim millətimizə yad olan hansısa dəyərlərlə əvəz etməməliyik. Mən dəfələrlə demişəm, bizim gələcəyimiz milli-mənəvi dəyərlərimizin bəşəri dəyərlərlə, Avropa dəyərləri ilə sintezi vasitəsilə inkişaf edə bilər. Yəni biz nə qatı dindar olmalıyıq, nə bilim, qadını çarşab altında saxla, üzünü ört... Amma nə də bəzi yerlərdə olan – mən bunu açıqlamaq istəmirəm, bilirsiniz də – bəzi ölkələrdə olan insanların əxlaq normalarını qəbul edə bilmərik. Təəssüflər olsun ki, indi Azərbaycanda bu istiqamətdə vəziyyət bir az xoşagəlməz haldadır. Bizim gənclərimiz – oğlanlar, qızlar, təəssüflər olsun ki, bəzən əxlaqsızlıq yoluna düşürlər.

Nehrəm bu barədə nümunə olmalıdır. Ancaq mən eşidəndə ki, – burada gecə barları var, orada səhərə qədər, nə bilim, yeyirlər, içirlər, başqa-başqa işlər görürlər – nehrəmlilərdən kimsə gəlib burada gecə barı düzəldibdir, bu məni narahat edir. Başa düşürsünüz? Bakıda Nehrəmdən iş adamı çoxdur. İndi biznes hər yerdə biznesdir. Amma gərək elə biznes aparsın ki, əxlaqımız pozulmasın. Mən göstəriş verəcəyəm, araşdırsınlar. Vaxtilə kazinolar yaratmışdılar. Mən onları bağlatdırdım. Bizim nə qədər insanların əxlaqını pozurdu. İndi də bəli, gecə barları yaranıbdır. Səhər 5-6-ya qədər insanlar orada içki içirlər, nə bilim, nə edirlər, nə edirlər və əksəriyyəti də gənclərdir. Bunlardan birinin də sahibi nehrəmlidir. İndi təsəvvür edin, o nehrəmli, bu nehrəmli. Görürsünüz, bax, bizə belə inkişaf lazım deyildir. Mən bilirəm, ad çəkmək istəmirəm. Siz mərd adamlarsınız, qoçaq adamlarsınız, saf adamlarsınız. Bunları saxlayın.

Əqil müəllim, İsmayıl müəllim dedilər ki, bəzi adamlar aranı qarışdırırlar. Bilirsiniz, indi demokratiyadır. Hər adam öz fikrini deyə bilər. Hər adam öz dünya baxışlarını bildirə bilər. Bunların heç birisi qadağan deyil və bizi də narahat etmir. Biz özümüz demokratiyanı inkişaf etdiririk. Amma demokratiyanı təhrif edən, demokratiyanı istismar edib Azərbaycanda ictimai-siyasi vəziyyəti pozmağa çalışan, bundan sui-istifadə edən adamlara biz yol verməyəcəyik. Mən eşidəndə ki, orada nehrəmlilər gəlib rayon icra hakimiyyətinin qarşısında nəsə ediblər, düzü, çox pərişan oldum. Belə hadisə mənim üçün elə bir narahatedici hadisə deyil, çünki belə şey ola bilər. Amma bunu nehrəmlilər edəndə... Nehrəmlilər indiyə qədər bu cür dilə-dişə düşməmişdilər.

Bizim özəl bir televiziyamız vardır, ANS televiziyası. Orada bir kadr çəkibdir. Onu 15 dəfə göstərir. Hər dəfə eyni şeyi göstərir. Bir dəfə çəkilən kadrı 15 dəfə göstərir. Bu, nehrəmlilərə şöhrət gətirmir. Nə sözünüz var, gedin, Naxçıvanda müvafiq təşkilatlara müraciət edin. Əgər orada sizə baxmırlarsa, buraya gəlin. Mən bunu sizə demirəm, siz ağsaqqallarsınız. Sadəcə deyirəm ki, siz insanları tərbiyə edin. Nehrəm böyük kənddir. Orada hər bir partiya, təşkilat ola bilər. Ancaq hər partiya gərək Azərbaycanın, Naxçıvanın, o cümlədən də Nehrəmin daxili ictimai-siyasi sabitliyinə xidmət etsin. Əgər onu pozmağa xidmət edirsə, o, qanun qarşısında cavab verəcəkdir. Necə ki, son hadisələrdə bəziləri cavab verdilər və cavab verəcəklər. Ona görə mən arzu edərdim ki, siz hər yerdə məşhur olan Nehrəm əxlaqı, Nehrəm mənəviyyatı, Nehrəm qeyrəti, Nehrəm mərdliyi, Nehrəm dözümlülüyünü saxlayasınız, yeni nəsillərə verəsiniz və həmişə Azərbaycanda nümunə olasınız.

