Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıya qısa müddətli səfərə gəlmiş İsrailin baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşdə söhbətindən - Zuğulba, Prezident iqamətgahı, 29 avqust 1997-ci il


Hörmətli baş nazir cənab Netanyahu!

Mən Sizi Azərbaycan torpağında, onun paytaxtı Bakıda salamlamaqdan çox məmnunam.

Cənab Netanyahu! Mənim İsrailə qarşıdakı səfərim ərəfəsində sizin yolüstü olsa da Bakıya gəlişinizdən razı qaldığımı bildirərək deyirəm: Sizin Bakıya gəlişiniz mənim ölkənizə qarşıdakı rəsmi səfərimin tezliklə həyata keçirilməsinə yaxşı təkan verdi. Mən hesab edirəm ki, bu, Azərbaycan ilə İsrail arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün uğurlu bir imkan yaratdı.

ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının keçən ilin dekabrında Lissabonda keçirilmiş zirvə toplantısında Sizinlə görüşümü, apardığımız danışıqları yaxşı xatırlayıram. İstər orada, istərsə də indi burada, Bakıda Azərbaycan-İsrail əməkdaşlığının durmadan inkişaf etdirilməsi barədə Sizinlə eyni fikirdə olmağımdan məmnunluqla söhbət açmaq istəyirəm.

Cənab Netanyahu, nəzərinizə çatdırmaq istəyirəm ki, ölkələrimizin münasibətləri qədim tarixi ənənələrə əsaslanır. Bu əlaqələrin yaşadığımız günlərdə də davam etməsindən razılıqla danışmaq olar. Sizin Lissabonda keçirdiyimiz görüş, apardığımız danışıqlar barədə, həmçinin mənim ünvanıma söylədiyiniz xoş sözlərdən məmnunluq duyduğumu bildirirəm.

Mən prezident Bill Klintonun dəvəti ilə ABŞ-da rəsmi səfərdə olarkən Amerika Yəhudi İcmaları Prezidentləri Konfransı Təşkilatının rəhbərləri ilə keçirdiyim görüş, apardığım danışıqların məndə çox böyük məmnunluq hissi doğurduğunu vurğulayaraq bildirirəm ki, biz orada Azərbaycanın qarşılaşdığı problemlərin həlli, xüsusən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması, ABŞ Konqresinin 1992-ci ildə “Azadlığı müdafiə aktı”na qəbul etdiyi ədalətsiz 907-ci düzəlişin ləğv edilməsi və digər vacib məsələlər barədə ətraflı fikir mübadiləsi apardıq. Mən nəzərə çatdırmaq istəyirəm ki, təcavüzə məruz qalmış Azərbaycana qarşı qəbul edilmiş 907-ci maddənin tezliklə aradan götürülməsinə insan hüquqlarına hörmət edən hər bir şəxsin yaxından kömək etməsi vacibdi. Mənim Ağ evdə prezident Bill Klintonla,  ABŞ hökumətinin yüksək vəzifəli digər şəxsləri ilə, Kapitolidə konqresmenlərlə, Nümayəndələr Palatasının spikeri, Senatın üzvləri ilə keçirdiyim görüşlərdə bu məsələlər geniş müzakirə olunmuşdur.

…Cənab Netanyahu, Azərbaycanın qarşılaşdığı problemlərin aradan qaldırılmasına lazımi kömək etməyə İsrail hökumətinin hazır olduğu barədə bəyanatınızı və Azərbaycan-İsrail əlaqələrinin daha da inkişaf etdirilməsi üçün irəli sürdüyünüz bir sıra əməli təklifləri məmnunluqla qəbul etdiyimi bildirərək deyirəm ki, ölkələrimiz arasında əlaqələrin daha da canlandırılması hər iki tərəf üçün çox faydalıdır.

