Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında giriş və yekun sözü - Prezident sarayı, 2 noyabr 1995-ci il


Hörmətli komissiya üzvləri!

Hörmətli xanımlar və cənablar!

Bu gün Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın növbəti iclası keçirilir. Bildiyiniz kimi, indiyə qədər komissiya tərəfindən çox iş görülüb, konstitusiyanın layihəsi hazırlanıb, mətbuatda dərc olunub, ümumxalq müzakirəsinə verilib. Oktyabrın 14-də komissiyanın iclasında biz belə qərar qəbul etdik ki, ümumxalq müzakirəsi başa çatandan sonra noyabrın 2-dək ümumxalq müzakirəsinin yekunları, verilən təkliflər əsasında konstitusiyanın layihəsi işlənilsin, komissiyada baxılsın və noyabrın 2-də son variant, yəni ümumxalq müzakirəsindən sonra hasil olmuş variant bir daha dərc edilsin ki, Azərbaycan Respublikasının yeni konstitusiyası noyabrın 12-də ümumxalq səsverməsi, referendumu vasitəsilə qəbul olunsun.

Bu gün noyabrın 2-dir. Biz bu işlərin hamısını bu günə qədər tamamlaya bilməmişik. Səbəb ondan ibarətdir ki, bir tərəfdən işlər doğrudan da çoxdur, ikinci tərəfdən də bəzi hadisələr vaxtımızı çox almışdır. Ona görə də komissiyanın iclasında həm bu gün üçün nəzərdə tutulan məsələlər barəsində müzakirə gedəcəkdir, həm də bundan sonra hansı işlər görəcəyimizi birlikdə məsləhətləşib qərar qəbul etməliyik.

Ancaq bu işlərə başlamazdan əvvəl mən oktyabrın 28-də Bakı şəhər metrosunda qəza nəticəsində həlak olmuş Azərbaycan vətəndaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyi rica edirəm.

Allah həlak olanlara rəhmət eləsin!

Baş vermiş faciə ilə əlaqədar bizim gördüyümüz işlər respublika ictimaiyyətinə məlumdur. Dərhal lazımi tədbirlər görülüb, komissiya yaradılıbdır. Bu müddətdə komissiya qarşısına qoyulan vəzifələri həyata keçirir. Tələf olanların hamısı onların qohum-əqrəbaları tərəfindən götürülüb, komissiyanın iştirakı ilə dəfn edilibdir. Onların ailələrinə lazımi maddi yardım göstərilib. Xəstəxanalarda olan yaralılara tibbi yardım göstərilir. Bu faciəli hadisə bütün dünyada çox böyük əks-səda doğurubdur. Dünyanın bir çox dövlət, hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli ictimai-siyasi xadimlər xalqımıza üz vermiş bu faciə münasibətilə göndərdikləri məktublarda, teleqramlarda, mənimlə telefon danışıqlarında faciə ilə əlaqədar xalqımıza başsağlığı vermişlər.

Mən fürsətdən istifadə edərək, başımıza gələn bu bəla, faciə ilə əlaqədar bizim dərdimizə şərik olduqlarına, bizə mənəvi dəstək göstərdiklərinə, başsağlığı verdiklərinə, öz münasibətlərini bildirdiklərinə görə bütün ölkələrin dövlət, hökumət başçılarına, bizə başsağlığı verənlərin hamısına təşəkkürümü bildirmək istəyirəm.

Eyni zamanda, bu məsələlərdə respublikamıza yardım etmək üçün bir neçə ölkədən nümayəndələr gəliblər. Onların arasında xəstələrə yardım göstərmək üçün tibb işçiləri, belə qəza hadisələrini araşdıran sahənin mütəxəssisləri, ekspertləri və müxtəlif sahələrdən olan yüksək səviyyəli nümayəndələr vardır. Bir çox dövlət başçıları mənimlə telefonla danışarkən bu barədə öz təkliflərini irəli sürmüşlər və mən də bunları qəbul etmişəm, belə nümayəndələr respublikamıza gəliblər. Bəzi ölkələr, bəzi təşkilatlar bu hadisə ilə əlaqədar respublikamıza maddi kömək, dərman yardımı da göstərirlər. Bunlara görə də mən təşəkkür edirəm.

Güman edirəm ki, bu məsələlərin araşdırılması və yaralananlara, xəstələnənlərə, xəsarət alanlara lazımi tibbi yardım göstərilib, onların müalicə edilməsi üçün bizim öz imkanlarımız var. Ancaq başqa ölkələrin yardımı bu imkanlarımızı genişləndirir. Bunların hamısından istifadə edərək biz bu ağır sınaqdan da çıxacağıq.

İndi bu qəzanın başvermə səbəbləri araşdırılır. Şübhəsiz ki, qəza baş verən kimi onun haqqında bir fikir söyləmək mümkün deyildi, ola bilər, bu gün də mümkün deyil: qəza nəyə görə baş verib: - texniki səbəbdir, səhlənkarlıqdır, yaxud terrordur, təxribatdır, başqa bir cinayətdir? Bu ehtimalların hamısı mümkündür, heç birini kənara qoymaq olmaz, heç birini istisna etmək olmaz və işin bu mərhələsində hansısa bir ehtimalın üzərində dayanmaq da olmaz. Bizim fikrimiz belədir. Biz əvvəldən də belə mövqe tutmuşuq. Mən respublikamızın istintaq orqanlarına, əməliyyat orqanlarına, inzibati orqanlara dərhal göstəriş vermişəm ki, bu qəzanın başvermə səbəbləri çox dəqiq, obyektiv aydınlaşdırılmalıdır. Heç bir subyektivliyə, obyektivlikdən kənar heç bir hərəkətə yol verilə bilməz.