Naxçıvan Muxtar Respublikasında gedən proseslər bizi sevindirir. Əqil müəllim, sən burada dedin, neçə məktəb tikilibdir, neçə xəstəxana tikilibdir, filan edilibdir. Bu, blokada şəraitində yaşayan Naxçıvanda gedir. Təəssüflər olsun ki, Azərbaycanın başqa bölgələrində bizim belə göstəricilərimiz yoxdur. Bilirəm ki, Naxçıvana daş gəlmir. Naxçıvanın özünün tikinti üçün daşı yoxdur. Mən 1990–93-cü illərdə orada işləyəndə bunların hamısını gördüm. Naxçıvana sement gətirmək çətindir. Naxçıvanda taxta yoxdur. Başa düşürsünüz, bunların heç biri yoxdur. Bunlar olmaya-olmaya, müxtəlif yollarla – bilirəm, bir qismi İran ərazisindən gəlir – çətinliklə gətirib orada xəstəxana tikmək, məktəb tikmək, mədəniyyət ocağı tikmək, bunları etmək onu göstərir ki, ağır şəraitdə Naxçıvan camaatı, əhalisi və Naxçıvanın rəhbərləri necə yaxşı işləyirlər. Mən buna çox sevinirəm. Çünki mən 1993-cü ildə Naxçıvandan çıxmışdım. Sonra oraya 1996-cı ildə və 1999-cu ildə gəldim. Naxçıvanın siması tamamilə dəyişibdir. Biz o vaxtlar Naxçıvanda nə qədər ağır vəziyyətdə yaşayırdıq. Amma indi Naxçıvanın siması dəyişibdir.

Siz də bilməlisiniz, hamı da bilməlidir, dünya da bilməlidir: Naxçıvan Azərbaycanın ən qədim və ən mötəbər torpağıdır. Vaxtilə Naxçıvan Azərbaycanın Atabəylər dövlətinin paytaxtı olubdur. Onun VIII, XI, XII əsrlərdən indiyə qədər yaşayan abidələri vardır. Ona görə də sizin də, bizim də borcumuz Naxçıvanı inkişaf etdirməkdir, Naxçıvanı yaşatmaqdır. Bu işlərlə Naxçıvanda əhalini daha da məskunlaşdırmaq lazımdır. Əgər kənd əhalisi kəndi sevirsə, kənddə yaşasın. Onsuz da gənclərin çoxu şəhərə gəlir, təhsil alır, müxtəlif işlərdə işləyir, kəndə qayıtmır. Ancaq gərək kənd əhalisi də inkişaf etsin. Gərək Naxçıvanın əhalisi də artsın. Məsələn, dünən Talıbov mənə deyir ki, son iki-üç ildə Azərbaycanda ictimai-siyasi vəziyyət sabitləşdiyinə görə, Naxçıvanda da ictimai-siyasi sabitlik, həm də maddi vəziyyət yaxşılaşdığına görə neçə ailə qayıtmışdır.

Vasif Talıbov: 300-ə yaxın ailə.

Heydər Əliyev: 300-ə yaxın ailə. Hansı ki, o ağır illərdə Naxçıvanı tərk etmişdilər, gedib təkcə Azərbaycanda yox, Azərbaycandan kənarda yaşamışdılar, artıq onlar qayıdırlar, öz torpağına qayıdırlar. Torpaq insanı çəkir. İnsan görəndə ki, torpaqda bir balaca yaşayış imkanı var, oradan ayrılmır. O imkanları siz yaradırsınız, biz yaradırıq, hamımız yaradacağıq. Ona görə də gərək naxçıvanlılar öz torpağının üstündə olsunlar, öz torpağını qorusunlar və biz də bunun üçün heç bir şey əsirgəməyəcəyik.

Həsən Mehdiyev (Nehrəm kənd orta məktəbinin direktoru): Möhtərəm cənab Prezident, mən 35 ildir məktəbdə direktor işləyirəm. Məktəbimizdə 200-dən çox müəllim var, buraya gələndə onlar məndən xahiş etdilər ki, səmimi salamımızı hörmətli Prezidentimizə çatdır. Mən indi onların salamını Sizə çatdırıram. Biz sizi 1990-cı ildən sevmişik. Sizi parlamentə deputat seçmişik. İndi də sevirik, nehrəmlilər Sizi gələcəkdə də sevib müdafiə edəcək, dəstəkləyəcəklər. Əgər bəzi üzdəniraq qüvvələr buna qarşı çıxsalar, biz ziyalılar yol verməyəcəyik.