Ermənistanın Azərbaycana hərbi təcavüzündən danışarkən onu vurğulamaq olar ki, 1988-ci ildən bəri davam edən bu münaqişə nəticəsində torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, bir milyondan çox vətəndaşımız yerindən-yurdundan didərgin düşmüş, ölkəmizin ərazi bütövlüyünə qəsd edilmişdir. Bu münaqişənin yaranmasının əsl səbəbləri Ermənistanın Azərbaycana olan ərazi iddiaları və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı zorla Ermənistana birləşdirmək istəməsidir. Bildirirəm ki, Dağlıq Qarabağ heç vaxt Ermənistanın tərkibində olmayıb, bu əraziyə münasibətdə hər hansı iddia Azərbaycanın ərazi bütövlüyünə qəsd kimi qiymətləndirilə bilər. Əksinə, Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtar vilayət olmuş, orada ermənilərlə azərbaycanlılar birgə yaşamışlar. Keçmiş sovet hökumətinin rəhbərləri tərəfindən qarşısı alınmayan bu təcavüz ölkəmizə və xalqımıza ağır zərbələr vurmuşdur. Lakin bütün bunlara baxmayaraq biz münaqişəni sülh yolu ilə həll elmək istəyirik. Son illərdə bu münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həll olunması sahəsində xeyli iş görülmüşdür. ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həll edilməsi üçün konkret prinsiplər müəyyən edilmişdir. Biz bu prinsipləri həyata keçirməyə hazırıq. Lakin təəssüf ki, Ermənistan tərəfi bu prinsipləri qəbul etmir və zirvə görüşünün çıxardığı qərar yerinə yetirilməmiş qalır. Bu baxımdan mən, hazırda nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri olan üç böyük dövlətin - ABŞ-in, Rusiyanın, Fransanın prezidentləri Bill Klintonun, Boris Yeltsinin, Jak Şırakın münaqişənin sülh yolu ilə həll olunması barədə Denverdə imzaladıqları birgə bəyanatı yüksək qiymətləndirirəm. Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün son dövrlərdə göstərdikləri səylərdən, onların irəli sürdükləri yeni təkliflərdən razılığımı bildirməklə bir daha həmin məsələnin həlli ilə bağlı ölkəmizin mövqeyini şərh etmək istəyirəm: birinci mərhələdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş altı rayonundan çıxarılması, ikinci mərhələdə isə Dağlıq Qarabağın statusu ilə Şusa və Laçın rayonlarının işğaldan azad olunması məsələsi müzakirə edilməlidir.

Cənab Netanyahu, biz belə hesab edirik ki, Azərbaycanın haqq işinin beynəlxalq ictimaiyyət tərəfindən daha geniş müdafiə olunması və bu münaqişənin aradan qaldırılmasında İsrailın də öz nüfuzundan istifadə etməsi vacibdir.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən, xüsusilə də 1993-cü ildən sonra Dünya Birliyi ilə six əlaqələr qurulması sahəsində də mühüm addımlar atmışdır. Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənməsi üçün bir sıra xarici ölkələrin nüfuzlu neft şirkətləri ilə imzalanmış tarixi əhəmiyyətli müqavilələr və hasil ediləcək neftin dünya bazarına çıxarılması üçün çəkiləcək boru kəmərləri marşrutlarının müəyyən edilməsi sahəsində görülmüş işlər bunu bir daha təsdiq edir. Hüquqi, demokratik dövlət quran, islahatları, özəlləşdirməni müvəffəqiyyətlə həyata keçirən Azərbaycanda 1995-ci il noyabrın 12-də ümumxalq rəy sorğusu əsasıda ilk demokratik konstitusiya qəbul edilmiş, xalqın seçkilərdə fəal iştiraki ilə bir sıra partiyaların təmsil edildiyi parlament seçilmişdir. Demokratiyanın dərinləsdirilməsi sahəsində ardıcıl həyata keçirilən tədbirlər ölkəmizdə ictimai-siyasi sabitliyin yaranmasına və güclənməsinə səbəb olmuşdur. Ölkəmizin müstəqilliyi daha da möhkəmlənmişdir. Bu gün mən qeyd etmək istəyirəm ki, Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir. Heç kəs, heç bir qüvvə onu bu yoldan döndərə bilməz.

Cənab Netanyahu, sizinlə müştərək qərarımız belə olur ki Azərbaycan-İsrail əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün hər iki ölkə tərəfindən xüsusi isçi qrupları yaradılsın, bu qruplar irəli sürülən təkliflərin həyata keçirilməsi məsələlərini ətraflı təhlil etsinlər və birgə müzakirə üçün layihələr hazırlasınlarə Eyni zamanda, hər iki ölkənin nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin vacibliyini də qeyd edirik.

...Mən sizin İsraildə Azərbaycan səfirliyinin açılmasının zəruriliyi barədə fikrinizi dəstəkləyirəm. Ümid edirəm ki, bu məsələ tezliklə həll ediləcəkdir.

Cənab Netanyahu, mən sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm. Yolüstü Bakıya gəldiyinizə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.