Bu, ağır faciədir, ancaq onun səbəblərinin araşdırılması da bizim üçün çox vacibdir. Ona görə də mən bu gün həm sizi, həm də respublikanın bütün ictimaiyyətini bir daha əmin etmək istəyirəm ki, faciənin səbəblərinin obyektiv araşdırılması üçün bütün tədbirləri görəcəyik və - heç kəs narahat olmasın, - bu səbəblər tam obyektiv aydınlaşdırılacaqdır. İndi bəzi adamlar özləri təhqiqat aparmaq istəyirlər, bəzi jurnalistlər təhqiqat aparmaq istəyirlər. Bəzi mətbuat orqanlarında, qəzetlərdə, xüsusən müxalifət qəzetlərində cürbəcür şayiələri, ehtimalları götürüb məqalələr yazırlar. Belə mətbuat orqanlarına, belə müəlliflərə məsləhət görərdim ki, bu işlərlə məşğul olmasınlar. Xalqın faciəsindən istifadə edib öz şəxsi məqsədlərini həyata keçirmək lazım deyil. Hər kəs öz məqsədinə nail olmaq istəyirsə, onu sivilizasiya yolu ilə, qanun çərçivəsində, adət-ənənələrimizə uyğun olaraq etməlidir, onların əsasında hərəkət etmək lazımdır. Bu faciədən istifadə edib orada-burada demək ki, "iqtidar bu işə baxmadı, onu görmədi, bunu eləmədi" - bunlar hamısı boş sözlərdir və şübhəsiz ki, belələri xalqımızın içərisində heç bir dəstək ala bilməzlər.

Hətta bu gün mənə deyirlər ki, respublikamızda cinayət törədərək qaçıb başqa yerdə, o cümlədən Moskvada gizlənmiş adamlar oradan bəyanatlar verirlər, cürbəcür şayiələr yayırlar. Bu da əhəmiyyətsizdir. Bunlara bəlkə də heç fikir vermək lazım deyil. Ancaq mən bu barədə ona görə deyirəm ki, bu faciə zamanı xalqın hamısının birləşməsi əvəzinə ayrı-ayrı insanların bu faciədən öz məqsədləri üçün istifadə etməsi, onların nə qədər mənəviyyatdan kənar mövqedə durduqlarını və mənəviyyatsız olduqlarını bir daha sübut edir.

Respublikanın baş prokuroru burada oturubdur. Mən onunla hər gün əlaqə saxlayıram. O, istintaqa rəhbərlik edir. Mən ona göstərişlər vermişəm. Dünən axşam da onunla çox ətraflı danışıq aparmışam. Onlar Bakıya gələn xarici mütəxəssislərlə də görüşüblər. Burada sizin yanınızda bir daha təkrar edirəm ki, bu faciənin, qəzanın başvermə səbəbləri dürüst, obyektiv aydınlaşdırılmalıdır. Biz bunun nəticəsində tədbirlər görməliyik. Şübhəsiz ki, bizim bu mühüm nəqliyyat vasitəsi sahəsində, eyni zamanda günahkarlar haqqında tədbirlər görülməlidir. Əgər doğrudan da qəsdən cinayət olubsa - onların haqqında tədbirlər görülməlidir.

Dünən gecə mən Moskva televiziyasına baxırdım. Belə başa düşdüm ki, orada metro sahəsində bir rəhbər işçi ilə söhbət aparırdılar. Soruşdular ki, Moskva metrosunun vəziyyəti necədir? O, Moskva metrosu vaqonlarının nə qədər ağır vəziyyətdə olduğunu dedi. Deyəsən dedi ki, Moskva metrosunun 4 min vaqonu var, onların yarısından çoxu elə belə ağır vəziyyətdədir. İndi bu, bizim həyatımızın reallığıdır.

Vaxtilə biz nə metro vaqonlarını özümüz istehsal etmişik, nə bizdə belə bir istehsal var, nə də ki, metronun bütün başqa ləvazimatlarını özümüz istehsal etmişik. Bunlar hamısı Sovetlər İttifaqının cürbəcür yerlərində istehsal olunub Azərbaycana gətirilən avadanlıqlardır, maşınlardır, dəzgahlardır. Biz onlardan istifadə etmişik və bu gün də istifadə edirik. Ola bilər, o müxalifətdə olan, qəzetlərdə yazan adamlar heç bir şey bilmədikləri kimi, bunu da bilmirlər. Ancaq mən Azərbaycanda işləyərkən bu sahə ilə çox ətraflı məşğul olmuşam, çünki Bakı metropoliteninin, ola bilər, əksər hissəsi mənim burada və Moskvada işlədiyim vaxt tikilibdir. Moskvada işləyərkən isə mən Nazirlər Soveti sədrinin birinci müavini kimi bütün nəqliyyat kompleksinə, o cümlədən metro tikintisi işlərinə də rəhbərlik edirdim. Demək istəyirəm ki, o vaxt bütün Sovetlər İttifaqında on şəhərdə metro tikilirdi. O şəhərlərdə metro tikintisi işlərinə diqqət yetirərək mən xüsusi diqqəti Bakı metrosunun tikintisinə yönəldirdim. Bu məsələlərin həll olunması üçün o vaxtlar çox tədbirlər görmüşdüm. Yəni bu işi mən bilirəm. Mən mütəxəssis deyiləm, ancaq bu işlə yaxından məşğul olduğum üçün bunu bilirəm. Metronun vəziyyətini də bilirəm. Ona görə də bu məsələləri tündləşdirməyə, cürbəcür şayiələr yaymağa, cürbəcür böhtan fikirlər söyləməyə ehtiyac yoxdur.

Yenə də deyirəm, mən baş prokurora, bütün istintaq orqanlarına əmr vermişəm ki, bu məsələ ilə ciddi məşğul olsunlar və öz qərarlarını, nəticələrini mənə təqdim etsinlər.

İndi komissiyanın iclasının bugünkü gündəliyi haqqında. Mən qeyd etdim ki, biz verilən təkliflər əsasında bu günədək layihəni tamamilə işləyib qurtarıb mətbuata verməliydik. Bu, mümkün olmadı və bunun da səbəbləri aydındır. Bu gün isə yenə də komissiyanın iclasında əhali, ictimaiyyət tərəfindən verilmiş təkliflərin hamısının müzakirə olunması gündəliyə salınmayıbdır. Mən gündəliyə bir məsələni təklif etmişəm və bu gün bu məsələnin müzakirə olunmasını lazımlı hesab edirəm. O da konstitusiya layihəsinin 23-cü maddəsi - Azərbaycanın dövlət dili haqqında olan maddədir. Nə üçün mən bu maddəni xüsusi müzakirə etməyi lazım bilirəm, nə üçün maddəyə bu qədər diqqət verilir və nə üçün şəxsən mən diqqət verirəm? Ona görə ki, bu maddə konstitusiyamızın çox əsas maddələrindən biridir. Bir də ona görə ki, dövlət dili haqqında respublikamızın tarixində və xüsusən XX əsr tariximizdə cürbəcür mənbələrdə cürbəcür ifadələr olubdur. Bunların hamısını müzakirə edib, son bir qərara gəlmək lazımdır. Ona görə də mən bu məsələnin xüsusi müzakirə olunmasını lazım bilmişəm.

1992-ci ilin dekabrında Milli Məclis Azərbaycanın dövlət dili haqqında bir qanun qəbul edibdir. Dünən yox, srağagün, yəni oktyabrın 31-də bu məsələ ilə əlaqədar Elmlər Akademiyasının binasında Azərbaycan ziyalılarının - akademiyanın elmi idarələrinin, universitetlərin, yaradıcılıq birliklərinin nümayəndələrinin və alimlərimizin, şairlərimizin, yazıçılarımızın, dil, ədəbiyyat, elm sahəsində mütəxəssislərin böyük bir yığıncağını keçirməyi lazım bildim. Həmin yığıncağın birinci hissəsində mən özüm də iştirak etdim. Orada çox geniş müzakirə gedib. Müzakirə zamanı mən həmin məsələnin nə üçün bu cür müzakirə olunması haqqında fikirlərimi demişəm və bu, televiziyada verilibdir. Mən təkrar etmək istəmirəm. Yəqin ki, siz televiziya ilə bunu görmüsünüz, eşitmisiniz. Kim eşitməyibsə, mənim çıxışım qəzetdə dərc olunub, oxuya bilər.

Sadəcə onu qeyd etmək istəyirəm ki, bu məsələyə komissiyanın sədri, Azərbaycanın prezidenti kimi şəxsən mən xüsusi fikir verirəm. Bir də qeyd edirəm ki, tarixi əhəmiyyət kəsb etdiyinə, vacibliyinə, həm də onun barəsində cürbəcür fikirlər olduğuna görə, hətta müəyyən qanunsuz qərar qəbul edildiyinə görə mən bu məsələyə xüsusi əhəmiyyət verirəm.

1992-ci ilin dekabrında Milli Məclis tərəfindən qəbul olunmuş qanun, - mənasını, məzmununu kənara qoyaraq, - qanunvericilik nöqteyi-nəzərindən qeyri-qanuni bir sənəddir. Çünki konstitusiyada Azərbaycanın dövlət dili haqqında dəyişiklik etmək üçün gərək konstitusiya qanunu qəbul ediləydi. Konstitusiya qanunu qəbul etmək əvəzinə qəbul olunmuş bu adi qanun, şübhəsiz ki, konstitusiyada dəyişiklik edə bilməz. Azərbaycan Respublikasının 1978-ci ildə qəbul olunmuş konstitusiyasında "Azərbaycanın dövlət dili Azərbaycan dilidir" yazılıbdır. 1992-ci ilin dekabr ayında isə Milli Məclisin 26 üzvünün səs verməsi ilə qanun qəbul olunubdur ki, "Azərbaycanın dövlət dili türk dilidir". Belə bir qanun qəbul edərkən 1978-ci ildə qəbul olunmuş konstitusiya qanunu ləğv olunmayıbdır. Şübhəsiz ki, bu qanun onu ləğv edə bilməzdi. O qanun da qalıbdır, yəni konstitusiya da qalıb, bu qanun da qəbul olunub. Ona görə də qanunvericilik, qanunçuluq nöqteyi-nəzərindən burada böyük qüsurlara yol verilibdir. Bu, məsələnin bir tərəfi.

İkinci tərəfi ondan ibarətdir ki, Milli Məclis tərəfindən qeyri-qanuni qəbul olunmuş bu qanun respublikamızda birmənalı qəbul edilməyib. Əhalinin bir hissəsi, demək olar ki, əksəriyyəti ümumiyyətlə bu qanunun qəbul edilməsindən narazı olubdur, ola bilər, bir hissəsi bəyənibdir. Ancaq qanunvericilik, ümumiyyətlə siyasət sahəsində təcrübəsi olan adamlar bu qanun qeyri-qanuni qəbul edildiyinə görə bundan narahat olublar.

Bax, belə bir vəziyyət yaranıb. Şübhəsiz, bunların hamısı da o zaman, o dövrdə, həmin 1992-ci ildə Azərbaycana rəhbərlik edən adamların bu cür ciddi, belə məsuliyyətli işə məsuliyyətsiz yanaşmalarını bir daha nümayiş etdirir, sübut edir. Bax, belə səhvlər buraxmamaq, həmin qeyri-qanuni yollarla getməmək üçün və bu məsələni xalqın iradəsi ilə həll etmək üçün konstitusiya komissiyasının sədri kimi mən bu işə çox ciddi fikir verirəm, bu məsələnin ciddi müzakirə edilməsini lazım bilmişəm. Ona görə də komissiyanın bugünkü iclasında yalnız bu maddəni, bu məsələni müzakirə etməyi təklif edirəm.

Onu da qeyd etmək istəyirəm ki, əgər mən komissiya sədri, bir prezident olaraq, bəzilərinin hesab etdiyi kimi, məsələn, hansısa bir tərəfə meyl etsəydim, onu edə bilərdim. Konstitusiyanın layihəsi müzakirə olunub və oktyabrın 14-də konstitusiya komissiyasında son dəfə müzakirə edilib, dərc olunub. Son müzakirə zamanı konstitusiya komissiyasının üzvlərindən üç nəfər dil haqqında öz fikirlərini bildirib.

Komissiyanın üzvləri Bəxtiyar Vahabzadə, Anar, Elçin Əfəndiyev deyirlər ki, dövlət dili yazılsın: Azərbaycan türk dili, ya Azərbaycan türkcəsi. Komissiyanın başqa üzvləri, bu fikri bəyənməyiblər, yəni bu fikrə qoşulmayıblar. Prosedura, müzakirə nöqteyi-nəzərindən vəziyyət bundan ibarətdir. Ancaq yenə də deyirəm, bu çox həssas, incə məsələ olduğuna görə əgər bir adam da bu barədə bir söz deyirsə, ona fikir vermək lazımdır və burada məsələni adi çoxluq ilə, azlıq ilə həll etmək olmaz. Baxın, 1992-ci ilin dekabrında bu məsələni Milli Məclisdə zorla həyata keçiriblər. Əgər zorla olmasaydı, Milli Məclisin üzvlərinin əksəriyyəti gərək buna səs verəydi. Ancaq əksəriyyəti səs verməyibdir. Milli Məclisin iclasda iştirak edən 39 nəfər üzvündən bu məsələyə 26 nəfər səs verib. Milli Məclisin 50 üzvü var. Belə bir qanunun qəbul edilməsi üçün Milli Məclisin üzvlərinin üçdə ikisi səs verməli idi. Əgər üçdə ikisi səs verməyibsə, demək, təmkinlik göstərmək lazım idi. Bu ideyanı mütləq həyata keçirmək istəyən adamlar bunu bir daha müzakirə etməli idilər, bir daha məsləhətləşmələr aparmalı idilər və o adamları da inandırmaq lazım idi ki, belə bir qərar qəbul olunmalıdır. Əgər onlar inanmasaydılar, onlarla hesablaşmaq lazım idi. Bunlar olmayıb.

Mən hesab etmirəm ki, bu, təcrübəsizlikdən olub. Mən hesab edirəm ki, o insanlar - o vaxt Azərbaycana rəhbərlik edən adamlar təcrübəsizliyindən də çox, böyük iddialarla yaşayırdılar. Onların hər biri hesab edirdi ki, bütün bu alçaq dağları onlar yaradıblar, başqaları yaratmayıblar. Bax, belə iddialara görə onlar bu işləri ediblər. Əgər bu iddialar olmasaydı, buna heç böyük təcrübə də lazım deyildi. Dünya təcrübəsi, adi bir təcrübə var ki, hər şeyi müzakirə etmək olar.

Yenə də deyirəm, bu müzakirə prosesinə baxsanız, bizim müzakirəmiz belə olmayıb. Komissiyada üç nəfər adam başqa təklif verib. Amma qalanları isə deyirlər ki, Azərbaycan dili yazılsın. Nə üçün onda bəs üç nəfər başqa təklif verdiyi halda, biz layihədə bunu Azərbaycan dili olaraq müzakirəyə vermişik, mətbuatda dərc etdirmişik? Bunu izah etmək istəyirəm.

Birincisi, ona görə ki, bizim mövcud konstitusiyamızın 73-cü maddəsində Azərbaycan dili yazılıb. İkincisi, ona görə ki, uzun müddət - indi bu gün məlum oldu, yəqin onun tarixi haqqında arayışlar da veriləcəkdir - 1936-cı ildən sonra bizim dilimiz Azərbaycan dili yazılıb. Üçüncüsü də ona görə ki, 1992-ci ilin dekabrında qəbul olunmuş qanun qeyri-qanunidir. Ancaq buna baxmayaraq, bizim bu üç ziyalı, komissiya üzvü tərəfindən verilən təklifi nəzərə alaraq mən məsləhət gördüm ki, bu məsələ qoy ümumxalq müzakirəsinə verilsin: layihəni vermişik ki, xalq müzakirə etsin, öz fikrini desin, ancaq bu məsələ ilə məşğul olan mütəxəssislərimiz, alimlərimiz, yazıçılarımız, dilçilərimiz, tarixçilərimiz və bu dairədə maraqlı olan təşkilatlar qoy bunu xüsusi müzakirə etsinlər. Mən bu barədə komissiyanın işçi qrupunun sədri Ramiz Mehdiyevə göstəriş verdim və ondan sonra bilirsiniz ki, mənim başım qarışdı, ABŞ-a səfərə getdim, gəldim.

O vaxt biz belə danışdıq ki, məsələn Yazıçılar Birliyi ayrıca, Jurnalistlər Birliyi ayrıca, dilçilik institutları, ədəbiyyat institutları ayrıca müzakirə etsinlər. Universitet ümumən yox, çünki universitetdə fizika, kimya, biologiya, riyaziyyat mütəxəssisləri də var, - bəlkə, deyək ki, onlar dilə o qədər də maraq göstərmirlər, - ancaq universitetdə dilçiliklə məşğul olan mütəxəssislər bunu ayrıca müzakirə etsinlər və bu müzakirələrin nəticəsini konstitusiya komissiyasına versinlər.

Mən oktyabrın 30-da işçi qrupunun iclasını çağırdım və öyrəndim ki, mənim göstərişim həyata keçirilməyib, bu müzakirələr aparılmayıb. Ona görə də oktyabrın 31-də Elmlər Akademiyasının böyük salonunda belə bir yığıncağın çağırılmasını lazım bildim və bunu etdik.

Ancaq onu da bildirmək istəyirəm ki, ümumxalq müzakirəsindən sonra konstitusiya layihəsinə 1400 təklif - müəyyən düzəlişlər, əlavələr gəlib. Həmin 1400 təklifdən 18-i dövlət dili ilə əlaqədardır. Bu 18 təklifdə dövlət dilini cürbəcür formalarda - ya türk dili, yaxud da ki, Azərbaycan türkcəsi yazmaq təklif edilir. Əgər bu işə yenə də mexaniki münasibət göstərilsə, - ümumxalq müzakirəsi olubdur. 18 təklif elə bir böyük rəqəm deyildir, - mən bunu qoyardım komissiyanın iclasına, 18 təklifə baxardıq, layihədə olan maddəni də qəbul edərdik. Amma hesab edirəm ki, bu yolla getmək lazım deyil. Oktyabrın 31-də ziyalılarla xüsusi görüş keçirdim, ondan sonra orada olan çıxışlar haqqında mənə məlumat verdilər. Həmin məlumatları alandan sonra mən belə bir qərar qəbul etdim ki, bu gün bu məsələ komissiyanın iclasında xüsusi müzakirə olunsun.

Bugünkü iclasa komissiyanın və işçi qrupunun üzvlərindən əlavə, oktyabrın 31-də Elmlər Akademiyasında keçirilən o yığıncaqda çıxış edən 27 nəfərin hamısı dəvət olunubdur. Ona görə yox ki, onlar bir də, təkrar çıxış etsinlər. Amma bir halda ki, onlar çıxış ediblər, ona görə də buraya dəvət olunublar. Eyni zamanda mən xahiş edirəm ki, bu işlə məşğul olan bizim mütəxəssislər, dilçilər, ədəbiyyatçılar, Yazıçılar Birliyinin tək rəhbərliyi yox, müəyyən bir qrup adam dəvət olunsunlar. Burada onlar da iştirak edirlər. Mən istəyirəm ki, bu məsələni bax, belə bir şəraitdə müzakirə edək.

Bir məsələni də nəzərinizə çatdırmaq istəyirəm. Bu çox taleyüklü, tarixi, ciddi bir məsələdir. Bu məsələni hissiyyata qapılmaqla, emosiyalarla həll etmək olmaz. Kimin ürəyi nə istəyirsə, onunla həll etmək olmaz. Ümumiyyətlə, xalqın taleyi həll edilən halda, xalqın taleyi ilə əlaqədar olan məsələlərin həllinə gərək hər kəs çox böyük məsuliyyət hissi ilə yanaşsın. Meydanda qışqırmaq, orada çıxış etmək, hay-küy salmaq, yaxud birinə demək ki, bu vicdanlıdır, bu vicdansızdır, - bilirsiniz, bu ifadələr lazım deyil. Bu məsələləri həll etmək üçün alqışlar da, qışqırıqlar da lazım deyil. Təmkinlə, sakit, sərbəst, gələcəyi düşünərək, keçmişə düzgün qiymət verərək bu məsələləri müzakirə etmək lazımdır.

Təəssüf ki, son illərdə respublikamızda bəzi emosional, hissiyyata qapılan çıxışlar və sairə müvəqqəti olaraq müəyyən bir auditoriyanı ələ alıb, ona təsir göstərib. Bunlar hamısı müvəqqəti şeylərdir. Amma bizim mənəvi dəyərlərimiz daimi xarakter daşıyır, onlar bəşəridir. Ona görə də bu işlərə cılız yanaşmaq olmaz. Məsələn, mənə dedilər və dünən axşam televiziya ilə çıxışların bir hissəsini verdilər, baxdım: bəzisi çıxış edir, yerdən qışqırırlar, əl çalırlar, kimisə qəhrəman hesab edirlər ki, o qəhrəmanlıq edib, bizim dilimizi türk dili edib və sairə.

Bilirsiniz, bunlar yararsız şeylərdir. Birincisi, bunlar həmin o qışqıranların, hay-küy salanların səviyyəsizliyini göstərir. Mən bunu tam məsuliyyətlə demək istəyirəm. Eyni zamanda bunlar bizim işimizin layiqli həll olunmasına kömək etmir. Ola bilər, kiminsə qəlbində hansısa hissiyyat çox coşqundur. Hər kəs bir fərddir, hər fərdin də özünəməxsus xasiyyəti, fikri var. Bizdə hər şey azaddır. Hər kəs öz sözünü azad deyə bilər, buna etiraz yoxdur. Ancaq belə məsələnin həll olunmasına çox məsuliyyətli, çox düşüncəli yanaşmaq lazımdır. Yenə də deyirəm, emosiyalara, hissiyyata qapılmaq lazım deyil, subyektivliyə, konyunkturluğa yol vermək olmaz. Bizim keçmişimizdə konyunkturluğa, bəzən subyektivliyə, volyuntarizmə görə başımıza çox iş gəlib. Gəlin bundan sonra bu səhvləri buraxmayaq. 1992-ci ildə qəbul olunmuş o qeyri-qanuni qanun da elə subyektivliyin, volyuntarizmin bir nümunəsidir.

Bax, bunları nəzərə alaraq, - baxmayaraq ki, işlərimiz həddindən artıq çoxdur, tutduğumuz o qrafik bir qədər gecikir, mən hesab edirəm ki, bunun eybi yoxdur, - bu məsələni bu gün sərbəst müzakirə etmək üçün mən sizi buraya dəvət etmişəm və məsələni müzakirəyə çıxarmışam. Güman edirəm, dediklərim hər bir şəxs üçün, burada sərbəst fikir söyləmək üçün şərait yaradır.

Müzakirəni başlamaq üçün mən istəyirəm ki, Ramiz Mehdiyevə söz verəm və o, Elmlər Akademiyasında keçirilən yığıncağın nəticəsi barədə məlumat versin. Çünki mən orada çıxış etdim, yəni məsələnin qoyuluşu haqqında fikirlərimi söylədim, ondan sonra getdim ki, orada iştirakımla heç bir fikrə təsir etməyim. Amma indi komissiyanın üzvləri, o cümlədən mən də bilməliyik ki, orada gedən müzakirələr nə cür olub və onun məzmunu nədən ibarətdir, nə nəticə verib.

 
Yekun sözü

Hesab edirəm ki, biz ətraflı fikir mübadiləsi apardıq. Bütün fikirlər dinlənildi. Bu cürbəcür fikirlər, xüsusən bu dairələrdədir. Əhalidə, xalqımızın içində bu qədər fikir ayrılığı yoxdur. Mən belə hesab edirəm. Bunlara baxmayaraq biz hər bir ziyalının, alimin və xüsusən dil-ədəbiyyat sahəsində böyük işlər görmüş şəxslərin fikirlərini dinləməliyik və onlarla hesablaşmalıyıq. Güman edirəm ki, biz son qərarı konstitusiya komissiyasının gələn iclasında qəbul edərik. Bu gün burada konstitusiya üzvlərindən savayı dəvət olunmuş şəxslər də var. Onlar hamısı dəvət olunub ki, biz ictimai fikri və xüsusən bizim elm sahəsində, ədəbiyyat sahəsində olan mütəxəssislərin fikrini öyrənək. Bunları öyrənəndən, biləndən sonra konstitusiya komissiyasının gələn iclasında biz son qərara gələrik və bunu müzakirə edərik.

Ancaq bu müzakirəni sona çatdıraraq öz tərəfimizdən onu bildirmək istəyirəm ki, bizim dilimiz əsrlər boyu yaşayıb. Biz dövlət müstəqilliyimizi 1918-ci ildə əldə etdik. Qısa bir müddətdən sonra bu dövlət müstəqilliyi əldən getdi. Dörd il bundan öncə dövlət müstəqilliyi yenidən əldə olundu. Keçmiş tariximizi yüksək qiymətləndirərək, eyni zamanda XX əsrdə xalqımızın həyatında, tarixində böyük nailiyyətlər əldə olunmasını və böyük dirçəlişi, böyük irəliləməni xüsusi qiymətləndirməliyik. Əgər keçmişdə bizim ayrı-ayrı dahi şəxsiyyətlərimiz orta əsrlərdən tutmuş indiyə qədər xalqımızın adını qaldırıblarsa, XX əsrdə və xüsusən son dövrdə, - XX əsrin əvvəlindən götürsək, 1918-ci ildə bizim ilk müstəqil respublikamızın yarandığı vaxtdan götürsək və nəhayət 1920-ci ildə sovet respublikası yarandığı dövrdən götürsək, - bu dövrdə əldə edilən nailiyyətlər Azərbaycan xalqının tarixində heç vaxt olmayıbdır. Biz bunu nəinki qeyd etməliyik, biz bununla fəxr edə bilərik və mən şəxsən özüm fəxr edirəm. Mən XX əsrin əvvəllərində doğulmuşam, indi XX əsrin sonuna qədər yaşayıram. Mənim həyatım bu dövrdə keçibdir və çox şeylərin şahidiyəm. Ona görə də mən bilirəm, görmüşəm və tarixi də oxumuşam ki, bizim xalqımız bu dövrdə böyük bir inkişaf dövrü keçibdir. İndi bu populist sözlər çoxdur ki, imperiya belə eləyibdir, imperiya elə eləyibdir. Bizim xalqımızı, nə bilim, parçalayıblar o vaxt, filan eləyiblər, peşməkan eləyiblər.

Bunlar tarixi həqiqətdir. Ancaq nəticəsi nədən ibarətdir? Nəticəsi ondan ibarətdir ki, bizim xalqımızın mədəniyyəti yaranıbdır, böyük ədəbiyyatı yaranıbdır. Əgər keçən əsrlərdə biz iki-üç şəxsiyyətin adını çəkə bilirdiksə, indi XX əsrdə görün nə qədər şəxsiyyətlərin adlarını çəkirsiniz. Elmimiz yaranıb, ədəbiyyatımız yaranıb, mədəniyyətimiz yaranıb, musiqimiz yaranıb, rəssamlıq məktəbimiz yaranıb, tariximiz yaranıb. Dünyada məşhurlaşmışıq. Müstəqillik almazdan əvvəl də biz məşhurlaşmışdıq, amma müstəqillik əldə edəndən sonra artıq dünyada məşhurlaşmışıq. Görün nə qədər böyük bir yol keçmişik biz! İndi biz Birləşmiş Millətlər Təşkilatının 50 illiyini qeyd eləyirik. 1945-ci ildə BMT yaranarkən dünyada cəmisi 50 dövlət onun tərkibinə daxil idi. İndi, 50 ildən sonra Birləşmiş Millətlər Təşkilatına 184 dövlət daxildir. Onlardan biri də müstəqil Azərbaycan Respublikasıdır, Azərbaycan dövlətidir.

Bizim xalqımız savadlanıbdır. Mən başqa xalqlarla müqayisə edib kimin hansı səviyyədə olduğunu demək istəmirəm. Ancaq indi sərhədlər açılıb, dünya açılıb. Hamınız getmisiniz, gəzmisiniz, görmüsünüz. Mənim özüm də əvvəl gördüklərimdən indi daha çox görmüşəm. Mən görürəm hansı ölkədə xalqın ümumi savadı hansı səviyyədədir. Bunu görürük. Qonşu ölkələrdə də görürük. Asiya ölkələrində də görürük. Afrika ölkələrində də görürük. Avropa ölkələrinin bəzilərində də görürük. Azərbaycanda xalqın ümumi savad səviyyəsi, ümumi mədəniyyət səviyyəsi haradadır? Nə qədər Azərbaycan vətəndaşı indi xarici ölkələrə gedib yüksək səviyyəli mütəxəssis kimi işləyir. Düzdür, bizim üçün bəlkə də bu, mənfi cəhətdir ki, ağıllı adamlarımız, böyük mütəxəssislərimiz, incəsənət xadimlərimiz, mədəniyyət xadimlərimiz gedirlər, başqa ölkələrdə işləyirlər. İndi respublikamızın belə vəziyyətinə görə. Amma bunun müsbət cəhəti də var. Müsbət cəhəti ondan ibarətdir ki, demək, xalqımızın dili, mədəniyyəti, elmi səviyyəsi o qədər yüksəkdir ki, bizim adamlarımız - bu mühitdə yetişmiş adamlar gedib başqa ölkədə müəllimlik edə bilirlər, professorluq edə bilirlər, dərs deyə bilirlər, başqa sahələrdə böyük mütəxəssis kimi işləyə bilirlər. İndiyə qədər bu səviyyə yaranmasa idi, bu ola bilərdimi.

Avropada vaxtilə cürbəcür ölkələrdən gedib fəhləlik edirdilər. Xatirimdədir, Sovetlər İttifaqı zamanı Yuqoslaviya ilə bizim əlaqələrimizlə bağlı mən bir neçə dəfə onlarla görüşmüşdüm. Orada nümayəndə heyətləri ilə olmuşdum. Yuqoslaviyanın əhalisinin bir milyondan çoxu gedib Almaniyada fəhləlik eləyirdi. Mən onların rəhbərləri ilə mübahisə aparırdım ki, bəs siz nə cür buraxırsınız ki, adamlarınız gedib Almaniyada fəhləlik eləyirlər? Deyir, biz bundan xeyir götürürük. Nə xeyir götürürsünüz? Birinci, onlar burada yaxşı yaşaya bilmirlər, orada isə fəhlə olaraq buradan yaxşı yaşayırlar. İkincisi isə, onlar orada pul qazanırlar, o pulu banklara keçirirlər, o da bizim banka keçirir və maliyyə vəziyyətimiz yaxşılaşır. Yuqoslaviya kimi ölkədən, başqa ölkələrdən də siz bilirsiniz ki, nə qədər adam gedib Avropa ölkələrində fəhləlik eləyib. Bəli, daha mən onun adını çəkmək istəmirəm, qonşumuzdur, o biri qonşu ölkələrdən. Amma bizim adamlarımız gedib universitetlərdə dərs deyirlər, gedib Türkiyədə yüksək incəsənət sahələrində müəllimlik eləyirlər, bəstəkarlıq öyrədirlər, başqa işlər görürlər. İndi görün bizim xalqımız bu dövrdə, bu XX əsrdə, xüsusən bax, bu dövrdə nə qədər inkişaf edibdir.

Bu gün, əlbəttə, ötən dövrün repressiyaları haqqında demək olar, insanlara edilmiş zülm haqqında demək olar, ədalətsizlik haqqında demək olar. Bunları demək olar. Bu bizim tariximizdir. Tarixi həqiqəti həmişə demək lazımdır. Ancaq bununla yanaşı, əldə olunan nailiyyətlərimizi niyə unudursunuz? Bu nailiyyətlərin içərisində - burada deyildi və mən də bunu təsdiq edirəm; bu, şəxsən mənim də fikrimdir, - Azərbaycan dili, indi bunu nə adlandırırsınız adlandırın, Azərbaycan dili bütün tarixdə bu qədər zənginləşməyibdir, nəinki bu 60 ilin içərisində bu qədər zənginləşməyib, bu qədər inkişaf etməyib, Azərbaycan dilində bu qədər kitablar, bu qədər romanlar, bu qədər şerlər, bu qədər hekayələr yazılmayıbdır. Bu bizim tarixi yolumuzdur, bu bizim tarixi nailiyyətimizdir. Müstəqil Azərbaycan Respublikası deyəndə biz Azərbaycan Respublikası deyirik. Buna başqa ad vermək olmaz. Əgər buna kimsə başqa ad versə, bu bizim xalqımıza, torpağımıza, millətimizə xəyanət ola bilər. Bu, Azərbaycan Respublikasıdır və bizi Azərbaycan Respublikası kimi tanıyırlar.

Mən beş gün Nyu-Yorkda oldum. Bu beş gündə 50-60 görüş keçirmişəm, bəlkə də 70 görüş keçirmişəm. Dünyanın ən böyük ölkələrinin prezidentləri ilə bərabərhüquqlu görüşlər keçirmişəm. Amerika Birləşmiş Ştatlarının prezidenti ilə mənim görüşüm olubdur. Dünən yenə ondan məktub almışam və məktubda da yazır ki, görüşümüzdən nə qədər məmnundur, nə qədər məzmunlu, ətraflı görüşümüz olubdur. Bu, bir mənə görə deyil. Bu, Azərbaycan xalqına görədir, Azərbaycan millətinə görədir, Azərbaycan Respublikasına görədir.

Bütün bunları da nəzərə almaq lazımdır. Hissiyyata qapılıb bunları unutmayın. Bilin ki, biz müstəqil dövlət kimi dünyada artıq öz yerimizi tutmuşuq. Ona görə, hansı qərar qəbul eləyəcəyiksə, gərək bu, milli mənliyimizə, milli qürurumuza toxunmasın. Bunu da bilmək lazımdır. Bunu da unutmaq olmaz. Nizaminin sözləri də bizim üçün əzizdir, Füzulinin sözləri də bizim üçün əzizdir, Cəlil Məmmədquluzadənin, Mirzə Fətəli Axundovun sözləri də, Sabirin sözləri də bizim üçün əzizdir, - hamısı bizim üçün əzizdir. Amma bugünkü reallıq var. Bu reallığı nə Nizami Gəncəvi görə bilərdi, nə Füzuli görə bilərdi, nə də Cəlil Məmmədquluzadə. Reallıq bütün bu tariximizin hamısından üstündür və bu, bizim üçün gələcəyə böyük bir yol açır. Əgər Ermənistanın təcavüzündən qurtara bilsək, əgər dövlətçiliyimizi möhkəmləndirə bilsək, bilin, Azərbaycanın çox böyük gələcəyi var.

Ona görə də biz gərək öz milli mənliyimizi həmişə yüksək saxlayaq. Bilirsiniz, mən uzun həyat yolu keçmişəm, bu gün də yaşayıram, sizinlə birlikdə işləyirəm. Mənim üçün hər şeydən üstün mənim milli mənliyimdir. Milli mənliyim məni həmişə bütün çətin vəziyyətlərdən çıxarıb. Milli mənliyimə görə də mən istədiyim yolla gedə bilmişəm, istədiyimə nail ola bilmişəm və xalqıma xidmət edə bilmişəm. Ona görə də milli mənliyimizi gərək itirməyək. Milli mənliyimiz də var, onunla da biz fəxr edə bilərik.

Gəlin bir balaca fasilə verək, konstitusiya komissiyasının gələn iclasında bu barədə son qərarı qəbul eləyək. Sağ olun.

"Azərbaycan" qəzeti, 3 noyabr 1995-ci il.