Nehrəm günbəgün gözəlləşir. Bu, Vasif müəllimin şəxsi təşəbbüsü nəticəsindədir. Tikilən məktəblərdən biri, 3 nömrəli məktəb Nehrəmin payına düşübdür. Deyə bilərəm ki, o təkcə Naxçıvan Muxtar Respublikasında yox, Azərbaycan Respublikasında ən nümunəvi məktəblər sırasındadır.

Mənim bir xahişim vardır. Bəlkə də yerinə düşən xahiş deyildir. Amma deyəcəyəm. Bizim məktəbimizin adı yoxdur. Vaxtilə Sizə də məktub yazmışdım. Mən buraya gələndə bütün müəllim kollektivi, nehrəmlilər xahiş etdilər ki, icazənizlə, məktəbimizə Sizin adınızı verərdik.

Heydər Əliyev: Bilirsən, çox təşəkkür edirəm. Amma mən dəfələrlə demişəm, hələ ki, mən dünyada yaşayıram, mənim adıma heç bir şey olmamalıdır. Amma dünyadan gedəndən sonra nehrəmlilər yaddan çıxarmazlar.

Həsən Mehdiyev:Cənab Prezident, məktəb direktoru kimi, bütün ziyalılar adından söz veririk: ömrümüz boyu Sizi dəstəkləmişik, bundan sonra da dəstəkləyəcəyik.

Möhtərəm cənab Prezident, icazənizlə, bir bənd şeir demək istəyirəm.

Yağı düşmən partlayacaq, öləcək,

Üzümüzə yerin, göyün güləcək,

Bütün dünya Sizi zirvə biləcək.

Sizsiz bizim gülüstanımız, cənnətimiz,

Dinlə məni, Heydər baba qüdrətimiz.

Bəli, bizim gülüstanımız da, cənnətimiz də sizsiniz. Biz həmişə Sizi dinləmişik, bundan sonra da dinləyəcəyik. Bütün  nehrəmlilər Sizin ardınızca gedəcək və Sizi dəstəkləyəcəklər. Bizi qəbul etdiyinizə görə də çox sağ olun.

Heydər Əliyev: Sən də danışmaq istəyirsən. Ancaq xahiş edirəm, bir kəlmə. Çünki bu gün mənim çox işlərim var.

Nəriman Mehdiyev (Nehrəm kənd kitabxanasının müdiri): Hörmətli Heydər Əliyev, 35 ildir ki, kitabxana müdiri işləyirəm. Kitabxanamızın 1500 oxucusu vardır. Onların adından Sizə salam gətirmişəm. Çünki mənə demişdilər ki, Bakıya getsən, bizim adımızdan möhtərəm Prezidentimizə salamımızı yetir.

Ümumiyyətlə, Siz 1969-cu ildən Nehrəm camaatının ürəyində yer eləmisiniz. O vaxtdan etibarən nehrəmlilər Sizi sevib, sevir və sevəcəklər. 1987-ci ildə Əbülfəz Əliyev, Xəlil Rza və Mikayıl Mirzə Nehrəm kəndinə gəlmişdilər. Onda kəndin 5-6 nəfər ağsaqqalı dedilər ki, Əbülfəz Əliyev, bunlar Heydər Əliyevdən nə istəyirlər, onun haqqında şantaj xarakterli məqalələr yazırlar. O dedi ki, Azərbaycan xalqı Heydər Əliyev kimi şəxsiyyəti yüz ildən bir yetirər. Siz çalışın, onu müdafiə edin. Ağsaqqallar dedilər ki, biz Heydər Əliyevi həmişə müdafiə etmişik, edəcəyik də. Həqiqətən də Əbülfəz Əliyevin dediyi sözlər indi yerinə düşür. Baxıb görürük ki, Siz həmişə – gecə, gündüz xalqın qayğısı ilə yaşayırsınız, həyat şəraitinin yaxşılaşdırılması barədə çalışırsınız. Ona görə də biz nehrəmlilər Sizə uzun ömür, cansağlığı arzu edirik ki, xalqı bu çətinliklərdən qurtarasınız.

Heydər Əliyev: Sağ olun. Nehrəmlilərə salam söyləyin. Naxçıvan Muxtar Respublikasının bütün əhalisinə, insanların hamısına salam söyləyin və mənim dostluq, məhəbbət hisslərimi hamıya çatdırın. Sağ olun.

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış