Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkmənistan Prezidenti Saparmurad Niyazov-Türkmənbaşı ilə Baki Dəmir Yolu Nəqliyyatı Texnikumunun yataqxanasında müvəqqəti məskunlaşan Füzuli, Zəngilan, Şuşa, Xocalı qaçqınlarının görüşündə çıxışı - 18 mart 1996-cı il


Hörmətli bacılar və qardaşlar! Əziz balalar! Bu gün Türkmənistanın prezidenti, bizim dostumuz Saparmurad Niyazov respublikamıza səfərə gəlmişdir. Səhər tezdən bir çox işlərlə məşğul olmuşuq. Ancaq indi o, sizin vəziyyətinizlə tanış olmaq üçün, sizinlə görüşmək üçün, sizə öz diqqət və qayğısını göstərmək üçün sizin yanınıza gəlmişdir.

Bizim dostumuz, Türkmənistanın prezidenti Saparmurad Niyazov bilir ki, səkkiz il bundan öncə Ermənistan Respublikası tərəfindən Azərbaycana hərbi təcavüz olubdur, bu təcavüz nəticəsində Azərbaycan torpaqlarının bir qismi qəsbkarlar tərəfindən işğal edilibdir və bu torpaqlardan azərbaycanlı soydaşlarımız - qardaşlarımız, bacılarımız, övladlarımız qaçqın və didərgin düşüblər. Siz də bizim həmin vətəndaşlarımızsınız ki, işğal olunmuş o torpaqlardan didərgin düşmüsünüz, burada, ağır vəziyyətdə yaşayırsınız.

Mən hamısını bilirəm və sizin dərdiniz, qayğınız mənim daim ürəyimdədir, qəlbimdədir və bütün fəaliyyətimi buna həsr edirəm. Ancaq bizim qonaq da, dostumuz - Türkmənistan prezidenti Saparmurad Niyazov da sizinlə görüşüb, vəziyyətinizdən hali olmaq istədi və ona görə də biz sizin yanınıza gəlmişik. Mən sizin adınızdan dostumuz Saparmurad Niyazovu salamlayıram və ona deyirəm: Xoş gəlmisiniz! Xüsusən sizin yanınıza, yerindən-yurdundan didərgin düşmüş, varını-yoxunu itirmiş insanlarla, böyük itkilər vermiş insanlarla görüşə gəldiyinə görə mən ona təşəkkür edirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, o öz ölkəsinin prezidenti kimi Dünya Birliyində öz fəaliyyətində Azərbaycanın bu bəlalardan çıxmasına kömək edəcəkdir, bizim vəziyyətimizi, sizin vəziyyətinizi yaxından görəndən sonra imkanları çərçivəsində öz addımlarını atacaqdır.

Mən sizin adınızdan bizim qonağımızı bir daha salamlayıram, ona "Xoş gəlmisiniz!" deyirəm.